Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər ilk növbədə respublikamızın müstəqilliyini tanımış, sonra diplomatik əlaqələr qurulmuş, dostluq və mədəni əməkdaşlıq, təhsil mübadiləsi, o cümlədən biznes mühitinin inkişafı sahəsində münasibətlər yaradılmışdır. O vaxt Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də İsrail olmuşdur. İki Şərq ölkəsinin – Azərbaycan və İsrailin bəzi dövlətlərə qəribə görünən əməkdaşlığı böyük maraq doğurmuşdur. Bu əməkdaşlıq təkcə neft və silah alış-verişi ilə deyil, daha genişmiqyaslı ticarət əlaqələrinə köklənmişdir.

İsrail-Azərbaycan əməkdaşlığı iki ölkə arasındakı münasibətlərin ayrı-ayrı hissələrinin toplusundan daha böyük miqyasa malikdir. Xalqlar arasındakı müəyyən ümumi dəyərlər bu ölkələr arasındakı əlaqələri getdikcə möhkəmləndirir. Quba rayonunda qədim tarixə malik Azərbaycan yəhudilərinin yaşaması, o cümlədən yaxın tarixdə Bakıda yəhudi icmasının məskunlaşması və İsraildə yaşayan azərbaycanlılar iki ölkə arasında həyati əhəmiyyətə malik əlaqələr yaratmışlar. Onu da qeyd edək ki, Azərbaycan İsraillə münasibətləri inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, mədəniyyəti və dili bölüşən İordaniya ilə İsrailin münasibətləri də yüksək səviyyədə olmuş, bu ölkə əhalisinin çoxluğunun keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərməmişdir. Hazırda İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya etmiş, orduda, parlamentdə təmsil olunurlar.

İslam dünyasının aparıcı söz sahibi sayılan bir sıra dövlətləri də uzun illərdir ki, İsraillə sıx əlaqələr qurmuşlar və bu gün həmin əlaqələr daha geniş miqyas almışdır. Türkiyə və Misir kimi müsəlman dövlətlərinin İsraillə normal münasibətlərinin mövcudluğu bu baxımdan qeyd edilməlidir. Eyni zamanda, unutmamalıyıq ki, İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də təkcə Azərbaycan deyil. Xəbər verildiyi kimi, İsrailin Baş naziri Azərbaycandan sonra Qazaxıstana da səfər edəcək.

Bir qədər keçmişə nəzər salsaq, bir daha şahidi olarıq ki, Azərbaycan dövləti Fələstin Administrasiyası ilə 24 il əvvəl – 1992-ci il aprelin 15-də diplomatik əlaqələr qurmuşdur. Uzun illər davam edən bu əməkdaşlıq dostluq, qardaşlıq, xalqların BMT çərçivəsində hüquqlarını müdafiə prinsiplərinə həmişə sadiq olmuşdur. Azərbaycan hər iki tərəflə – istər İsraillə, istərsə də Fələstinlə normal münasibətlər saxlayan ölkələr sırasındadır. 1995-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Nyu-Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfatla görüşünü xatırlatmaq istərdik. Həmin vaxtdan başlayaraq, Azərbaycan tərəfi BMT sənədlərinə əsasən Fələstinə dəstək verərək bəyan etmişdir ki, ölkəmiz İsrail-Fələstin münaqişəsinin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir.

Azərbaycan tərəfi Fələstin dövləti ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də öz səylərini  əsirgəmir. İki ölkənin rəsmiləri, o cümlədən, xarici işlər nazirləri müntəzəm olaraq qarşılıqlı səfərlər edir və tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında milli maraqlara yönəlmiş siyasi dialoq aparırlar. Azərbaycan Prezidenti İlham Əliyevin bu əlaqələrin inkişafına xüsusi həssaslıq göstərməsi xüsusi qeyd olunmalıdır. Hazırda Bakıdakı Fələstin səfirliyi məhz Azərbaycanın vəsaiti ilə fəaliyyət göstərir. Bu fakt ölkəmizin Fələstinlə əməkdaşlığa xüsusi qayğı göstərməsinin bariz nümunəsidir. 2011-ci ilin iyunun 28-də Azərbaycan tərəfinin dəvətilə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Bakıya səfəri də respublikamızın Fələstinlə əməkdaşlığa böyük önəm verməsinin nəticəsidir.

Göründüyü kimi, Azərbaycan-İsrail əlaqələri müsəlman dövlətləri ilə münasibətlərə heç bir xələl gətirmir. Ölkəmizin İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər mötəbər beynəlxalq təşkilatlarda aparılan bütün müzakirələr zamanı Fələstini dəstəkləməsi də bunun məntiqi nəticəsidir. Bu gün İsrail dövlətinin rəhbərliyinə də bəllidir ki, Azərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, UNESCO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən 20-dən artıq qətnamənin lehinə səs vermişdir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən Fələstin məsələsini özünün prioritetləri sırasına daxil etmişdir. Ölkəmiz rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasında tam dəstəyini bəyan etmişdir. Bu qətiyyətli addım Azərbaycanın İsraillə münasibətlərinə xələl gətirməmişdir.

Son illər beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, Azərbaycan müsəlman həmrəyliyinin gücləndirilməsinə, eyni zamanda, Qərblə müsəlman dünyası arasında gərginliyin aradan qaldırılmasına böyük töhfələr vermişdir. Dövlətimizin başçısı bütün ali tribunalardan həmişə islamofobiyaya qarşı barışmaz mövqeyini ifadə etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə dəvət edilməsinə baxmayaraq, İsrailə səfər etməmiş, bu günə qədər İsraildə Azərbaycan səfirliyi açılmamışdır. Ancaq Fələstin xalqına həmişə kömək etmiş, humanitar yardımını əsirgəməmişdir. Diqqətə çatdıraq ki, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə 2012-ci il ərzində humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərilmiş, 2013-cü il iyunun 11-də Bakıda İƏT Xarici İşlər Nazirlərinin Qüds şəhərinə dəstək məqsədilə donor konfransı və Fələstin dövlətinə yardım üçün İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilmişdir. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə Azərbaycan tərəfindən maliyyə yardımı ayrılmışdır. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma Memorandumu imzalanması da Azərbaycan-Fələstin münasibətlərinə İsrillə əməkdaşlığın hər hansı maneə yaratmamasından xəbər verir.

Hadisələrin gedişi təsdiqləyir ki, ölkəmiz, eyni zamanda, Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Azərbaycan tərəfinin İsraillə əməkdaşlığının prioritetlərindən birini də İsrail-Fələstin münaqişəsinin həlli üzrə sülh prosesinin bərpa edilməsi və münaqişənin iki dövlət yanaşması əsasında tezliklə həllinin vacibliyi təşkil edir.

Azərbaycan dövlətinin belə ardıcıl mövqeyi müsəlman dünyasında təqdirlə qarşılanmış və bu, ölkəmizin 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən də özünü büruzə vermişdir. Məlum olduğu kimi, həmin seçkilərdə Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul etmişdir.

Azərbaycanın müsəlman həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrin layiqincə qiymətləndirilməsi təkcə bununla yekunlaşmır. İslam Əməkdaşlığı Təşkilatının İstanbulda keçirilən 13-cü Zirvə görüşünü xatırlayaq. Həmin tədbirdə bu təşkilatın Azərbaycanı müdafiə edən qətnaməsində ölkəmizin islamofobiyaya qarşı mübarizəyə verdiyi töhfə xüsusi olaraq qeyd edilmişdir. Belə faktlar onlarcadır və bütün bunlar müsəlman dünyasında yüksək qiymətləndirilir.

Bir çox məsələlərdə Azərbaycan və İsrail strateji tərəfdaş kimi çıxış edir. Yəni, İsrail dövləti Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Azərbaycanın haqlı, ədalətli mövqeyini dəstəkləyir. Eyni zamanda, Azərbaycan ilə İsrail arasında münasibətlər həm siyasi dialoq, həm də iqtisadi ticarət, xüsusilə də enerji sektorunda əlaqələrin inkişafı baxımından diqqəti cəlb edir. Bu gün də İsrailin Baş nazirinin Azərbaycana səfəri siyasi dialoq sahəsində əlaqələrin kifayət qədər inkişaf etdiyini göstərir.

Azərbaycanın İsrail ilə münasibətlərinin inkişafı heç bir müsəlman ölkəsinin, üçüncü tərəfin əleyhinə deyil və digər bir dövləti hədəfə almayıb. Azərbaycan Prezidenti İlham Əliyev müstəqil xarici siyasi kursunu həyata keçirir. Bu kurs Azərbaycanın milli maraqlarına söykənib və heç bir dövlətin əleyhinə yönəlməyib.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında