Müasir azərbaycanın qurucusu

 

 

 

 

 

 

 

 

 

 

 


Həyat çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.

Heydər Əliyev
Ümummilli lider


 

Sorağı tarixin dərinliklərindən gələn ən qədim yurd yerlərindən biri Azərbaycan, ən ulu xalqlardan biri Azərbaycan xalqıdır. Xalqı, ölkəni böyük alimləri, şəxsiyyətləri, liderləri, sərkərdələri ilə tanıyırlar. O insanlarla ki, onlar təkcə mənsub olduqları xalqın deyil, bütün bəşəriyyətin taleyində müəyyən rol oynaya, tarixdə iz qoya bilirlər.

Heydər Əliyev xalqımızın dünya tarixinə bəxş etdiyi elə qüdrətli dövlət xadimlərindəndir ki, insanlar, yeniləşən nəsillər zaman-zaman onun ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar. Və hər dəfə də bu dahinin qalib gələn ideyaları və əməlləri qarşısında heyrətlərini gizlədə bilməyəcəklər. Onun haqqında söz deməkdən böyük fəxarət duyacaqlar. Amma unutmaq olmaz ki, siyasət dünyasının bu nəhəng şəxsiyyət haqqında deyilən hər bir söz, yazılan hər bir kəlam elə bu böyüklüyə layiq olmalıdır.

 

Xilaskarlıq missiyası

 

Heydər Əliyev ölkəmizə 30 ildən artıq rəhbərliyi dövründə Azərbaycanı, Vətənimizi, xalqımızı bütün dünyaya tanıdan, özü isə insanlığın zirvəsinə ucalan, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı; Azərbaycana əbədi müstəqillik bəxş edən, dövlətçiliyimizi bütün təhlükələrdən xilas edən dahi insan; Azərbaycançılıq məfkurəsinin müəllifi və böyük carçısı, müasir Azərbaycanın memarı və qurucusu.

İllər, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bütün zamanlarda, bütün dövrlərdə Heydər Əliyevə hansı prizmadan baxırsansa-bax, o, həmişə ən uca zirvədə olacaq. O, öz xalqının yaddaşında artıq çoxdan ümummilli lider kimi əbədilik qazanıb... O, Tanrı elçisi idi. İnsanlığa xidmət etmək üçün yerə göndərilmiş xarizmatik bir qüvvə idi. Azərbaycana isə xilaskar kimi gəlmişdi. Azərbaycanı bütün təhlükələrdən qorumağa, qurub-yaratmağa, xalqımızın səsini bütün dünyaya yaymağa gəlmişdi. Gəldi və öz xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə, böyük qətiyyətlə, heyrət ediləcək məharətlə, yüksək səviyyədə yerinə yetirdi, xalqın sabaha inamını bərpa etdi, milləti öz taleyüklü problemlərinin həlli yönündə fədakarlığa ruhlandırdı. Dövlət qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı və yenidən göylərə ucaldı. Ucaldı və indi də göylərdə qərar tutmuş Günəş kimi öz parlaq şüalarını Azərbaycana səpələyir.

Ulu öndər Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısında tarixi xidmətləri o qədər çox, o qədər böyükdür ki, onların hamısından bir məqalədə danışmaq mümkünsüzdür. Amma birbaşa müstəqilliyimizlə bağlı bir məqamı xatırlatmağı da özümə borc bilirəm. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Həmin toplantıda sonradan nəinki təkcə Azərbaycanın, bütün SSRİ-nin taleyində mühüm rol oynayacaq bir hadisə baş verdi. Sessiya Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin birdəfəlik çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Ali Məclisi” adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan SSR Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında vəsatət qaldırılması haqqında tarixi qərarlar qəbul etdi.

Bu sessiyadan 4 gün sonra – noyabrın 21-də yenə də Heydər Əliyevin təşəbbüsü ilə “1990-cı ilin yanvar ayında Bakıda baş vermiş hadisələrə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi SSRİ rəhbərliyini, Qorbaçov klanını ilk dəfə açıq şəkildə “cinayətkar” adlandırdı.

Heydər Əliyevin bu fəaliyyətinin ölkədəki ictimai-siyasi proseslərə oyadıcı təsir göstərməsi faktını görmək o qədər də çətin deyil. Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyası elə həmin gün “Azərbaycan SSR” ifadəsindən imtina edərək dövlətimizin “Azərbaycan Respublikası” adlandırılması barədə qərar çıxardı. Həmçinin üçrəngli bayrağımız 71 ildən sonra yenidən dövlət bayrağımız, dövlət simvolumuz kimi təsdiqləndi. Dünya siyasətinin korifeylərindən olan Heydər Əliyev deyirdi: “Azərbaycanın istiqlaliyyətinin bəyan edilməsi ölkəmizin tarixində çox böyük əhəmiyyətə malik hadisədir”. Bu, son dərəcə müdrikliklə deyilmiş tezis özündə mütləq həqiqəti əks etdirir. Amma o mütləq həqiqət bir tarixi reallığa söykənir: sözdə müstəqilliyin gerçək müstəqilliyə çevrilməsində Heydər Əliyevin misilsiz xidmətləri, böyük tarixi rolu danılmazdır. Çünki məhz bu lider sonrakı mərhələlərdə Azərbaycanın müstəqilliyini möhkəmləndirdi və dönməz etdi.

İndi isə bir anlığa 1993-cü ilin həyəcanlı iyun hadisələrini yada salaq. O zaman dünyanın reallıqlara əsaslanan ən ciddi siyasi institutlarında, cəmiyyət problemlərini öyrənən təsisatlarında belə bir fikir formalaşmışdı ki, Azərbaycanı yalnız möcüzə xilas edə bilər. Amma Azərbaycanı möcüzə deyil, müdrik bir şəxsiyyət, dahi bir insan, qüdrətli bir rəhbər – Heydər Əliyev xilas etdi.

1988-1993-cü illərdə bir neçə dəfə Azərbaycanda olmuş bir fransız sosioloqu yazırdı: “Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar gəlsə, Azərbaycan məhvə gedəcək”. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, o, əsl möcüzəyə çevrildi, o, əsl rəhbərini tapdı. Xalqımızın müdrikliyi isə bir də onda oldu ki, o, təsadüfi adamı deyil, Heydər Əliyevi seçdi. Təkidli tələbləri ilə onu yenidən hakimiyyətə gətirdi.

Yəqin, orta yaşlı insanların yaxşı xatirindədir: 1988-ci ildən 1993-cü ilin yayına kimi Azərbaycan özünün faciəli dövrünü yaşadı. Bu müddət ərzində dörd dəfə hakimiyyət dəyişikliyi baş verdi. Məhz hakimiyyətə gəlmiş təsadüfi adamlar ölkəni labüd məhvə aparırdılar. Xalqın inamı qırılmış, ziyalılara qarşı əsl repressiya başlamış, elm, təhsil, səhiyyə, iqtisadiyyat, mədəniyyət bərbad vəziyyətə salınmışdı. Vətəndaş müharibəsi paytaxt Bakının bir neçə kilometrliyində idi. Qanunsuz silahlı dəstələr əhalini qorxu içərisində saxlayırdı. Ölkə acınacaqlı vəziyyətdə idi. Xalq onu bu vəziyyətdən qurtara biləcək yeganə şəxs kimi görkəmli dövlət xadimi Heydər Əliyevi görürdü və təkidlə onu tələb edirdi. Heydər Əliyev Azərbaycanı məhz belə bir vəziyyətdə qəbul etdi və Eduard Şevardnadzenin təbirincə desək, öz ölkəsini həyatı bahasına xilas etdi.

Beləliklə, 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi, Azərbaycanı dağılmaqdan və milli fəlakətdən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi. 1994-cü ilin may ayında atəşkəs imzalandı. Azərbaycanda silahlı müxalifət ənənələrinə qətiyyətlə son qoyan ulu öndər cəmiyyətin inkişafını dinc, demokratik yola istiqamətləndirdi, bununla da Azərbaycan xalqını tarix səhnəsindən silinmək kimi acı bir aqibətdən qorumağa, dövlətçiliyi hifz etməyə müvəffəq oldu. Ən əsası, Heydər Əliyev milli qürurumuzu özümüzə qaytardı: xalqın millət, Torpaq, Vətən və Bayraq sevgisini bərpa etdi. “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!.” deyə bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrətdi.

Bu dahi şəxsiyyətin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın simasını dəyişdirdi. Bəli, həmin dövrü – Heydər Əliyevin böyük fəaliyyəti, müstəqilliyimizin, dövlətçiliyimizin qorunması, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiya dövrü kimi səciyyələndirmək olar.

Danılmaz faktdır ki, bugünkü Azərbaycan reallıqları, ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Bəli, Azərbaycan iqtisadiyyatının mürəkkəb və keşməkeşli mərhələlərini uğurlu yüksəliş yollarına çıxaran məhz ulu öndər Heydər Əliyev olub.

İqtisadiyyatımızın keçdiyi yolu dərindən, ətraflı təhlil etsək, onun bu sahədə gördüyü titanik işlərin şahidi olarıq. XX əsrin 60-cı illərində iqtisadiyyatımızın vəziyyəti və sonrakı mərhələlər, yüksələn templə gedən inkişaf – bütün bunlar Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını dirçəltmək, inkişaf etdirmək üçün gördüyü möhtəşəm işlərə parlaq işıq salır.

Əlbəttə, mən iqtisadçı deyiləm, amma Heydər Əliyevin Azərbaycan iqtisadiyyatındakı misilsiz xidmətlərini görmək, dərk etmək, qavramaq üçün heç də iqtisadçı olmaq vacib deyil. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən bu müdrik insanın Azərbaycan iqtisadiyyatındakı silinməz, pozulmaz izləri Vətənimizin hər yerində var və bunu danmaq qeyri-mümkündür. Bu xidmətin bəhrəsi olan “qiymətli abidələr” indi daha aydın və qabarıq görünür. Onun Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlar zaman keçdikcə xalq tərəfindən daha çox qiymətləndirilir.

Heydər Əliyevin istər 1969-1982, istərsə də 1993-2003-cü illərdəki fəaliyyəti Azərbaycanın tərəqqisinə, xalqın maraqlarına xidmət edirdi. Bu məqamda möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqində söylədiyi fikir çox yerinə düşür: “Heydər Əliyev ictimai-siyasi quruluşundan asılı olmayaraq, sözün əsl mənasında, bütün dövrlərdə Azərbaycan xalqının lideri idi. 1970-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövr ərzində onun tərəfindən görülmüş işlər Azərbaycan xalqının maraqlarına xidmət edirdi. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycana mərkəzi fondlardan böyük həcmdə vəsait gətirilirdi. Yeni zavodlar, fabriklər tikilirdi. İndi bu zavodlar və fabriklər Azərbaycanın iqtisadi və sənaye potensialına böyük dəstəkdir. Əgər o illərdə Azərbaycanda iri sənaye infrastrukturu yaranmasaydı, xüsusilə neft sahəsində, neft emalı sahəsində nəhəng qurğular tikilməsəydi, bu gün Azərbaycanın iqtisadi potensialı o qədər də güclü ola bilməzdi. Yəni demək istəyirəm ki, ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün zamanlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, xalqa, millətə bağlılığı ölkəmiz üçün, böyük işlər görmək üçün gözəl şərait yaratmışdır. Amma təbii ki, Azərbaycanın ən ağır dövrü olan müstəqilliyimizin ilk illərində Heydər Əliyevin fəaliyyəti həlledici idi.”

Bəli, Heydər Əliyev Azərbaycanın milli iqtisadiyyatını inkişaf etdirməyi qarşısına məqsəd qoydu və buna nail oldu. Bütün bunları, tutarlı dəlillərlə əsaslandırmaq mümkündür. Heydər Əliyevin əsərlərində, məruzə və çıxışlarında da iqtisadiyyat həmişə sosial-siyasi, sosial-mənəvi və sosial-mədəni amillərlə üzvi surətdə verilirdi. Onun müdrikliyi, uzaqgörənliyi həm də bu amildə idi. Daha bir misal. “Bakı-Tbilisi-Ceyhan” neft-boru kəmərinin əfsanədən reallığa çevrilməsi məhz Heydər Əliyev dühasının bəhrəsidir.

 

Heydər Əliyev və azərbaycançılıq fəlsəfəsi

 

“Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideya var – bu, azərbaycançılıqdır. Biz azərbaycanlılar bu ideyanı yaratmışıq, biz də yaşatmalıyıq, inkişaf etdirməliyik, onun əsasında da birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Biz dünyaya inteqrasiya ediriksə, deməli, bizim mənəvi dəyərlərimiz də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Amma insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarsın”. – Bu fikrin müəllifi olan ulu öndər Heydər Əliyevin bir tarixi xidməti də o idi ki, o, azərbaycançılıq ənənəsinin, azərbaycanlıların güclü diasporunun yaranmasının təməlini qoydu…

1991 -ci ildə hələ Naxçıvanda Ali Məclisin sədri olarkən Heydər Əliyev dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi və diqqəti bu məsələyə yönəltdi ki, Azərbaycan diasporunun təşkilatlanması, dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş həmvətənlərimizin haqlarını qoruya biləcək, Vətənə dünya səviyyəsində dəstək verə biləcək bir qüvvəyə çevrilməsi müstəqil Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri və birincisidir. Bu müdrik insan dönə-dönə qeyd edirdi ki, Azərbaycan diasporu müstəqil dövlətimizin iqtisadi və siyasi maraqlarının həyata keçirilməsi, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə həll edilməsi istiqamətində fəaliyyət göstərən güclü lobbiyə çevrilməlidir. Ümummilli liderin: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur” fikri indi hər birimizin devizi olmalıdır.

Beləliklə, 31 dekabr müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməlini qoydu. O artıq milli bayramımıza çevrilib və xalqımızın çoxəsrlik tarixində ən mühüm hadisələrdən biri kimi əhəmiyyətlidir. 2001-ci il mayın 23-də milli həmrəylik, birlik istiqamətində daha bir addım atıldı. Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında fərman imzaladı. Elə həmin il noyabrın 9-10-da Bakıda keçirilən qurultay ayrı-ayrı ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına əsaslı təsir göstərdi. Bu qurultay uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılmasının, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıc nöqtəsi idi. Bu mötəbər toplantı azərbaycanlıların milli hiss və təfəkkürlərinin oyanışı, daha da qüdrətlənməsi və azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində mühüm rol oynadı. Təbii ki, Yer üzünə səpələnmiş 50 milyonluq azərbaycanlını bir araya gətirmək, icma liderlərini yığıb belə bir möhtəşəm qurultay keçirmək böyük hadisə idi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultayda ulu öndər Heydər Əliyev parlaq nitq söylədi. Həmin nitqin hər parçasında, hər cümləsində, hər kəlməsində bu böyük insanın Vətənə, xalqına bağlılığı, Azərbaycan sevgisi parlaq əks olunur: “Əgər sən azərbaycanlısansa, bilməlisən: Dünya azərbaycanlılarının bir müstəqil dövləti var – Azərbaycan. Dünya azərbaycanlılarının bir tarixi Vətəni var – Azərbaycan. Dünya azərbaycanlıları tarixi Vətənlərini, müstəqil dövlətlərini müqəddəs hesab etməli, onun ətrafında birləşməlidirlər”.

Çox sevindirici haldır ki, ulu öndərin azərbaycançılıq fəlsəfəsi artıq əbədiyaşarlıq haqqı qazanıb. Onun bu fəlsəfəsi də bütün sahələri əhatə edən digər ideyaları kimi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Prezident İlham Əliyev martın
16-da Bakıda “Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 8 fevral 2006-cı il tarixli sərəncam imzaladı. Heç şübhəsiz, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində bu yeni addım Azərbaycanın tarixində mühüm bir hadisə oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da əhəmiyyətli rol oynadı.

Yeri gəlmişkən, bir məqamı da xüsusi qeyd etmək istəyirəm. 2004-cü ilin may ayından fəaliyyətə başlayan Heydər Əliyev Fondunun da əsas məqsədlərindən biri ulu öndər tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, sözün həqiqi mənasında, ləyaqətli Azərbaycan qadınının simvoluna çevrilən Mehriban Əliyevanın təşkilatçılıq məharəti sayəsində həyata keçirilən humanitar proqramlar indi nəinki ölkəmizdə, bütün dünyada alqışlanır. Azərbaycan təhsilinə, mədəniyyətinə, Azərbaycan musiqisinə, muğamlarına, milli-mənəvi dəyərlərimizə diqqət və qayğı – bütün bunlar Mehriban xanım Əliyevanın azərbaycançılıq məfkurəsinə, amalına misilsiz töhfələridir.

Bəli, bu gün müstəqil Azərbaycan Respublikası dünyanın hər bir guşəsindən səsi gələn azərbaycanlılar üçün cazibə mərkəzidir. Və azərbaycanlıların həmrəyliyinin gücünü, qüvvəsini artırmaq, gücləndirmək üçün indi daha böyük imkanlar yaranmışdır. Prezident İlham Əliyev bu imkanların yaradıcısı, təşkilatçısı, ilhamvericisi və dayağıdır.

 

Yeni Azərbaycan Partiyasının  III qurultayı və layiqli davamçı

 

Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi ilə yaradılmış, milli dövlətçilik ənənələrinin formalaşmasında, bir çox taleyüklü problemlərin həllində mühüm rol oynayan və mənim də bir ziyalı kimi üzvlük biletini şərəflə, qürurla gəzdirdiyim Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ən dəyərli əsərlərindən biridir.

Artıq partiya böyük inkişaf yolu keçib, ölkənin ən aparıcı siyasi qüvvəsinə çevrilib. Əgər 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı 550 nəfər nümayəndənin iştirakı ilə keçirilmişdisə, bu gün onun sıralarında 700 minə yaxın siyasi həmfikir birləşir. Bu sırada gənclərin çoxluq təşkil etməsi isə daha sevindirici faktdır.

Partiyanın konfransında qəbul olunmuş bəyanatda deyilirdi: “Yeni Azərbaycan Partiyasının başlıca proqram və məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik, hüquqi dövlətin yaradılması, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, irqindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq, şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli inkişafı və etibarlı müdafiəsini təmin etmək məqsədilə geniş demokratik islahatların həyata keçirilməsi uğrunda mübarizə aparmaqdan ibarətdir”.

Yeni Azərbaycan Partiyası Azərbaycanın çətin dövründə yarandı, cəmiyyət ümid yerini Heydər Əliyevin ətrafında sıx birləşməkdə görürdü. Bu zərurəti ulu öndər belə qiymətləndirmişdi: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır”.

Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı oldu. Onun bir missiyası vardı: o yeni və qüdrətli bir Azərbaycan qurmalı idi.

Aradan keçən illər isə partiyanın öz prinsiplərinə nə qədər sədaqətli olduğunu dəfələrlə sübuta yetirib. Onu da sübut edib ki, bu partiya ölkəmizdə ən öncül, ən mütəşəkkil bir siyasi qurumdur və ölkənin müasir tarixində, ictimai-siyasi həyatında onun danılmaz yeri var…

2003-cü ilin dekabr ayında ulu öndər Heydər Əliyevin vəfatı, nəinki Yeni Azərbaycan Partiyasını, eləcə də xalqımızı, bütün dünya azərbaycanlılarını sarsıtdı. Bu, partiya üçün də ağır, çətin bir sınaq idi. Bu sınaqdan elə ulu öndərin adına layiq də çıxmaq lazım idi. Azərbaycan xalqı isə bunu bacardı.

Səhhətində yaranmış problem bu dahi rəhbərin prezident seçkilərində iştirakına mane oldu. Öz qüdrəti ilə ən çətin məqamlarda belə, insanları heyrətləndirməyi bacaran ümummilli liderimiz xalqa tarixi müraciət etdi. 1 oktyabr 2003-cü il tarixli bu müraciətdə: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyə ulu öndər xalqımızı prezident seçkilərində siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırdı. Və xalq öz liderinin müraciətinə yekdilliklə səs verdi, onu dəstəklədi. Gənc və qətiyyətli, savadlı və praqmatik düşüncəli İlham Əliyevi Prezident seçdi.

Yeni Azərbaycan Partiyası da 26 mart 2005-ci il tarixində keçirilən
III qurultayında öz qurucusunun adına layiq monolit birlik nümayiş etdirdi və güclü təşkilat olduğunu bir daha göstərdi. Cənab İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi və bu seçim cəmiyyətdə böyük razılıqla qarşılandı.

Fikrimcə, bu, təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir…

 

Müstəqil Azərbaycan etibarlı əllərdədir

 

Əslində, Heydər Əliyev ideyalarının özü bir məktəbdir və hazırda bu məktəbin Prezident İlham Əliyev tərəfindən uğurlu davamını görmək çox xoşdur. Bəli, ulu öndərin qurucusu olduğu müstəqil Azərbaycanın taleyi indi çox etibarlı əllərdədir. Ümummilli liderin uğurlu neft strategiyası, habelə İpək yolu, sahibkarlıq, qeyri-neft sektorunun, regionların sürətli inkişaf məsələləri – bütün bunlar
Prezident İlham Əliyevin apardığı işlərin mahiyyəti, sosial-iqtisadi nəticələri ilə davam etdirilir.

Heydər Əliyev Azərbaycan dövlətinin müstəqil, dinamik inkişaf edən bir ölkə kimi fəaliyyətinin əsasını qoydu. Onun siyasi varisi Prezident İlham Əliyev isə Azərbaycanın gələcək inkişaf perspektivləri ilə bağlı gərgin və məhsuldar iş aparır, məqsədli proqramlar həyata keçirir və bununla da dövlətçiliyimizə, müstəqilliyimizə, Azərbaycanın sosial-iqtisadi tərəqqisinə sədaqətlə xidmət edir. Heydər Əliyev siyasətinin bütün istiqamətlərinin bu cür davamı isə xalq tərəfindən də yüksək dəyərləndirilir. Nahaq deyilməyib ki, xalqın gözü tərəzidir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin prezident seçkiləri öncəsi verdiyi vədlər indi öz əksini görülən işlərdə tapır. Artıq Azərbaycanda
1,5 milyondan çox yeni iş yeri yaradılıb, bu isə ilk növbədə, əhalinin rifah halının yaxşılaşmasını təsdiq edən amillərdən biridir. “Mən istəyirəm Azərbaycanda yoxsul olmasın, işsiz olmasın. Hamı yaxşı yaşasın!” – bu, möhtərəm Prezidentimiz İlham Əliyevin ən böyük devizidir. Bu deviz dövlətçiliyimizin qorunması, müstəqilliyimizin möhkəmləndirilməsi işinə, ölkəmizin tərəqqisinə, insanların rifahına xidmət edir. Və son illər sosial-iqtisadi məsələlərlə bağlı qəbul olunmuş dövlət proqramları, həyata keçirilmiş tədbirlər ölkəmizdə yoxsulluq səviyyəsinin aşağı düşməsində mühüm rol oynayır.

Həqiqətən də, böyük potensial imkanlara malik Prezident İlham Əliyev Azərbaycan adlı nəhəng gəmini çox məharətlə idarə edir. Biz hamımız, bütün Azərbaycan xalqı isə müdrik Prezidenti ilə fəxr edir.

 

Xalqın əbədi lideri

 

Müdrikliyi və qətiyyəti, ağlı və düşüncəsi, gərgin əməyi və fəaliyyəti, bütövlükdə yaşadığı böyük ömrün bütün mərhələləri Heydər Əliyevin insanlığın və liderliyin zirvəsində dayanan şəxsiyyət olduğunu sübut edir. Heydər Əliyev öz xalqının yaddaşında, tarixində əbədiyaşarlığını hələ sağlığında ikən təmin edib. Müstəqil Azərbaycanın memarı, müasir Azərbaycanın qurucusu olan bu nəhəng siyasətçiyə hər birimizin bir müqəddəs borcumuz var: bu borcdan isə onun əməllərinə sədaqətlə xidmət etməklə, ideyalarını yaşatmaqla, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə çıxmaq olar.

Bəli, bugünkü Azərbaycan reallığı Prezident İlham Əliyevin parlaq şəxsiyyəti və yorulmaz fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət Heydər Əliyev siyasi fəlsəfəsinə, liderlik məktəbinə söykənir. Əgər Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdisə, İlham Əliyev bu estafeti inamla qorudu, bu məktəbin layiqli davamçısı olduğunu sübut etdi. Məhz Prezident İlham Əliyevin bacarıqlı rəhbərliyi sayəsində bu gün Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır.

Mən Heydər Əliyevin vəfatının 13-cü ildönümü münasibətilə yazdığım, ulu öndərin unudulmaz, parlaq xatirəsinə həsr etdiyim, ölməz ruhuna bağışladığım bu yazını möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqindən kiçik bir parça ilə bitirmək istəyirəm: “Mən demişdim, bu gün də deyirəm ki, Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla getməlidir, yalnız bu yol bizə uğur gətirə bilər. Biz ancaq bu yolla getsək, ölkəmizi zəngin, qüdrətli dövlətə çevirə biləcəyik.

Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir.”

Fikrimcə, əlavə sözə ehtiyac yoxdur. Təkcə möhtərəm
 Prezidentimiz İlham Əliyevə Azərbaycanımızın çiçəklənməsi naminə çətin, məsuliyyətli işində uğur diləmək qalır. Bir də 2003-cü ilin dekabrından, demək olar ki, hər gün təkrarladığımız bir duanı dilə gətirmək istəyirəm: “Yerin cənnət, ruhun şad olsun, ulu öndər! Qoy Ulu Tanrı ruhuna edilən duaları qəbul etsin!”

Nizami Xudiyev, 
 Yeni  Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
filologiya üzrə elmlər
doktoru,  professor,
Əməkdar elm xadimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında