Uzun-uzadı müzakirə və diskussiyalardan sonra İsrailin Baş nazirinin tarixi səfərinin günü müəyyən edilib. İsrail hökumətinin başçısı Benyamin Netanyahu Azərbaycan Respublikasına məhz bu gün gəlir. Bu, İsrailin Baş nazirinin Azərbaycana tarixdə ilk rəsmi səfəri olacaq. Bu səfər ona görə tarixi əhəmiyyət daşıyır ki, yəhudi hökumətinin başçısı Benyamin Netanyahu dekabrın 13-də Azərbaycana - əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkəyə gələcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Azərbaycanlı tədqiqatçı, Fransanın Montenskyö Universitetinin məzunu Səid Musayev və beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut İsraildə ingilis dilində çıxan ən nüfuzlu nəşrin - “Jerusalem Post” qəzetinin bugünkü nömrəsində “İsrail-Azərbaycan tərəfdaşlığı: “aysberq”in görünməyən hissələri” adlı məqalədə bu haqda yazırlar.
“Jerusalem Post” qəzetində dərc olunmuş məqalənin müəllifləri qeyd edirlər: “İsrail dövləti və Azərbaycan - əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi ölkə arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və tərəfdaşlıq telləri təkcə ərəb-müsəlman dünyası üçün deyil, dünya ölkələrinin əksəriyyəti üçün həqiqi modeldir. Möhkəm tərəfdaşlığın mühüm səbəblərindən biri - Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında qədim və sıx dostluq, qardaşlıq münasibətləridir. Bir sıra müasir cəmiyyətlərin xalqlarından fərqli olaraq azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyib və onlara yadlar kimi yanaşmayıblar. Beləliklə, iki dövlət arasında iqtisadi və hətta siyasi əməkdaşlıq möhkəmlənir və çiçəklənir”.
Səid Musayev və Arye Qut vurğulayırlar ki, Azərbaycan Türkiyə və Misirdən sonra üçüncü müsəlman ölkəsidir ki, İsrail onunla ikitərəfli strateji və iqtisadi münasibətlər qurub.
Məqalədə deyilir: “İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin ilk günlərində qurulub. İsrail-Azərbaycan strateji tərəfdaşlığının əsası müstəqil Azərbaycanın banisi Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan təqribən iyirmi il sonra İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana yeni səfəri baş tutacaq. Tarixi baxımdan, Netanyahu İsrailin Azərbaycana səfər etmiş birinci və hələlik yeganə Baş naziridir. 1997-ci ilin avqustunda ovaxtkı və indiki Baş nazir Benyamin Netanyahu gecə vaxtı Bakıya qısamüddətli tarixi səfər edib. Bu, yeni Azərbaycan diplomatiyasının tarixində ən nadir hadisələrdən biri idi: Azərbaycanın ümummilli lideri Heydər Əliyev xarici ölkənin liderini gecədən xeyli keçmiş qəbul edirdi. Məhz onun rəhbərliyi dövründə, 1997-ci ilin avqustunda, Benyamin Netanyahu Heydər Əliyevin Bakı Beynəlxalq Aeroportunda gecə vaxtı şəxsən qəbul etdiyi ilk hökumət başçısı oldu. Bir neçə saat davam etmiş bu səfər iki ölkənin münasibətlərinin inkişafına böyük təsir göstərdi.
“Jerusalem Post” qəzetində vurğulanır ki, iqtisadiyyatı sürətlə inkişaf etməkdə olan Azərbaycan bu gün Cənubi Qafqazın iqtisadi lideridir. Məqalə müəllifləri yazırlar: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu çoxvektorlu xarici siyasət yürüdür. İsrail və onun xalqı Azərbaycana və Prezidenti İlham Əliyevə böyük hörmət bəsləyir, onun Azərbaycanda iqtisadiyyatın inkişafı üçün səylərini yüksək qiymətləndirirlər. Azərbaycan beynəlxalq geosiyasi səhnədə güclü və müstəqil aktora çevrilir. Prezident İlham Əliyev öz ölkəsində bazar iqtisadiyyatına keçidlə bağlı islahatların inkişafında və biznes mühiti yaradılmasında tərəqqiyə nail olur”.
Arye Qutun və Səid Musayevin fikrincə, İsrail ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq ticarət sahəsində əməkdaşlıq, həmçinin təhlükəsizlik, kənd təsərrüfatı, texnologiya və kommunikasiyalar, təbabət və kəşfiyyat informasiyası mübadiləsi məsələlərini əhatə edir. Müəlliflər yazırlar: “Azərbaycanda sənaye sektorunun yenidən tənzimlənməsi, habelə iqtisadiyyatın liberallaşdırılması tədbirləri İsrailin “Modcom System LTD”, “Elta Systems”, “Bezek”, “Soltam”, “Tadrian” və digər şirkətlərini cəlb edib. Bu şirkətlərin çoxu xidmətlər sahəsinə, kənd təsərrüfatı, texnologiya və telekommunikasiya sferalarına sərmayə qoyublar. 1994-cü ilin əvvəlində Azərbaycan Rabitə Nazirliyinin və İsrailin GTİB şirkətinin müştərək müəssisəsi kimi fəaliyyətə başlamış “Bakcell” şirkəti Azərbaycanda birinci mobil rabitə operatoruna çevrildi və bu gün də Azərbaycanın mobil rabitə bazarında çox nüfuzlu şirkət kimi qalır. Azərbaycan-İsrail ticari əməkdaşlığı inkişaf edir. 2016-cı ildə əmtəə dövriyyəsinin həcmi 4 milyard dollara yaxın olub. Əvvəllər əsasən neft və qaz sənayesində cəmləşmiş olan bu əməkdaşlıq indi iqtisadiyyatın digər sahələrini də əhatə edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir, lakin İsrailin Bakı ilə daha sıx münasibətlər axtarması üçün bir neçə başqa səbəb də var”.
“Jerusalem Post” qəzetində dərc edilmiş məqalənin müəllifləri vurğulayırlar ki, İsrail Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə daim öz ədalətli mövqeyini ifadə edir. Səid Musayev və Arye Qut yazırlar: “Azərbaycanda bir milyon qaçqın var. Ölkə Ermənistan tərəfindən işğaldan əziyyət çəkir. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini tutub. Bu faktı nəzərə alsaq, İsrail ilə tərəfdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Rəsmi Təl-Əviv Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini birmənalı şəkildə bəyan edir. İsrailin doqquzuncu Prezidenti Şimon Peres 2009-cu ildə Azərbaycana rəsmi səfəri dövründə bu dəstəyi təsdiqləyib. Azərbaycan və İsrail ümumi təhdidlərə qarşı mübarizə aparmaq, habelə regional təhlükəsizliyi təmin etmək üçün dərin strateji münasibətlər qurublar. Çoxsaylı ortaq problemlər, o cümlədən terrorizm, nüvə silahının yayılması, kibermüharibələr və radikal islamçılıq ideologiyasının yayılması məsələləri Azərbaycan və İsrail üçün ümumi təhdidlərdir.
Müdafiə sahəsində əməkdaşlıq da İsrail-Azərbaycan tərəfdaşlığı “aysberq”inin görünməyən hissəsidir. İsrail Azərbaycanın müdafiə və hərbi sənayesinin modernləşdirilməsində mühüm rol oynayır. Bu “aysberq”in görünməyən hissələri qarşılıqlı mənfəətdir, güclü strateji tərəfdaşlıq hər iki ölkənin xeyrinədir”.
İsraildə çıxan ən nüfuzlu ingilisdilli nəşr olan “Jerusalem Post” qəzetinin bugünkü nömrəsində dərc edilmiş “Azərbaycan-İsrail tərəfdaşlığı: “aysberq”in görünməyən hissələri” məqaləsində deyilir: “Daha bir mühüm məqam ondan ibarətdir ki, İsrail Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktına laqeyd qalmır. Rəsmi Təl-Əviv Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini daim bəyan edir. Bütün bu amillər onu göstərir ki, İsrail və Azərbaycan arasında əməkdaşlıq üçün güclü iqtisadi və siyasi zəmin var və bütün bunlar çox vacib insani əlaqələrin - Azərbaycandakı yəhudi icmasının və dünyada Azərbaycan mənşəli yəhudilərin mövcud olması faktı ilə möhkəmlənir”.
Qəzet sonda yazır: “Sıx və dərin İsrail-Azərbaycan tərəfdaşlığı İsrail dövlətinin ona dost olan dünyəvi müsəlman ölkələrinə münasibətdə tam loyal mövqe tutmasını bütün dünya birliyinə nümayiş etdirir. Nəhayət, bu rəsmi səfər uzunmüddətli İsrail-Azərbaycan tərəfdaşlığı “aysberq”inin kəmiyyət tərəfini dərinləşdirəcək”.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.