İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana rəsmi səfərə gəlir. Səfər çərçivəsində hər iki dövlət arasında əlaqələrin inkişafı baxımından mühüm məsələlərin müzakirəsi gözlənilir.
İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci il dekabrın 25-də tanımışdır. İki ölkə arasındakı diplomatik münasibətlər isə 1992-ci il aprelin 6-da qurulmuşdur. Azərbaycana rəsmi səfər edən ilk İsrail prezidenti Şimon Peres olmuşdur. 2009-cu il iyunun 28-29-da baş tutmuş bu səfər iki ölkə arasında münasibətlərin dinamikasına müsbət təsir göstərməsi ilə yadda qalmışdır.
Cənab Netanyahu isə Baş nazir kimi Azərbaycana ikinci səfərini reallaşdırır. Onun Bakıya ilk gəlişi 29 avqust 1997-ci ilə təsadüf edir. Həmin səfər zamanı İsrail Baş naziri ümummilli lider Heydər Əliyevlə görüşmüşdü. Doğrudur, diplomatik əlaqələrin qurulmasından sonra İsraildən Azərbaycana yüksək çinli rəsmilər təşrif buyurmuşlar. Məsələn, İsrail Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri və keçmiş müdafiə naziri Aviqdor Liberman 2010, 2012 və 2014-cü illərdə Azərbaycanda səfərdə olmuşdur. 2014-cü ilin sentyabrında isə Moşe Yaalon müdafiə naziri kimi ilk dəfə Azərbaycana səfər etmişdir.
Mütəxəssislər Baş nazir B.Netanyahunun Azərbaycana səfərinin böyük tarixi və geosiyasi əhəmiyyət kəsb etdiyini vurğulayırlar. İsrailli mütəxəssis Arye Qut “Vızovı vremeni” informasiya-analitik portalında dərc etdirdiyi “Netanyahu Bakıya gəlir: İsrail Baş nazirinin Azərbaycana səfəri nə vəd edir?” başlıqlı analitik yazısında qeyd edir ki, İsrail Azərbaycana həmişə böyük diqqətlə və səmimiyyətlə yanaşmışdır. Təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmamışdır və yoxdur. Rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir. Cənubi Qafqaz və Yaxın Şərq regionunda son hadisələr Azərbaycanın son 20 ildə yürütdüyü çoxvektorlu, sərbəst və müstəqil siyasətin parlaq əksi və əyani sübutu olmuşdur. Azərbaycanın xarici siyasətinin çoxvektorlu konsepsiyasında İsrail dövlətinin də xüsusi yer tutduğunu vurğulayan israilli analitik əlavə edir ki, Azərbaycan xarici siyasət arenasında öz müstəqil davranışı ilə dünyada heç bir ölkənin və heç bir beynəlxalq təşkilatın digər dövlətlər və təşkilatlarla necə işləməyin və necə əməkdaşlıq etməyin lazım olduğunu ona diktə etməyin mümkün olmadığını dəfələrlə sübut etmişdir. Beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis olan A.Qut daha sonra yazır ki, bu gün Azərbaycan-İsrail münasibətlərində ümumi dəyərlər və ortaq tarix öz əksini tapmışdır və iki ölkə arasında insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi hər iki ölkəni zənginləşdirir. Azərbaycanda yəhudilərin və müsəlmanların həmişə dinc yanaşı yaşadıqlarını qeyd edən israilli mütəxəssis düşünür ki, hər iki ölkəni ümumi tarix və ümumi tale həmişəlik bağlamışdır.
Ümumiyyətlə, Azərbaycan və İsrail arasında münasibətlər strateji xarakter daşıyır və ötən illər ərzində əlaqələrimizdə müşahidə edilən müsbət dinamika məhz belə deməyə əsas verir. Hər iki ölkə arasında dostluq münasibətləri digər ölkələrə qarşı yönəlməmişdir. Azərbaycan və İsrail bir sıra vacib beynəlxalq siyasət məsələlərində ortaq mövqeyi bölüşür. Belə vəziyyət də hər iki ölkəni təbii tərəfdaşlara çevirir. Azərbaycan ilə İsrail arasında illik ticarət dövriyyəsinin həcmi 5 milyard dollar təşkil edir. Əvvəllər bu dövriyyə neft və qaz sənayesində cəmləşsə də, hazırda qarşılıqlı münasibətlərin inkişafı iqtisadiyyatın digər sektorlarına şaxələnmişdir. Qeyd edək ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrailin Azərbaycan ilə daha sıx əməkdaşlığa can atmasının digər səbəbləri də var. Əvvəla, İsrail beynəlxalq birliyə ona dost münasibət bəsləyən dünyəvi müsəlman ölkələrinə loyallığını göstərmək istəyir. Azərbaycan energetika resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır. Azərbaycanın isə kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var. Bundan başqa, hər iki ölkənin yerləşdiyi regionlarda çoxsaylı problemləri var. Bu amil də Azərbaycan və İsrail dövlətlərini birlikdə fəaliyyət göstərməyə vadar edir.
İki ölkənin yaxınlaşmasında insan faktoru da önəmli rol oynayır. Rəsmi Təl-Əviv Azərbaycanda yəhudi icmasına xoş münasibəti tolerantlığın parlaq nümunəsi kimi qiymətləndirir. Bu gün məşhur Qırmızı Qəsəbədə təxminən 5000 yəhudi yaşayır. Qəsəbədə 3 məktəb və 3 sinaqoq fəaliyyət göstərir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayırlar. Sıx insani əlaqələr hər iki ölkənin münasibətlərinə öz müsbət təsirini göstərir. Ümummilli lider Heydər Əliyev yəhudilərin əsrlər boyu sülhsevər və çoxmillətli Azərbaycanda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirmişdi: “Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır”.
Bu bir reallıqdır ki, yaradılan müqavilə-hüquqi baza və keçirilən görüşlər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu elan etmiş Azərbaycanda çox sayda İsrail şirkəti fəaliyyət göstərir. Mütəxəssislər səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, İKT, turizm, qeyri-neft məhsullarının ixracı sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu, qeyri-neft sektorunda birgə müəssisələrin yaradılmasının mümkünlüyünü bildirirlər. Azərbaycan əczaçılıq məhsullarının istehsalında maraqlıdır və bu sahədə İsrail ilə birgə istehsal müəssisəsinin yaradılması mümkündür. Bundan başqa, respublikamıza müasir texnologiya və avadanlıqların gətirilməsi və Azərbaycanda birgə istehsalın təşkili sahəsində əməkdaşlıq imkanları da genişdir. İsrail iş adamları ölkəmizdə səmərəli fəaliyyət üçün sənaye parklarında da əlverişli şəraitdən faydalana bilər. Yəhudilərin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən əczaçılıq, nəqliyyat və telekommunikasiya, suvarma sahəsində avadanlıq istehsalı sahələrinə maraq göstərdiyi məlumdur.
Bir sözlə, Baş nazir B.Netanyahunun Azərbaycana səfəri və Prezident İlham Əliyevlə aparacağı müzakirələr iki ölkənin münasibətlərində yeni mərhələnin açılmasına şərait yaradacaq. Yeni geosiyasi reallıq və çağırışlar hər iki ölkəni birgə fəaliyyət göstərməyə və xalqlarımız arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinə rəvac verir.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.