Azərbaycan intibahının memarı

Vətənpərvər, millətini, torpağını sevən, onun adını  hər şeydən uca tutan,  xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, onları hər addımda xatırlayır, anırlar. Bu cür insanların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir, cismən bizləri  tərk etsələr də, mənəvi cəhətdən hər zaman bizimlədirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də düz 13 il öncə xalqın ümid və and yerinə, böyük mənəvi dəyərinə çevrilməklə, əbədiyyətə qovuşdu. Lakin qurduğu müstəqil və yeni Azərbaycan bizə miras qaldı, biz həmişə bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Heydər Əliyev 30 ildən çox Azərbaycana rəhbərlik etdi, əslində, bu, elə də böyük zaman kəsiyi deyil. Amma müdrik və aqil o insanlardır ki, tarix üçün o qədər də böyük olmayan müddətdə bəşəriyyətə bütöv bir əsrin verə biləcəyi zəngin mədəni irs, sərvət bəxş edirlər. Bu mənada dövlət quruculuğumuzun böyük memarı Heydər Əliyev irsi hər bir azərbaycanlının həyat dərsliyidir. Bu dərslikdən hər birimizin öyrənəcəyi çox şeylər var.

Tarixi təcrübə göstərir ki, istənilən milli ideyanın gerçəkləşdirilməsi üçün dövlətin və xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtdir. Məhz belə liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. Belə fenomen liderlərdən biri olaraq tarixə möhürünü vurmuş ulu öndər Heydər Əliyevin böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənmiş, böyük strateqin mənəvi bütövlüyə, birliyə və həmrəyliyə xidmət edən siyasətinin məntiqi nəticəsi olmuşdur.

Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və ən yeni tariximizə “Heydər Əliyev dövrü” kimi həkk olunub. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Ulu öndər bu dövr ərzində daim tərəqqisi üçün çalışaraq, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı. O, böyük siyasətçi və dövlət xadimi olaraq hələ sağlığında canlı əfsanəyə çevrildi.

1970-1985-ci illər XX əsrdə Azərbaycanın quruculuq tarixinin ən məhsuldar, uğurlu səhifələri olmuşdur. Həmin vaxtda yaxın və uzaq gələcəyə yönələn, müstəqilliyə yol açan, mütərəqqi ənənələrə söykənən inkişaf strategiyası müəyyənləşdirilmiş və uğurla həyata keçirilmişdir. Bu məsələdən söz açan Heydər Əliyev göstərirdi ki, “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılan bünövrə üzərində qurulmuşdur.

Heydər Əliyev ölkəyə birinci rəhbərliyi dövründə milli şüurumuzun, Azərbaycan dilinin, mentalitetimizin qorunması və inkişafının keşiyində dayanmış, bu sahədə çalışanların əməyinə həmişə yüksək qiymət vermişdir. 1969-1982-ci illərdə Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir fikri təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızın müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, iqtisadi inkişafın səciyyəsinə görə 70-80-ci illər Azərbaycan tarixinin sovet dövrünün ən parlaq səhifələrini təşkil etmişdir. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi, xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının möhkəmlənməsi azadlıq uğrunda gələcək mübarizəsinə mühüm zəmin yaratdı.

Bu illərdə Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra arxitektura nümunələri, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilərək istifadəyə verilmişdir. Heydər Əliyevin təşəbbüsü və memarlıq irsimizə böyük qayğısı sayəsində Bakıda və ölkəmizin digər bölgələrində 52 tarixi-memarlıq abidəsinin bərpası mümkün olmuşdur. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.

1970-1985-ci illərdə Azərbaycan paytaxtının inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi cox dəyişmişdi. Bakının memarlıq simasına xüsusi diqqət yetirən Heydər Əliyev respublika paytaxtının ən mühüm şəhərsalma qovşaqlarının və böyük əhəmiyyətə malik olan ayrı-ayrı qurğuların layihələndirilməsi üçün ümumittifaq və respublika miqyaslı müsabiqələr keçirməyə nail olurdu. Təkcə 1979-82-ci illərdə Bakıda bu qəbildən 8 müsabiqə, o cümlədən, Moskvanın, Leninqradın (Sankt-Peterburqun) və keçmiş İttifaqın digər şəhərlərinin ən iri layihə təşkilatlarının iştirak etdiyi 3 ümumittifaq müsabiqəsi keçirilmişdi. Həmin dönəmdə Bakıda yeni binalar, mədəniyyət obyektləri tikilmiş, yaşayış evlərinin tikintisi geniş həcmdə həyata keçirilmişdi. Bu illərdə tikilən yaşayış binaları bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi.

Ulu öndər paytaxtın infrastrukturunun inkişafına xüsusi diqqət yetirirdi, nəqliyyat problemlərinin həlli bu məsələnin ən mühüm tərkib hissəsi idi. Bu məqsədlə sürət magistrallarının çəkilməsi nəzərdə tutulmuş, Bakı metropoliteni şəbəkəsi xeyli genişləndirilmişdi. Bu dönəmdə Bakı metropoliteninin istifadəyə verilməsi respublika əhalisinin həyat səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. Heydər Əliyevin böyük xidməti ondan ibarətdir ki, bu tikintini o, bütün zəruri vasitələrlə təmin etməyi bacardı və Bakı metropoliteninin stansiyaları vaxtında, özü də çox yüksək texniki və bədii səviyyədə tikilib istifadəyə verildi.

Respublikada sənayenin inkişafı Heydər Əliyevin əsas qayğılarından biri idi. Sənaye istehsalının artırılması üçün müasir texnologiya, ən yeni texniki avadanlıq və yüksək səviyyəli sənaye qurğularının tikilməsi tələb olunurdu. Bu cür sənaye qurğularının çoxu Bakıda ucaldılırdı. “Azərbaycan” nəşriyyatının qəzet korpusunu, Bakı ayaqqabı fabrikini, Şampan şərabları zavodunu, Mərkəzi Şəhər Telefon Stansiyasının binasını və başqalarını bu cür obyektlərə aid etmək olar. 1975-ci ilin dekabrında nəhəng bir sənaye kompleksi olan Bakı Məişət Kondisionerləri Zavodu istifadəyə verilmişdi. Bu zavod arxitektura baxımından ən maraqlı sənaye müəssisələrindən biridir. 15 ildə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsal edən mütərəqqi sənaye sahələri yaranmış, bu gün ulu öndərin adını daşıyan Dərin Ozüllər zavodu, Neftayırma zavodu və böyük infrastruktur obyektləri tikilmişdi. 

Ötən əsrin 70-ci illərində iri ictimai binaların, mehmanxana komplekslərinin, konsert  salonlarının tikintisi də xüsusilə geniş vüsət almışdı. Şəhərin baş meydanı Azadlıq meydanının qərbində “Azərbaycan”, şərqində “Abşeron” otellərinin, paytaxtda ən iri tamaşa müəssisələrindən biri olan “Respublika” sarayının, Bakı sərnişin vağzalının, “Gülüstan” sarayının, “Ziyafətlər” evinin, Azərbaycan Ali Sovetinin (Milli Məclisin) və  Prezident Aparatı binasının inşası bilavasitə ulu öndərin nəzarəti altında həyata keçirilirdi.  

1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonra Moskvaya getsə də, respublikada aparılan şəhərsalma və abadlıq işlərinə, mənzil sahələri və ictimai binaların tikintisinə yenə də diqqət və qayğı göstərirdi. Məhz o illərdə Bakıda Şərq bazarının, İdman Sarayının, metronun “Elmlər Akademiyası”, “İnşaatçılar”, “Memar Əcəmi” stansiyalarının inşası, Sumqayıtda kimyaçıların Mədəniyyət Sarayının, Naxçıvanda Xoreoqrafiya və uşaqların bədən tərbiyəsi məktəbinin binasının və başqa obyektlərin tikintisi başa çatdırıldı.

Ulu öndərin hakimiyyəti illərində həyatın bütün sahələrində müşahidə olunan irəliləyiş elm və təhsildən də yan keçməmişdir. Həmin illərdə respublikamızda 198 elmlər doktoru və 1781 elmlər namizədi hazırlanmışdı. Elmi-tədqiqat institutları, ali məktəblər, elm və tədris müəssisələri yüksək ixtisaslı kadrlarla təmin edilmişdi. Respublikada yeni ali məktəblər – Xarici Dillər İnstitutu, Gəncə Texnologiya İnstitutu, Naxçıvan Pedaqoji  İnstitutu yaradılmışdı. 1970-80-ci illərin əvvəllərində ali təhsil sahəsində yaranan fundamental maddi-texniki baza, mütərəqqi ənənələr müasir ali təhsilimizin möhkəm bünövrəsini təşkil edir. 1969-1982-ci illərdə şəxsən Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində 250-dən çox ixtisas üzrə 15 min tələbə oxumağa göndərilmişdi. Təkcə 1978-ci ildə Sovet İttifaqının 151 ali məktəbində Azərbaycandan üç mindən çox tələbə oxuyurdu. Bunlar Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına böyük təsir göstərmişdir.

Bu gün rəhbərlik etdiyim 40 yaşlı Azərbaycan Memarlıq və İnşaat Universiteti də ulu öndərin xeyir-duası ilə həyata vəsiqə qazanmış ali təhsil ocaqlarındandır. Ulu öndərin yadigarı olan universitetimizin tarixi onun adı ilə sıx bağlıdır. Heydər Əliyev hələ keçən əsrin 70-ci illərində gələcəkdə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək məqsədi ilə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, memarlıq və inşaat sahəsində də ixtisaslı kadrların vacibliyini önə çəkərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılmasına qərar verdi. Xatırladım ki, 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü, Azərbaycan SSR  Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Politexnik İnstitutunun memarlıq, inşaat, hidromeliorasiya və nəqliyyat fakültələrinin bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) təsis edildi. Bu dahi şəxsiyyətin uzaqgörənliyi, öz millətinə böyük sevgisinin təzahürü, onun gələcəyinə hesablanmış uğurlu düşüncənin nəticəsi idi. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırıldı. Məhz onun tövsiyələri sayəsində bu tədris ocağı illər ərzində böyük nailiyyətlərə imza atdı, bu günümüzə qədər böyük inkişaf yolu keçdi. Ulu öndərin təşəbbüsü ilə yaradılan bu elm ocağında hazırda 8 fakültə fəaliyyət göstərir, bakalavr pilləsində 20, magistratura pilləsində 37 ixtisas üzrə kadr hazırlığı aparılır, tələbələrimizin sayı 7000-dən çoxdur, universitetimizdə 14 ölkədən 700 əcnəbi gənc oxuyur.

Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ölkəmiz üçün ən ağır siyasi, iqtisadi və sosial böhranla səciyyələnən bir dövrdə baş verdi.  Ulu öndər 1993-cü ilin  iyununda yenicə qazanılmış müstəqilliyimiz üçün çox təhlükəli və həlledici bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycana rəhbərliyi öz əlinə almışdır. Qısa müddətdə müharibənin və vətəndaş qarşıdurmasının dayandırılmasına, sabitliyin bərqərar olmasına və milli dövlətin qurulması prosesinə başlanmışdır. Ulu öndər 1993-cü ildən dövlət quruculuğu istiqamətində başladığı islahatları ictimai rəyə, sosial sifarişə əsaslanmaqla həyata keçirmiş, ölkənin böhranlı vəziyyətdən çıxarılması prosesində hər bir vətəndaşın iştirakını vacib saymış, xüsusən də cəmiyyətin üzdə olan intellektual kəsimi ilə sıx ünsiyyətə böyük üstünlük vermişdir. Ümummilli liderin 1993-cü il sentyabrın 21-də AMEA-da alimlərlə, sentyabrın 22-də isə gənclərlə keçirdiyi görüşləri bu mənada xüsusi xatırlatmaq lazımdır.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdıqdan az sonra,  ictimaiyyətlə ilk görüş yeri kimi məhz Milli Elmlər Akademiyasını seçməsi, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin – ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Həmin tədbirdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın üzləşdiyi ağır vəziyyətin səbəblərini təhlil etmiş, vəziyyətdən çıxış yollarını göstərmiş, cəmiyyətin bütün təbəqələrini, o cümlədən, intellektual potensialın daşıyıcısı olan alimləri milli problemlərin həllində fəal iştiraka çağırmışdır.

Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun tətbiqinə nail olmuşdur.

1995-ci ildə ümummilli  lider xalqın iradəsi ilə Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk Konstititusiyanın qəbuluna nail oldu. Azərbaycan dövlətinin siyasətinin prioritetləri əsasında o cümlədən, təhsil sahəsində islahatlara da məhz bu illərdə – 1995-1998-ci illərdə start verildi. 1998-ci ildə təhsil sahəsində İslahat Proqramının hazırlanması üçün xüsusi sərəncamla Dövlət Komissiyası yaradan Heydər Əliyev bununla da təhsildə yeni islahatların başlanmasına start verdi. Uzaqgörən siyasətçi qısa bir müddətdə Dövlət Komissiyası tərəfindən hazırlanan “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nı imzaladı. Bundan sonra  Azərbaycan təhsilinin gələcək İnkişaf Konsepsiyası müəyyənləşdirildi, təhsilin ayrı-ayrı pillələri üzrə əməli fəaliyyətə başlandı. Məhz bu dönəmdə biz Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətli inteqrasiyasının, inkişaf etmiş ölkələrlə təhsil sahəsində partnyorluq əlaqələrinin genişləndirilməsinin şahidi olduq. İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev xaricdə təhsil almaq ənənəsini bərpa etdi, minlərlə gənci xaricə, dünyanın inkişaf etmiş ölkələrində, nüfuzlu universitetlərdə təhsil almağa göndərdi.

Ümummilli liderin təhsil islahatları adıçəkilən məsələlərlə bitmir, qısa zaman kəsiyində  ölkədə genişlənən məktəb tikintisi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchizatı, bir çox institutlara “universitet” statusu verilməsi, 6 yeni akademiyanın yaradılması, özəl ali təhsil müəssisələrin fəaliyyətinin qanuniləşdirilməsi və saymaqla bitməyən təhsil islahatları böyük siyasi xadimin adı ilə bağlıdır.        

XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın iradəsinə uyğun uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. O, qlobal dünya nizamı fonunda tamamilə fərqli – xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürmüş və onu uğurla həyata keçirmişdir.

Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı bu inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Son illərdə bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə xidmət edən kompleks islahatlar Azərbaycanı daha da gücləndirmişdir.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu belə qiymətləndirib: “1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Nə üçün? Bir neçə səbəb var idi. İlk növbədə, Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. O illər xalqın yaddaşında yaşayırdı. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaltmışdır”.

O vaxt Sovet İttifaqının süqutuna hələ iki il qalırdı. Ancaq Heydər Əliyev öz cəsarətli səsini ucaltmış, bu cinayəti pisləmiş, Sovet rəhbərliyini ittiham etmişdi. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı-Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir.

Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş Prezident İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur. Ulu öndərin uzaqgorən siyasi kursunun mübariz davamçısı İlham Əliyev də təhsili dovlət siyasətinin əsas prioritetlərindən biri hesab edir. O, ümummilli liderimizin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına,təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirir.  Dövlət başçısının həmişə səsləndirdiyi və artıq şüara çevrilən  “Biz neft kapitalını insan kapitalına çevirməliyik ” fikri onun təhsilə verdiyi ən böyük önəmin, qiymətin göstəricisidir. İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildən sonra  Azərbaycan təhsilində yeni inkişaf mərhələsi başlayıb, təsadüfi deyil ki, dövlət başçısının prezident seçildikdən sonra ilk tarixi qərarlarından biri də məhz təhsillə bağlı olub. Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi təhsilimizin yeni inkişaf mərhələsinin bünövrəsini qoyub.

Heydər Əliyev cismən aramızda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında birləşdirir.  Həm də onunla təsəlli tapırıq ki, böyük öndərin Prezident İlham Əliyev kimi, müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 13 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir. 

Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Ölkənin elm və təhsil ictimaiyyəti ürəkdən inanır ki, Azərbaycan Prezidenti  İlham Əliyev respublikamızı davamlı iqtisadi inkişaf və yüksəlişə aparan strateji siyasi kursu bundan sonra da uğurla davam etdirəcək.

Gülçöhrə Məmmədova,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru,
memarlıq doktoru, professor, Əməkdar memar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında