Zəmanəmizin müdrik şəxsiyyəti

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası mühüm yer tutur. Taleyüklü hadisələrlə yadda qalan, Azərbaycanın milli intibahı kimi səciyyələnən, müstəqillik tariximizə qızıl hərflərlə həkk olunan bu epoxa ulu öndərimiz, dünya şöhrətli dövlət başçısı və ictimai-siyasi xadim Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu dövr Azərbaycanın müasir tarixinin bütöv bir salnaməsini təşkil edir. Bu şanlı salnamənin hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır.

Heydər Əliyevin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq nüfuzlu siyasətçilər, görkəmli ictimai-siyasi xadimlər ulu öndərimiz Heydər Əliyevi yalnız Azərbaycanın rəhbəri deyil, dünya miqyaslı lider, hələ sağlığında ikən zəmanəmizin canlı əfsanəsi adlandırmışlar. Ümummilli lider Heydər Əliyev zamanı qabaqlayan, onun fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o, yalnız öz dövrünün qayğıları ilə məşğul olmamışdır. Dünyada cərəyan edən proseslərə təsiri baxımından daim seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən bu dahi şəxsiyyət nəinki zəmanəmizin, eləcə də bəşəriyyət tarixinin ən görkəmli siyasi və dövlət xadimləri sırasında şərəfli yer tutmuşdur.

Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirmişdir. Ona görə də Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq öyünür. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur”, – deyən ulu öndər Heydər Əliyev 30 ildən artıq bir müddətdə – istər sovet dövründə, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarmışdır. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

Ulu öndər Heydər Əliyev çoxunun, bəzən isə, hətta heç kəsin edə bilmədiyi tədbirləri öz dərin biliyi və bacarığı, polad iradəsi sayəsində həyata keçirməyə müvəffəq olmuşdur. Onda peşəkar siyasətçiyə və dövlət başçısına xas olan bütün nadir keyfiyyətlərlə yanaşı, fitri qabiliyyət vardı. Qarşıya qoyduğu məqsədə doğru nə qədər maneələr törədilsə də, qətiyyətlə irəliləyirdi. Hesablamalarında yanılmır, atdığı hər hansı addımın nəticəsini qabaqcadan görə bilir, auditoriyanı ələ almağı və müsahibini inandırmağı bacarırdı. İncə diplomatik manevrlər, gözlənilməz gedişlər, siyasətdə ardıcıllıq ona daim uğur gətirmişdir. Prezidentin uğuru isə bilavasitə dövlətin uğuru deməkdir.

Ulu öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır. Dövlət quruculuğunda onun ən yaxm silahdaşı məhz Azərbaycan xalqı idi. Hakimiyyətə qayıdışının ilk günündən Heydər Əliyev milli birlik və vətəndaş həmrəyliyinə nail olmağa var qüvvəsi ilə çalışır və xalqı məhz buna çağırırdı: “İndi Azərbaycan üçün bir amal var, bir məqsəd var: Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünü təmin etmək. Kimin əlindən nə gəlirsə, bu amal, bu məqsəd naminə etməlidir. Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı birləşməlidir”.

Öz liderinə, dahi siyasi xadimə məhəbbət bəsləyən xalq bu müraciətlərə biganə qalmadı və sonrakı proseslər də göstərdi ki, xalqın iradəsi qarşısında hər hansı bir silahlı qruplaşma, siyasi qüvvə acizdir. Özünün azərbaycanlı olmağı ilə daim qürur duyan ulu öndər: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”, – deyərək, bunu milli məfkurəyə çevirdi və təkcə respublikanı yox, bütün dünya azərbaycanlılarını bu məfkurə ətrafında birləşdirdi.

Ulu öndərimizin bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur.  Zaman-zaman artan neft gəlirləri, sərmayə axını ölkəmizin iqtisadi mənzərəsini dəyişdi və Azərbaycanı regionun qüdrətli dövlətinə çevirdi. Böyük İpək Yolunun bərpası və onun mərkəzi kimi Azərbaycanın seçilməsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin reallaşmağa başlaması ölkənin mövqeyini gündən-günə möhkəmləndirdi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Bilavasitə ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. Şərqdə ilk dəfə olaraq, Azərbaycanda ölüm cəzasını ulu öndər ləğv etdi.

Ömrünü xalqına həsr edən ümummilli lider Heydər Əliyev bütün istəklərinə nail olmuşdur. Onun istəkləri isə Azərbaycanı qüdrətli, dünyada sayılıb-seçilən bir dövlətə çevirməkdən ibarət idi. Hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev respublikanı geridə qalmış kənd təsərrüfatı diyarından qabaqcıl sənaye ölkəsinə çevirmişdir. Bakıda və respublikamızın rayonlarında yüzlərlə zavod və fabrik  tikdirmişdir. Gənclərin təhsilinə xüsusi diqqət yetirirdi. 1969-1982-ci illərdə xalqın gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması bunun bariz ifadəsi idi. Həmin illərdə SSRİ-nin 170 qabaqcıl ali məktəbinə minlərlə azərbaycanlı gənc göndərilmişdir. Hər il təhsil almaq üçün Azərbaycanın hüdudlarından kənara orta hesabla 800 tələbə yola salınırdı.

Bu illərdə hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev qətiyyətinin nəticəsində çətinliklə də olsa, Bakıda milli zabit kadrları hazırlayan məktəblər fəaliyyətə başlamışdır.

Heydər Əliyev sovet dövlətinin qadağalarına baxmayaraq, ­Bakıda Azərbaycanın görkəmli ­tarixi şəxsiyyətlərinin, ədəbiyyat, mədəniyyət və elm xadimlərinin abidələrini ucaldırdı ki, xalqın milli ruhu Moskvanın “qardaşlıq” siyasəti ilə məhv edilməsin. Bütün bunlar Azərbaycan xalqını totalitar rejimin diktəsi altında məhv olmaqdan xilas etmişdir. Heydər Əliyev 1993-cü ildə xalqın çağırışına səs verməsəydi, müasir müstəqil Azərbaycan da olmayacaqdı. Heydər Əliyev xalqı darda qoyub getmədi. Qayıtdı və Azərbaycanı məhv olmaqdan xilas edərək onu qüdrətli dövlətə çevirdi. Bu gün Azərbaycan xalqı firavan yaşadığına görə ulu öndər Heydər Əliyevə borcludur. Müdrik xalqımız dahi Heydər Əliyevi hər zaman xatırlayacaq və onun ölməz irsini gələcək nəsillərə ötürəcəkdir.

Ulu öndərimizin başladığı islahatlar onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz-özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi ulu öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, birincidən az önəm kəsb etməyən digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən lider səviyyəsinə yüksəlməsindədir.

Ötən 13 il ərzində xalqımız bir daha əmin oldu ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı, Prezident İlham Əliyevin simasında  Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarında olan  qüdrətli  liderinə qovuşmuş,  öz firavan gələcəyini təmin etmişdir. Son 13 il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Məktəbimizin kollektivi cənab İlham Əliyevin hər bir uğurunu hədsiz sevinc və  qürur hissi ilə qarşılayır. Çünki dünya şöhrətli liderimiz, dövlətimizin başçısı cənab İlham Əliyev məhz bu məktəbdə təhsil alıb, özünün dəfələrlə bildirdiyi kimi, 6 saylı məktəb onun üçün doğma və əzizdir.

Bu gün Azərbaycanın dünya birliyinin ən önəmli üzvlərindən birinə çevrilməsində cənab Prezidentin  misilsiz xidmətləri var. Dünya əhəmiyyətli qlobal layihələr məhz Azərbaycanın təşəbbüsü, razılığı və iştirakı ilə həyata keçirilir. Bütün bunlar təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasi kursa və bu kursun hazırda regionumuzun yeni parlaq lideri, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun  olaraq yeni keyfiyyət və məzmunda uğurla davam etdirilməsi sayəsində qazanılmışdır.

Gülşən ORUCOVA,
 Bakının Səbail rayonundakı
Tofiq İsmayılov adına 6 saylı
tam orta məktəbin direktoru,
Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında