Bu gün Azərbaycan dövləti böyük inkişaf göstəricilərinə görə regionun lider ölkəsidir. Son illər qazandığımız uğurların xronoloji ardıcıllığına diqqət yetirsək, bunun elə də asan başa gəlmədiyinin şahidi olarıq. Qlobal böhrandan ən az əziyyət çəkən ölkələr siyahısında Azərbaycan da var. Təbii ki, son bir ildə manatın üzən məzənnəyə keçməsi, dolların dünyanın siyasi arenasındakı gərginliklərdən asılı olaraq kəskin bahalaşması bizim iqtisadiyyatımıza təsirsiz ötüşməyib. Belə məqamda bəzi işbazların asan pul qazanmaq üçün imkanları genişlənir və əhalinin narazılığına səbəb olan süni bahalaşmaya gedilir və bir sıra məmurlar öz vəzifələrinə biganə yanaşaraq, bu cür işbazların daha da “əl-qol” açmasına imkanlar yaradırlar. Lakin dövlətin prinsipial addımları, dövlət başçısının belə neqativ ünsürlərə qarşı sərt xəbərdarlığı və bu cür insanların nəinki işdən uzaqlaşdırılacağı, həm də məsuliyyətə cəlb olunacağı ilə bağlı dedikləri özünü doğrultmaya bilməz.
Bu gün dövlət idarələrində perspektivli kadrların irəli çəkilməsi prosesi sürətlə aparılır, innovativ addımlar atılır, sürətli iqtisadi manevrlər etmək və gələcək mənfi durumdan ölkənin və əhalinin maddi təminatının sığortalanması üçün iqtisadiyyatın stabilləşdirilməsi ilə qiymətlərin normallaşması və məhsulların tam təmin olunması, dövlət qurumlarında korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi ilə əhalinin iş prosesinin yaxşılaşdırılması prosesi aparılır. Son illər əhalini süründürməçiliklə, korrupsiya ilə daha çox incitmiş və vəzifə səlahiyyətlərini aşmış xeyli yüksək vəzifəli məmurların ifşa olunması, işdən çıxarılması, həbs olunması onu sübut etdi ki, Azərbaycan dövləti bu kimi hallara qarşı barışmaz siyasi xətti əsas götürür. İqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir.
Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir.
Ölkəmizin xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 10 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, büdcə gəlirləri artmışdır. Lakin, eyni zamanda, dünya iqtisadi böhranın və kəskin siyasi intriqaların fonunda neftin qiymətinin düşməsi də iqtisadiyyatımıza və sosial durumumuza təsirsiz ötüşməyib.
İqtisadi dayanıqlılığın mühüm əsaslarından olan makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun davamlı inkişafı təmin edilmişdir. Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev ötən müddətdə də özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir.
Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamı ilə hər il aprelin 25-nin “Sahibkarlar günü” kimi qeyd olunması ölkənin sosial-iqtisadi inkişafında məhz sahibkarların fəaliyyətinə dövlət başçısı tərəfindən verilən yüksək qiymətin göstəricisidir. Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə indiyədək 31 min sahibkara 1,8 milyard manat güzəştli kredit verilmişdir. Güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, ölkənin ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.
Azərbaycan bu gün qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, respublikamızın xammal ixrac edən ölkədən elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır.
Prezident İlham Əliyev müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyəti, qlobal maraqlar sistemini nəzərə almaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirlərini inamla həyata keçirir. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin, monopoliyanın aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əsassız yoxlamaların aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar uğurla davam etdirilir. Korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil etdiyinə görə bu sahədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Azərbaycan cəmiyyəti korrupsiya, rüşvətxorluq və digər neqativ hallarla mübarizənin gücləndirildiyini, artıq ortada ciddi nəticələr olduğunu görür, bunu təqdir edir.
Nüfuzlu beynəlxalq qurumlar tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planları, ölkə rəhbərliyinin təşəbbüsü ilə yaradılan və uğurla vətəndaşlara xidmət göstərən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanan fərman və sərəncamlar müsbət məqamlar kimi qeyd olunur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verməsi xüsusi vurğulanır. Ümumdünya İqtisadi Forumunun biznes mühiti üçün zərərli faktor sayılan korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirməsi deyilənlərə əyani misaldır.
Artıq “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi təqdim edilir. Odur ki, “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqi genişlənir. Bu, müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir.
Fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 11 milyonadək müraciət daxil olub. Gün ərzində “ASAN xidmət” mərkəzlərinə 20 min vətəndaş müraciət edir. 2013-cü ildən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Xüsusi qayğıya ehtiyacı olan əlil vətəndaşlara xidmətlər ödənişsiz həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.
“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunmasıdır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində qurur və inkişaf etdirir.
Bu gün “ASAN xidmət” mərkəzinin ölkədə sayca 10-cu xidməti fəaliyyət göstərir. “ASAN xidmət” Azərbaycan məhsuludur. Prezident İlham Əliyev çıxışlarında bu xidmət barədə danışarkən qeyd edib ki, hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər.
“ASAN xidmət”i bəyənmə əmsalı da çox yüksəkdir. Təhlillər aparılır, rəy sorğuları keçirilir və əhalinin 98 faizi mərkəzlərdə göstərilən xidmətlərdən razıdır. Çünki burada şəffaflıq təmin edilir, bürokratiya, rüşvətxorluq yoxdur, mədəni xidmət göstərilir. Əslində, belə də olmalıdır. “ASAN xidmət” nəinki ictimai xidmətlər sahəsində, ümumiyyətlə, cəmiyyət üçün çox vacib olan bir institusional mərkəzdir.
Müraciət edən vətəndaşlar bütün lazımi sənədləri artıq yeni şəraitdə alırlar. Keçirilən bütün sorğularda qeyd edilir ki, vətəndaşların mütləq əksəriyyəti bu xidmətlərdən razıdır. Bu gün Azərbaycanda çox böyük turist axını müşahidə edilir. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır, Avropa Oyunları, “Formula-1” yarışı, onun auditoriyası 500 milyon insandır. Qəbələ şəhərində artıq bu il səkkizinci dəfə beynəlxalq musiqi festivalı keçirilib. Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanı turistlər üçün daha da cəlbedici ölkəyə çevirir. Bir sözlə, “ASAN xidmət” cəmi 3 il yarım ərzində cəmiyyətdə çox böyük rəğbət qazanıb.
Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 3 il yarım bundan əvvəl qəbul edilmiş qərarın görün nə qədər ciddi, böyük və xoş, çoxşaxəli təsiri var, ilk növbədə, ictimai xidmətlər sahəsində. Digər tərəfdən, “ASAN xidmət” mərkəzlərində bürokratiya, xoşagəlməz hallar yoxdur. Birincisi, bu, bir nümunədir, hər bir dövlət orqanı üçün nümunədir. İkincisi, bu, onu göstərir ki, biz cəmiyyətimizin yaralarını aradan qaldıra, sağalda bilərik. Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallarla mübarizə aparılır. “ASAN xidmət” bu istiqamətdə liderdir. Dövlət başçımız xalqı əmin edir ki, biz gələcəkdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirəcəyik: “Harada ki, vəziyyət hələ bizi qane etmir, harada ki, xoşagəlməz hallar var, biz o funksiyaları “ASAN xidmət” vasitəsilə təşkil edəcəyik”.
Anar TURAN,
“ Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.