İstanbulda növbəti dəfə qan töküldü. Günahsız insanlar həyatını itirdi. Terror amansız şəkildə dinc adamlara kədər gətirdi. Qardaş ölkə, bütövlükdə, qətliamlara qarşı yenidən birləşdiyini nümayiş etdirdi. Ölkə rəhbərliyi inkişaf paradiqmasını həyata keçirməkdə qərarlı olduğunu və bunun üçün lazım olan hər bir fədakarlığı göstərməyə hazırlığını bir daha bəyan etdi. Dost dövlətlər də türk xalqına başsağlığı verdilər. Azərbaycan Prezidenti dərin kədər hissini ifadə etdi.
Ekspertlər baş verən hadisəni geosiyasi kontekstdə qiymətləndirməyə meyillidirlər. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, söhbət bir sıra dairələrin Türkiyəyə qarşı apardıqları natəmiz oyundan gedir. Aksiyanı birbaşa həyata keçirənlər onların əmr qullarıdır. Ankara məsələni kökündən həll etməkdə qərarlıdır. Onu öz yolundan heç kəs döndərə bilməz. Bütün bunların fonunda son terror hadisəsinin hansı geosiyasi proseslərə rəvac verə biləcəyi məsələsi aktual görünür. Bununla bağlı təhlillər aparmaq zərurəti mövcuddur.
Partlayışlar: çirkli geosiyasi maraqların atəşində yanan günahsızlar
Dekabrın 10-da Türkiyədə yenidən qanlı terror aktı həyata keçirildi. Futbol matçından sonra axşam saatlarında Beşiktaşda dalbadal iki bomba partlayıb. 30-u polis olmaqla, 39 insan həyatını itirib, 155 nəfər yaralanıb. Hadisəyə dünya ölkələrində reaksiyalar müxtəlif olub. BMT-nin Baş katibi İstanbulda terror törədildiyini və türk xalqı ilə hökumətinə səbir dilədiyini bəyan edib. O, günahkarların cəzalandırılacağına inam ifadə edib. NATO-nun Baş katibi də terroru lənətləyib və Türkiyənin yanında olduqlarını bildirib. Avropa İttifaqının bir neçə rəsmi şəxsi ümumi təəssüfünü bildirib, lakin hadisəni terror adlandırmayıb. ABŞ olayı terror adlandıraraq Türkiyəyə başsağlığı verib. Azərbaycan Prezidenti İlham Əliyev R.T.Ərdoğana ünvanladığı məktubunda terroru lənətlədiyini, onun bütün növlərinə qarşı birlikdə və qətiyyətlə mübarizə aparmağın zəruriliyini vurğulayıb, qardaş türk xalqına başsağlığı verib.
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hadisədən qısa müddət sonra yazılı açıqlama verərək terror aktının arxasında duran məqamları göstərib. Aydın olur ki, Ankara bu olayı yalnız terror qruplarının maraqları ilə izah etmir, daha geniş miqyasda geosiyasi savaşın tərkib hissəsi kimi nəzərdən keçirir. Məsələnin maraq doğuran aktual tərəfi də məhz bundan ibarətdir.
Ümumiyyətlə, Türkiyə son 2 ildə terror aksiyalarının hədəfinə çevrilib. PKK, İŞİD, "əl-Qaidə", FETÖ və digər təşkilatlar mütəmadi olaraq insanları qətlə yetirir. Son hadisədə əsas olaraq polislər hədəf seçilib, lakin zərərçəkənlər arasında dinc insanlar da var. Deməli, bu hadisəni törədənlərin məqsədlərindən biri Türkiyə cəmiyyətində gərgin psixoloji vəziyyət, qorxu yaratmaq olub. Bu barədə Prezident R.T.Ərdoğan, Baş nazir B.Yıldırım, daxili işlər naziri S.Soylu açıq danışıblar. Deməli, məsələnin kökü Türkiyəyə qarşı düşmənçilik edən dairələrin növbəti addımı ilə bağlıdır.
R.T.Ərdoğan yazılı açıqlamasında belə bir cümlə işlədib: "Türkiyə nə vaxt irəliyə doğru addım atırsa, dərhal qarşısına terror, qan, xaos çıxarırlar". Bəs son zamanlar bəzi dairələri qıcıqlandıran hansı addım atılıb?
Ekspertlər hesab edirlər ki, burada daha çox Türkiyənin terrorla mübarizədə göstərdiyi qətiyyət, Yaxın Şərqdə daha fəal mövqeyə keçməsi və Rusiya–Çin–İran xəttində müsbətə doğru dəyişikliklər rol oynayıb. Bir sıra hallarda Qərbin siyasi dairələri çəkinmədən Türkiyə–Rusiya əməkdaşlığının güclənməsindən narahat olduqlarını bəyan edirlər. Və hər bir belə bəyanatdan sonra Türkiyədə bir faciə yaşanır. Bir qədər əvvəl Kiyevdə futbol matçında radikal qrupların türk azarkeşlərə qarşı zor işlətməsi məsələsi də təsadüfə oxşamır. Hətta növbəti terror aktının İstanbulda futbol matçında törədilməsi üzərində düşünməyə dəyər.
Ankaranın müstəqil siyasət yeritməkdə qərarlılığını göstərən faktlardan biri maliyyə böhranını nəzərə alaraq, bir sıra dövlətlərlə milli valyuta vasitəsilə ticarət aparmaq əzminin nümayişi olub. Prezident R.T.Ərdoğan Rusiya, Çin və İranla bu məsələdə razılaşdıqlarını bəyan edib. Üstəlik, Pekin türk lirəsini ticarət aparılacaq valyutalar sırasına daxil etməyi qərara alıb. Bütün bunların dünya miqyasında kifayət qədər ciddi nəticələri ola bilər. Çünki Türkiyə sürətlə inkişaf edən və modernləşən iqtisadi sistemə malikdir. Onun digər inkişaf etməkdə olan böyük dövlətlərlə birgə hərəkət etməsi Qərb ölkələri üçün geosiyasi və iqtisadi problemlər yarada bilər. Lakin bunun günahkarı Ankara deyil – Qərbin islamofobiya mərəzinə tutulmasıdır.
Yalnız irəli: rəsmi Ankara kursundan dönməzdir!
Bu barədə əksər siyasi liderlər açıq danışırlar. Dünyanın inkişaf etmiş ölkələri müsəlman dövlətlərindən hər hansı birinin müstəqil davranmasına, iqtisadi uğurlar əldə etməsinə çox qısqanclıqla yanaşırlar. Onlara elə gəlir ki, dünyanın mərkəzidirlər və nə istəsələr, edə bilərlər. Konkret olaraq, Azərbaycana qarşı da eyni münasibəti görürük. Bakı hər hansı bir uğurlu addım atsa, irimiqyaslı beynəlxalq tədbir keçirsə, dərhal Qərb tərəfdən "qara piar" kampaniyası işə düşür. Müxtəlif bəhanələrlə Azərbaycanın uğuruna kölgə salmağa çalışırlar. İndi eyni proseslər Türkiyə ilə bağlı, özü də daha geniş və amansız müstəvidə baş verir.
Yuxarıda vurğulanan məqamlar kontekstində Türkiyəyə qarşı terror hücumlarının şiddətlənməsi, həm də Ankaranın Suriya və İraqdakı fəaliyyəti ilə əlaqəli ola bilər. Çünki faktiki olaraq Türkiyə həmin məkanlarda daha ciddi təsir nümayiş etdirir. Suriyada türk əsgəri artıq əl-Babdadır. Bununla Ankara bir sıra dairələrin separatçı kürd bölgəsi yaratmaq planlarını alt-üst etmiş oldu. Paralel olaraq, Ankara Rusiya ilə Hələb məsələsində anlaşıb. Bu iki ölkə ortaq qənaətə gəliblər və həmin istiqamətdə konkret irəliləyiş vardır. Özü də bu məqsədə ABŞ və Qərbin digər ölkələrinin müdaxiləsi olmadan nail olunub.
Geosiyasi aspektdə bu, olduqca əhəmiyyətli bir haldır. Son bir neçə yüz ildə ilk dəfədir ki, Qərbin iştirakı olmadan iki böyük dövlət – Türkiyə və Rusiya Yaxın Şərqdə böyük geosiyasi problemi birlikdə həll etməyə başlayıblar. Buna qarşı kimlərin kəskin reaksiya verə biləcəyi tam aydındır.
İraqda da Türkiyənin təsir dairəsi artmaqdadır. Son olaraq Türkiyə və İraqın baş nazirləri telefonla danışaraq, bütün istiqamətlərdə ortaq hərəkətlərlə bağlı razılığa gəliblər. O cümlədən Mosul, Kərkük və Şimali İraqda terrorla mübarizədə birgə fəaliyyətə qərar veriblər. Onlar iqtisadi-ticari əlaqələri yeni səviyyəyə qaldırmaqda qərarlı olduqlarını dilə gətiriblər.
Nəhayət, Türkiyə Qərbin bütün xəbərdarlıqlarına baxmayaraq, daxildə terrora qarşı kəskin mübarizəsini davam etdirir. Prezident Ərdoğan bunun fonunda bildirir ki, "Qərbdə kimin nə düşünməsi və nə danışmasının onun üçün əhəmiyyəti yoxdur". Görünür, rəsmi Ankaranın tam müstəqil davranması, heç kəsə boyun əyməməsi, yalnız milli maraqlara xidmət edən addımlar atması müəyyən dairələrin qəzəbinə səbəb olmaqdadır. Özünü demokrat adlandıranlar son 100 ildə heç dəyişməyiblər – onlar hələ də imperialist niyyətlərinin əsiridirlər.
Bütün bunların geosiyasi mənası nədən ibarət ola bilər? Belə təəssürat yaranır ki, Türkiyə dünya miqyasında söz sahibi olan dövlətə çevrilməkdədir. O, regional lider statusundan daha yüksək səviyyəyə qalxmaqdadır. Özü də Türkiyə kimlərinsə əmrlərinə boyun əyən lider deyil, müstəqil sözü və öz marağı olan supergüc olmaq hədəfinə doğru irəliləməkdədir. Bunun arxasında Ankaranın iqtisadi, texnoloji və hərbi uğurları dayanır. Onu nə silahla, nə maliyyə ilə, nə də iqtisadi sanksiyalarla dayandıra bilmirlər. Şübhə yoxdur ki, nə qədər acılı olsa da, böyük itkilər verilsə də, türk xalqını terror dayandıra bilməyəcək. Bunu tədricən anlamaqdadırlar.
Bunlar onu deməyə əsas verir ki, Türkiyə əks-həmlələrini edəcəkdir. Onun Qərblə münasibətləri daha da kəskinləşə bilər. Rəcəb Tayyib Ərdoğan terror hadisəsi ilə bağlı açıqlamasında konkret deyib: "Bu alçaq aktı törədən terror təşkilatının adının və onun rəhbərlərinin əhəmiyyəti yoxdur... Millətimiz və xalqımız əmin olsun ki, biz bu bəlaya – terrorizmə qarşı sonadək mübarizə aparacağıq. Terrorçular bunun əvəzini çox ağır ödəyəcəklər". Yəni Ankara artıq aksiyanı birbaşa həyata keçirən və bu mənada killerlik edən dairələrlə deyil, onları təlimatlandırıb, göndərənlərlə haqq-hesab çəkir. Bu, ciddi bir dəyişiklikdir və yaxın illərdə çox məsələlərə aydınlıq gətiriləcək.
Bütövlükdə, problemin həll edilməsi geniş geosiyasi məkanda sabitliyi və sülhü təmin edəcək. Bunda Türkiyənin əhəmiyyətli rol oynaması ayrıca qürurverici məqamdır! Onunla çiyin-çiyinə dayanan Azərbaycandır!
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.