Zirvələr fatehi

Azərbaycan ulu öndərin yolu ilə uğurla irəliləyir

Azərbaycanın ən yeni tarixinin böyük hissəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu müdrik siyasi xadimin rəhbərlik etdiyi onilliklər respublikamızda inkişaf, hərtərəfli islahatlar və müstəqil dövlətin yaradılması dövrü kimi tarixə düşmüşdür. Ulu öndərin siyasi fəaliyyətinin başlıca yekunu da onun birbaşa rəhbərliyi altında yaradılmış və xalqımıza əmanət etdiyi müstəqil Azərbaycan Respublikası olmuşdur. Bu gün heç bir şübhə yoxdur ki, Azərbaycan daim ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ilə addımlayacaq və ulu öndərin dövlətçilik ənənələri davam etdiriləcək.

Hər bir xalqın milli azadlıq hissi və müstəqillik arzusu onun özünüdərketməsi prosesində formalaşır. Azərbaycanda milli ideologiyanın yaranması uzunmüddətli təbii-tarixi prosesin məntiqi nəticəsi və ifadəsi olmuşdur. Ulu öndər Heydər Əliyevin xalqımızın azadlıq mübarizəsi  barədə dediyi sözlər böyük maraq doğurur: “Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız çox minillik tarixində dəfələrlə öz milli azadlığına nail olmuş, milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən bunlardan məhrum olmuşdur”. Ancaq bu da bir həqiqətdir ki, bir sıra vacib şərtlər olmadan heç bir xalq azadlıq və müstəqil dövlətə sahib ola bilməz.

 Müstəqilliyin qazanılmasında tarixi şans və lider kimi güclü faktorların müstəsna əhəmiyyəti var. Azərbaycan xalqı belə bir şansı keçmiş SSRİ-nin dağılması nəticəsində qazanmışdı.  Kommunizm ideologiyası altında 70 ildən çox yaşamış xalqımız Sovetlər Birliyinin tarixin yaddaşına köçməsindən sonra XX əsrin əvvəllərində itirdiyi dövlət müstəqilliyini bərpa etmək üçün tarixi şans əldə etmişdir. Amerikalı psixoloq və yazıçı Deyl Karnegi deyirdi ki, “Risk etməyə hazır olan daha uzağa üzür”. Azərbaycan xalqı da güclü milli iradə sayəsində böyük çətinlik və maneələrə rəğmən sovet keçmişini bir kənara ataraq, müstəqil dövlətə sahib olmaq arzusunu reallaşdırmaq imkanı əldə etmişdi. Dövlət müstəqilliyinin elan olunması Sovet İttifaqının dağılması və “soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş vermişdi.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyini gücləndirməklə yanaşı, respublikanın dinamik inkişaf yoluna qədəm qoymasına da şərait yaratdı. Ancaq Azərbaycanın müstəqilliyinə aparan yol ötən əsrin ikinci yarısından başlamışdı.

Ümumiyyətlə, 20-ci əsrin son otuz ili Azərbaycan tarixində fərqli izlər qoymuşdur və bu dövr Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutur. Ən əsası, Heydər Əliyev kimi görkəmli dövlət başçısının və siyasi xadimin siyasi elitaya gəlməsi məhz həmin illərə təsadüf edir. Buna görə də, tədqiqatçılar həmin dövrü müasir Azərbaycanda sosial-iqtisadi inkişaf və dövlətçilik ənənələrinin güclənməsi tarixi kimi qiymətləndirirlər. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi inkişafında yüksəliş meylləri ilə seçilir. İki siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş unikal tarixi şəxsiyyət kimi Heydər Əliyevin keçmiş SSRİ-nin siyasi rəhbərliyində zirvəyə yüksəlməsi və dünyanın ən böyük dövlətində bir sıra vacib sosial-iqtisadi layihələrin reallaşdırılmasında mühüm rol oynaması ulu öndərin siyasi dühasının miqyasını göstərirdi. Ən yeni tariximizin xalqımıza verdiyi bir şans idi ki, ulu öndər 1982-ci ildən sonra SSRİ-nin aparıcı nümayəndələrindən biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra mühüm addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə münasibətdə barışmaz mövqe tutmuşdu. Uilyam Şekspir deyirdi ki, “Həqiqət açıq hərəkət etməyi sevir”. Məhz Mixail Qorbaçov rejiminə qarşı tutduğu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə Sov.İKP  MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini  vəzifəsindən uzaqlaşdırılan ümummilli lider sonrakı mərhələdə də Azərbaycanda cərəyan edən siyasi proseslərə biganə qalmamışdı. Ötən əsrin 90-cı illərinin əvvəlində Naxçıvana qayıdan ulu öndər zamanın diktəsilə siyasi proseslərdə fəal iştirak etmiş və Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmağa başlamışdı.

Böyük tarixi şəxsiyyət Moskvada çalışdığı dövrdə Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməmiş və bu istiqamətdə müsbət nəticələrə nail olmuşdu. İşgüzarlığı, prinsipiallığı, qayğıkeşliyi ilə keçmiş SSRİ vətəndaşlarının hörmətini qazanmış  Heydər Əliyevin böyük rəhbərlik istedadına və dövlət xadimi üçün zəruri olan keyfiyyətlərə malik olması həmin dövrdə Sovetlər Birliyi rəhbərliyinin diqqətini çəkmiş və ulu öndər bu diqqət sayəsində Sov.İKP MK Siyasi Bürosunun tərkibinə daxil edilmişdi. İlk azərbaycanlı kimi keçmiş SSRİ rəhbərliyində təmsil olunması da respublikamızın sonrakı taleyində böyük rol oynamışdı. Ümummilli lider həmin illərdə  SSRİ-nin sosial-iqtisadi və mədəni inkişafına rəhbərlik etməsinə, sovet hökumətinin iqtisadi inkişaf strategiyasını istiqamətləndirməsinə baxmayaraq, Azərbaycanın tərəqqisinə də böyük diqqət ayırırdı. Əsas diqqəti istehsalın intensivləşdirilməsinə, elmi-texniki tərəqqi məsələlərinə, kənd təsərrüfatında – əkinçilik və heyvandarlıqda istehsal mədəniyyətinin daha da yüksəldilməsinə yönəltmişdi.

Ancaq bu fenomen şəxsiyyətin rəhbərlik istedadına qısqanclıqla yanaşanlar, onu gözü götürməyənlər də az deyildi. Ulu öndərin artan nüfuzu Kremldə çoxlarını narahat edirdi və buna görə də Heydər Əliyevə qarşı haqsızlıqlara yol verilirdi. Xüsusilə də Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin yaradılmasında və 20 Yanvar faciəsinin törədilməsində bilavasitə günahkar olan Mixail Qorbaçov ona qarşı dözülməz və ədalətsiz mövqe tutmuşdu. 20 Yanvar faciəsinin günahkarı olan M.Qorbaçovun ulu öndərin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra Azərbaycana qayıtmasına ciddi maneələr törətməsi Azərbaycan xalqına vurulan zərbə kimi qiymətləndirilmişdi. Böyük fransız mütəfəkkiri Jan-Jak Russo yazırdı ki, “Ədalətsizliyi görmək və susmaq – həmin prosesdə iştirak etmək deməkdir”.

Ümummilli lider Heydər Əliyev o zamankı SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ədalətsiz mövqe tutması ilə barışmamış, güclü təqib və nəzarət altında yaşamasına baxmayaraq, vətənpərvər şəxsiyyət kimi faciə baş verdiyi günün səhəri bütün dünyaya səs salan çıxışı ilə bu hadisələrin əsl səbəbkarlarını və günahkarlarını sərt ittiham etmişdi. Onun həmin çıxışının xalqdan gizlədilməsinə çalışsalar da, xalq böyük oğlunun bəyanatından xəbərdar olmuş və Azərbaycanın böyük xilaskarının yenidən Vətənə qayıtmasını tələb etməyə başlamışdı. Volterin dediyi kimi, “Vicdanlı insanı təqib etmək olar, amma onu ləkələmək mümkün deyil”. Vətəninin vicdanlı övladı olan Heydər Əliyev bütün təzyiq və böhtanlara sinə gərərək, Azərbaycan xalqının yanında olduğunu nümayiş etdirmişdi.

Gündən-günə vəziyyəti ağırlaşan Azərbaycan  xalqının yanında dayanacaq böyük liderə ehtiyac yaranmışdı. Çünki dövlət suverenliyini yeni elan etmiş Azərbaycanda siyasi şəraitin ağırlaşması, daxili çəkişmələr nəticəsində ölkənin müstəqilliyi təhlükə altına düşmüşdü. 18 oktyabr 1991-ci ildə – dövlət müstəqilliyinin bərpasından sonra naşı adamların yüksək vəzifələrə təyin olunmaları, 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə ictimai-siyasi həyatımızın bütün sahələrində əldə edilmiş nailiyyətlərin qorunub saxlanılması əvəzinə dağıdılması, dövlətin idarə olunmasında səriştəsizliyə yol verilməsi, qanunsuz silahlı dəstə və birləşmələrin özbaşınalıqları Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirib çıxartmışdı. Belə bir ağır vəziyyətdə – 1992-ci il oktyabr ayının 16-da Azərbaycanın bir qrup ziyalısı Heydər Əliyevə müraciətlə Yeni Azərbaycan Partiyasının yaradılmasını və onun bu işin təşkilini öz üzərinə götürməsini xahiş etmişdilər. Ümummilli lider Heydər Əliyev oktyabrın 24-də ziyalıların müraciətinə müsbət cavab vermiş və belə bir partiyanın yaradılmasının tarixi zərurətdən doğduğunu və əgər partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirmişdi. Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının yığıncağında Heydər Əliyev Təşkilat Komitəsinin sədri seçilmiş, noyabrın 21-də isə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdi. 550 nəfərdən çox nümayəndənin iştirak etdiyi təsis konfransında Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçilmiş və həmin konfransda Azərbaycanı inkişaf yoluna çıxaracaq siyasi qüvvənin – YAP-ın Proqram və Nizamnaməsi qəbul olunmuşdu.

Ümumiyyətlə, böyük siyasi xadimin müstəqillik konsepsiyasının əsasında Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik kimi mühüm amillərin aparıcı mövqe tutması hamıya məlumdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızı tarixin ağır sınaqlarından məharətlə çıxararaq, onu inkişafa və tərəqqiyə doğru aparmışdır. Bu müdrik şəxsiyyət harada işləməsindən asılı olmayaraq, Vətəninə sevgisini fəaliyyətində daim nümayiş etdirmişdir. Qədim yunan dramaturqu Esxil deyirdi ki, “Güc ədalətlə birləşərsə, bu birlikdən güclü nə ola bilər?”. “Xalq – Heydər Əliyev” birliyi Azərbaycanın bütün sahələrində ədalətin bərqərar olmasına şərait yaratmışdı. Bütün varlığı ilə öz xalqına, doğma Vətəninə bağlı olan ümummilli lider müxtəlif sistemlərdə fəaliyyət göstərsə də, həmişə, ən çətin tarixi dövrlərdə Azərbaycana xidmət etmiş, Vətəninin çiçəklənməsinə şərait yaradan istənilən addımları dəstəkləmişdi. Ulu öndərin ömür yolunun bütün məqamlarına nəzər yetirən zaman aydın olur ki, bu böyük dövlət adamı bütün zamanlarda və hər yerdə Azərbaycanın tərəqqisi uğrunda barışmaz mübarizə sərgiləmişdir.

Məşhur filosof Pol Anri Holbax yazırdı ki, “Dahilik-geniş üfüqün bütün nöqtələrini bir baxışla tutmağı bacaran görmə qabiliyyətidir”. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdan zaman vəziyyətin ağırlığını xırdalığına qədər bilirdi. Onun qayıdışınadək ölkədə hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmış, fürsəti əldən verməyən erməni hərbi birləşmələri də torpaqlarımızı işğal etmiş, yüz minlərlə soydaşımız öz torpaqlarında qaçqına, didərginə çevrilmişdi. Xilaskarlıq missiyasını yerinə yetirən Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq qətiyyətlə bəyan etdi ki, “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”. Məşhur çex dövlət xadimi Vatslav Havel deyirdi ki, “Siyasət mümkün olanın sənəti deyildir, siyasət – mümkün olmayanın sənətidir”. Mahir siyasət ustası olan Heydər Əliyevin qarışıq və mürəkkəb illərdə həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olmaqla yanaşı, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr sıradan çıxarıldı, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi, Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı. Xalqının güclü dövlət və ədalətli cəmiyyət barədə olan arzularını reallığa çevirməklə Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yerini tutdu.

1993-cü il prezident seçkiləri ərəfəsində Ali Sovetin sədri kimi həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən ümummilli lider Heydər Əliyev öz proqramını belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı – bunların hamısı bərqərar edilməlidir”.

İnsan hüquqlarının qorunmasının Azərbaycanın əsas məqsədlərindən biri olduğunu vurğulayan ulu öndər demişdi ki, iqtisadiyyatda köklü islahatlar aparıb bazar iqtisadiyyatına keçmək lazımdır. “Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir”, – deyən ümummilli lider əlavə etmişdi ki, Azərbaycan bu yolun yolçusudur və bu yolla da gedəcək. İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara əsaslanmaqla, qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırmışdı: "...Sosializm  quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı  mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli". 

Ancaq onilliklər boyu formalaşmış bir sistemdən demokratik, bazar iqtisadiyyatına əsaslanan cəmiyyətə keçid yolunda mürəkkəb problemlərlə üzləşəcəyimizi Heydər Əliyev yaxşı bilirdi. 1991-1993-cü illərdə ölkədə davam edən hakimiyyət çəkişmələri, iqtisadi tənəzzül bütün sahələrdə vəziyyəti bir qədər də gərginləşdirmişdi. Lakin bütün bu çətinliklər ulu öndər Heydər Əliyevi böyük xilaskarlıq missiyasından çəkindirmədi. Dahi şəxsiyyət yaxşı anlayırdı ki, böyük çətinliklər olmadan böyük işlər görmək olmaz. Uzun illər ərzində idarəetmənin inzibati-amirlik sisteminin hakim olduğu ölkədə bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad  sahibkarlığa əsaslanan  iqtisadiyyata keçirilməsinin nə demək olduğunu aydın dərk edirdi.

Böyük siyasi xadim Heydər Əliyev Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısına çevrilməsini nəzərdə tutaraq, öz müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə getməsini məqbul saydı. Bununla yanaşı, xarici sərmayədarların, dünya maliyyə institutlarının və transmilli korporasiyaların imkanlarından istifadə edilməklə, iqtisadiyyatı bazar prinsipləri zəminində yenidən quraraq, iqtisadi yüksəlişə  böyük təkan vermək üçün məqsədyönlü tədbirlər həyata keçirildi. Məlumdur ki, 1993-cü il iyun ayınadək islahatların ləngidilməsi tənəzzülün daha da sürətlənməsinə, iqtisadiyyatın dağılmasına ciddi təsir göstərmiş, xeyli vəsait itkisinə səbəb olmuşdu. İqtisadi problemlər ölkədə tənəzzülün aradan qaldırılmasını və makro-iqtisadi sabitliyin təmin edilməsini daha da çətinləşdirmişdi. Bu prosesdən sonra həyata keçirilməli olan tədbirlərin reallaşdığı şəraitdə ölkədə sürətli islahatların həyata keçirilməsinə zərurət yaranmışdı.

Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesinin iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynaması da bir həqiqətdir. Ulu öndərin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya və digər sahələrin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi. Qeyd etmək vacibdir ki, Heydər Əliyevin sosial-iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Bu sahədə də çox mühüm işlərə imza atmış ulu öndərin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat--yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizi, İNOGEYT Proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.

Müdrik siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur. Bu gün hamı etiraf edir ki, həmin müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açmışdır. Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Bütün bunların dövlətimizin daxili qüdrəti ilə yanaşı, beynəlxalq nüfuzunun artırılmasına da xidmət etməsi danılmaz fakta çevrilmişdir. Xəzər dənizinin Azərbaycan sektorunda məşhur neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişin – “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. Ölkədə qısa zamanda sabitlik yaratmaq, dünyanın nəhəng şirkətlərini regiona cəlb etmək və milyard dollarla ölçülən sazişləri imzalamaq, təbii ki, böyük ustalıq və müdriklik tələb edirdi. Buna görə də, Heydər Əliyevin neft strategiyası xalqımızın milli sərvətinə sahib olmasının və iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, o cümlədən ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin, habelə yeni əsrdə inkişaf etmiş, güclü və demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzi kimi qiymətləndirilir.

Azərbaycanın müharibə şəraitində yaşamasına və keçid dövrünün çətinliklərinə baxmayaraq, Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyətinin demokratik təsisatların, vətəndaş cəmiyyətinin formalaşması prosesinə, ictimai-siyasi sabitliyin və güclü iqtisadi potensialın yaranmasına gətirib çıxarması gerçəklikdir. İctimai-siyasi sabitlik, əlverişli iqtisadi mühit, neft strategiyasının uğurla həyata keçirilməsi sosial-iqtisadi inkişafa təkan vermiş, əhalinin həyat şəraiti yaxşılaşdırılmış, yoxsulluğun səviyyəsinin azaldılması üçün mühüm işlər görülmüşdür. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, zənginləşdirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir.

Heç şübhəsiz, bu gün Azərbaycanın inkişafının əsasında böyük siyasi xadim Heydər Əliyevin ideyaları dayanır. Bu gün əminliklə deyə bilərik ki, ulu öndərin müəyyənləşdirdiyi inkişaf kursunu möhtərəm Prezident İlham Əliyev inamla davam etdirir və bu möhtəşəm fəaliyyət “Odlar yurdu”nu irəliyə, daha böyük uğurlara doğru aparır. Fəaliyyətinin əsasında fenomenal şəxsiyyət Heydər Əliyev ideyalarının olduğunu fəaliyyətilə təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu bundan sonra da Azərbaycanın demokratik və hüquqi dövlət statusunun, habelə inkişaf etmiş ölkə kimi nüfuzunun daha da artmasına şərait yaradacaq. Dekabrın 6-da Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman Azərbaycanın inkişafında yeni yolun açılmasına imkan yaradacaq. Mütəxəssislər düşünürlər ki, ölkə başçısının təsdiqlədiyi Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. Buna görə də, Strateji Yol Xəritəsi çərçivəsində atılacaq bütün addımların və qəbul ediləcək qərarların ulu öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanın bundan sonra daha da tərəqqisinə növbəti güclü təkan verəcəyi şübhə doğurmur.

Elşad Abbasov,
iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında