Azərbaycan tolerantlığının tarixi-ictimai ənənələri

Müasir dövrdə ictimai həyatın bütün sahələri kimi, mədəniyyətlər də getdikcə qloballaşmaya məruz qalır, fərqli sivilizasiyaların, Hantinqtonun deyimi ilə, sadəcə, “qarşıdurması” deyil, həm də inteqrasiyası baş verir. Bu prosesdən təcrid olunmaq, öz  milli məhdudluğuna qapanıb qalmaq qeyri-mümkündür. Qloballaşmanın gedişi, təbii ki,  sivilizasiyaların taleyindən yan keçə bilməz.

Belə ki, qloballaşan sosio-mədəni məkanda ölkələrin və sivilizasiyaların qarşılıqlı asılılığı artır, miqrasiya prosesinin genişlənməsi ilə onların bir-birinə yaxınlaşması daha da intensiv səciyyə daşımağa  başlayır. Digər tərəfdən isə xalqların sivil özünüdərki prosesi geniş vüsət alır, milli və dini zəmində ziddiyyətlər ortaya çıxır. Təbii ki, belə bir ortamda hər bir sivil  dövlət qloballaşmanın ortaya çıxardığı ziddiyyətlərdən və fəsadlardan qaçaraq, bu axını xalqların iqtisadi, mədəni həyatının inkişafı üçün bir üstünlüyə çevirməlidir. Məhz bu amili nəzərə alaraq ulu öndər Heydər Əliyev uzaqgörənliklə demişdir  ki, dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb, heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Bu zəruri axın dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir.

Beləliklə, ümummilli liderin siyasətində əsas yer tutan azərbaycançılıq ideologiyasının birləşdirici və ehtivaedici xarakterinin aktuallığı günümüzdə daha artıq önəm və əhəmiyyət daşıyır.  Bu baxımdan, sivilizasiyalararası münasibətlərdə mənfi təsirlərdən uzaqlaşmaq və mümkün ziddiyyətləri aradan qaldırmaq üçün müxtəlif ölkələrin, eləcə də Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq kimi dəyərlərin öyrənilməsi, əxz  edilməsi məqsədəuyğun olardı. Şübhəsiz ki, ölkəmizdəki bu müxtəlif mədəni, dini konfessiyalararası dözümlülük xüsusiyyəti əsrlər, hətta minilliklər boyu formalaşmış və genefondumuzun vacib hissəsinə çevrilmişdir. Əxlaqımıza sirayət edən belə bir  davranışı müxtəlif  amillərlə – coğrafi, etnik, iqtisadi-siyasi və dini amillərlə izah etmək mümkündür. 

Yaşadığımız areal təkcə qitələrin – Avropa ilə Asiyanın deyil, həm də mədəniyyətlərin sərhədində  yerləşir.   Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin məhz bu unikal mövqeyini vurğulayaraq deyir: “Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar. Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəsin vətənidir”.

   Hər bir xalqın ayrı-ayrı mədəniyyətlərə, din və etiqad məsələlərinə münasibətinin formalaşmasında etnik xüsusiyyətlər başlıca rol oynayır. Müxtəlif  etnik və dini konfessiyaların mehriban birgəyaşayışı təcrübəsinin haradan qaynaqlandığını  müəyyən etmək üçün xalqımızın etnik xüsusiyyətlərinə diqqət yetirməliyik. Azərbaycan xalqının nüvəsini və mütləq əksəriyyətini təşkil edən türklər tarixən bu  ərazidə yaşayan bir çox etnik kimliklərlə yanaşı, sülh, əmin-amanlıq şəraitində yaşamış, həm də ortaq dəyərlər yaratmışlar. Türklərdə əxlaq anlayışı daha üstün anlam kəsb  etdiyindən insanlara münasibətlərini hansı dinə və ya hansı etnik kimliyə mənsubluğa  görə yox, əxlaqi keyfiyyətlərinə görə müəyyənləşdirmişlər.

Ölkəmizdə  multikulturalizmin təşəkkülündə türklərin, xüsusilə də Azərbaycan türklərinin dünyəvi yeniliyə açıq olmaları, elmə, təhsilə, mədəniyyətə, incəsənətə, ədəbiyyata və gender  bərabərliyinə önəm vermələri vacib faktorlardandır. Azərbaycan ruhaniliyi də heç vaxt dünyəviliyə qarşı çıxmayıb. Bu, bizi müsəlman, hətta, digər türk xalqlarından fərqləndirən  cəhətdir.  Dünyəviliyə bu cür münasibətin  nəticəsi idi ki, Şərqdə ilk demokratik cümhuriyyəti məhz Azərbaycan xalqı qurmuşdur. Diqqət çəkən məqam da məhz odur ki, Azərbaycanda həm maarifçi hərəkatın yaradıcılarının, həm də xalq  cümhuriyyəti qurucularının və ideoloqlarının böyük əksəriyyəti ruhani ailəsindən  çıxıb.

Tarixdə qadın – kişi bərabərliyinə, kişi ilə yanaşı, qadının da təhsil almasına Azərbaycan türkləri qədər əhəmiyyət verən ikinci bir toplum tapmaq çətindir. Ancaq dünyəviliyə, müasirliyə, qadının təhsilinə və gender məsələsinə bu qədər əhəmiyyət  verən xalq  multikulturalizm  və  tolerantlıqdan bəhs  edə  bilər.

Azərbaycanın yerləşdiyi Qafqaz regionu etnik baxımdan dünyanın ən zəngin bölgəsidir. Bu regionda  etnik qrupların sərhədi bəzən kəndlərlə müəyyən edilir.  Bu etnik qruplar fərqli dillərdə danışırlar. Məsələn, 160 minlik əhalisi olan Quba  rayonunda kompakt halda 10-a yaxın etnik qrup (tatlar, ceklər, yəhudilər, qırızlar, xınalıqlılar və s.) yaşayır. Azərbaycandakı bu etnik zənginlik multikulturalizmin  formalaşmasında əhəmiyyətli rol oynayıb. 

Sosial-iqtisadi zəmin olmadan hansısa mədəni və mənəvi intibahın baş verməsi   qeyri-mümkündür. Bütün sahələrdə, o cümlədən mədəni və mənəvi aləmdə dirçəlişin əsasını iqtisadi amillər təşkil edir. Bu baxımdan Azərbaycanda tarixən formalaşmış multikulturalizm və tolerantlıq mədəniyyətinin iqtisadi əsasları olmuş, sosial-iqtisadi amillərlə şərtlənmişdir. Sosial-iqtisadi əsaslar olmadan tolerantlığın indiki yüksək səviyyəyə çatması mümkünsüz idi. Tolerantlığa zəmin yaradan iqtisadi amillərdən danışarkən, ilk növbədə, Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşməsi xüsusi  qeyd olunmalıdır. Uzaq Çindən başlayan və Avropanın qurtaracağında bitən İpək Yoluna  təkcə ticarət və iqtisadi məsələ kimi baxmaq olmaz. Bu yolla həm ipək və müxtəlif  məhsullar daşınmış, həm də insanlar, fərqli dinlər və mədəniyyətlərə səyahət etmişlər. Nəticədə, Azərbaycan xalqı müxtəlif mədəniyyətlərlə, dini, fəlsəfi cərəyanlarla tanış olmuş, hətta, bəzən onların nümayəndələrinə sığınacaq belə vermişdir.

Tarixi qaynaqlar təsdiqləyir ki, həm Avropadan, həm də Yaxın və Uzaq Şərqdən gəlmiş tacirlər Azərbaycanda sərbəst ticarətlə məşğul olmuşlar. Onları ölkəmizə cəlb edən yalnız vergi güzəştləri deyil, eyni zamanda, mədəni və mənəvi mühit  idi. Müxtəlif  etnik və dini qruplara  mənsub olan tacirlər heç bir ayrı-seçkiliyə məruz qalmır, rahat və təhlükəsiz şəraitdə öz inanclarına uyğun yaşayırdılar. Bu fikri təsdiqləyən ən bariz  nümunə Azərbaycanda ticarətlə məşğul olan katoliklərin və atəşpərəstlərin ölkəmizdə öz inanclarına uyğun ibadət etmələri üçün monastır və atəşgah tikmələridir. Xəzər  dənizindən Tiflisə qədər, Dərbənddən Həmədana və Zəncana, Gilandan İraqa, Anadoluya  kimi uzanan bu ərazilərdə azərbaycanlılarla qonşuluq edən və iç-içə yaşayan onlarla  xalq  və yüzlərlə etnik qrup olmuşdur. Bu xalqlar  arasında  formalaşmış sosial-iqtisadi münasibətlər və mədəni mühit son nəticədə multikulturalizmi daha da  möhkəmləndirmişdir. 

Multikulturalizm və tolerantlığın formalaşmasında, təbii ki, dini-mədəni amilin də  təsirini xüsusilə qeyd  etmək vacibdir. Din insanların, ümumilikdə, cəmiyyətin digər dinlərə və xalqlara münasibətini müəyyənləşdirən başlıca faktordur. Çünki insanların dünyagörüşü, əxlaqı, həyat tərzi daha  çox din əsasında  yüksəlir. Təsadüfi deyildir  ki, belə bir fikir səsləndirirlər: dini tolerant olmayan xalqın özü tolerant ola bilməz. Bəlkə də, bu fikrin təsdiqinin ən gözəl nümunəsi Azərbaycan xalqı və İslam dinidir. Şübhəsiz ki, İslam tolerant din olmasaydı, onun mənsublarının yaşadığı Azərbaycanda indiki səviyyədə dözümlülük mədəniyyəti formalaşa bilməzdi. Bu baxımdan, Azərbaycan xalqının tolerantlığının əsas səbəblərindən biri də din amili – İslamla bağlıdır. 

İslamdakı multikulturalizmin, tolerantlığın səbəbini bu dinin əsas qaynaqlarında – “Qurani Kərim”, Məhəmməd peyğəmbərin (s.) sünnəsi və hədislərdə axtarmaq lazımdır.  Həqiqətdir ki, İslam seçim azadlığına, bərabərliyə, insan ləyaqətinə, din azadlığına, etnik fərqliliklərlə hesablaşmağa xüsusi önəm verir. Təsadüfi deyil ki, hələ VII əsrdə müsəlman və yəhudilər arasındakı ictimai-iqtisadi və hüquqi münasibətləri tənzimləyən “Mədinə müqaviləsi” bu gün də istənilən konfessiyalararası məsələlərə həsr edilmiş beynəlxalq müqavilə üçün normativ baza rolunu oynaya biləcək qədər müasirdir.

Dinimizə görə, bütün insanlar  və millətlər  bərbərdir, ali irq, ali millət anlayışı yoxdur.  İslama görə, əsl müsəlman əlindən, dilindən başqasına ziyan dəyməyən insandır. Tarixdə müsəlmanlarla digər din  mənsublarının birgə fəaliyyətinə, əməkdaşlığına və eyni şəhərdə, kənddə qarşılıqlı hörmət şəraitində yaşamalarına dair minlərlə fakt  mövcuddur. Mənbələrdən əldə olunan maraqlı bir  məqamı da qeyd  etmək istərdim. Belə ki, Raşidi xəlifələrin dövründə bir kilsənin ərazisinin bir hissəsi zəbt olunur və orada məscid inşa edilir. Xristianlar məhkəməyə müraciət edirlər və nəticədə məhkəmənin qərarı ilə məscid sökülür, həmin ərazi yenidən kilsəyə qaytarılır. Bütün qeyd olunanlar göstərir ki, İslamın dözümsüz din olduğunu söyləmək, ən azı ədalətsizlikdir.    

İslamdan gələn bu cür dözümlülük Azərbaycan xalqının etnik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla  çuğlaşaraq daha rəngarəng və mükəmməl bir forma almış və zəngin mədəni sərvətə çevrilmişdir. İslam Azərbaycan xalqının ondan öncəki dinlər və müxtəlif inanclar vasitəsilə əldə etdiyi mədəni və mənəvi sərvəti məhv etməmiş, əksinə, onu daha da zənginləşdirmişdir. Bunun nəticəsidir ki, İslam Azərbaycanda yayıldıqdan sonra Qafqazda tikilmiş ilk kilsə olan Şəkidəki Kiş məbədinin ətrafında bir nəfər də olsun xristian yaşamamış, amma Azərbaycan xalqı onu qoruyaraq bugünədək gətirib çıxarmışdır. Yaxud, İslamın Azərbaycanda ən güclü olduğu dövrdə, XVIII əsrdə Bakıda atəşpərəstlər tərəfindən məşhur Atəşgah məbədi tikilmişdir. 

Azərbaycan xalqının multikultural mədəniyyəti həm də onun özünəxas dini dərki ilə bağlıdır. Digər müsəlman xalqlarından fəqli olaraq, biz İslamı sufilərdən əxz etmişik və bunun nəticəsidir ki, dini baxışımızda Yaradana xatir sevən, inancından asılı olmayaraq, kamil insan  yetişdirməyi qarşısına  məqsəd qoyan irfan mədəniyyəti daha  üstündür. Yaradılana bəslənən sevgi bütün məxluqatı əhatə edir və o, dinlərin, məzhəblərin fövqündədir. Odur ki, azərbaycanlılar məscid, kilsə, sinaqoq fərqi qoymadan, bütün dinlərin məbədlərinə Allah evi kimi yanaşır, onu tikdirəni isə xeyirxah adam kimi qəbul edirlər. Təsadüfi deyildir ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev  hazırda  Qafqazın ən böyük rus-provaslav kilsəsi olan Mironosets məbədini  tikdirəndə müsəlmanlar onu nəinki qınamamışdır, hətta Bakıda Aleksandr Nevski kilsəsi inşa  edilən zaman onun tikintisində yaxından iştirak etmişlər.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünyada tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən aktiv iştirakçılarından biri idi. Ölkəmiz iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu nəzərə almaqla, bu istiqamətdə bütün səyləri dəstəkləyir və mümkün köməyini əsirgəmirdi. Amma son  illərdə Azərbaycan bu prosesin aktiv iştirakçısı yox, əsas təşəbbüskarı və lokomativi kimi çıxış edir. Bu baxımdan əminliklə söyləmək olar ki, bu gün Azərbaycan tolerantlıq, multikultralizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində nəinki hədəflərini dəyişib, hətta qarşıya qoyduğu məqsədə doğru xeyli irəliləyə bilib. Hazırda dünya ictimaiyyəti Azərbaycanı həm tolerant, multikultural ölkə kimi tanıyır, həm də bu dəyərlərin dünyada təşviqi istiqamətində hökumətin qazandığı uğurları etiraf edir.

Şübhəsiz ki, bu sahədə qarşıya qoyulmuş böyük hədəflərə çatmaq üçün əvvəlcədən müəyyən şərtlər təmin olunmalıdır. Məsələn, aktiv xarici siyasət yürüdülməli, maraqlı olan qüvvələri müxtəlif formalarda bir araya gətirməli, məsələnin nəzəri və praktiki tərəfləri üzərində işləyən strukturlar yaradılmalı, ciddi maliyyə ayrılmalı və s. Son illər bu istiqamətə yönəlmiş tədbirləri nəzərdən keçirdikdə qeyd olunan şərtlərin tam təmin olunduğu qənaəti formalaşır. Belə ki, hazırda Azərbaycanın aktiv xarici siyasət yürütməsi, beynəlxalq təşkilatlarla yaxından işləməsi, regional və beynəlxalq səviyyədə ciddi təşəbbüslərlə çıxış etməsi hər kəsə bəllidir. Bunun bariz nümunəsi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Həmin seçkilər zamanı Azərbaycanı 155 dövlətin dəstəkləməsi ölkəmizin xarici siyasət sahəsindəki ən böyük uğurlarından biridir.

Eyni zamanda, Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycan son  illərdə bu sahədə onlarca beynəlxaq və regional konfrans, forum və simpozium düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.

Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.

İndiyədək sözügedən sahədə fəaliyyət göstərən strukturların formalaşdırılması və onların işinin koordinasiya olunması istiqamətində də ciddi və əhəmiyyətli qərarlar qəbul olunub. Bu baxımdan Azərbaycan Respublikasının millətlərarası, multikultralizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə yanaşı, qeyd olunan rəsmi qurumların yaradılması və bu prosesə cəlb edilməsi Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində hədəflərinə doğru irəliləməsini daha da sürətləndirir.

Multikulturalizm  mahiyyət etibarı ilə fərqli mədəniyyətlərin vahid və üstün bir zəmində əridilməsini deyil, bərabər hüquqlarla birgə və yanaşı, yaşamasını zəruri edir. Bu baxımdan fərqli dini, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunvericiliklə tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda isə bu hüquqlar daha üstün – konstitusiya təminatı altındadır. Konstitusiyamızın müvafiq maddələrinə müraciət etsək, Azərbaycanda “fərqliliklərin” qorunmasına yönələn dövlət siyasətini aydın şəkildə görərik:

Maddə 18. Din və dövlət

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Maddə 21. Dövlət dili

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Maddə 25. Bərabərlik hüququ

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Maddə 40. Mədəniyyət hüququ

I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

Maddə 44. Milli mənsubiyyət hüququ

I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.

II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.

Maddə 45. Ana dilindən istifadə hüququ

I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

Maddə 47. Fikir və söz azadlığı

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir.

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

 Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

Bu gün dünyada milli və dini zəmində baş verən qarşıdurmalar, axan nahaq  qanlar, insanların bu münaqişələr ucbatından öz yurd-yuvasından didərgin düşməsi hamını, eləcə də bəşəriyyətin bir parçası olan xalqımızı narahat etməyə bilməz. O səbəbdən zərurət var ki, sahib olduğumuz tolerantlıq  təcrübəmizi və multikulturalizm dəyərini bütün  xalqlara aşılayaq və bu yolla dünyada  sülhün və əmin-amanlığın bərqərar  olmasına  öz  töhfəmizi  verək.  Məhz  bu missiyanı həyata keçirmək məqsədi ilə ölkə başçısı İlham Əliyev 2016-cı ili  “Multikulturalizm ili” elan etmiş, bu istiqamətdə ölkə daxilində və xaricdə  məqsədyönlü işlərin aparılması üçün müvafiq göstərişlərini vermişdir. Eyni zamanda, respublikamızın birinci xanımı, Heydər  Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fədakar  fəaliyyəti xüsusilə  qeyd  edilməlidir. Məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə ardıcıl şəkildə sivilizasiyalararası dialoqun qurulması sahəsində dünyanın tanınmış elm və mədəniyyət xadimlərinin də iştirak etdiyi bir  sıra mötəbər  tədbirlər, konfranslar və beynəlxalq  forumların Azərbaycanda keçirilməsinə nail olunmuşdur.

 Yuxarda sadalanan fikirlərdən bir daha aydın olur ki, dövrümüzün mühüm çağırışlarından olan multikulturalizmin Azərbaycanda tarixən formalaşmış zəngin ənənələri və möhkəm ictimai dayaqları mövcuddur. Qarşıda duran vəzifə bu hərtərəfli potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisinin vacib elementinə çevirmək, sahib olduğumuz təcrübəni regional və qlobal məkanda uğurla paylaşmaqdır.

Siyavuş Novruzov,
Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında