Dövlət quruculuğunda və xarici siyasətdə Heydər Əliyev fenomeni

Ötən əsrin ikinci yarısından başlayaraq, cəmiyyətin inkişaf modelinin təməlində hansı ideyanın qoyulması müzakirə obyektinə çevrildi. Hərbi qüdrət, yoxsa iqtisadi güc, güclü ideologiya, yaxud mütərəqqi mədəniyyət sistemi kimi variantlar müxtəlif formalarda müzakirəyə çıxarıldı. O cümlədən, geosiyasi nəzəriyyələrdə ciddi ideya transformasiyaları baş verdi.  XX əsrin 90-cı illərindən başlayaraq qabaqcıl düşüncəli insanlar mədəniyyətə istinad edən inkişafın daha dayanıqlı və davamlı olduğunu ümumi əsaslarla vurğulayırlar. Məhz bu səbəbdən də XXI əsr tarixə “humanizm əsri” kimi düşür. Bu əsrdə silahlar və ya iqtisadi sistemlər deyil, mədəniyyət sistemləri, ideologiyalar, konsepsiyalar yarışırlar. Bu prizmadan XXI əsrin əvvəllərində yaranmış geosiyasi konsepsiyaların daha çox “sivilizasiya geosiyasəti” adlandırılması təsadüfi görünmür. Sivilizasiya geosiyasəti cəmiyyətlərin mədəni-mənəvi dəyərlərinin əhəmiyyətinin siyasi fəaliyyətdə qəbul edilməsini nəzərdə tutur. Yəni dövlətlərarası münasibətlərdə hərbi və ya iqtisadi yarışma yox, mədəniyyətlərin, mənəvi dəyərlərin, ideologiyaların yarışı əsas götürülür.

Təbii ki, mədəniyyət güc qismində hərbi və iqtisadi gücdən daha sivil və humanist bir məfhumdur. XXI əsri “humanizm əsri” adlandıranlar bu məqamı nəzərdə tuturlar. Lakin geosiyasətdə mədəniyyətin hansı məqsədlərlə istifadə edilməsi məsələsinin xüsusi əhəmiyyəti var. Təəssüf ki, hələlik “sivilizasiya geosiyasəti” termini daha çox söz olaraq qalmaqdadır. Dünyanın böyük gücləri mədəniyyətdən başqalarını təsir altında saxlamaq, onun mədəni məkanına müdaxilə və nəzarət etməklə öz siyasi, hərbi və geosiyasi məqsədlərinə çatmaq üçün istifadə edirlər. Əvvəlki dövrlərdə dünya hərbi və ya iqtisadi güclə zəbt edilirdisə, indi mədəniyyət, texnologiyalar, incəsənət və ideologiya ilə işğal prosesi həyata keçirilir.

Məhz bu səbəbdəndir ki, bu gün beynəlxalq münasibətlər sistemi olduqca ziddiyyətli bir dövrə qədəm qoyub. Dünyada münaqişəli regionların sayının durmadan artması, Yaxın Şərqdə baş verən qarşıdurmalar, qlobal güclərin öz aralarında münasibətləri tam aydınlaşdırmaması, geosiyasi mübarizənin daha da kəskinləşməsi və regional miqyasda özünü göstərən ziddiyyətlər kompleks halda beynəlxalq münasibətlər sistemində çətinliklər yaradır.

Keçən əsrin 90-cı illərində ümumən postsovet məkanında, o cümlədən Azərbaycanda cərəyan edən siyasi proseslər keçmiş sovet respublikalarının hamısının qarşısında “hansı yolu seçməli?”, “necə bir cəmiyyət və dövlət qurmalı?” kimi suallara cavab tapılmasını labüd edirdi.

Azərbaycan üçün seçim anı daha çətin amillərlə bağlı idi. Ölkəyə hərbi təcavüz baş vermişdi, müxtəlif istiqamətlərdən təzyiqlər ara vermədən davam edirdi, daxildə qeyri-müəyyənlik hökm sürürdü. Müstəqilliyin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran, təkcə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı deyildi. Həmin dövrdə xaricdən bütövlükdə respublikada milli-etnik ixtilafları, separatçılıq əhval-ruhiyyəsini ayrı-ayrı bölgələrə müdaxilə vasitəsilə tendensiyaya çevirmək cəhdləri özünü qabarıq formada göstərirdi. Azərbaycan üçün bu vəziyyətdən yeganə optimal çıxış yolu ölkədə sabitlik yaradıb, müstəqil dövlət quruculuğunun uğurla aparıla biləcəyi kursun seçilməsindən ibarət idi. Hər iki məsələ üçün də düzgün ideologiyanın müəyyənləşdirilməsi həyati əhəmiyyət daşıyırdı. Çünki seçiləcək ideoloji konsepsiya Azərbaycanın strateji yolunu müəyyənləşdirəcək, dövlət quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və cəmiyyətin birləşməsi xəttini ortaya qoyacaqdı. Söhbət Azərbaycanda müstəqil dövlət quruculuğunun gerçək fəlsəfəsini formalaşdırmaqdan gedirdi. Bu fəlsəfə Azərbaycanı xarici təhlükələrdən və daxili ziddiyyətlərdən qorumalı, xalqın mənəvi xüsusiyyətlərini, tarixi və mədəniyyətini, dövlətçilik maraqlarını özündə ehtiva etməli idi.

Həmin dövrün mürəkkəbliyi şəraitində praqmatik səmərə verə biləcək kursun seçilməsi xüsusi keyfiyyətlər tələb edirdi. Bunun üçün strateji təfəkkürlü, uzaqgörən, soyuqqanlı və qətiyyətli siyasətçi-lider lazım idi. Tarix Azərbaycanın siyasi səhnəsinə həmin keyfiyyətlərə malik Heydər Əliyevi yenidən gətirdi. Azərbaycan xalqı 1993-cü ildən ikinci dəfə öz liderinə arxalandı. Bu, bir xalqın bir əsrdə ikinci dəfə qəhrəmanlıq göstərməsi, uzaqgörənlik və dövlət qurmaq qüdrətini nümayiş etdirməsi idi. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlətini və xalqını zamanın ziddiyyətləri məngənəsindən sözün həqiqi mənasında xilas edərək, onu real dövlət quruculuğu xəttinə istiqamətləndirdi.

Ulu öndərin ən böyük tarixi nailiyyətlərindən biri Azərbaycan xalqını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ­ideologiyanın, milli konsepsiyanın yaradılması oldu. Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycanın mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinin əhəmiyyətini xüsusi qeyd edirdi. Yeni dövrdə Azərbaycanın müstəqil dövlətçilik kursu bu məqam üzərində quruldu. Faktiki olaraq, ümummilli lider qısa müddət ərzində xalqın quruculuq enerjisini dövlətin maraqlarının təmin olunması istiqamətində səfərbər edə bildi. Heydər Əliyev cəmiyyətin mədəni-intellektual potensialını və mənəvi dəyərlərini milli ideyanın reallaşdırılmasına yönəltdi.Ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. Bu  ideologiya dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir.

Nəticə etibarilə, məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəni etnik separatizm əsasında parçalamaq cəhdlərinin, multikulturalizmi iflasa uğratmaq siyasətinin qarşısında güclü ideoloji sipər oldu.

Ümummilli lider Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman qeyd edib: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Əminliklə demək olar ki, dövlət başçısının bilavasitə səyləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən tolerantlıq mahiyyət və keyfiyyət baxımından yeni mərhələyə – beynəlxalq səviyyəyə yüksəlib.Xarici siyasətimizdə multikultural dəyərlərə getdikcə daha çox istinad edilməsi bir yenilik sayıla bilər.

Azərbaycan cəmiyyətindəki və dövlətin xarici siyasətindəki multikultural dəyərləri daha hərtərəfli şəkildə dərk etmək üçün, ilk növbədə Qərbdə bu məsələyə mövcud olan həqiqi yanaşmanı başa düşmək lazımdır. Elmi ədəbiyyatlarda multikulturalizm anlayışının XX əsrin 60-70-ci illərində Qərbdə formalaşdığı bildirilir. Diqqət etsək, həmin dövrün məhz Qərb ölkələrinin II Dünya müharibəsindən sonrakı yenidənqurma və iqtisadi inkişaf illərinə təsadüf etdiyini görərik. Bu zaman istifadə olunan təbii resurslar III dünya ölkələrinin, əsas işçi qüvvəsi isə Avropa dövlətlərinin Afrika və Asiyadakı keçmiş müstəmləkələrinin payına düşürdü. Bu çərçivədən baxıldıqda, həmin dövrdə multikulturalizm anlayışı maksimum səmərə əldə etmək üçün miqrantları Qərb cəmiyyətlərinə inteqrasiya və ya assimilyasiya etmək məqsədilə ortaya atılmış bir anlayış idi.

XXI əsrin əvvəllərində isə vəziyyət tamamilə dəyişib. Qərb liderləri elə özlərinin ortaya atdığı multikulturalizm siyasətinin özünü doğrultmadığını bəyan edirlər. Suriya miqrantları ilə bağlı Avropada yaranmış vəziyyət isə əslində, multikulturalizmin Qərbdə tam iflasa uğradığını göstərir. Dövlət başçısının da qeyd etdiyi kimi, bunun alternativi ksenofobiya, islamofobiya, antisemitizm və radikalizmdir.

Əslində, multikulturalizm anlayışına Qərb cəmiyyətlərinin baxışı öz-özlüyündə xüsusi məqsədlər və maraqlar güdür. Hazırda multikulturalizmin sadəcə ölkədaxili sosial proses mahiyyətini aşaraq ümumən beynəlxalq münasibətlər sistemində mühüm faktora çevrildiyini nəzərə alsaq, son dövrlərdə xarici siyasət leksikonunda daha çox istifadə olunan “yumşaq güc” və ya “ağıllı güc” məfhumuna diqqət yetirilməsi də zəruridir.

Qərbdə “yumşaq güc” dedikdə, ilk növbədə, dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə deyil, mədəniyyətə, siyasi ideologiyaya və proqramlara görə təmin etməyə çalışdığı nəzərdə tutulur. “Sərt güc” məcburetməyə əsaslanırsa, “yumşaq güc” könüllü iştirakı nəzərdə tutur. Ancaq “könüllü iştirak”da da son məqsəd lider dövlətin mədəni meyarlarını qəbul etməkdən ibarətdir. Bu mənada söhbət məcburiyyətin növünün dəyişməsindən gedə bilər. Bir sözlə, geosiyasətdə terminologiya dəyişsə də, təməl ideya və strateji məqsəd dəyişməyib. XIX əsrin sonu – XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əvvəllərində də bir sıra dövlətlər digər dövlətləri öz təsiri altına almağı beynəlxalq münasibətlər sistemində əsas məqsəd sayırlar.

Lakin  geosiyasətdə “yumşaq güc”ə keçid, hər halda, pozitiv tarixi hadisə kimi qiymətləndirilməlidir. “Yumşaq güc” anlayışı özündə dialoqa hazırlıq, multikultural dəyərlərin qəbulu, mədəniyyətlərarası əlaqələrin inkişafı, humanitar əməkdaşlıq kimi prosesləri də nəzərdə tutur. Bu anlayış dövlətin daxili potensialının cəlbediciliyinə əsaslanır. Mədəniyyət, tarix, intellekt, daxili siyasət və başqa amillər üzrə dövlət nə qədər çox cəlbedici olarsa, onun xarici siyasəti də bir o qədər uğurlu olar. Dövlətin daxili cəlbediciliyinin mərkəzində xalqın mədəniyyəti durur.

Məsələnin başqa mühüm tərəfi xarici siyasət konsepsiyasının mahiyyəti ilə bağlıdır. “Yumşaq güc” konseptinin reallaşması üçün xarici siyasət bütövlükdə bəşəriyyətin tərəqqisinə xidmət etməlidir. Yəni dövlətin xarici siyasəti ölkələr və regionlar arasında əməkdaşlığın genişlənməsinə xidmət edirsə, onun “yumşaq güc” konsepsiyasına keçid imkanı yaranır. Xarici siyasət kursunun yalnız sözdə deyil, əməldə əməkdaşlığa istiqamətləndiyi təsdiqini tapmalıdır.

Bu baxımdan, Azərbaycanın bu sahədə özünü artıq təsdiq etdiyini deyə bilərik. Bu gün Azərbaycanda multikulturalizmin dövlətin milli-mənəvi dəyərlərinə söykənən davamlı siyasi kurs kimi tətbiq edilməsi, dövlət və cəmiyyət quruculuğunun ideoloji xəttində əsas yer tutması xarici siyasətin “yumşaq gücə” transformasiyasını şərtləndirib.

Hazırda Azərbaycanın “yumşaq güc” konseptindəki multikulturalizm istiqaməti xarici siyasətimizdə iki formada reallaşdırılır.

Birincisi, “Azərbaycan multikulturalizmi” beynəlxalq münasibətlər sistemində bir model kimi təqdim olunmaqdadır. Dünyada müxtəlif cəmiyyətlər daxilində multikultural əsaslarda bəzən təbii, bəzənsə süni şərtlər səbəbindən yaranmış ziddiyyətlər nəzərə alınarsa, bu olduqca aktualdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, "Multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir". Fakt budur ki, ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq nümunəsinə çevirib. Qürurverici haldır ki, bir sıra dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışır. İndi dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycanın nümunəsinin öyrənilməsi təbiidir.

İkincisi, Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlər və dinlərarası dialoqu təşkil etməklə yeni əməkdaşlıq modelini irəli sürür, bir çox problemlərin qarşılıqlı müzakirə yolu ilə həllinin mümkün olduğunu göstərməyə çalışır. Ölkədə mütəmadi olaraq mədəniyyətlər və dinlərarası əməkdaşlığa həsr edilmiş beynəlxalq tədbirlərin keçirilməsi də məhz bu məqsədə xidmət edir. “Bakı Prosesi” çərçivəsində ilk dəfə 2008-ci ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 müsəlman ölkəsinin də dəvət edilməsi həqiqətən də bənzəri olmayan bir addım idi. Sonradan 10-dan artıq Avropa dövlətinin iştirakı ilə İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransı, Dünya Dini Liderlərinin Sammiti, mütəmadi qaydada təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum, eləcə də bu ilin aprel ayında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bəşəri problemlərin müzakirəsi baxımından mühüm təşəbbüslərdir. Bunlar Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi təqdim edir və onun beynəlxalq miqyasda ən yüksək səviyyədə əməkdaşlığı təşkil etməyə qadir olduğunu göstərir.

Azərbaycanın multikultural dəyərlərinin beynəlxalq səviyyədə təqdim olunmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm rol oynayır. Avropa ölkələrində mədəniyyət abidələrinin və kilsələrin bərpası, müxtəlif ölkələrdə sosial – mədəni layihələrin reallaşdırılması mədəniyyətlər və dinlərarası əməkdaşlığa töhfə verməklə, Azərbaycan multikulturalizminin bir reallıq olduğunu göstərir.  

Bütün bu layihələr və təşəbbüslər ümumilikdə Azərbaycanın daxili və xarici siyasətdə mədəniyyətə, intellektə, humanizmə və sülhə əsaslanan addımlarının məntiqi nəticəsidir. Beləliklə, Azərbaycan beynəlxalq səviyyədə aktual ideya və təklifləri ilə regional lider statusundan qlobal geosiyasi çəkisi olan dövlətə çevrilmək istiqamətində inamlı addımlar atır. Azərbaycan dövlət kimi daim inkişaf edir, daha da qüdrətlənir.

Bu gün biz ümummilli lider Heydər Əliyevin nə qədər dahi şəxsiyyət və uzaqgörən siyasətçi olduğunu bir daha dərk edirik. Onun Azərbaycan dövlətinin təməlinə qoyduğu ideoloji və siyasi dəyərlər təkcə davamlı sosial-iqtisadi inkişafı təmin edən güclü dövlət və cəmiyyət quruculuğunun deyil, həm də ölkəmizin milli maraqlarına cavab verən, onun müsbət beynəlxalq imicini formalaşdıran, qlobal səviyyədə sülh və sabitliyin bərpası istiqamətində fəaliyyətini istiqamətləndirən xarici siyasətin çərçivəsini müəyyən edir.

Novruz Məmmədov,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 
rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri,
 YAP Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında