Yeni iqtisadi inkişaf modeli Azərbaycanda turizmin stimullaşdırılmasına böyük töhfə verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 dekabr 2016-cı il tarixli fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib. Milli iqtisadiyyatın inkişafının 11 əsas istiqaməti üzrə strateji yol xəritələrinin hazırlanmasında yerli ekspertlər və “beyin mərkəzləri” ilə yanaşı, Azərbaycan hökumətinin təşəbbüsü ilə ABŞ-ın “McKinsey” şirkəti də iştirak edib.

Azərbaycan artıq özünün post-neft dövrünü yaşayır və yeni iqtisadi inkişaf modeli tətbiq etməkdədir. Yeni model mövcud infrastrukturdan istifadə etməklə, həm xarici investisiyanın cəlb edilməsi, həm neftdən asılılığın aradan qaldırılması, həm də iqtisadiyyatın diversifikasiyası, modernləşdirilməsi kimi fəaliyyətləri özündə əks etdirir. Bununla bağlı hazırlanmış strateji yol xəritələri üç dövrü - 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Strateji yol xəritələrinin bəzisi iqtisadiyyatın sektorları üzrə hazırlanıb: turizm, maşınqayırma, kimya sənayesi üzrə strateji yol xəritələri var. Başqa yol xəritələri konkret istiqamətləri əhatə edir: kiçik və orta sahibkarlığın inkişafı, uyğun mənzil təminatı və s. Mən əsasən turizm sahəsinin inkişafı ilə bağlı yol xəritəsi üzərində dayanmaq istərdim. Sənəd belə adlanır: “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”. Sənədin hazırlanmasında əsas məqsəd turizmin rəsmi olaraq ölkədə qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən biri elan olunmasıdır.

Bu strateji yol xəritəsinin hazırlanmasına həm müvafiq dövlət orqanları, həm elmi dairələrin, həm də vətəndaş cəmiyyətinin nümayəndələri cəlb edilib və nəticədə kifayət qədər təkmil bir sənəd hazırlanıb. Artıq dövlət başçısı bu sənədi təsdiq edib. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanmasında müəyyən qədər iştirak etmiş ali məktəb nümayəndəsi olaraq deyə bilərəm ki, sənəd ölkəmizdə turizmin inkişafı üçün böyük ümidlər vəd edir və ilk dəfə konkret tədbirləri müəyyənləşdirib. 2020-ci ilə qədər turizmlə bağlı hədəflər, prioritetlər və tədbirlər müəyyən olunub.

Xüsusi olaraq 2020-ci ilə qədər Bakının turizm potensialının tam reallaşdırılması və ölkəyə turist axınının artırılması üçün alətlər müəyyənləşdirilib. Turizmin inkişafı üçün güzəştlər nəzərdə tutulur. Azərbaycanın, xüsusən Bakının turizm potensialı ilə bağlı təşviqat kampaniyasının aparılması, qış turizmi, çimərlik turizmi, sağlamlıq turizmi və ekoturizmin potensialının artırılması üçün tədbirlər, təşviqlər, iqtisadi alətlərdən istifadə edərək o turizm növlərinin stimullaşdırılması nəzərdə tutulub. Çox vacib əlamət odur ki, bundan sonra turizm sahəsində hazırlanan sənədlər, qəbul ediləcək qanunların məzmunu və ruhu bu sənədə uyğunlaşdırılacaq.

Yaxın vaxtlarda “Turizm haqqında” qanunun qəbul ediləcəyi  gözlənilir. Həmin qanun layihəsində də turizm üçün bir sıra mühüm yeniliklər nəzərdə tutulub və həmin ­qanun da bu sənədin ruhuna uyğunlaşdırılacaq. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2025-ci ilə qədər Bakının dünyanın “Top-20” turizm şəhərlərindən birinə çevrilməsi hədəflənir. Sənəd Azərbaycana 3 saat və 3 saatdan az uçuş məsafəsində olan ölkələrlə turizm sahəsində əməkdaşlığın gücləndirilməsini, hava nəqliyyatı şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur. O cümlədən, həmin ölkələrdən turistlərin ölkəyə cəlb olunması üçün hədəf qrupların müəyyənləşdirilməsini və ona uyğun marketinq seqmentinin, təbliğat kampaniyalarının aparılmasını nəzərdə tutur.

İlk növbədə Bakıda və digər turizm potensialı olan müvafiq böyük şəhərlərdə turizm təbliğat bürolarının yaradılması, Turizm Şurasının və onun ixtisaslaşdırılmış işçi qruplarının fəaliyyətinin təşkili sənəddə əksini tapıb. Turizmin bir çox növləri var ki, bu gün Azərbaycanda həmin sahələrin potensialından kifayət qədər istifadə edilməyib. Bura sağlamlıq turizmini, ekoturizmi və digər turizm növlərini əlavə etmək olar. Sənəd bu potensialdan daha geniş istifadə edilməsini nəzərdə tutur.

Eldar ASLANOV, 
Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında