Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
Heydər ƏLİYEV
Ümummilli lider
İyirmi beş yaşlı müstəqil dövlətimiz bu gün beynəlxalq aləmdə bir neçə cəhətdən özünəməxsus nüfuz sahibinə çevrilib. Çəkinmədən deyə bilərik ki, həmin cəhətlərin ən mühümlərindən biri çoxmədəniyyətlilikdir. Beynəlxalq aləmdə multikulturalizm kimi qəbul edilən həmin həyat tərzi Azərbaycan xalqının yüz min illərlə ölçülən tarixində daim olub. Ancaq SSRİ-nin çökməsindən sonra postsovet məkanının bütün ölkələrində olduğu kimi, Azərbaycanda da çoxmədəniyyətlilik ciddi təhlükə altına düşmüşdü. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı cəmiyyət həyatının bütün sahələri kimi, ənənəvi Azərbaycan çoxmədəniyyətliliyini də xilas etmişdir.
Qloballaşma şəraitində bütün millətlər, dövlətlər və sivilizasiyalar bir-biri ilə fəal qarşılıqlı əlaqədə olur, iqtisadi və siyasi sistemlərin rəhbər tutduğu qaydalar və normalar bir-birinə yaxınlaşır, lakin hər hansı sivilizasiya öz identikliyinin əsaslandığı mədəni dayaqlara yüksək dəyər verir. Müasir situasiya qlobal inteqrasiya proseslərində mədəniyyətlərarası əlaqələrin rolunun güclənməsi ilə yanaşı, eyni zamanda, əhalini diferensiallaşdıran və bir-birindən ayıran amillərin rolunun artması ilə xarakterizə olunur. Bu halda multikulturalizm həmin təhlükəli tendensiyaya liberal-demokratik qarşıdurmanın ən effektli üsullarından birinə çevrilir.
Multikulturalizm anlayışının fərqli səviyyələri mövcuddur, bunlara görə o, yalnız sosial diskurs, mədəni plüralizm dəyərini tanıyan nəzəriyyə və ya ideologiya deyil, həm də onun işləyib hazırladığı, onun prinsiplərinin praktik tətbiqinə istiqamətlənmiş siyasət kimi təsəvvür olunur. Bu, dövlətlər və etno-mədəni azlıqlar arasında, eləcə də bu azlıqların özləri tərəfindən münasibətlərin harmonikləşdirilməsinə yönəlik olmaqdan ibarətdir. Multikulturalizm siyasəti hakim və minoritar mədəniyyətlərə bərabər, dəyərli və inkişafa eyni dərəcədə hüququ olan mədəniyyət kimi baxmaqla, müasir dünyada ksenofobiya, ekstremizm və terrorizm kimi təzahürlərlə sıx bağlı olan assimilyasiyaya qarşılıq olaraq onların inteqrasiyasını təklif edir.
Multikulturalizmin başlıca üstünlüyü ondan ibarətdir ki, o, bu və digər mədəniyyətin daşıyıcısının özünü müdafiə olunmuş hiss etdiyi, onun identikliyinin xarici təsirə məruz qalmadığı bir cəmiyyət yaratmağa imkan verir. Almaniya, Böyük Britaniya və Fransa kimi aparıcı Qərb ölkələrinin liderləri öz ölkələrində multikulturalizm siyasətinin iflasa uğradığını bəyan edirlər. Çünki çoxmədəniyyətlilik faktı olaraq multikulturalizmin Qərbin heç vaxt bilmədiyi miqyasdakı bir gerçəkliyi ortaya çıxmışdır. Ardı-arası kəsilməyən, ən müxtəlif soylu milyonlarla miqrant axınlarının mədəni inteqrasiyaya cəlb etmək obyektiv olaraq mürəkkəb məsələdir. Bu mənada multimədəniyyətliyinin alternativi çətin ki, artıq mövcud olsun.
Multikulturalizm konsepsiyasının davamı, heç şübhəsiz, tolerantlıqdır, bu, UNESCO-nun Baş Konfransı tərəfindən 1995-ci ildə qəbul edilən Tolerantlıq Prinsipləri Bəyannaməsinə uyğun olaraq, bizim dünyamızın mədəniyyətlərinin zəngin müxtəlifliyinə, bizim özünüifadə formalarımıza və insani fərdiliyin təzahür üsullarına hörmət etmək, onu qəbul etmək və düzgün anlamaq deməkdir.
Beləliklə, sosiumun belə bir yeni polikültür halının qəbulunu təklif edən multikulturalizmin başlıca paradiqması cəmiyyətdə var olan bütün mədəniyyətlərin nominal deyil, faktiki bərabərlik praktikasını nəzəri baxımdan əsaslandırır. Simvolik mədəniyyətlər proqramının daşıyıcısı olmaqla, cəmiyyət yalnız onu təşkil edən etnosların, onların dillərinin və mədəniyyətlərinin qorunub saxlanması, qarşılıqlı əlaqədə olması və tərəqqisi şəraitində yenilənə və inkişaf edə bilər. Bütövlükdə, multikulturalizm – çoxlu sayda müxtəlif soylu etnik bir həyati məkanda sülh şəraitində birgəyaşayışın nəzəriyyəsi, praktikası və siyasətidir. O, fərqliliklərə hörməti təsdiq edir, lakin bununla yanaşı, universallıq axtarışlarından imtina etmir. Yəni, mədəniyyətlərin qarşılıqlı əlaqəsi subordinasiya yolu ilə deyil, koordinasiya vasitəsilə baş verir.
Multikulturalizm yetərincə mürəkkəb və ziddiyyətli təzahürdür. Bu konsept, eləcə də, konkret ərazidə milli azlıqlara və mövcud etnik qrupların sosial-demoqrafik xüsusiyyətlərinə münasibətdə dövlət siyasətini də ifadə edir. Əgər ölkədə xalqların birgə yaşayışının müsbət təcrübəsi yoxdursa, dövlət belə bir siyasəti uğurla yürüdə bilmir.
Azərbaycan Respublikasının isə belə bir üstünlüyü vardır: Bu müstəvidə multikulturalizm siyasətinin qurulması üçün təməl rolunu oynayan tarixi və mədəni irs bütün sahələrdə böyük uğurlara gətirib çıxarır.
Multikulturalizm Azərbaycan üçün öz keçmişi və hazır vəziyyəti ilə yeni bir hal deyil. Ölkədə qədimdən bəri eyni mülki hüquq və azlıqlardan, o cümlədən öz mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək, öz dininə bağlı olmaq və ya dindən kənarda qalmaq hüququndan faydalanan fərqli etnik və konfessional qrupların təmsilçiləri yaşamaqdadırlar. Azərbaycan Respublikası polietnik dövlətdir,burada azərbaycanlılarla yanaşı, udilər, ingiloylar, qrızlar, buduqlar, tatlar, talışlar, ləzgilər kimi avtoxton, respublikada onlardan başqa, müvafiq olaraq öz tarixi vətənləri olan ruslar, ukraynalılar, yəhudilər, yunanlar, almanlar, tatarlar və s. yaşamaqdadır və bu səbəbdən Azərbaycan torpaqlarına alloxton milli azlıqlar da aid edilə bilər. Multikulturalizm Azərbaycanda milli (etnik) və dini müxtəlifliyə qarşı deyil, əksinə, onları mədəni identiklik variantları qismində birləşdirir.
Multikulturalizm siyasəti kontekstində azlıqlar Azərbaycanda yüksək diqqət obyektinə çevrilirlər ki, bu da hər bir qrupa, hətta ən azsaylı qrupa öz mədəniyyətini digər qruplarla bərabər səviyyədə inkişaf etdirmək imkanı verir. Məsələn, etnik azlıqların kompakt şəkildə yaşadığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində ana dili tədris olunur; tədris proqramları və vəsaitləri, folklor və şeirlər toplusu, müvafiq dillərdə bədii ədəbiyyat nəşr edilir; qəzetlər və jurnallar dərc olunur; dövlət milli teatrları və bədii yaradıcılıq kollektivləri fəaliyyət göstərirlər.
Azərbaycanda mövcüd olan mədəni simbioz və müxtəlif ənənələr maddi və mənəvi mədəniyyətin tarixi abidələrində həkk olunmuşdur. Belə ki, maddi mədəniyyət abidələrinin qorunması çərçivəsində Astara, Qax,Quba, Zaqatala və digər rayonların tarix-ölkəşünaslıq muzeylərində, həmin ərazilərdə yaşayan etnik azlıqların irsini və ənənələrini əks etdirən ekspozisiyalar təşkil olunur. Bu sahədə kitabxanalar da səmərəli fəaliyyət göstərir; burada milli azlıq nümayəndələrinin kitablarının təqdimatı keçirilir və bu kitablar kitabxanaların fonduna daxil olur.
Belə bir faktı qeyd etmək lazımdır, multikulturalizm yalnız milli mədəniyyətlərin qarşılıqlı təsiri deyil, həm də ictimai fəaliyyətin mənəvi təzahürü olaraq, dinlərin qarşılıqlı təsiridir. Azərbaycanda insanın əsas hüquq və azadlıqları kimi, vicdan və dini əqidə azadlığına Konstitusiya ilə təminat verilmişdir, buna görə də bütün konfessiyalar azadlıq və tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Azərbaycanın bu sahədəki uğurlarını bizim ölkədəki din-dövlət münasibətlərinin düzgün qurulması şərtləndirir və həm də tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar özlərini cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edirlər.
Müxtəlif konfessiyaların təmsilçilərinin sülh şəraitində birgəyaşayışı ölkədə tarixi gerçəklikdir. Azərbaycan xalqının üç dindən – zərdüştilik, xristianlıq və İslamdan keçib gəlmə mərhələləri də həm ölkənin daxilində, həm də beynəlxalq arenada balanslaşdırılmış üzvi mədəniyyətlərarası kommunikasiyaların qurulması üçün böyük əhəmiyyət daşıyan faktordur. Azərbaycanda dünyanın bir çox polietnik bölgələri üçün örnək olan tolerantlıq və konfessiyalararası dialoqun xüsusi modeli qərarlaşmışdır. Dövlət-din münasibətlərinin müasir Azərbaycan modeli çərçivəsində bütün konfessiyalar qanun qarşısında bərabər olmaqla, eyni status almışlar. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin edilməsi ilə yanaşı, dövlət respublikada yayılmış bütün ənənəvi dinlərə qayğı göstərir. Azərbaycanda yürüdülən və ölkənin tarixi ənənələrinə söykənən, vətəndaşların mədəni, o cümlədən dini tələbatlarının təmin edilməsinə qayğı göstərildiyi kursuna aşağıdakılar nümunə ola bilər:
• Sovet ateizminin tüğyan etdiyi dövrdən sonra Bakıda XX əsrin əvvəllərində azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin fəal dəstəyi ilə inşa olunan “Jen-mironosits” pravoslav kafedral kilsəsinin açılışı. Bu kilsə XXI əsrin əvvəllərində digər bir azərbaycanlı mesenatın səyləri ilə bərpa olunmuşdur;
• Pontifik II İohann Pavelin Azərbaycana səfəri zamanı tikintisini təqdir etdiyi yeni inşa olunan katolik kilsəsinin açılışı. Bu kilsə 1930-cu ilin məlum hadisələri zamanı uçurulmuş əvvəlki katolik məbədinin ənənələrini davam etdirir;
• Bakıda sovet dövründə dağıdılmaqdan xilas ola bilən sinaqoq bərpa edilmiş və genişləndirilmişdir.
Azərbaycan cəmiyyətində unikal tolerantlıq, dözümlülük və mədəniyyətlərarası dialoq atmosferi multikulturalizmin inkişaf modeli olaraq diqqəti cəlb edir. Bu çoxmədəniyyətlilik modeli həm assimilyasiyaya, həm də etnik qrupların sosio-mədəni təcridinə qarşı olmaqla, cəmiyyətin mədəni mənzərəsinin “mozaikliyinə” rəvac verməkdir. O, nəinki mədəniyyətlərin çoxsaylı spektrinə, həm də bütöv bir sıra qanunvericilik tədbirləri yolu ilə mədəniyyətlərə dövlət dəstəyinə əsaslanır. Milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında təsbit edilmişdir, bunlar, etnik, dini və irqi mənsubiyyətindən asılı olmayaraq, onun bütün vətəndaşlarının bərabərliyini təmin edir ( III hissənin 25-ci maddəsi, 44-cü maddə, 45-ci maddə ).
Azərbaycan Respublikasının milli siyasət konsepsiyası BMT-nin “Ümumdünya insan hüquqları bəyannaməsi”nə, Avropa Şurasının “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi Konvensiyası”na, BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”sına, BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Avropada Təhlükəsizlik və Əməkdaşlıq haqqında müşavirənin Yekun Aktı”na, “ATƏT İnsan ölçüləri üzrə Konfransın Kopenhagen müşavirəsinin sənədi”nə, Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”na, Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub şəxslərin hüquqlarının təmin edilməsi haqqında Konvensiya”ya əsaslanır. Eləcə də Azərbaycan Respublikasının milli siyasətinə həsr edilən dövlət sənədi – Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının müdafiəsinə, dillərinin və mədəniyyətlərinin inkişafına dövlət dəstəyi haqqında” fərmanı qəbul edilmişdir. Başqa sözlə, milli azlıqların müdafiəsi Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin başlıca istiqamətlərindən biridir.
Belə bir faktı qeyd etmək istərdik ki, ölkədə keçirilən multikulturalizm sferasına dair tədbirlər multikulturalizm və tolerantlığın Azərbaycan modelinin uğurlarının dünya birliyi tərəfindən tanınmasına şahidlik edir. Məhz “Bakı prosesi” adını almış təşəbbüs sonralar dünya dini liderləri Sammitinin, Mədəniyyətlərarası Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycanda keçirilməsinə təkan vermişdir. Bu tədbirlər bir növ buna çağırışdır ki, mədəniyyətlərarası dialoq çağdaş dünyanın ən təxirəsalınmaz məsələlərindən biridir və heç şübhəsiz ki, dünya miqyasında getdikcə daha böyük önəm kəsb edən sahədir. Bakıda 2015-ci ilin yayında keçirilən birinci Avropa Oyunları və 2017-ci ilə planlaşdırılan İslam Olimpiya Oyunları – multikulturalizm ənənələrinin tanınmasında Azərbaycanın əvəzedilməz rolunun daha bir sübutudur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Bu qərar Azərbaycan tolerantlıq və mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa hansı mühüm töhfələr verdiyi nəzərə alınmaqla qəbul edilmişdir.
Multikulturalizm mahiyyət etibarı ilə müxtəlif mədəniyyətlərin və onların daşıyıcılarının bir vahid cəmiyyətdə hüquqi, iqtisadi məkanda sülh şəraitində birgə yaşayışın qaydaları və normalarının işlənib hazırlanmasıdır. Bizim zəmanənin çoxmilliyyətli dövlətlərinin sabitliyinin qorunub saxlanması və uğurlu inkişafın təminatının vasitəsi kimi, multikulturalizm siyasətinə qiymət verərkən qeyd etmək lazımdır ki, bu, faktiki olaraq şəxsiyyətin mədəniyyət əsaslarına görə sosial sistemdən xaric edilməsinin yolverilməzliyinə istiqamətlənmişdir. Biz Azərbaycanın timsalında məhz bunu görməkdəyik. Mədəni müxtəliflik bizim ölkədə fərqli identikliklərin sadəcə üst-üstə gəlməsi deyil, həm də onların birləşdirici ümummilli həmrəyliyinin inkişaf etdirilməsi üçün münbit zəmindir. Başqa sözlə, bu, Azərbaycanın – etnik, dini və ya hər hansı başqa mənsubiyyətdən asılı olmayaraq, orada yaşayan bütün vətəndaşların ümumi evinin var-dövlət və sərvəti qismində nəzərdən keçirilir.
Multikulturalizmin Azərbaycan modeli ilə bağlı sadaladığımız bu çoxsaylı həqiqətlər barədə fikirlərimizi yekunlaşdırarkən bir daha xatırladaq ki, xalqımızın və dövlətimizin bütün uğurları kimi, formalaşdırdığımız müasir multikulturalizm modelimizin də təməlində ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi dayanır.
Elmar Qasımov,
Bakı Ali Neft
Məktəbinin rektoru,
YAP Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.