Qlobal geosiyasət və təhlükəsizlik: maliyyə böhranı fonunda dəyişikliklər

Milli valyutaların ABŞ dollarına nisbətən dəyərdən düşməsi müxtəlif sahələrə təsir edir. İnsanların həyat səviyyəsi aşağı düşür, bir sıra ölkələrdə inflyasiya dərinləşir. Bu vəziyyətdən çıxış yolu axtarılır. O cümlədən Türkiyə Rusiya və Çinlə ticarəti milli valyuta ilə aparmaq qərarına gəlib. Mütəxəssislər bu dəyişikliyin geosiyasi dinamikaya ciddi təsir edə biləcəyini vurğulayırlar. Bu hadisələrin fonunda Yaxın Şərqdə hərbi durum da daha gərgin və dramatik hal alır. Suriyada vəziyyət xeyli qarışıb. Burada müharibə şiddətlənir, tərəflər arasında amansız toqquşmalar baş verir. Digər yandan isə İraqda İŞİD-lə mübarizə güclənir. Lakin orada həm də terror qruplarından bəziləri əlavə güc alırlar. Bütün bunlar regionun geosiyasi mənzərəsini kifayət qədər mürəkkəbləşdirir. Bəs onların nəticəsi necə ola bilər?

 

Siyasət və iqtisadiyyat: dünya müharibəsi ehtimalı

 

Yaxın Şərqdə terrorla mübarizə yeni dramatik məzmun kəsb etdikcə, beynəlxalq səviyyədə meydana çətin problemlər çıxmaqdadır. Bu prosesə getdikcə böyük dövlətlərlə yanaşı, inkişaf etməkdə olan ölkələr də qatılır. Yaxın Şərqdə yerləşən nüfuzlu dövlətlər arasında mürəkkəb münasibətlər formalaşır. Hiss olunur ki, beynəlxalq münasibətlər sistemi gərginliyə doğru daha bir addım atmaqdadır. Bunun fonunda qlobal miqyasda maliyyə sahəsində müşahidə edilən hadisələr də çox maraq doğurur.

Dünyanın inkişaf etməkdə olan ölkələrinin milli valyutaları ABŞ dollarına nisbətən dəyərdən düşür. Türk lirəsi də zərər görənlər arasındadır. Buna qarşılıq Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Çin rəhbərliyi ilə danışaraq, ticarəti milli valyutalarla reallaşdırmaq haqqında fikir mübadiləsi aparıb. Yayılan informasiyaya görə, Ankara, Moskva və Pekin həmin məsələdə razılığa gəliblər.

Dekabrın 4-də Kayseridə bir müəssisənin açılış mərasimində çıxış edən Baş nazir Binəli Yıldırım isə valyutanın dəyərdən düşməsinin arxasında bəzi dairələrin Türkiyəyə qarşı apardığı "iqtisadi oyunların" dayandığını xüsusi vurğulayıb. Həmin dairələrin Qərb olduğuna şübhə yoxdur. Yəni Ankara müşahidə edilən iqtisadi-maliyyə proseslərinin süni olaraq Qərb tərəfindən yaradıldığı qənaətindədir. Bu baxımdan Rusiya və Çin ilə ticarətin milli valyuta ilə aparılması təlimatının bir tərəfi geosiyasi seçimə bağlı kimi görünür.

Konkret ifadə etsək, böyük bir geosiyasi məkanda dövlətlərarası ticarət milli valyutalar vasitəsilə aparıla bilər ki, bunun da spontan olaraq meydana yeni geosiyasi problemlər çıxarması istisna edilmir. Məsələ ondan ibarətdir ki, bu cür addımları Qərb də özünə qarşı qurulan plan kimi qəbul edir.

Məsələn, ABŞ-ın yeni Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri ola biləcək general Maykl Flinn yazdığı son kitabda açıq göstərir ki, Amerikaya qarşı birləşmiş cəbhə yaradılır və bunun hərbi ilə yanaşı, iqtisadi, maliyyə, ticari və informasiya aspektləri də vardır.

O cümlədən Yaxın Şərqin böyük dövlətlərindən olan və eyni zamanda, Vaşinqtonun çox yaxın müttəfiqi sayılan Türkiyənin bu gedişi kifayət qədər ciddi geosiyasi çağırışdan xəbər verir. Məsələ həm də Avropa İttifaqı (Aİ) ilə münasibətlər kontekstində düşündürücüdür. Çünki Türkiyənin xarici ticarətində Avropa mühüm yer tutur. Aİ rəsmiləri də bu məqamı tez-tez vurğulayırlar. Buna qarşı Ankara fərqli mövqeyini nümayiş etdirməkdədir.

Əvvəlcə Ankara Aİ ilə viza rejiminin ləğvi məsələsinin həll edilmədiyi halda, miqrantlarla bağlı müqaviləyə yenidən baxıla biləcəyini, sonra isə Avropa İttifaqı əvəzinə Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) seçə biləcəyini bəyan etdi. Mürəkkəb maliyyə vəziyyətindən çıxmaq üçün milli valyutaya keçmək ideyasını isə ortaya atmaqla, Ankara irəliyə doğru daha bir addım atmış oldu.

Belə çıxır ki, Türkiyə-Aİ münasibətlərində yeni çalarlar formalaşır. Hiss olunur ki, tərəflərin bir-birinə inamı xeyli azalıb. Bu prosesin dərinləşəcəyi halda Yaxın Şərqdə real olaraq fərqli geosiyasi dinamika özünü göstərə bilər. O cümlədən Türkiyənin Aİ-yə alternativ olan regional əməkdaşlıq formatlarından birinə üz tutması mümkündür. Onların sırasında ən çox ehtimal olunanı ŞƏT-dir.

 

Yeni alyans  formalaşa bilərmi?

 

Məhz bu kontekstdə Türkiyə-Rusiya və Türkiyə-Çin ticarətində milli valyutaya keçmək cəhdi birbaşa geosiyasi mənası olan məsələyə bənzəyir. Konkret desək, bir tərəfdən ABŞ dollarının Avrasiya məkanında mövqeyi zəifləmiş olur, digər tərəfdən isə başqa böyük dövlətlərin də milli valyuta ilə ticarətə keçməsi üçün stimul yaranır. Bu proses genişlənərsə, ABŞ dollarının universal valyuta funksiyasını yerinə yetirməsi perspektivinə ciddi zərbə dəymiş olur.

Lakin bütün bunların başqa bir tərəfi də vardır. Məsələ ondan ibarətdir ki, Vaşinqton həmin dəyişikliyə laqeyd qala bilməz. Çünki dolların dominant rolunun zəifləməsi birbaşa Amerikanın dünya liderliyi iddialarına qarşı tendensiyanın başlaması anlamına gəlir. General M.Flinn kimi düşünənlər isə buna sərt təpki göstərməyi uyğun bilirlər. Buraya siyasi, ideoloji, iqtisadi, enerji sahələri ilə yanaşı, hərbi və informasiya savaşını gücləndirmək planları da daxildir. Xüsusilə, kibersavaş haqqında Vaşinqtonda son zamanlar daha çox danışırlar.

Bunlar yeni dünya müharibəsinin yaxınlaşdığına dəlalət edirmi? Mütəxəssislər bu suala birmənalı cavab verə bilmirlər. Ancaq artıq bu müharibənin getdiyindən bəhs edənlər də vardır. Özü də onlar məsələni Qərb-radikal İslam qarşıdurması kontekstində təqdim etməyə çalışırlar. Həmin məqam olduqca təhlükəli planların mövcudluğundan xəbər verir. Qərbdəki bir sıra siyasi və hərbi dairələr “səlib yürüşü”nü müsbət qiymətləndirir və onu müqəddəs vəzifə saydıqlarını bəyan edirlər. M.Flinn yazır: "Bu növ müharibələrdə yeni heç nə yoxdur. Protestant islahatı bizim dünyamızı yaratdı. Dünyanın protestant islahatına çox ehtiyacı vardır və biz orada zorakılığın olacağına təəccüblənməməliyik. Bu, normaldır". Deməli, fərqli mədəniyyət daşıyıcılarına, fərqli düşünənlərə və həyat tərzi keçirənlərə qarşı müharibə etmək "normal" hal imiş. Baxın, ən təhlükəli məqam bundan ibarətdir. Əgər dünyanın ən güclü dövlətinin ordusunda uzun müddət xidmət etmiş, Əfqanıstan, İraq və digər müharibələrdən keçmiş bir general belə düşünüb bu barədə açıq yazırsa, deməli, vəziyyət doğrudan da mürəkkəbdir. Özü də bu insan ABŞ Prezidentinin milli təhlükəsizliklə bağlı məsləhətçisi olmalıdır. ­Aydındır ki, onun məsləhətləri hansı məzmunda ola bilər.

İndi Suriyada baş verənlərə yuxarıda vurğulanan faktorlar aspektində nəzər salsaq, qlobal miqyasda müharibənin yaranması ehtimalının az olmadığı nəticəsini çıxara bilərik. Hazırda Hələb uğrunda ölüm-dirim savaşı gedir. Rusiyanın dəstəyi ilə Bəşər Əsəd ordusu bu şəhəri tutmağa yaxındır. Rakka, Mosul, Kərkük istiqamətlərində isə ABŞ-ın başçılıq etdiyi koalisiya irəliləyir. Türkiyə ayrıca Suriyanın şimalında hərbi əməliyyatlar keçirir və İraq istiqamətində hərbi qüvvələrinin gücünü artırır. Bu prosesdə İran və Səudiyyə Ərəbistanının da müəyyən iştirakı vardır. Xüsusilə, rəsmi Tehran İraq və Suriyada hərbi sahədə ciddi fəaliyyət göstərir.

Bunlar dünyanın böyük hərbi güclərinin Suriya və İraqda üz-üzə gəldiyini ifadə etmirmi? Bu baxımdan PKK-nın İraqın daha geniş ərazisində və Suriyada fəallaşması təsadüfidirmi? Bizcə, birinci suala cavab müsbətdir. Tədricən böyük dövlətlər həmin məkanda qarşıdurma vəziyyətinə gəlirlər və heç kəs geri çəkilmək istəmir. Söhbət həmin ərazidə geosiyasi nüfuz uğrunda mübarizədən getdiyindən güzəşt də müzakirə mövzusu ola bilməz. PKK-nın fəallığı da məhz bu aspektdə təsadüfi görünmür. Regionda terror nə qədər çox tüğyan etsə, kənar müdaxiləyə, "qayda-qanun yaratmaq" planlarına, "güclü xarici tərəfdaş" ideologiyasına da bir o qədər çox ehtiyac duyular.

Təəssüf ki, yuxarıda vurğulanan məqamlar Yaxın Şərq üçün artıq simptomatik bir halı ifadə edir. Həm hərbi, həm də geosiyasi aspektlərdə vəziyyət olduqca mürəkkəb və qeyri-müəyyən məzmun alır. Bu proses Qərbin Yaxın Şərqdə mövqeyinin sürətlə zəifləməsi, o cümlədən Türkiyənin Aİ-dən uzaqlaşması fonunda baş verir. Bu tendensiya davamlı və dönməz prosesə çevrilə bilərmi? Mümkündür ki, belə olsun. O halda dünya yeni geosiyasi mənzərənin yaranmasına şahid olacaq. Bütövlükdə, qlobal miqyasda qüvvələr nisbəti ciddi surətdə dəyişəcək.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında