Beynəlxalq əməkdaşlıq palatanın fəaliyyətinin təkmilləşməsi yollarından biridir

Azərbaycan Respublikası Hesablama Palatası – 15

Hesablama Palatasının 2001-ci ildə fəaliyyətə başlaması ilə ölkəmizdə dövlət maliyyə nəzarəti institutunun əsası qoyulmuş və bununla da respublikada səmərəli maliyyə nəzarəti sisteminin təşəkkül tapması istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycanın ilk ali audit qurumu olan Hesablama Palatası  fəaliyyətə başladığı dövrdən xarici və Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının  üzvü  olan dövlətlərin ali audit qurumlarının (qanunvericilik sahəsində) təcrübəsinə əsaslanaraq, hüquqi və normativ-metodoloji bazanın yaradılması, dövlət maliyyə nəzarətinin həyata keçirilməsi və digər sahələrdə səlahiyyətləri çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsinə, həmçinin dünyada qəbul olunmuş qabaqcıl üsulların tətbiqinə daim xüsusi diqqət yetirmiş, həmkar xarici təşkilatlarla münasibətlərin qurulmasına böyük əhəmiyyət verilmişdir. Palata 2002-ci ildən INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) üzvüdür. Yeni əsrin ilk  illərində Hesablama Palatası, ilk növbədə, Ali Audit Qurumlarının beynəlxalq və regional təşkilatlarına üzv qəbul olunmaqla yanaşı digər Ali Audit Qurumları (AAQ) ilə əlaqələrinin rəsmiləşməsi üçün ikitərəfli əməkdaşlıq haqqında sazişlər bağlamış və bununla daha genişşaxəli əməkdaşlıq üçün zəmin yaranmışdır. Hazırda Türkiyə, Küveyt, Rusiya Federasiyası, Pakistan, Ukrayna, İran, Belarus, Moldova, Gürcüstan və Qazaxıstan AAQ-ləri ilə müvafiq sazişlər qüvvədədir.

Palata strateji maraq prioritetlərinə uyğun olaraq tərəfdaşlarla formalaşmış münasibətlər sistemindən fəal surətdə faydalanır. Peşəkar fəaliyyət və mövcud metodoloji baza üzrə məlumat mübadiləsində, həmçinin birgə tədbirlərin keçirilməsində iştirak bu istiqamət üzrə fəaliyyətlərin əsas formatıdır. Qeyd etmək lazımdır ki, Hesablama Palatasının xarici AAQ-lə ortaq metodoloji hədəf hesab edilən Ali Audit Qurumlarının beynəlxalq standartları (ISSAI) istənilən mövzu ilə əlaqədar aparılan təcrübə mübadiləsində nəzərə alınır. ISSAI, şübhəsiz ki, dövlət sektorunda maliyyə nəzarətinin keçirilməsinin effektivliyinin artırılmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının AAQ-si olaraq palata da ISSAI-nın universal metodoloji dəstək funksiyasını qəbul etmiş və bu sahənin öyrənilməsi üçün çoxlu sayda tədbir həyata keçirmişdir. Bu sıradan Lima və Mexiko bəyannamələri, Etika Məcəlləsi və digər təməl səviyyə standartlarının Hesablama Palatasının normativ-hüquqi sənədlərinin hazırlanmasında nəzərə alınmasını, maliyyə, səmərəlilik və uyğunluq auditinə dair bütün ISSAI çərçivəsinin Azərbaycan dilinə tərcümə edilərək istifadə üçün təqdim olunmasını, onların tələblərinə cavab verən audit təlimatlarının hazırlanmasını vurğulamaq lazımdır.

ISSAI-nın tətbiqi, ayrı-ayrı audit növlərinin təcrübəsi, dövlət maliyyə idarəçiliyində və daha da miqyaslı yanaşılarsa, BMT-nin qlobal inkişaf məqsədlərinə nail olunmasında AAQ-nin rolu və s. kimi ümumi maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsində iştirak etmək məqsədilə Hesablama Palatası beynəlxalq simpozium, konfrans və seminarlarda mütəmadi şəkildə təmsil olunur. BMT və INTOSAI təşkilatlarının son dövrlərin aktual mövzularına həsr olunmuş simpoziumları palatanın iştirak etdiyi əsas beynəlxalq tədbirlərdəndir.

BMT və INTOSAI təşkilatlarının simpoziumları AAQ-nin potensialının artırılmasına danılmaz töhfə verməklə yanaşı, INTOSAI-nın Strateji Planının 2-ci məqsədinə xidmət edən fəaliyyətlərə aiddir. Simpoziumlar dövlət sektorunda kənar auditə dair müəyyən mövzu, təcrübə və bilik mübadiləsi vasitəsilə bu sahələr üzrə tədqiqatlara və metodologiyanın inkişafında xüsusi yerə malikdir. Həmin simpoziumlar 1971-ci ildən etibarən iki ildən bir INTOSAI-nın Baş katibi olan Avstriya AAQ-ı tərəfindən Vyana şəhərində təşkil olunur. Texniki proqram BMT ilə birlikdə Baş Katiblik tərəfindən hazırlanır. Regionlararası səviyyədə BMT-nin himayədarlığı ilə dövlət auditi mövzusunda 23 seminar təşkil olunub. Hesablama Palatasının nümayəndə heyətinin iştirak etdiyi BMT və INTOSAI təşkilatlarının sonuncu 23-cü Simpoziumu “BMT-nin 2015-ci ildən sonra İnkişaf Gündəliyi: Dayanıqlı inkişaf üzrə AAQ-nin rolu və həyata keçirmə vasitələri” mövzusunda 2015-ci ilin mart ayında keçirilmişdir.

Hesablama Palatası INTOSAI-nın milli səviyyəyə aid kənar dövlət auditi funksiyasına qlobal perspektivdən dəstəyin verilməsi işinə qoşulmuşdur. Bu məqsədlə palata INTOSAI-nın strukturuna daxil olan həm EUROSAI (Ali Audit Qurumlarının Avropa Təşkilatı) və ASOSAI (Ali Audit Qurumlarının Asiya Təşkilatı) kimi regional təşkilatlar, həm də müxtəlif  komitələr, alt-komitələr, işçi və xüsusi qruplar, IDI təşkilatı ilə və “Dövlət auditi üzrə beynəlxalq jurnal” (The International Journal of Government Auditing) ilə yaxından əməkdaşlıq edir. Sadalanan qurumlar müxtəlif sahələri əhatə etməklə yanaşı, INTOSAI-nın 2011-2016-cı illər üzrə Strateji İnkişaf Planında təsbit edilmiş 4 strateji məqsəd üzrə məsuldur:

1) Peşəkar standartlar;

2) Potensialın artırılması;

3) Bilik mübadiləsi;

4) Nümunəvi beynəlxalq təşkilat.

Hesablama Palatası birinci məqsədə nail olunmasına çalışan Peşəkar Standartlar Komitəsinin, o cümlədən Uyğunluq Auditi üzrə Alt-komitənin üzvüdür, eyni zamanda, üçüncü-bilik mübadiləsi məqsədi üzrə məsul olan Ətraf Mühitin Auditi üzrə İşçi Qrupa, Satınalma Müqavilələrinin Auditi üzrə Xüsusi Qrupa, Dövlət Borcu üzrə İşçi Qrupa daxildir. Palatanın bu qruplar daxilindəki fəaliyyəti yalnız fikir və təcrübə mübadiləsi ilə məhdudlaşmır. Burada aparılan iş nəticəsində sonradan dünya AAQ-nin istifadəsinə verilən yeni standartlar, təlimatlar, qabaqcıl təcrübələr barədə məlumatlar, həmçinin peşəkar biliyin artırılması imkanlarına dair təşəbbüslər hazırlanır. Təqdim olunan yeniliklərin praktik dəyərinin qorunması üçün qrup üzvləri arasında müxtəlif növ sorğular aparılır, onların iştirakı ilə görüşlər və birgə auditlər keçirilir. Hesablama Palatası beynəlxalq fəaliyyət istiqaməti kimi kooperativ və paralel (koordinasiya olunan) auditlərin keçirilməsi ilə bağlı təcrübənin toplanmasında maraqlıdır. Odur ki, palata ilk təcrübə olaraq 2006-cı ildə Rusiya Federasiyası Hesablama Palatası və Respublika Büdcəsinə Nəzarət üzrə Qazaxıstan Respublikasının Hesablama Komitəsi ilə Xəzər dənizi hövzəsinin bioloji resurslarından istifadənin səmərəliliyi, habelə nərə balıqlarının mühafizəsi, qorunması, bərpası və rasional istifadəsi üzrə, daha sonra 2009-cu ildə iqlim dəyişmələri ilə əlaqədar koordinasiya edilmiş paralel auditlərdə iştirak etmişdir. Bundan əlavə 2014-cü ildə Hesablama Palatası tərəfindən  fəlakət və qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına ayrılmış vəsaitlər üzrə, 2015-ci ildə isə böyük miqyaslı təbii fəlakətlər zamanı zərərçəkmiş ölkələrə göstərilən yardım axınları üzrə keçirilmiş auditlərə dair hesabatlar tərtib edilmiş və ictimailəşdirilmişdir.

Hesablama Palatasının xarici həmkarları ilə birgə səyləri nəticəsində meydana gələn innovativ təşəbbüslər, layihə sənədləri və təkliflər paketləri INTOSAI-nın ali orqanı INCOSAI-nın (INTOSAI-ın Konqresi) tribunasından AAQ-nin beynəlxalq cəmiyyətinə təqdim edilir. Palata yarandığı tarixdən 3 illik interval ilə 5 konqres keçirilmişdir. INTOSAI-nın təkmil beynəlxalq təşkilata çevrilməsi məhz bu sonuncu konqreslərdə və onların yekun nəticələrində özünü aydın büruzə vermişdir. Bu  məqsəd üçün 2007-ci ildə Mexikoda (Meksika) keçirilmiş XIX Konqresdə hazırda təməl standart hesab edilən Mexiko bəyannaməsinin hazırlandığını, 2010-cu ildə Yohannesburqda (CAR) keçirilmiş XX Konqresdə ISSAI çərçivəsinin təsdiq olunduğunu, 2013-cü ildə Pekində (ÇXR) keçirilmiş XXI Konqresdə BMT-INTOSAI əməkdaşlıq platformasının rəsmən təqdim olunduğunu qeyd etmək yetərlidir. Palatanın daim qatıldığı INCOSAI-lar zamanı təsdiq edilən beynəlxalq fəaliyyət hesabatlarında görülmüş işlər ilə  yanaşı,  ayrı-ayrı AAQ-nin xüsusi töhfələri plenar iclaslarda təqdim edilir. Belə ki, əsasən “Milli audit və milli idarəçilik” və “Maliyyə siyasətinin uzunmüddətli davamlılığının qorunmasında AAQ-lərin rolu”  mövzularında keçirilmiş sonuncu – XXI INCOSAI-da Azərbaycan AAQ-nin EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransına yüksək səviyyədə təşkilatçılıq nümayiş etdirməklə ev sahibliyini təmin etməsi dəfələrlə vurğulanmışdır. 2013-cü ildə  “Ali Audit Qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda Bakıda keçirilmiş Konfransda 25 AAQ rəhbəri səviyyəsində olmaqla 44 ölkənin AAQ-si təmsil olunmuş, tədbirin yekununda isə Bakı Bəyanatı qəbul edilmişdir. Bundan əlavə, palata ECOSAI-nın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin AAQ təşkilatı) İdarə Heyətinin illik toplantısına, IDI təşkilatının təlimçilərinin seminarına hazırlıq ilə bağlı görüşünə, EUROSAI-nın fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun 2-ci toplantısına, INTOSAI-nın satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun 3-cü illik toplantısına təşkilati dəstək  vermişdir.

Hesablama Palatası regional iş birliyini də diqqətsiz qoymur və bununla əlaqədar, INTOSAI-nın Avropa və Asiya regionuna aid AAQ-lər ilə – EUROSAI və ASOSAI ilə də əməkdaşlıq edir. Daha lokal səviyyədə isə ECOSAI və MDB-yə üzv dövlətlərin AAQ-lərinin Rəhbərləri Şurası (Rəhbərlər Şurası) və üzv təşkilatları ilə sıx işgüzar münasibətlər yaradılmışdır. Məsələn  2002-ci ildən başlanmış ECOSAI təşkilatına üzvlük ərzində palata müxtəlif tədbirlərə ev sahibliyi etmiş, Təlim Komitəsinin işində iştirak etmiş, həmçinin Audit Komitəsinin üzvü olaraq ECOSAI hesablarının auditini keçirmişdir.

Hesablama Palatasının beynəlxalq fəaliyyətinin daha bir istiqaməti beynəlxalq donor təşkilatlarla birgə potensialın artırılmasına yönələn layihələrin həyata keçirilməsidir. Bu baxımdan, SECO (İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatı), Dünya Bankı və Avropa İttifaqı başlıca tərəfdaşlardır.

Öncə onu deyim ki, Dünya Bankının dəstəyi ilə həyata keçirilmiş İnstitusional Quruculuğa II Texniki Yardım Layihəsi (IBTA II) çərçivəsində 2004-cü ilin mart ayından 2005-ci ilin mart ayınadək olan dövrdə Hesablama Palatasına Avstraliyanın konsaltinq şirkətləri tərəfindən texniki dəstək proqramı həyata keçirilmişdir. Həmin proqram üzrə əsas məqsədlərdən birinin Hesablama Palatasında beynəlxalq mühasibat və audit standartları əsasında peşəkar qabiliyyətlərin formalaşdırılması və bu istiqamətdə təlim kurslarının keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq, beynəlxalq məsləhətçilər tərəfindən dövlət sektorunda auditin müxtəlif növləri üzrə Hesablama Palatasının əməkdaşları üçün yalnız bir neçə təlim kursu keçirilmişdir.

2007-ci ildə isə Dünya Bankı tərəfindən həyata keçirilən Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində İrlandiyanın konsaltinq şirkətinin dəstəyi ilə Hesablama Palatasının 2008-2010-cu illər üçün “Strateji İnkişaf Planı” (SİP) hazırlanmış və bu planda palatanın fəaliyyət istiqamətlərini əhatə edən məsələlərin həlli üçün tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlərin həyata keçirilməsi üçün SECO tərəfindən qrant vəsaiti ayrılmışdır. İlkin mərhələdə qrant vəsaiti hesabına beynəlxalq fərdi məsləhətçi cəlb edilərək bir sıra təhlil səciyyəli sənədlər ilə yanaşı, 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planı (SİP) hazırlanmış və onun icrası üçün 4 prioritet istiqamət müəyyən edilmişdir:

• səmərəlilik auditinin tətbiqi;

• maliyyə auditinin
         təkmilləşdirilməsi;

• qanunvericilik və standartlar
         bazasının gücləndirilməsi;

• insan resursları və təlimin
         təkmilləşdirilməsi.

Müvafiq komponentlərə bölünmüş layihə nəticəsində səmərəlilik auditinin qaydaları, səmərəlilik auditində tətbiq olunan metodlara dair təlimat, 2015-2016-cı illər üzrə səmərəlilik auditinin strategiyası, səmərəlilik auditi üzrə 2 sınaq (pilot) auditinə dair hesabatlar, maliyyə auditi üzrə təlimat kitabı, 2015-2017-ci illər üzrə maliyyə auditi strategiyası, 2015-2017-ci illər üzrə informasiya texnologiyası strategiyası, kompüter əsaslı audit texnikasının (KƏAT) tətbiqi üzrə xərc-fayda təhlilinə dair hesabat və digər mühüm sənədlər hazırlanmışdır.

Eyni zamanda, Hesablama Palatasının Avropa İttifaqı ilə əməkdaşlığını qeyd etmək lazımdır. Burada Avropa İttifaqının Tvinninq, TAIEX və SIGMA kimi institusional quruculuq alətləri də vurğulanmalıdır. İlkin mərhələdə daha çox institusional əməkdaşlığın yeni formatı olan Tvinninq alətindən istifadədən də danışmalıyıq. Bununla əlaqədar palata tərəfindən “Hesablama Palatasının fəaliyyətində ISSAI standartlarının tətbiqinə dəstək” adlı tvinninq layihəsinin icmalı-sinopsisi hazırlanmış və buna əsasən layihənin sonunda ISSAI-nın tətbiqi sahəsində tərəfdaş AAQ-nin təcrübəsi ilə tanışlıq, Hesablama Palatasının fəaliyyətinin iCATs vasitəsilə dəyərləndirilməsi, bu dəyərləndirmələrin nəticələrinə əsasən tövsiyələrin hazırlanması və maraqlı tərəflər arasında məlumatlandırma işlərinin aparılması, palatanın peşəkar fəaliyyətinin təşkilində ISSAI-lərin tətbiqinin davamlılığını təmin edəcək Tədbirlər Planının hazırlanması da gözlənilir.  Layihə ilə yanaşı, palata, həmçinin öz mövcud potensialının artırılması və bəzi audit növləri üzrə bilik və təcrübə miqyasının daha da gücləndirilməsi məqsədilə Avropa İttifaqının TAIEX (Technical Assistance and İnformation Exchange) alətindən də istifadə edilməsi istiqamətində müvafiq işlərə başlamaq niyyətindədir.

Hesablama Palatası mütərəqqi təcrübənin öyrənilməsi və beynəlxalq standartların tətbiqi istiqamətində fəaliyyətini daha genişləndirməklə qanunvericiliklə müəyyən edilmiş funksiyalarının və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulmuş vəzifələrin layiqincə icrasını təmin etmək əzmindədir.   

Hilal HÜSEYNOV,
Azərbaycan Respublikası Hesablama Palatası
beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında