Ulu öndərin azərbaycançılıq ideyası dövlətimizin multikulturalizm siyasətinin təməl prinsipidir

Qəbələ rayonuna hər səfərimdə ən təxirəsalınmaz və maraqlı görüşlərim seçicilərimlə olur. Rəsmi, ya qeyri-rəsmi olsun, – bu görüşlər,  bir qayda olaraq yüksək fəallıq şəraitində keçir. Seçicilərlə bir müddət əvvələ təsadüf edən növbəti görüş də maraqlı məqamlarla yadda qaldı. Aralarında digər azsaylı xalqların nümayəndələri olan Qəbələ sakinləri həmişəki kimi nikbin ovqatda idilər. Bütün dünyanı bürüyən, ölkəmizdən də yan keçməyən qlobal maliyyə böhranı şəratində seçicilərin yüksək əhval-ruhiyyəsi, mövcud çətinliklərin tez bir zamanda həllinə olan ümidləri, bir sözlə, mübarizlikləri qəlbimi dağa döndərirdi.

Həm də ona sevinirdim ki, əvvəlki illərdən fərqli olaraq seçiciləri daha qazın, işığın, suyun olmaması kimi kommunal problemlər qayğılandırmır. Bir zamanlar Qəbələ rayonu üçün də səciyyəvi olan bu problemlər son onilliklərdə əsaslı şəkildə həllini tapıb. Elə bu səbəbdən də Milli Məclisin deputatı ilə görüşdə sakinlərdən kimisi qlobal məsələlərə münasibətini ifadə edir, kimisi cənab İlham Əliyevin irəli sürdüyü antiböhran təkliflərinin əhəmiyyətindən söz açır, kimisi də sahibkarlığın inkişafına yönələn yeni təşəbbüsləri alqışlayırdı...

Fəal müzakirələr şəraitində keçən görüşdə bir ağsaqqalın üzünü mənə tutaraq verdiyi sual isə müzakirələrin gedişini dəyişdi. “Fəttah müəllim, sevimli Prezidentimiz hər ili bir mövzuya həsr edir, onu o adla adlandırır. Bu ilimiz də çətin bir adla oldu. 80 yaşım var, cəmi 4 il məktəbə getmişəm, bu sözü deməyə çətinlik çəkirəm. Bu söz nə deməkdir?” Hamının üzünə təbəssüm qondu. Ağsaqqalın çətinliklə tələffüz etdiyi bu sözün – “multikulturalizm”in mənasının yalnız qocaman seçicinin deyil, ümumilikdə auditoriyanın asanlıqla başa düşəcəyi sadə, aydın və məntiqli izaha ehtiyac var idi. Hələ qədimlərdən müxtəlif millətlərə, azsaylı xalqlara qucaq açan bir məkanda – Qəbələ torpağında bu sualı cavablandırmaq çətin olmadı. Xüsusi izahata, elmi-politoloji açıqlamalara, bir sözlə, "Amerika kəşf etməyə" lüzum yox idi. Eyni ölkədə yaşayan müxtəlif xalqların mədəniyyət hüququnu tanıyan humanist dünyagörüşü və ona uyğun müəyyənləşdirilən dövlət siyasəti barədə məlumat verdim. Azərbaycan multikulturalizminə ən mükəmməl nümunə kimi məhz elə Qəbələ rayonunda tarixən udilərin, ləzgilərin, rusların və digər etnosların dinc yanaşı, dostluq şəraitində yaşadıqlarını diqqətə çatdırdım. Ölkəmizin hər yerində olduğu kimi, Qəbələdə də başqa millətlərə və dinlərə dözümlü münasibətin olduğunu bildirdim.

Cavabım ağsaqqalı qane etmişdi. Razı halda gülümsünərək, "Fəttah müəllim, daha deyin ki, multikulturalizm qəbələli kimi yaşamaqdır da..." – deməsi hamıda xoş təbəssümə və yüksək əhval-ruhiyyəyə səbəb oldu. Bu fikri təsdiqləyərək dedim: “Bəli, ağsaqqal, multikulturalizm elə qəbələli, lənkəranlı, gədəbəyli, bakılı… yəni, əsl azərbaycanlı kimi yaşamaqdır”.

Qənaətimizdə tamamilə haqlı idik: Bizim günlərdə müasir politoloji yanaşmadan çıxış edərək bunu multikulturalizm də adlandıra bilərik, tolerantlıq da. Yəni, bu terminin onlarla hüquqi, ictimai, siyasi və mədəni tərifi, təsnifatı olsa da, xalqımızın şüurunda bunun adı çox sadədir. Bu, əsrlər boyu formalaşmış milli dəyərimiz, hər bir kənddə, rayonda, şəhərdə özünü təsdiq edən yaşam tərzidir. Bu, əsl azərbaycançılıqdır…

* * *

Əlbəttə, təkcə Qəbələdə deyil, Azərbaycanın hər bir bölgəsində, rayonunda, kəndində, qəsəbəsində azsaylı xalqların nümayəndələrinə rast gəlmək olur. "Odlar yurdu" öz hərarətli nəfəsi, isti münasibəti ilə bu torpaqda yaşayan bütün xalqlara qucaq açıb. Burada müxtəlif xalqlar hələ antik dövrlərdən bir-biri ilə qaynayıb qarışıb, dostluq, hətta qohumluq əlaqələri yaradıblar. Şad günlərdə, çətin sınaqda bir-birinə dəstək olublar, sevinclərini, dərd-sərlərini bölüşüblər.

Onlar arasında düşüncə birliyi, vətənpərvərlik duyğuları yaranıb, yadelli işğalçılara qarşı birləşib, ümumi Vətən naminə canlarını belə fəda ediblər. Bəzən bu ərazidə yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşüblər. Lakin yaranmış şərait onları dünyagörüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar edib. Tədricən müxtəlif dinə, məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq və multikulturalizm düşüncəsi inkişaf edib, milli dəyər kimi möhkəmlənib.

Xalqımız milli hisslərlə yanaşı, bəşəri dəyərlərə də hər zaman sadiq olub. Özünə qapanmayıb, ətraf aləmlə əlaqə yaradıb. Ünsiyyətə açıq olub, ona sığınanları himayə edib. Bir nəcib xarakterimiz həm də üstünlüyümüzdür: bəzi xalqlardan fərqli olaraq yaşadığımız ərazilərdə üstünlüyümüzdən sui-istifadə edib, heç bir etnosu əzməmişik. Əksinə onların inkişafına, yüksəlişinə yardım etmişik. Onların özü kimi mövcudluğuna, öz dəyərlərini yaşatmalarına şərait yaratmışıq.

Hesab edirəm ki, "Multikulturalizm azərbaycanlıların həyat tərzidir" deyimi tamamilə real əsaslara söykənir. Elə şifahi və yazılı xalq ədəbiyyatı nümunələrimizdə, dastanlarımızda, habelə müxtəlif tarixi qaynaqlarda, məxəzlərdə azərbaycanlıların digər xalqlarla qarşılıqlı hörmət şəraitində yaşadığını göstərən çoxsaylı epizodlar mövcuddur. Bizim "qonaqpərvərlik", "hörmət", "əsl azərbaycançılıq" dediyimiz dəyərlər, xüsusiyyətlər dünyanın siyasi leksikonunda məhz multikulturalizm adlanır.

Azərbaycan adlı Vətən torpağının altı da, üstü də qızıldır. Ölkəmizin mühüm coğrafi-siyasi məkanda yerləşməsi, zəngin təbii sərvətləri tarixən başqa millətlərin diqqətini çəkib. Əsrin əvvəllərində Nobel qardaşlarının Bakıda həyata keçirdiyi layihələri xatırlatmaq yerinə düşər. XX əsrin əvvəllərində Almaniyadan, Polşadan, Türkiyədən, Rusiyadan, İrandan çoxlu sayda tacir, neftçi, habelə fəhlələr gələrək Bakıda və Azərbaycanın digər bölgələrində çalışırdılar. Beləliklə, ötən əsrin əvvəllərində obyektiv tarixi proseslərlə əlaqədar Azərbaycanda multikultural ənənələr inkişaf edirdi.

Bir məqamı da səmimi etiraf etməliyik: daim hörmət-izzət göstərdiyimiz, süfrəmizin başında oturduğumuz bəzi bədxah millətlər xalqımızın bu qonaqpərvərliyindən sui-istifadə edib, bizə dönük çıxıblar. Məkrli qonşularımız olan ermənilərin nankorluğu və xəyanəti, qəsbkar siyasəti barədə xüsusi danışmağa ehtiyac yoxdur. Ermənistan bu gün də monoetnik dövlət kimi tanınır. Lakin bu bədxahlardan fərqli olaraq, hətta 70 illik totalitar sovet rejimi də xalqımızın multikultural düşüncəsinə hakim kəsilə bilmədi.

Xüsusən də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu 70-80-ci illərdə respublikamızda multikultural dəyərlər sürətlə inkişaf etdi. O, hakimiyyətinin ilk dövrlərindən etibarən xalqın mənəvi dəyərlərini, dilini məharətlə qoruyur, təbliğ etdirdi. Eyni əzmkarlıqla bu ərazidə yaşayan etnosların da hüquqlarına sahib çıxdı, Azərbaycanın unudulmuş tarixi qəhrəmanlarını, dövlət adamlarını yenidən xalqa qaytardı, eyni fədakarlıqla da digər xalqların görkəmli nümayəndələrinin xatirəsini əbədiləşdirdi.

Təsadüfi deyildir ki, məhz ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaşayan xalqlar da milli-mənəvi intibah mərhələsini yaşadılar. İlk olaraq hər birinin folklor ansambl­ları yaradıldı, arxasınca tarixi qəhrəmanları və şəxsiyyətləri barədə kitablar nəşr olundu, onların xatirələri əbədiləşdirilərək küçələr adlandırıldı, büstləri qoyuldu. Mədəniyyət abidələri təmir və bərpa edildi, mənəvi dəyərlərinin təbliği üçün dövlət dəstəyi formalaşdırıldı. Müxtəlif mədəni festivallar keçirildi. Bir sözlə, Heydər Əliyevin sayəsində çoxmillətlilik, əslində, etnik zənginlik olduğu bir həqiqət kimi ortaya çıxdı.

Heydər Əliyevin müdrikliyini və misilsizliyini sübut edən faktlardan biri də budur ki, o, xalqımızın bütün müsbət xüsusiyyətlərinin üzə çıxmasına şərait yaradıb. Bu dəyərlərin küll halında təbliğini təmin edib. Bu xüsusda multikulturalizm və tolerantlıq xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev bu iki ali meyarı azərbaycançılığın mühüm tərkib hissələri kimi nəzərdən keçirirdi.

Heydər Əliyevin səfər etdiyi kənd və qəsəbələrin sayı minlərlədir. Bu yaşayış məntəqələrinə ulu öndərimiz yalnız bir rəhbər kimi yox, həm də sakinlərin xeyirxah dostu, qayğıkeş himayədarı kimi gəlirdi. Görüşlərdəki səmimiyyətin, sadəliyin səbəbi də məhz bunda idi (Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin də vətəndaşlarla ünsiyyətin ən mükəmməl, səmimi formasını seçməsi və xalqın əsl inam, etimad ünvanına çevrilməsi mənə ötən əsrin 70-80-ci illərini xatırladır və olduqca qürurlu, xoş duyğuları yaradır).

Digər azsaylı xalqların yaşadıqları kənd və qəsəbələrdə keçirilən görüşlər isə tamam ayrı bir aləm idi. Heydər Əliyevin istəyi ilə milli ansamblların, rəqs və ifa qruplarının kiçik konserti təşkil olunurdu, onların özünəməxsus mətbəxini dadırdı, həyat tərzlərini təqdir edirdi. Təsadüfi deyildi ki, azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də yüksək dövlət vəzifələrində təmsil olunur, deputat seçilir, həm respublika, həm də İttifaq miyqaslı təltiflərlə mükafatlandırılırdılar.

Ümumiyyətlə, Heydər Əliyev üçün milli məsələ olduqca vacib əhəmiyyət kəsb edirdi. Məsələn, bu ərazidə yaşayan erməni əhalisinin mədəni dəyərlərinin təbliğinə maneə yaratmırdı, amma bu fəaliyyət həddini aşaraq separatizm meyillərinə çevrildiyi təqdirdə ulu öndərin ən sərt, ən kəskin reaksiyasını görür, bu cəhdlərin qarşısını  necə qətiyyətlə aldığının şahid olurduq. Onun erməni şair və yazıçılardan birbaşa tələbi də bu idi ki, əsərlərinizdə təbliğ edəcəyiniz mövzu xalqların qardaşlığı və azərbaycanlıların sizə qarşı əsrlər boyu göstərdiyi qonaqpərvərliyə minnətdarlıq olmalıdır. Bəli, Heydər Əliyevin müdrikliyinin bir nümunəsi də bu idi ki, ermənilər daim təşəkkür etməli, buraya sonradan gəldiklərini anlamalıdırlar. Elə ulu öndərin böyük azərbaycançılığının bir təsdiqi də, ötən əsrin 70-ci illərində Dağlıq Qarabağ ərazisində ermənilərin bu torpaqlara gəlişinin 150 illiyi ilə bağlı abidəni ucaltması idi. Bu abidə, əslində, həmin dövrdə İttifaq boyu təbliğatı aparılan “Dağlıq Qarabağ qədim erməni torpağıdır”, cəfəngiyyatına vurulan əsaslı zərbə oldu. Həmin dövrün ictimai-siyasi proseslərinin birbaşa iştirakçısı kimi tam qətiyyətlə deyirəm ki, Heydər Əliyev erməniləri öz təsiri altına alaraq, onları əsasən zərərsizləşdirdi və Azərbaycanın mənəvi bayrağı altında birləşdirdi. Təəssüf ki, ümummilli liderimizin 1987-ci ildə məlum istefasından sonra Heydər Əliyevin müəllifi olduğu “Vahid maraqlar, Azərbaycan mənafeyi ətrafında birləşmiş millətlərin mənəvi ittifaqı” da dağıldı, ölkə separatizm və savaş meydanına çevrildi.

Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqillik qazansa da, bütün sahələrdə acınacaqlı vəziyyət hökm sürürdü. Bu dövrdə həm xarici zərərli təsirlər, həm də güclü hakimiyyətin olmaması səbəbindən ölkədə separatizm meyilləri güclənirdi. İctimai vəziyyət dözülməz həddə çatmışdı ki, yüzilliklər boyu biri-birlərini qardaş hesab edən millətlər öz aralarında artıq etnik fərqlilik axtarışına çıxmışdılar. Bu zərərli meyilləri zorakılığa çevirmək üçün də çoxsaylı cəhdlər baş qaldırmışdı. Amma Heydər Əliyev dühası bunların qarşısını mətinliklə aldı. Adi bir çağırışla rus da, talış da, ləzgi də, kürd də, tat da, malakan da…bir sözlə, bütün xalqlar vahid dövlət maraqları ətrafında səfərbər oldular. Bütün xalqlar anladılar ki, onların təhlükəsizliyi, rifahı yalnız “Heydər Əliyev bayrağı” altında təmin oluna bilər, milli hüquqları qorunar. Belə də oldu.

Bəzən politoloqlar, tarixçilər sual edirlər ki, Heydər Əliyevin lider kimi əsl gücü nədə idi? Zənnimcə, sualın sadə bir cavabı var: Heydər Əliyev mükəmməl lider xarizmasına malik olmaqla yanaşı, həm də birləşdirici şəxsiyyət idi. Onun ideyaları təkcə kiçik bir qrupu, toplumu yox, ümumilikdə vahid sərhədlər hüdudunda yaşayan bütün millətləri birləşdirmək gücünə malik idi. Bu baxımdan tam əminliklə deyə bilərəm ki, Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası azərbaycanlılarla yanaşı, digər millətlərin də maraqlarını uca tutan, hüquqlarını tanıyan və təmin edən, onlara bərabər imkan yaradan mənəvi normalar sistemidir.

Məlumdur ki, azərbaycançılıq ideyası xalqımızın minilliklər boyu formalaşdırdığı dəyərlər toplusu, mənəvi külliyatıdır. Dədə Qorquddan Nizamiyə, Nəsimiyə, Füzuliyə, Mirzə Fətəli Axundzadədən Mirzə Cəlilədək bir çox şair, yazıçı və ziyalılar – əsl vətənpərvərlər bu ideyanın inkişafına töhfələr vermiş, onu daim təkmilləşdirmiş, yaymışlar.

Fəqət, Heydər Əliyev dühasının böyüklüyü onda idi ki, o həmin ideyanı müasir dövrün tələblərinə uyğunlaşdıra bildi və onu artıq müstəqillik mübarizəsinin məramına çevirdi. Hələ 70-ci illərdən onu müstəqil dövlətçiliyin təməl prinsipi kimi formalaşdırmağa başladı. Yəni, əsrlər boyu təshih oluna-oluna təkmilləşən bu ideya əvvəllər daha çox maarifçilik qayəsi kimi idisə, Heydər Əliyevin sayəsində o, sırf dövlətçilik və müstəqillik amalının konseptual təməlinə çevrildi.

Ən əsası, azərbaycançılıq ideyası Heydər Əliyev tərəfindən milli kimliyimizin ideoloji göstəricisi miqyasını aşdı. Eyni zamanda, artıq bu ərazidə yaşayan bütün etnosların birləşdirici gücünə çevrildi. Heydər Əliyevin azərbaycançılıq ideyası həm də mükəmməl bir ideologiyadır: o, Azərbaycanda yaşayan bütün insanları vahid amal, vahid dövlət, vahid maraqlar ətrafında birləşdirir.

Heydər Əliyevin fəaliyyətinin mahiyyətini və müəllifi olduğu azərbaycançılıq ideyasının məğzini təşkil edən əsas prinsip budur ki, müxtəliflik – istər milli, istər dini baxımdan olsun, – bizi ayırmır, əksinə birləşdirir. Fərqlilik bizi zəiflətmir, əksinə gücləndirir.

Fikrimcə, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası bütün milli xüsusiyyətləri ilə yanaşı, həm də bəşərilik prinsiplərinə əsaslanır. Bu ideologiya Azərbaycanda yaşayan, özünü Azərbaycan vətəndaşı, hətta azərbaycanlı sayan milyonlarla insanın mənəvi istinad mənbəyinə, birləşdirici amilə çevrilib.

Yuxarıda xatırlatdığım kimi, ölkəmizin ciddi sınaq qarşısında qaldığı həmin çətin günlərdə – 1993-cü ildə burada yaşayan bütün xalqların ulu öndərin bir çağırışı ilə Azərbaycanın düşmənlərinə qarşı vahid qüvvə kimi səfərbər olmasının da səbəbi məhz Heydər Əliyev şəxsiyyəti və onun formalaşdırdığı azərbaycançılıq ideyası idi. Sonrakı tarixi sınaqlarda da digər xalqların nümayəndələri daim ön cərgədə oldular, müstəqilliyimizin qorunub saxlanmasında fədakarlıq göstərdilər. Yəni, Heydər Əliyevin sayəsində Azərbaycanda yaşayan hər bir kəs, millətindən asılı olmayaraq bütün insanlar anladılar ki, bu Vətən onlarındır, bu Vətənin sahibi həm də onlardır!

Ümummilli lider çıxışlarında daim bildirirdi ki, Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır. Ulu öndər bunu sadəcə sözdə ifadə etmirdi, həm də milli azlıqların hərtərəfli inkişafı üçün real addımlar atırdı. 1993-cü ildə 33 milli-mədəni mərkəzin fəaliyyət göstərməsinə icazə verildi. Milli təşkilat və cəmiyyətlərin normal işi üçün vacib olan inventar, onların yerlə təmin olunması və milli dillərdə qəzetlərin nəşrini maliyyələşdirmək üçün prezident fondundan vəsait ayrıldı. Milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı. Kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı. Respublika radiosunda, yerli televiziyalarda və qəzetlərdə doğma dillərində verilişlər hazırlanmasına şərait yaradıldı.

Hesab edirəm ki, bu gün dünyada mükəmməl örnək, təkmil model kimi qəbul edilib öyrənilən Azərbaycan multikulturalizmi və tolerantlığı prinsiplərinin mayası, qayəsi də məhz Heydər Əliyevin azərbaycançılıq ideyasından irəli gəlir.

Ulu öndər həmişə deyirdi ki, ölkənin inkişafı yalnız azərbaycançılıq ideologiyası əsasında – Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı sayəsində mümkündür. Milli həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlıya özünü bu ölkənin layiqli vətəndaşı kimi hiss etmək imkanı verəcək. Ötən illər ərzində biz bu ideyanın da tam gerçəyə çevrilməsini qürurla seyr etdik.

Heydər Əliyev İslami dəyərlərlə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin edirdi. Dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşdırılmasına çalışırdı. Ulu öndərin diqqəti və qayğısı ilə Bakı şəhərinin mərkəzində Qafqazda ən böyük sinaqoq inşa edilmiş, çoxsaylı kilsə və  ibadət məkanları açılmışdır. Roma Papası II İoann Pavel 2002-ci ilin mayında respublikaya tarixi səfəri zamanı Azərbaycandakı tolerantlığı və multikulturalizmi yüksək dəyərləndirmişdi.

* * *

Təəssüf ki, bu gün dünyada multikulturalizm və tolerantlıq kimi dəyərlərə böyük təhlükə var. Özü də bu təhlükənin demokratik dəyərləri əldə dəstəvuz edən Qərbdən gəldiyini açıq deməliyik. Dərisinin rənginə, irqinə, dininə, milli, sosial mənşəyinə görə diskriminasiya hallarına Avropada son illər geniş rast gəlinir. BMT-nin irqçiliklə bağlı hesabatlarında müxtəlif dövlətlərdə, o cümlədən ABŞ, Fransa, Almaniya, Norveç və s. kimi inkişaf etmiş dövlətlərdə müsəlmanlara, o cümlədən ərəblərə, çinlilərə, yəhudilərə, qaraçılara, qaradərililərə, suriyalı mühacirlərə qarşı dözümsüzlük halları tənqid edilir.

Bu mənada, Azərbaycandakı vəziyyət tamamilə fərqlidir. Bizim ölkəmiz digər ölkələrə yaxşı mənada örnək göstərilir. Bu da təsadüfi deyil. Azərbaycanda belə bir unikal cəmiyyətin qurulması Heydər Əliyev ideyalarının layiqli davamçısı – möhtərəm Prezidentimiz İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir. Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar.

Azərbaycanda mövcud olan multikulturalizmin və tolerantlığın ən bariz nümunəsinin nə olduğu sualına mən konkret cavab verərdim: bu, müqəddəs Ramazan bayramındakı iftar mərasimində hər il süfrənin başında möhtərəm Prezidentimizin şeyxülislamla və xristian, yəhudi icmalarının rəhbərləri ilə bərabər əyləşməsidir. Bu mənzərə – hər üç səmavi dinin ruhani təmsilçiləri ilə onların vəhdətini və dostluğunu təmin edən dövlətin rəhbərinin birgə görüntüləri yalnız rəmzi məna kəsb etmir.

Bu, Azərbaycanın ən ­ucqar kəndindən ölkənin ən ali məqamınadək uzanan həyat tərzi, yaşam norması, fəaliyyət prinsipidir!

* * *

Ədalət naminə bir məqamı da xüsusi vurğulamalıyam. Ölkədə etnik-milli və dini tolerantlığın inkişafında, habelə mötəbər beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın da xidmətləri müstəsnadır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan fonda əzmlə rəhbərlik edən Mehriban xanım Əliyeva nəinki ölkədə, hətta xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Son illər fondun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Kafedral kilsəsi, Parisdə Versal Sarayının parkındakı abidələr, İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr və Marsellina sərdabəsi bərpa edilib. Hollandiya, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqları müasirləşdirilib. Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib. Bütün bunlar həm də Azərbaycanın malik olduğu zəngin dəyərlərin dünyaya təqdimatı üçün əlverişli vasitədir.

Fondun “Dini tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması da tamamlanıb. Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan “Or-Avner” Beynəlxalq Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti muzeyindən ibarət kompleks tikilib.

* * *

Qəbələnin qədim yaşayış məntəqələrindən biri də unikal etnoslardan sayılan udilərin sıx məskunlaşdıqları Nic kəndidir. Bu kəndi ölkəmizdə tam mahiyyəti ilə intişar tapmış multikulturalizm siyasətinin rəmzi abidələrindən biri adlandırmaq olar. Nic kəndinin əhalisi, əsasən, alban soyundan olan udilərdir. Sayları 10 minə yaxın olan udilər indi də xristian dininə etiqad edir və Qafqaz dil ailəsinə aid olan dillərini qoruyub saxlayırlar. Ölkəmizin bərabərhüquqlu digər vətəndaşları kimi, udilər öz dini bayramlarını, ənənəvi mərasimlərini sərbəst və geniş şəkildə qeyd edirlər. Hazırda Nic qəsəbəsində 3 kilsə və iki məscid var. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Bir sözlə, bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Fəxr edirik ki, artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərində öyrənilir, təhlil edilir. Son illərdə bu sahədə həyata keçirilən tədbirlərdən saatlarla danışsaq, yenə də bitməz. Yalnız onu demək kifayət edər ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası var olduqca, ölkəmizdə multikultural, tolerantlıq dəyərləri də inkişaf edəcək, zənginləşəcək. İndi olduğu kimi gələcəkdə də bu məkanda yaşayan bütün azsaylı millətlər bu sözləri deyəcəklər: Bir Vətən var - Azərbaycan!

Ulu öndərimiz deyirdi: Hər zaman fəxr etmişəm ki, mən azərbaycanlıyam. Dünya Azərbaycanlılarının I Qurultayında deyilən bu söz müdrik rəhbərin bütün həyatı boyu yaşadığı duyğuların sadə ifadəsi idi. Amma sonradan bu, Azərbaycanda vətəndaşlıq manifestinə, hər bir insanımızın qürurla səsləndirdiyi fikrə çevrildi.

Ən böyük sevincimiz isə budur ki, “Mən azərbaycanlıyam” sözünü iftixarla səsləndirənlər sırasında digər xalqların təmsilçiləri də var.

Budur, ən böyük həqiqət…

Budur, Azərbaycan multikulturalizmi…

Budur, ulu öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin yaşatdığı azərbaycançılıq ideyası…

Fəttah Heydərov,
Milli Məclisin deputatı,
Respublika Ağsaqqallar Şurasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında