Azərbaycan-Belarus ikitərəfli münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

 

 

 

 

 

 

 

 

 

 


Biz Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirmək niyyətindəyik. Bu gün ikitərəfli format, demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Ənənəvi sahələrdə əməkdaşlıq prosesləri getdikcə genişlənir. Biz həm də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdiririk. Biz dostuq, tərəfdaşıq. Bütün məsələlərdə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyirik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Azərbaycan Belarusun mühüm və etibarlı siyasi və iqtisadi tərəfdaşlarından biridir. Bizim ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq səmimiyyət, etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır.

Aleksandr LUKAŞENKO
Belarus Respublikasının Prezidenti


 

Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulub.  Respublikamız bütün dövlətlərlə, o cümlədən MDB ölkələri ilə artıq formalaşmış tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir. Azərbaycan üzvü olduğu təşkilatların işində fəal iştirak etməklə yanaşı, eyni zamanda, dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı da genişləndirir. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən  ölkəmizin MDB çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır. Bu baxımdan, Azərbaycanın Belarus ilə əməkdaşlığı neçə illərdir ki, yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin yaradılmasından 23 il keçir. İki ölkə arasında istər beynəlxalq səviyyədə, istərsə də ikitərəfli münasibətlərdə əməkdaşlıq getdikcə möhkəmləndirilmişdir. Hazırda bu dostluq münasibətləri  uğurla davam etdirilir. Hər iki dövlət ən çətin məqamlarda və gərgin anlarda  bir-birinə dəstək olmuşdur.

Azərbaycanla Belarus arasında bütün dövrlərdə formalaşmış əlverişli əməkdaşlıq mühiti son illərdə dinamizm və inteqrasiya baxımından geniş xarakter almışdır.  23 illik tərəfdaşlıq ərzində iki ölkənin elm, tibb, təhsil, mədəniyyət, kənd təsərrüfatı, İKT dairələri arasında uzunmüddətli münasibətlər yaradılmış, bu sahələrdə əməkdaşlıq genişləndirilmiş, ticari-iqtisadi əlaqələr yeni müstəviyə qədəm qoymuşdur. Tarixən iki xalq arasında  mövcud olan sıx əmədaşlıq bu gün də  bir çox sahələrdə uğurla inkişaf etdirilir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması  ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun  qarşılıqlı səfərlərində və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində imzalanan sənədlərdə də öz əksini tapmışdır.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu günlərdə Azərbaycana rəsmi səfəri zamanı da bunun şahidi olduq. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri, imzalanan sənədlər, səsləndirdikləri bəyanatlar dövlətlər arasında  tarixə söykənən sıx əlaqələrin bariz nümunəsidir. Bu səfərin yekunu bir daha təsdiqlədi ki, müstəqilliyimizin bərpasından keçən 25 il ərzində əlaqələrimiz böyük inkişaf yolu keçmişdir. Təbii ki,  son illər ciddi iqtisadi uğurlar əldə edən  ölkəmizin böyük sənaye potensialı dünya birliyinin diqqət mərkəzindədir. Bu yüksəliş Azərbaycanla Belarus arasında bir çox sahələrlə yanaşı, iqtisadi sferada da uğurlu inkişafda özünü göstərib. 

Faktlar da təsdiqləyir ki, iki ölkə arasında siyasi və diplomatik əlaqələr bütün sahələrdə müsbət nəticələr verir, ticarət dövriyyəsinin həcmi artır. Təbii ki, bütün bunlar hər iki tərəfin maraqlarına uyğundur. Belarus xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın haqlı mövqeyini, ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumi prinsip və normaları, dövlət sərhədlərinin pozulmazlığı əsasında tezliklə tənzimlənməsi uğrunda çıxış edir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, sonradan sürətlə inkişaf edən münasibətlərimiz hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Son illərdə də Belarus-Azərbaycan münasibətləri daha da möhkəmlənərək, yüksək səviyyəyə çatmışdır. Fəal qarşılıqlı əlaqələr iki ölkəni  bir-birinə o dərəcədə yaxınlaşdırmışdır ki, artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycan çox yaxın, dost ölkələr hesab olunur. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana yüksək səviyyədə keçən növbəti rəsmi səfəri hazırda iki ölkə arasında mövcud olan sosial, siyasi və xüsusilə də iqtisadi sahədə əməkdaşlığın inkişafına təkan vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonun respublikamıza  rəsmi səfərini yüksək qiymətləndirərək, bunu ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm hadisə hesab etmişdir. İki ölkə arasında  beynəlxalq səviyyədə qarşılıqlı dəstəyin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti demişdir: “Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır. Biz qətiyyətlə əməkdaşlıq potensialının gücləndirilməsi niyyətindəyik. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ölkələrimiz arasında qarşılıqlı dəstək artıq reallıqdır və sanki avtomatik rejimdə həyata keçirilir. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik”.

Dost və tərəfdaş ölkələrin çoxillik ticari-iqtisadi əlaqələrindən söhbət açan dövlətimizin başçısı  birgə reallaşdırılımış layihələrin əhəmiyyətini də qeyd etmişdir. Bu sırada traktor istehsalı üzrə Gəncədə yaradılmış MAZ avtomobil zavodunun xüsusi yer tutduğunu vurğulayan respublikamızın rəhbəri Belarusun Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verən super istehsal sahəsinin ­yaratmaqda böyük kömək göstərdiyini yüksək qiymətləndirmişdir.  Ölkə başçısı qeyd etmişdir ki, bu əməkdaşlıq elm, təhsil, aqrosənaye kompleksinə, hərbi sənaye sahəsinə də öz töhfələrini verir. Energetika sahəsində əməkdaşlığın uzunmüddətli və möhkəm olması istiqamətində müvafiq göstərişlər verildiyini qeyd edən Prezident ­İlham Əliyev nəqliyyat sahəsində də iri layihələrin həyata keçirilməsinin zəruriliyini bildirmişdir.

Səmimi qəbula görə minnətdarlığını bildiriən Belarus Prezidenti, ilk növbədə, ölkəmizdə “Prezident –xalq” birliyinin yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə etmişdir: “Sizi Azərbaycan xalqının yüksək etimadı münasibətilə təbrik etmək istəyirəm. Mən bilirdim ki, Azərbaycanda Sizi sevirlər. Amma belə bir sevgiyə, düzünü desəm, yalnız həsəd aparmaq olar. Afərin Sizə, plebessiti çox gözəl keçirdiniz, Azərbaycan xalqının etimadını qazandınız. Əldə olunan uğurları davam etdirdiyinizə, xalq təsərrüfatının inkişafında bu cür nailiyyətlərə görə Azərbaycan xalqı təşəkkürə layiqdir”.

Belarus Prezidenti Azərbaycandakı inkişafı yüksək dəyərləndirərək demişdir ki,  hər dəfə Bakıya gələndə mən bu inkişafı görərkən, bütün bu əsas məsələlər ikinci plana keçir. Qədim məbədlərin və mədəniyyət abidələrinin qorunub saxlanılmasını yüksək qiymətləndirən A.Lukaşenko bildirmişdir ki, əksər regionlarda həyat bunlardan başlanıb: “Mən bunları görəndə nələrisə öyrənir və düşünürəm ki, gördüklərimi Belarus torpağında da tətbiq etmək olar”.

2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına Belarusun ev sahibliyi edəcəyini bildirən Prezident A.Lukaşenko Azərbaycanda keçirilmiş ilk Avropa Oyunlarının  möhtəşəmliyini xatırlatdı. Dedi ki, siz Avropa Oyunlarını parlaq səviyyədə keçirdiniz, heç kəs həmin turniri təkrar edə bilməz: “Siz elə bir səviyyə müəyyən etdiniz ki, ümumiyyətlə, əsas Olimpiada, dünya Olimpiadası bu dərəcədə hazırlanmır, keçirilmir. Siz təkcə Bakının deyil, bütün ölkənin simasını dəyişmisiniz. Bunu təkrarlamaq asan məsələ deyil”.

Azərbaycan ­Prezidentini ikinci Avropa Oyunlarına dəvət edən A.Lukaşenko bu sahədə Azərbaycanın topladığı təcrübəni öyrənmək istədiklərini də gizlətmədi. Qeyd etdi ki, bu gün biz idmanın çox növləri üzrə Azərbaycandan öyrənməli olacağıq. Biz çalışacağıq ki, bu Oyunların açılışında, bağlanışında və keçirilməsində Azərbaycandan geri qalmayaq.

İki ölkə arasında əməkdaşlığın 20 ildən artıq tarixi olduğunu vurğulayan Belarus Prezidenti artıq münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyindən məmnunluğunu ifadə etmişdir. Belarus-Azərbaycan əməkdaşlığının inkişafına Heydər Əliyevin əhəmiyyətli töhfə verdiyini bildirən A.Lukaşenko Heydər Əliyevlə birgə ikitərəfli əməkdaşlığın möhkəm əsasını qoyduqlarını diqqətə çatdırmışdır. Belarus lideri demişdir ki, Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin müvafiq diqqəti olmadan ölkələrimiz arasında münasibətlərin cari səviyyəsi belə yüksək ola bilməzdi. Vaxtilə biz ikitərəfli əməkdaşlığın prioritetlərini düzgün müəyyən etdik və praktiki nəticə verən razılaşmaları indi əlaqələndirilmiş şəkildə həyata keçiririk.

Belarus Prezidenti Azərbaycanın dövlət başçısının həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, bunun ciddi şəkildə öyrənilməyə, tətbiq ediməyə layiq olduğunu bildirmişdir: “Mən artıq demişəm ki, buraya tez-tez gələndə gördüyüm hər şeyə həsəd aparıram. Sizin yaratdıqlarınıza həsəd aparıram və bu, çox vaxt məni bizim həll etməli olduğumuz problemlərdən yayındırır. Afərin Sizə. Sizin gördüyünüz bütün işlər ciddi şəkildə öyrənilməyə və bizim Vətənimizdə həyata keçirilməyə layiqdir. Bunlar ömürlük qalan abidələrdir. Xırda şeyləri xalqlar unudur, amma bunlar hamısı qalır. Sizin etdiklərinizi biz məmnuniyyətlə Sizdən öyrənəcəyik”.

Səfərin ən çox yadda qalan məqamlarından biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi olmuşdur.

Azərbaycanın ən ali mükafatı ilə təltif olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirən Aleksandr Lukaşenko ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini dərin ehtiramla bölüşmüş və bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri həm onun, həm də Belarus xalqı üçün çox mötəbər insandır. İki ölkə arasında bugünkü münasibətlərin yüksək səviyyədə olmasının əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Belarus Prezidenti Heydər Əliyevin şərəfli, cəmiyyətdə mənfi hallarla barışmaz mübarizə aparan rəhbər və gənc nəsil üçün bir nümunə olduğunu demişdir.

Səfər çərçivəsində dövlət başçıları Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatını imzaladılar. Sonra iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə əlaqaədar müxtəlif sahələr üzrə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında