Heydər Əliyev Azərbaycan tarixində ilk ümummilli liderdir

Şəxsiyyətsiz tarix yoxdur. Tarixi şəxsiyyətlər isə dünyaya zəruri bir missiyanı gerçəkləşdirmək üçün gəlir, öz xalqının, bəzən də bəşəriyyətin taleyində önəmli rolları ilə silinməz izlər qoyurlar. Azərbaycan çoxəsrlik şanlı tarixi boyu insan fəaliyyətinin bütün sahələrində dünyaya nadir şəxsiyyətlər bəxş etmişdir. Bu mənada, son yarım əsrdə xalqımızın itirilmiş dövlət müstəqilliyinin bərpası ilə sonuclanan hərtərəfli tərəqqisi Vətən tarixində ilk dəfə ümummilli lider səviyyəsinə yüksəlmiş ulu öndər Heydər Əliyevin adı və əməlləri ilə bağlıdır.

Ümumxalq məhəbbəti qazanmış dahinin, xalqının azadlıq və müstəqillik arzularını gerçəkliyə qovuşdurmuş ümummilli liderin, möhkəm dayaqlar üzərində müstəqil dövlət qurmuş qüdrətli rəhbərin – Heydər Əliyevin əbədiyyətə qovuşduğu  12 dekabr milyonlarla insanın, bütün azərbaycanlıların müqəddəs hüzn günüdür. Bu kədərli hadisədən 13 il ötür. Bu illər ərzində Heydər Əliyevin xalqımızın və dövlətimizin taleyi ilə bağlı böyük arzularının inamla gerçəkləşdirilməsi ulu öndərin əziz və unudulmaz xatirəsinə ehtiramın bariz ifadəsidir.

Bugünlərdə ulu öndərin növbəti anım gününü xalqımız böyük hörmət və ehtiramla qeyd edir. Yenə də onun uyuduğu Fəxri xiyaban  saysız-hesabsız insanın böyük qürur və qədirbilənliklə  yad etdiyi məkana çevrilmişdir. Bu sonsuz ehtiram ümummilli liderin əbədi uyuduğu ünvana xalqımızın həmişə sevgi- sayğılarla üz tutacağının təsdiqidir. Bütün mənalı həyatını xalqının xoşbəxtliyi və azadlığı uğrunda sərf etmiş Heydər Əliyevin gördüyü misilsiz işlər kimi, onun xatirəsi də əbədi anılacaqdır.

Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata bilmişdir. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olmuşdur. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü yalnız onun yaşadığı illərlə ölçülmür. Arzu-əməllərini öz millətinin tale kitabına yazmış Heydər Əliyevin xatirəsi  ürəklərdə özünə doğma yuva qurmuş, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayacaqdır.

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmişdir. Bu insan Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifahının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Dünyada 35 illik bir dövrün aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yol, sərt və mürəkkəb məqamlarda onun tutduğu obyektiv və qəti mövqe, atdığı düşünülmüş addımlar, əldə etdiyi ciddi və mühüm nəticələr, əslində, çox mənalı və ibrətamiz məktəbdir.

Bu təlim beynəlxalq siyasi aləmdə və Azərbaycanda özünəməxsus yeri və əhəmiyyəti olan, tarixə düşən, hər yeni mərhələ üçün aktuallıq və müasirlik kəsb edən, həmişəyaşarlıq qazanan Heydər Əliyev siyasi məktəbi kimi özünü təsdiq etmişdir. Eyni zamanda, Heydər Əliyevin qiymətli siyasi irsi – məruzələri, nitqləri, çıxışları, imzaladığı tarixi qərarlar və sərəncamlar, hətta verdiyi tapşırıq və tövsiyələr küll halında həmin böyük siyasət məktəbinin ən dəyərli dərslikləridir. Heydər Əliyevin simasında böyük, əbədiyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə vahid məcrada birləşmişdir.

Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir səhifəsini təşkil edir ki, onun da hər bir sətri ulu öndərin qüdrətli əlləri ilə yazılmışdır. Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından  kənara çıxaraq, zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlmişdir. Ulu öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan cahanşümul bir şəxsiyyətdir. Bu dahi insan təkcə öz zəmanəsi üçün yaşamamış, yalnız öz dövrünün qayğıları ilə məşğul olmamışdır.

Azərbaycanın yetirdiyi çox böyük şəxsiyyət – ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq onu praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir. Yalnız bir yöndə – bütöv və tam həqiqət yolu ilə gedən və böyük uğurlar qazanan ulu öndər Azərbaycan xalqının tarixində yeni bir mərhələ açmışdır. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarmış, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini bərpa etmiş, ölkəmizdə sabitlik və firavanlığa təminat yaratmışdır.

Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən və onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqətə bağlı olmuşdur. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” – deyən böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəyi dəfələrlə təsdiqləmişdir.

Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindən biri  şərəfli keçmişini, tarixi irsini, milli-mənəvi dəyərlərini onun özünə qaytarması, zəngin adət-ənənələrimizin yaşarılığını himayə etməsidir. Azərbaycançılıq məfkurəsinin formalaşması, milli ruhun yüksəlişi, milli özünüdərkin hər cür buxovdan azad olunması, dövlətçilik arzularımızın gerçəkləşməsi də onun ideya-nəzəri fəaliyyəti ilə bağlıdır.

Ulu öndərin qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlayır, siyasətçilərin, tədqiqatçıların və jurnalistlərin diqqətini daim özünə cəlb edir. Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, getdikcə daha da artır. Ölkəmizdə və xaricdə çap edilən bir çox yazılarda, tədqiqat əsərlərində Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin və mahir idarəçilik bacarığının yeni-yeni cəhətləri əksini tapmaqdadır.

XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı xalqın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin davamlı axarının canlı mənzərəsini təşkil edir. Azərbaycanın çağdaş intibah mərhələsinin banisi Heydər Əliyevin şəxsiyyəti tükənməz və öyrənildikcə dəyəri artan bir xəzinədir. Dövlətçilik tariximizin özünəməxsus bir mərhələsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmış,  respublikamızda milli idarəçilik prinsiplərini bərqərar edərək, xalqın milli mənlik şüurunun oyanmasına, milli- mənəvi dəyərlərin cəmiyyətin prioritetinə çevrilməsinə nail olmuşdur.

Keçmiş SSRİ-nin rəhbərliyində çalışdığı 1982–1987-ci illərdə  ulu öndərin idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı sayəsində İttifaq dövlətinin bir sıra irimiqyaslı layihələri uğurla həyata keçirilmişdir. Heydər Əliyev fenomeninin Ümumittifaq miqyasında etiraf olunması bir həqiqət idi və məhz o illərdə Azərbaycanın gələcək inkişafı ilə bağlı çoxsaylı qərarların qəbul edilməsi də ulu öndərin misilsiz xidmətləridir.

Böyük sınaqlardan çıxmış Heydər Əliyev siyasi kursunun nüvəsini, cövhərini milli dövlətçilik təlimi təşkil edir. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında azərbaycançılıq məfkurəsi dayanır. Heydər Əliyevə görə, azərbaycançılıq  müstəqil dövlətin daxilində ümumxalq həmrəyliyini təmin edən vahid Vətən idealının təcəssümüdür. Bu mənada azərbaycançılıq Heydər Əliyev siyasi kursunun şah damarıdır, ana xəttidir.

 Ölkəmiz bu yaxınlarda mühüm əhəmiyyət kəsb edən bir hadisənin – Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünü qeyd etdi. Azərbaycanın dövlət müstəqilliyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevdən bizə yadigardır. Azərbaycan öz milli-siyasi azadlığı uğrunda mübarizəyə 1988-ci ildə qalxsa da, öz dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də elan etsə də, gerçək milli-siyasi azadlığın nə demək olduğunu xalqımıza Heydər Əliyevin ölkəyə tarixi qayıdışından sonrakı dövr anlatdı.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi sayəsində Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Böyük xilaskar ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Ümummilli lider Heydər Əliyev "Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün maneələrə qarşı mövqe və iradəsini qəti şəkildə qoydu. Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən millət atası Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci mərhələsi yenicə qazanılmış, sadəcə, elan olunmuş dövlət müstəqilliyini itirilmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi, iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrildi. Vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması Heydər Əliyevin müstəqilliyin gerçək mənada möhkəmləndirilməsi yollarındakı danılmaz xidmətidir. Azərbaycanda bərqərar olan sabitlik Heydər Əliyev tərəfindən ölkəmizə bəxş edilmiş böyük ərməğandır, əvəzsiz nemətdir. Sabitlik Heydər Əliyev inkişaf strategiyasının siyasi-ideoloji və hüquqi təminatıdır.

“Hamımızın bir Vətəni var. Bu, Azərbaycandır!” – müdrik kəlamının da müəllifi ulu öndərdir. Xalqımızın çoxəsrlik arzu və ideallarından doğulmuş Heydər Əliyev qeyrəti Azərbaycanın gücü və qüdrətidir! Heydər Əliyev sovetlər dönəmində beynəlmiləlçilik təbliğatında yaxın keçmişi unutdurulan xalqa dilini, mənəviyyatını, milli şüurunu qaytaran liderdir. Heydər Əliyev həm də fəlakət anında millətinin itirdiyi böyüklüyü, aliliyi yenidən qaytaran xilaskardır!

Heydər Əliyevin fiziki yoxluğundan Azərbaycan xalqını 13 il ayırır. Bu illər ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu olmuşdur.  Məhz ulu öndər Heydər Əliyevin siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına doğma Azərbaycanımız zəngin sərvətləri, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə dünyanın diqqət mərkəzindədir.

Heydər Əliyev siyasi kursu daim inkişafda olan bir təlim olaraq yaşayır və həmişə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə təkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük sınaqlardan çıxmış dövlətçilik strategiyasını yaradıcı şəkildə və böyük səriştə ilə davam və inkişaf etdirir. Müasir dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezidentimiz üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyev siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrə və böyük bələdçidir. İlham Əliyev hakimiyyəti həmin qranit dövlətçilik pyedestalı üzərində ucalır.

Məhz bunun nəticəsi olaraq Azərbaycan hazırda dünya miqyasında özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik mövcuddur. Məhz bu birlik sayəsində ölkə iqtidarı son illərdə böyük iqtisadi, siyasi, mədəni  layihələrə müəlliflik edir.  Bütün bu layihələr və təşəbbüslər, ümumilikdə, Azərbaycanın daxili və xarici siyasətdə mədəniyyətə, intellektə, humanizmə və sülhə əsaslanan addımlarının məntiqi nəticəsidir.

 Ulu öndərin zəngin irsini, həmçinin müəllifi olduğu azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək, gələcək nəsillərə çatdırmaq missiyasını öhdəsinə götürən Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyeva zamanın tələblərinə cavab verən dəyərli layihələr həyata keçirir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev ideyalarına sadiq qalmaq, bu ideyaları daim irəli aparmaq, vətəndaşlıq borcunu yerinə yetirmək hər bir azərbaycanlının ən ümdə vəzifəsidir.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Nəsimi rayonunun hər bir sakininin qəlbində yaşayır. Rayonumuzun sakinləri Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi xəttini qəlbən müdafiə edir və bu siyasətin xalqımızı firavan gələcəyə aparacağına tam əminliklə inanırlar.

Unudulmaz rəhbərimiz Heydər Əliyevin Naxçıvandan Bakıya, oradan isə Kremlə uzanan, daha sonra yenidən Bakıda ən ali kürsüdə davam edən həyat yolu Azərbaycanın tarixinin şərəf salnaməsidir. Bu dahi insan həm də uğurun, ədalətin təcəssümü, idarəçiliyin daim yaşayan canlı əfsanəsidir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi rəmzidir!

Bu gün biz ümummilli lider Heydər Əliyevin nə qədər dahi şəxsiyyət və uzaqgörən siyasətçi olduğunu bir daha dərk edirik. Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin davamlı milli inkişafa təminat yaradan ideyaları yaşayır, dövlətimizin, xalqımızın gələcək uğurlarına nur saçır. Heydər Əliyev həmişə Azərbaycanladır, daim bizimlədir!

Asif ƏSGƏROV,
Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı,
YAP Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında