Heydər Əliyev ölkədə müxtəlif xalqların nümayəndələri üçün nümunəvi yaşam tərzi yaratdı

Azərbaycanda əsrlərdir ki, ayrı-ayrı millət və xalqların, müxtəlif dinlərin nümayəndələri yaşamaqdadır. Bu isə onunla əlaqədardır ki, ölkəmizdə tolerantlığın siyasi, mədəni və ədəbi qaynaqları çox zəngindir. Belə ki, hələ orta əsrlərdə Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini tutur. Dahi Nizami Gəncəvinin əsərləri bu cəhətdən xüsusi fərqlənir. Onun yaradıcılığının təhlili göstərir ki, əsərlərinin əksəriyyətində multikulturalizm və tolerantlıq elementlərinə rast gəlmək mümkündür. İrqi, milli və dini ayrı-seçkiliyi qəbul etməyən şairin qəhrəmanları içərisində türk, fars, ərəb, hind, çin, həbəş, yunan, gürcü və digər başqa xalqların nümayəndələrinə rast gəlirik.

Böyük Nizami xalqların adını çəkərək onlara hörmətlə yanaşır və onun üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. Bütün bunlar onu göstərir ki, xalqımız özünün yüksək tolerantlığı ilə bütün dövrlərdə seçilib. Belə ki, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş Cümə məscidi Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən olan Qafqaz Alban kilsəsi Azərbaycanın Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissələridir.

Başqa ölkələrin və xalqların mədəni irsi ilə uzlaşmaq meyilləri XX əsrin əvvəllərində də davam etmişdir. Məhz Şərqdə ilk dəfə olaraq, – Azərbaycanda  böyük Üzeyir Hacıbəyli tərəfindən “Leyli və Məcnun” operası yazılır. Bu opera 1883-cü ildə memar Koqnivitskinin layihəsi əsasında tikilmiş Hacı Zeynalabdin Tağıyev teatrının binasında 1908-ci ildə tamaşaya qoyulmuşdur.

Bu ənənələr sonrakı illərdə də davam etdirilmiş və keçən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə daha da inkişaf etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda multikulturalizm ənənələrinin bərpa olunmasına yönəlmişdi. Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni mərhələyə keçirdi. O deyirdi: “Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır... Azərbaycan əhalisinin çoxmillətli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”.

Heydər Əliyev Azərbaycan Respublikasına birinci dəfə rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı bəslədiyi daxili düşmənçilik hisslərinə baxmayaraq, Azərbaycan xalqına məxsus olan bütün humanist dəyərlərin və üstün keyfiyyətlərin qorunub saxlanmasını təmin etdi. Azərbaycanda yaşayan millətlərin nümayəndələri və bütün inanclı insanlar öz xalqlarına mənsub olan mədəni yaşam tərzini və əxlaqi dəyərləri inkişaf etdirdilər. Həmin illərdə çoxmillətli Azərbaycan Respublikası Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində keçmiş SSRİ məkanında ən qabaqcıl respublikalardan birinə çevrildi.

Bununla da ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının nümunəsində ilk növbədə multikulturalizm modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərmişdi. Əldə olunan bu uğurlar respublikaya rəhbərlik edən Heydər Əliyevin burada yaşayan bütün milli azlıqlara göstərdiyi diqqət və qayğının, onların hər bir probleminin həllinə yüksək səviyyədə həssaslıqla yanaşmasının nəticəsi idi. Həmin dövrlərdə kadrların seçilib yerləşdirilməsində, mədəni irsin qorunub saxlanması və inkişaf etdirilməsində millətlər arasında heç bir ayrı-seçkiliyə yol verilmir, tarazlıq təmin edilirdi.

Azərbaycan dövləti müstəqilliyini bərpa edəndən sonra Heydər Əliyevin tezliklə ölkəyə rəhbərlik etməyə başlaması isə Azərbaycan xalqının və bu ölkədə yaşayan bütün etnik xalqların, millətlərin və o cümlədən, buradakı müxtəlif dini inanclı insanların xoşbəxtlik tapması idi. 1990-cı illərin əvvəllərində ölkədə anarxiyanın hökm sürdüyü bir vaxtda hakimiyyət başına gələn dahi şəxsiyyət, böyük siyasətçi, zəngin dövlətçilik təcrübəsinə malik olan müdrik insan və bütün dünyada hörmətlə qarşılanan Heydər Əliyevin suveren Azərbaycan dövlətini yaradarkən bu dövlətin təməl ideologiyasının əsaslarından biri ölkədəki bütün millətlərə hörmətlə yanaşılması, bütün dini inanclara hörmət və ehtiram göstərilməsi, dini azlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olması idi.

Bütün bu dəyərlərin hüquqi bazası isə 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmuş və 2002-ci, 2008-ci və 2016-cı illərdə Konstitusiyada müvafiq dəyişikliklər edilmişdir.

Belə ki, multikulturalizm siyasəti konseptində Konstitusiya vətəndaşların cəmindən ibarət əhali “Azərbaycan xalqı” kimi təsbit olunubdur. Ali Qanunun I fəsli “Xalq hakimiyyəti adlanır” və I maddədə deyilir ki, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. I maddənin II hissəsində isə yazılıb ki, “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir”. Bu isə o deməkdir ki, dinindən, dilindən, adət-ənənələrindən asılı olmayaraq, Azərbaycan Respublikasının bütün vətəndaşları Azərbaycan xalqını təmsil edir və eyni hüquqla dövlət hakimiyyətinin mənbəyini təşkil edirlər. Bu ideya Konstitusiyanın “Xalqın vahidliyi” adlanan 5-ci maddəsində bir qədər də konkretləşdirilir. Bu maddənin I hissəsində qeyd olunur ki, “Azərbaycan xalqı vahiddir”. Maddənin II hissəsində isə göstərilir ki, “Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir”. “Bərabərlik hüququ” adlanan 25-ci maddənin III hissəsində qeyd olunur ki, “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını, irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Bu maddənin IV hissəsində isə göstərilir ki, “Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz”. Konstitusiyada Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili göstərilməklə yanaşı, maddə 21-in II hissəsində göstərilir ki, “Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. 45-ci maddədə isə yazılıb ki, “Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır”. “Milli mənsubiyyət hüququ” adlanan 44-cü maddədə qeyd olunur ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu müddəalar təsdiq edir ki, Azərbaycanda yaşayan etnik və dil müxtəlifliyini etiraf edən, həm də onu müdafiə edən Azərbaycan dövləti Azərbaycan xalqının təmsilçisi olaraq əhalinin vətəndaş birliyi, vahidliyidir.

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə azərbaycanlı olmayan ölkə vətəndaşlarına da həmişə yüksək diqqət və qayğı ilə yanaşırdı. Bu xüsusilə kadr siyasətinin formalaşmasında və həyata keçirilməsində özünü açıq büruzə verirdi. Belə ki, respublika səviyyəsində yüksək və orta pillə vəzifələrində, seçkili orqanlarda milli azlıqların tarazlığa uyğun təmsil edilməsi təmin olunurdu. Ümummilli lider etnik qrupların dillərinin, mədəniyyətlərinin, adət-ənənələrinin inkişafı üçün hər bir şəraitin yaradılmasına həmişə yardım göstərir,  milli bayramlarını təbrik edir, bu məqsədlə keçirilən mərasimlərinə qatılır, onların öz dillərində tərbiyə və təhsil almalarına dövlət dəstəyinin göstərilməsini ön plana çəkirdi. Ölkəmizdə keçən əsrin sonlarında başlayan torpaq islahatları prosesində İsmayıllı rayonunun İvanovka və Goranboy rayonunun Rus Borisi kəndlərində yaşayan əhalinin (malakanlar) arzusu nəzərə alınaraq, həmin kəndlərdə torpaq islahatı aparılmadı və indi də  həmin kəndlərdə kolxozlar mövcuddur.

Dahi siyasətçi və müdrik insan Heydər Əliyevin ölkədə yaşayan bütün etnik xalqlara, millətlərə və o cümlədən buradakı müxtəlif dini inanclı insanlara hörmətlə yanaşması, hörmət və ehtiram göstərməsi, dini azlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olması üçün həyata keçirdiyi tədbirlər Azərbaycanda bütün millətləri bir-birinə yaxınlaşdırdı, doğmalaşdırdı və qardaşlaşdırdı.

Bu il yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, “Azərbaycanın müstəqilliyinin ilk dövründə Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə keçirib. Bu müstəvi  siyasət müstəvisi idi. Beləliklə, “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” tezisini irəli sürmək mümkündür. Kamal Abdullayevin ümummilli liderin ölkəmizin demokratik inkişafının tərkib hissəsi olan multikulturalizmin inkişafına verdiyi töhfələri belə yüksək qiymətləndirməsinin möhkəm əsasları vardır. Belə ki, XX əsrin 90-cı illərində Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa olunmasını təmin etdi. Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının eyni hüquqlara malik bir ölkəyə çevrilməsi və bütün dünya ölkələri və beynəlxalq təşkilatlar, tanınmış siyasi və din xadimləri tərəfindən tolerant ölkə kimi qəbul edilməsi bunun əyani sübutudur.

Ölkəmizdə bütün yüksək insani dəyərlərin təməlini qoymuş ümummilli lider Heydər Əliyev irsini bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox uğurla davam etdirir. 2003-cü ildə xalqın böyük səs çoxluğu ilə prezident seçildiyi ilk vaxtlardan başlayaraq həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmizdə multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət davam edir. Bunun nəticəsidir ki, Azərbaycanda heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb, müxtəlif dinlər və məzhəblər arasında ünsiyyət və əlaqələr bu gün də qorunub saxlanılır.

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti təsis edilmiş və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Bakı artıq hər iki ildən bir təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi ənənəvi məkana çevrilib. 2010-cu ildə Bakıda 33 ölkədən 200-dən çox dini liderin iştirakı ilə Ümumdünya Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirməsi, bu sahədə apardığı uğurlu dövlət siyasəti ölkəmizdə dini-mənəvi irsə ehtiramı, müxtəlif mədəniyyətlərin dialoqunu, tolerantlıq ənənələrini çox yüksək səviyyəyə qaldırmışdır. Məhz bunun nəticəsidir ki, respublikamız regionun lider ölkəsidir, iqtisadiyyatı sürətlə inkişaf edir, əhalinin maddi-rifah halı getdikcə yaxşılaşır, siyasi sabitlik uzun müddətdir bərqərar olub.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, bir sıra Qərb ölkələrinin (Almaniya, Fransa, Böyük Britaniya) başçıları multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olmasını əsas götürərək bu siyasətin iflasa uğradığını rəsmən bəyan edirlər. Bu barədə 2011-ci ildə 47-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Böyük Britaniyanın Baş naziri Devid Kemeron demişdir: “Dövlət multikulturalizmi doktrinası müxtəlif mədəniyyətləri öz adət-ənənələri ilə yaşamalarına dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə də müsəlman icması cəmiyyətləri liberal dəyərləri inkar edərək demokratik cəmiyyətimizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edirlər. Bu isə daim ekstremizmin baş qaldırması üçün şərait yaradır”.

Multikulturalizmə dair Qərb dövlətləri başçılarının fikirləri bəzi elmi ədəbiyyatda da dəstək tapmışdır. Belə ki siyasət elmində belə bir fikir söylənilir ki, eyni mənşəli-etnik homogen cəmiyyətlərdə demokratik konsepsiya – mərkəzləşmənin uğur qazanmaq ehtimalı daha çox olur. Əksinə, əhalinin tərkibi etnik, mədəni, dil, dini aspektdən nə qədər müxtəlif olarsa, fundamental demokratik dəyərlər baxımından həmrəyliyin əldə edilməsi və dövlətin siyasi icmasının formalaşdırılması siyasəti bir o qədər mürəkkəb olur.

Bununla belə bir sıra ölkələrin təcrübəsi göstərir ki, belə mədəni-müxtəliflik demokratikləşmənin uğurlu inkişafı qarşısında heç də keçilməz sədd və ya maneə deyildir. Belə ki, bu, Avropa və Amerika reallığında, həm də Azərbaycanın geosiyasi ərazisində mövcuddur. Azərbaycanda müxtəlif etnos-mədəni və dini icmaların əsrlər boyu yanaşı yaşaması, bir-birinə dözümlülüyü, həm də siyasi sferada aşkar tolerantlıq ənənələrinin sübutudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda demişdir: “Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Ona görə də bu gün multikulturalizmi şübhə altına qoymaq, yaxud onun iflası haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir. Çünki multikulturalizmin alternativi yoxdur”.

Prezident İlham Əliyev 2011-ci ildə 47-ci Münhen Təhlükəsizlik Konfransında Böyük Britaniyanın Baş naziri Kemeronun multikulturalizm barədə bədbin fikrinə qarşı duran optimist baxış və siyasi iradə nümayiş etdirərək belə bir siyasi bəyanatla çıxış etmişdir: “Bu gün multikulturalizmin dünyada alternativi yoxdur. Alternativ ksenofobiya, islamofobiya, antisemitizm və radikalizmdir”. O, həmçinin qeyd etmişdir : “Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan – həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır.”

Eldar İbrahimov,
Milli Məclisin komitə sədri, 
YAP İdarə Heyətinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında