2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan qarşıdurma xəttində partlayış təhlükəli gərgin vəziyyətdə ciddi dəyişiklik olmayıb. İstər iki ölkənin prezidentlərinin görüşləri, istərsə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr verməyib. Qarabağ probleminin həllində, danışıqların bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kəs təminat verə bilməz ki, Dağlıq Qarabağda atəşkəs rejimi yaxın gələcəkdə ədalətli sülhlə başa çatacaq. Ona görə ki, əslində müharibə nə cəbhədə dayandırılıb (işğal edilmiş ərazilər indiyə qədər işğaldan azad olunmayıb), nə diplomatik, nə də media məkanında başa çatıb. Dağlıq Qarabağ münaqişəsi həm biznes sahəsi, həm də siyasət – çirkli biznes və məkrli siyasət qurmaq imkanı kimi kimlər üçünsə sərfəlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi erməni və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərində qanlı yaradır – artıq neçə ildir ki, bu məsələ kəskin və həyəcandoğurucu vəziyyətdə qalır. Ermənistanın və Dağlıq Qarabağ separatçılarının təqsiri üzündən Dağlıq Qarabağda müharibə hədsiz baha başa gəlib və bu məsələni unutmaq olmaz. Bəlkə Ermənistan prezidenti Serj Sarkisyan üçün həmvətənlərinin fikrinə qulaq asıb Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair konkret tədbirlərə keçməyin vaxtıdır?
Taleyin qismətindən ərazicə bizə qonşu olanlar beynəlxalq birliyin və bu dünyanın güclülərinin “köməyinə” ümid bəsləyərək özlərinin sülhyaratma potensialını, müasir siyasi texnologiyaların istifadə edilməmiş imkanlarını və iki ölkənin xalqları arasında çoxəsrlik etimad ənənələrini unutmamalıdırlar. Bundan real ideya və regionda sülhə nail olmağın daha sadə yolu yoxdur. Lakin əgər Ermənistan rəhbərliyi münaqişənin ən ağrılı aspektləri barədə tərəflərin mövqelərini yaxınlaşdırmaq yolları axtarmasa, ümdə suallara cavab verməyə çalışmasa, o zaman problemin həllinin ləngidilməsinin nəticələri çox acınacaqlı olacaq.
Aydındır ki, hər hansı başqa münaqişə kimi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də nizamlanmasının determinantı xalqdır – siyasi xadimlərlə yanaşı, ictimaiyyətin nümayəndələri, ziyalılar, KİV əməkdaşları, QHT-lər, diaspor təşkilatlarının üzvləridir. İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və “yerlərdə” müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər.
Münaqişənin həllinin ləngidilməsi şəraitində vəziyyətin hər hansı şəkildə kəskinləşməsi, qüvvələr balansının pozulması qabaqcadan söylənilməsi mümkün olmayan ən faciəli nəticələrə gətirib çıxara bilər. Buna görə də Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir.
Ənənəyə görə xalq diplomatiyasının uğurları, vəziyyətin “elliklə” tənzimlənməsi həm dövlətdaxili, həm də dövlətlərarası məsələlərin həllinə kömək edir. Axı sivilizasiyanın inkişafının əsas göstəricisi, tərəqqinin hərəkətverici qüvvəsi adi insanlardır, vəzifə səlahiyyətləri, protokol baryerləri və peşə şərtilikləri ilə məhdudlaşmayan, yalnız öz vətəndaşlıq borcunu yerinə yetirmək, yaranmış çətinlikləri aradan qaldırmaqda vətənə kömək etmək istəyi ilə hərəkət edən vətənpərvərlər ilk baxışda aradan qaldırıla bilməyəcək, həlli üzərində peşəkar siyasətçilərin illər, onilliklər boyu baş sındırdığı problemlərin həllinin əzəli və bəzən həlledici tərkib hissəsidir.
Humanizm və çoxmillətli birlik dövrümüzün əsl tələbləridir. Bu, onunla şərtlənir ki, tərəqqi yalnız sivilizasiya ənənələrinin təbii davamı olduqda mümkündür. Aydındır ki, informasiya inqilabı və qloballaşma sayəsində vahid meqaməkana çevrilmiş müasir dünyada baş verən hadisələr, ilk növbədə bəşəriyyətin və insanlığın qorunub saxlanması, inkişafı problemləri olaraq hərbi toqquşmalar hüdudundan kənara çıxmalıdır. Etnik və dini mənsubiyyətə əsaslanan güc siyasəti isə bəşər tarixinin müasir inkişafında tənəzzül rolu oynayır, bir növ qlobal gərginlik oxuna çevrilərək təcavüz, qorxu, müharibələr və münaqişələr doğurur. Bu fonda sülh və əməkdaşlıq şəraitində yaşamaq məharəti dövlətlərin və xalqların özlərini qoruyub saxlamaq və qarşılıqlı fəaliyyət istəyi paradiqmasına əsaslanan baxışları nəzərdə tutur. Bu məqsədə uğurla nail olmaq əyani şəkildə göstərir ki, qarşıdurma prinsiplərindənsə, qarşılıqlı fəaliyyət prinsipləri daha səmərəlidir.
Suveren Azərbaycan dövlətinin ərazisində ənənəvi olaraq çoxsaylı xalqlar və milli azlıqlar (o cümlədən ermənilər), habelə müxtəlif konfessiyaların nümayəndələri yaşayır. Xalqımız ta qədimdən genişürəkli və humanist olması ilə səciyyələnir. Multikulturalizm müasir Azərbaycanın dövlət siyasətidir.
Eyni zamanda, bu, xalqımızın əsas fərqləndirici cəhətlərindən biridir. Bunun sayəsində azərbaycanlılar öz mentalitetinə, öz mənəviyyatına görə həmişə sülhsevərliyi ilə fərqlənən xalqlarla sülh və dostluq şəraitində yaşayıblar. 1918-ci ilin may ayında Azərbaycan məhz ermənilərin də səmimiliyinə, qədirbilən olacaqlarına ümid edərək İrəvan şəhərini onlar üçün yaradılan dövlətin paytaxtı (siyasi mərkəzi) kimi güzəşt etmişdir.
Bizim firavanlığımız həmişə irili-xırdalı dövlət işlərində və məişətdə mədəniyyətimizdən və mentallığımızdan asılı olub. Buna görə də Azərbaycan həmişə Ermənistan da daxil olmaqla hamı ilə sülhün və bərabərliyin tərəfdarı olub. Dünya dini liderlərinin Bakı sammitinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə öz həllini tapsın. Elə etməliyik ki, insanlar bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar. Bu işdə təkcə siyasətçilərin fəaliyyəti kifayət ola bilməz”1 .
Tarix öyrədir ki, mövcud problemləri birlikdə həll etmək lazımdır. Dövlətin fəaliyyətinin sərhədlərinin dürüst müəyyən edildiyi yerdə xalqlar şəxsi ünsiyyət, ümumi hədəflərin, dəyərlərin, ümid və həyəcanların ifadə edilməsi üçün hökmən təmas nöqtələri tapırlar. Bu baxımdan müharibə əleyhinə, sülh danışıqları lehinə mövqe bütün dövrlərdə ən konstruktiv və səmərəli mövqe hesab edilib. Mirzə Şəfi Vazeh yazırdı: “Nifrət həmişə günah, sevgi həmişə savabdır”.
2016-cı il noyabrın 8-də Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə təşkil edilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı konfrans iki xalq arasında əlaqə yaradılmasında, Dağlıq Qarabağ məsələsində mövqelərin yaxınlaşdırılmasında, tərəflərin təmas xəttində yeni qarşıdurma qığılcımlarının qarşısının alınmasında, mövcud təhdidlərin aradan qaldırılmasında növbəti mərhələ olub, ən geniş səviyyədə qarşılıqlı münasibətlərin gələcək inkişafı üçün müəyyən zəmin yaradıb, öz xalqlarının taleyinə biganə olmayan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını anlayan və deməli, qarşı tərəfi də dinləməyə, onu başa düşməyə, onunla ünsiyyət saxlamağa hazır olan hər kəsi bu işdə iştiraka cəlb etməlidir.
Görüşün leytmotivi belə bir tezis idi ki, iki qonşu dövlətin əsas probleminin həlli ilə təkcə hökumətlər deyil, xalqlar özləri də məşğul olmalıdır. Konfransın iştirakçısı Vahe Avetyan yoxsulluq şəraitində yaşayan ermənilərin əhvali-ruhiyyəsini ifadə edərək deyib: “İlahi, əgər sən varsansa, uşaqlarımızın başına gətirdiklərimizə görə bizləri, yaşlıları bağışla. Əgər biz yaşlı nəsillər ölüb gedənə qədər öz səhvlərimizi düzəltməsək, uşaqlarımızı fəlakətdə qoyub gedəcəyik... Ayılın, fikirləşin, ey yaşlılar. İnformasiya və internet əsrində bizdən sonrakı nəslin həyatını yüngülləşdirmək üçün hər cür imkan var. Əssəlamu aleykum!” 2.
Konfransın işində Ermənistan vətəndaş cəmiyyətinin fəalları – jurnalist, “Meridian” qeyri-hökumət hüquq-müdafiə təşkilatının sədr müavini Suzanna Caqinyan, Ermənistan “Milli azadlıq hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, hüquq müdafiəçisi, siyasi mühacir Vahe Avetyan, Azərbaycan nümayəndələri – Milli Məclisin deputatları, QHT rəhbərləri, ölkəmizdə akkreditə edilmiş beynəlxalq təşkilatların və diplomatik korpusun üzvləri iştirak edirdilər.
Ermənistan vətəndaş cəmiyyətinin bir neçə fəal üzvünün eyni vaxtda Bakıya gəlməsi qeyri-adi hadisədir. Demək olar ilk dəfə idi ki, Ermənistanın qeyri-hökumət sektorunun Ermənistanın hakim rejimindən əsla asılı olmayan nümayəndələri Azərbaycana gəlmişdilər. Onların öz bəyanatlarından belə məlum olur ki, bu şəxslərin Bakıya gəlmək barədə qərarları müstəqil şəkildə qəbul edilib, hakimiyyət orqanları ilə hər hansı məsləhətləşmələr isə artıq bu səbəbdən mümkün deyildi ki, hakimiyyət həmin hüquq müdafiəçilərinin tənqidi baxışlarını qəbul etmir. V.Avetyan deyib: “Bizim bu konfransda iştirakımız xalq diplomatiyasının tərəfdarı olduğumuzu göstərir. Ermənistanda hakimiyyətlə eyni mövqedən çıxış edən ictimai hərəkatın bütün fəaliyyəti bizim azərbaycanlı həmkarlarla yaratmağa çalışdığımız prosesi dağıtmağa yönəlib”3.
Bakıya gələn Ermənistan nümayəndələrinin etirafına görə, bu insanlar daim Ermənistanın hakim dairələrinin təzyiqi altındadırlar. Erməni hüquq müdafiəçilərinin bu dərəcədə xoşagəlməz vəziyyəti onunla izah edilir ki, Sarkisyan rejimi onun siyasətini tənqid edənlərə qarşı son dərəcə dözümsüzdür. Bu vəziyyət Ermənistana çox baha başa gəlir və ən yaxın gələcəkdə ölkədə siyasi turbulentliyin daha da artması və iqtisadi sarsıntılar gözlənilir.
Lakin mətbuat konfransında Suzanna Caqinyanın qeyd etdiyi kimi, “Artıq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vaxtı çatıb. Bu münaqişə Ermənistan hökuməti tərəfindən hazırda tətbiq edilən metodlarla deyil, sülh yolu ilə həll edilməlidir. Bu münaqişə nəticəsində insanların həlak olması çox pisdir. Bu, dəhşətdir”4.
Bu fonda Ermənistan vətəndaş cəmiyyətinin fəallarının Bakıda səsləndirdikləri bəyanatlar xüsusi məna kəsb edir. Bu bəyanatlar bir tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə Azərbaycanın konstruktiv yanaşmasını əyani nümayiş etdirirsə, digər tərəfdən rəsmi Yerevanın həm rəsmi diplomatiya səviyyəsində, həm də ekspertlərin və qeyri-hökumət sektoru nümayəndələrinin əlaqələrini əhatə edən ikinci səviyyəli diplomatiya formatında danışıqlar prosesini sabotaj etmək istəyini göstərir.
Bu halda qeyd etmək lazımdır ki, Ermənistan diplomatların səylərini mütəmadi “atəşə tutur”, həm də bu ölkənin hakimiyyət orqanları ikinci səviyyəli diplomatiya deyilən formatda vətəndaş və ekspert cəmiyyətlərinin nümayəndələri arasında əlaqələrin tənzimlənməsinə mane olmağa çalışır. Məsələn, bir neçə il bundan əvvəl, Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ekspert birliyinin nümayəndələri səviyyəsində təmasların intensivləşdiyi vaxt Ermənistanın hakimiyyət orqanları bu cür təmasların inkişafına yol verməmək üçün əllərindən gələni edirdilər.
Bəs bu dəfə Ermənistanı qorxudan nə olub?
Əslində yuxarıda adları çəkilən hüquq müdafiəçiləri özlərinin bütün peşəkar fəaliyyəti ərzində bildirirlər ki, təcavüzkar xarici siyasət erməni xalqına çox baha başa gəlir. Onlar, həmçinin qeyd edirlər ki, qonşulara ərazi iddiaları (ilk növbədə Azərbaycan ərazilərinin işğal edilməsi) son nəticədə Ermənistanın təcrid olunmasına gətirib çıxarıb, beynəlxalq iqtisadi əlaqələr potensialı əhəmiyyətli dərəcədə azalıb, bunlar dünya okeanına çıxışı olmayan bu ölkənin iqtisadiyyatı üçün ağır bir yükə çevrilib.
Azərbaycan ilə daimi və açıq-aşkar uduzulmuş, hədsiz çox resurs bahasına başa gələn silahlanma yarışı nəticə etibarilə Ermənistan iqtisadiyyatının inkişafını ləngidir, əhalinin həyat səviyyəsinə zərbə vurur. Serj Sarkisyan hesab edir ki, bu vəziyyətdə hakimiyyəti əldə saxlamaq üçün yeganə təsirli vasitə onun yarıfaşist ideologiyasında xarici qıcıqlandırıcıya çevrilmiş Azərbaycana münasibətdə ictimai gərginlik dərəcəsini daim artırmaqdır. Konfrans iştirakçıları da bunu təsdiq etdilər. V.Martirosyan dedi: “Ermənistan hökuməti militarist, şovinist, faşist siyasəti yürüdür. Ermənistanın xüsusi xidmət orqanları hələ sovet dönəmində ASALA kimi terror təşkilatları yaradıblar. Bu təşkilatlar ermənilərin şüuruna müsəlmanlara, xüsusən azərbaycanlılara, türklərə nifrət hissi aşılayırdı”5.
Məsələnin bu cür qoyuluşu ilə razılaşmayan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin və qonşular arasında körpü yaradılmasının tərəfdarı olan hər bir insan dərhal qeyri-vətənpərvər, erməni xalqının düşməni elan edilir və hüquq-mühafizə orqanları tərəfindən ciddi təzyiqlə üzləşir. Bu orqanların məqsədi hakimiyyətin dirijorluq etdiyi vahid xordan kənara çıxan səsləri susdurmaqdır. Beləliklə, sülhyaratma xarakterli vətəndaş təşəbbüslərinin praktiki olaraq hamısının qarşısı alınır, Dağlıq Qarabağ prosesində Sarkisyanın inhisarı yaradılır.
Ekspertlərdən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət olan və bu gün Ermənistanın hakimiyyət orqanları tərəfindən sabotaj edilən ikinci səviyyəli diplomatiyanın isə layiq olduğu şansdan məhrumdur. Diplomat Cozef Montvil “Freydə görə xarici siyasət” adlı məqaləsində yazır: “Birinci səviyyəli diplomatiyanı peşəkar diplomatlar yaradır. İkinci səviyyəli diplomatiya isə mahiyyət etibarilə peşəkar qeyri-hökumət praktik və nəzəriyyəçilərin köməyi ilə münaqişələri həll etmək cəhdləridir”6.
Montvilin fikrincə, rəsmi diplomatiya münaqişəli vəziyyətlərin tənzimlənməsi üçün heç də həmişə ən səmərəli üsul deyil. Uzun illər boyu təhlükəli status-kvonu qoruyub saxlamağa çalışan və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə hər vasitə ilə əngəl törədən rəsmi Yerevanın xarici siyasətini görəndə Montvilin bu fikri ilə razılaşmamaq çətindir. Lakin “ölkənin oyuncaq kimi mövcud olması, qondarma “soyqırımı” sayəsində yaradılmış “incidilmiş millət” obrazı, seçmə millət və “Böyük Ararat” ideyasında təzahür edən ideoloji özünüaldatma, habelə “Daşnaksütyun” radikal siyasi postulatların ideoloji hegemonluğu və yalnız tarixi saxtakarlıqlara və “din kartı” ilə manipulyasiyalara əsaslanan xarici siyasət kimi “erməni amilləri” artıq əvvəlki dividendləri gətirmir. Üstəlik, belə amillər bu ölkəyə münasibətdə beynəlxalq tənqid predmetinə çevrilir. Bu tendensiya yüksələn xətt üzrə inkişaf edir”7.
Montvil qeyd edir ki, belə hallarda açıq, çox vaxt altruist və strateji baxımdan optimist olan ikinci səviyyəli diplomatiya qarşıdurma vəziyyətində olan tərəflərin insani imicinin bərpasına kömək edə bilər. Montvilin fikrincə, bu halda ikinci səviyyəli diplomatiya rəsmi danışıqları əvəz edə bilməz. Birinci səviyyəli diplomatiya bu və ya digər səbəblərə görə yerində saydığı halda, ikinci səviyyəli diplomatiya yalnız həllər axtarışında irəliləyişə şərait yaradır.
Yuxarıda deyilənlərə əsasən bu nəticəyə gəlmək olar ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının Ermənistanda hüquq-müdafiə birliyinin və qeyri-hökumət sektorunun nümayəndələri ilə əlaqə yaratmaq cəhdləri, onların beynəlxalq konfransda iştirak etmək üçün Bakıya təhlükəsiz gəlişinin təmin edilməsi sülh prosesində marağı olan bütün tərəflərə ünvanlanmış bir siqnal kimi ölkəmizin fəal sülh danışıqlarını davam etdirmək istəyi və buna hazır olması barədə mesajdır.
Azərbaycan status-kvonun dəyişməsinə şərait yarada biləcək hər hansı formatda həll yolunu axtarmağa hazır olmasını sözdə deyil, əməli işdə nümayiş etdirir. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu dəfələrlə deyiblər. Bakı konfransında Ermənistanın vətəndaş cəmiyyəti fəallarının – hüquq müdafiəçilərinin iştirak etməsi, onların Serj Sarkisyan rejimi barədə həqiqəti səsləndirməsi, habelə sıravi ermənilərin əslində hakim rejimin girovuna çevrilməsi barədə bəyanatlar, belə insanların getdikcə daha çox hissəsi tərəfindən münaqişənin tezliklə həll olunmasının arzu edilməsi – bütün bunlar tərəflər arasında itirilmiş etimadı bərpa etməyin mümkün olmasına ümid yaradır8.
Konfransda çıxış edən Vaan Martirosyanın fikrincə, ermənilər başa düşürlər ki, torpaqlar geri qaytarılmalıdır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mane olan isə Sarkisyan-Koçaryan bandit rejimidir. Konfransın Ermənistandan olan iştirakçıları Suzanna Caqinyan, Vaan Martirosyan və Vahe Avetyan Xocalı soyqırımına görə ictimaiyyət qarşısında üzr istədilər və bu qırğının qurbanlarının xatirəsinə ucaldılmış memorialın önünə güllər qoydular. Yeri gəlmişkən, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohancanyan, “Qafqaz” sülhyaratma təşəbbüsləri mərkəzinin sədri Georgi Vanyan və başqaları daha əvvəl Azərbaycan xalqından üzr istəyiblər.
Konfransın yekunlarına əsasən Ermənistan prezidenti Serj Sarkisyana və Azərbaycan dövlətinin başçısı İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə belə cümlələr var: “...Biz müdriklik və cəsarət nümayiş etdirməyə çağırırıq, keçmişin girovları olmayın, gələcəyə baxın və müharibənin faciəli nəticələrindən ibrət dərsi alın; münaqişənin tezliklə və dinc yolla həll edilməsi üçün nəticələrə istiqamətlənmiş substantiv danışıqları sürətləndirmək, danışıqların imitasiyasına son qoymaq lazımdır. Münaqişənin tezliklə həll edilməsi təkcə Dağlıq Qarabağın deyil, bütün Ermənistanın və regionun iqtisadi inkişafına təkan verəcək. Bu, iki ölkə arasında sülh və əməkdaşlıq işinə qiymətli töhfə olacaq. Bu halda qaliblər və məğlublar yoxdur, bu, həm Ermənistan xalqı, həm də Azərbaycan xalqı üçün yalnız məğlubiyyətsiz nəticə qazanmağa şərait yaradacaq. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində qeyri-məqbul və dayanıqsız olduğu dəfələrlə bəyan edilmiş status-kvonu yaxın zamanda dəyişmək lazımdır. Mövcud status-kvonun fundamental əsası olan işğal faktını aradan qaldırmaq, daxili köçkünlərin öz daimi yaşayış yerlərinə ləyaqətlə və təhlükəsiz qayıtmasını təmin etmək lazımdır...”9.
Noyabrın 8-də Bakıda keçirilən konfrans xalq diplomatiyası formatında bu cür birinci aksiya deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin inkişafının başlanğıc mərhələlərində Qafqazda elə ictimai strukturlar yaratmaq ideyası mövcud idi ki, onlar Qafqaz respublikalarının hər birində xüsusi tədqiqat və təhsil mərkəzləri kimi fəaliyyət göstərsin, orada demokratiyanın əsaslarına və münaqişələrin həllinə dair birgə treninq-seminarlar keçirilsin. Bu strukturlar öz arasında sıx əlaqə saxlamalı və müxtəlif təşkilatların səylərini birləşdirməli; sosial, etnik və dini qrupların geniş təmsil olunduğu müxtəlif səviyyələrdə dialoqların təşkilində iştirak etməli idilər.
Belə tədqiqat mərkəzləri ən müxtəlif geosiyasi risklərə operativ münasibət bildirən yeni tipli təşkilatlara çevrilməli idi. Həmin mərkəzlərdə həm regional, həm də dünya miqyaslı məsələlərin müzakirə edilməsi planlaşdırılırdı. Düzdür, bu layihənin praktiki reallaşdırılmasına çoxları şübhə ilə yanaşsalar da, bu cür modernizmə açıq-aşkar inanmasalar da, belə ictimai strukturların yaradılması Dağlıq Qarabağ probleminin həllində ağlabatan vasitə kimi təsəvvür edilirdi. Siyasətçilərin və ictimai xadimlərin çoxu bu barədə razılaşmanı ermənilərlə sülh müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edirdi.
Bəs erməni tərəfi bu təşəbbüsü necə qəbul etdi? Ermənistan hər hansı sülh layihəsinin müzakirəsindən qəti imtina etdi. Çünki Ermənistan rəhbərliyi Azərbaycan ərazilərinin ilhaqını birmənalı olaraq öz qarşısına vəzifə kimi qoymuşdu. Əslində Ermənistan bu məsələni siyasiləşdirir, regionu hərbləşdirir və nəinki Azərbaycana, hətta digər qonşu dövlətlərə də ərazi iddiaları irəli sürürdü. Bununla əlaqədar, Ermənistan silahlı qüvvələrini hər vasitə ilə artırır və modernləşdirirdi.
“İşğalçı sindromu” təhlükəli məsələdir. O, insanların şüurunu dumanlandırır, vəziyyəti ayıq-sayıq qiymətləndirmək, getdikcə artmaqda olan geosiyasi iştahasını beynəlxalq hüquq normaları ilə müqayisə etmək imkanından məhrum edir, bir məsələni anlamağa mane olur ki, özünü həyasızcasına dünya birliyinə qarşı qoymaq öz xalqı üçün fəlakətlə nəticələnə bilər.
Bunu belə bir fakt da əyani şəkildə təsdiq edir ki, bu gün Ermənistan Cənubi Qafqazda yeganə monoetnik ölkədir. O, dörd qonşu dövlətdən üçünə qarşı ərazi iddiaları irəli sürür. Qafqaz üzrə ekspert Svante Kornelin yazdığı kimi, əgər XX əsrin 90-cı illərində Ermənistan Azərbaycanla müharibə vəziyyətində olmasaydı, çox ehtimal ki, o, Samtsxe-Cavaxeti regionuna görə Gürcüstanla münaqişəyə başlayardı.
İndi - Dağlıq Qarabağın Azərbaycana ta qədimdən və şəksiz mənsub olması bütün dünya tərəfindən qəbul edildiyi bir vaxtda analoqu olmayan bu münaqişənin başlanğıc mərhələlərinin öyrənilməsi onun mənbəyini və dramatik inkişafını anlamağa kömək edir. Bu sual bizi hələ də düşündürür: Bu, necə baş verə bilərdi? Hərçənd, bilirik ki, bu sual ritorik xarakter daşıyır. Axı, real faktlar göstərir ki, separatizm və münaqişənin qızışdırılması üçün obyektiv səbəb olmayıb.
Faciənin əsas amili məlumdur. Demək olar ki, bu amil Mixail Qorbaçovun Azərbaycana münasibətini əks etdirib. Məlum olmayan səbəblərə görə o, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasının aciz və ya bilərəkdən müşahidəçisi, yaxud da bunun təşəbbüskarlarından biri idi. Bütün Sovet İttifaqının dağılması çox cəhətdən məhz onun bu münaqişəyə münasibətdə mövqeyi ilə müəyyən olunmuşdu. Məhz Qorbaçov təkcə Azərbaycan xalqının deyil, bütün sovet vətəndaşlarının mənafelərinə və ideallarına xain çıxdı. Bunu necə izah etməli? Vəziyyəti lazımınca anlamamaq, yoxsa əksinə, ölkənin dağıdılmasının genişmiqyaslı ssenarisi üzrə kimlərinsə tərtib etdiyi planın ardıcıl və dönmədən icra edilməsi? Bu suala tarix artıq cavab verib. Qorbaçova bütün apelyasiyalar nəticəsiz qalıb. O, SSRİ Konstitusiyasının müddəalarını kobudcasına pozub, o cümlədən Dağlıq Qarabağ münaqişəsini açıq-aşkar dərinləşdirən qərarlar qəbul edib.
Bu, elə bir genişmiqyaslı fəlakət idi ki, prezidentin (Qorbaçovun) boşboğazlığı onu yumşalda bilməzdi. Qondarma “yenidənqurmasayağı” demokratiya adı ilə bir xalqın tarixi və siyasi sərhədləri başqa bir xalqın maraqları naminə həyasızcasına dəyişdirilir, nədənsə başqasının hesabına pərəstiş yaradılırdı; Karen Dəmirçiyan başda olmaqla Ermənistanın rəhbər dairələri tərəfindən ruhlandırılan bir ovuc separatçının azadlıq və müstəqillik haqqında yalan və riyakar bəyanatları siyasi suverenliyin və tarixi ədalətin daha əhəmiyyətli əsas prinsipləri üzərinə kölgə salırdı. Deməli, həmin tarixi məqamda çulğaşaraq Dağlıq Qarabağ dalanını yaradan şərait nəzərə alınarsa, baş verən hadisə kifayət qədər qanunauyğun hal idi.
SSRİ-nin ovaxtkı rəhbərliyinin, şəxsən Qorbaçovun təqsiri üzündən Dağlıq Qarabağ münaqişəsinin lap başlanğıc mərhələsində onun ədalətli həlli üçün maksimal əhəmiyyətli siyasi xətt seçmək imkanı əldən verildi. Problemin həllinə açar tapmaq üçün ermənilərin Cənubi Qafqaza, xüsusən Dağlıq Qarabağ ərazisinə köçürülməsinin, ümumiyyətlə, ermənilərin əzəli Azərbaycan torpaqlarında peyda olmasının tarixini, “dənizdən-dənizə” erməni konsepsiyasının mahiyyətini bilmək lazım idi. Bütün bunlardan əlavə, siyasi və dövləti müdrikliyə malik olmaq lazım idi. Qorbaçovda isə bunların heç biri yox idi. Erməni mənşəli köməkçilərinin hipnozu altında olan məhdud təfəkkürlü Qorbaçov öz şəxsi əlaqələri naminə Azərbaycan xalqına xəyanət etdi. Qondarma yenidənqurmaya gəldikdə isə onun aqibəti hamıya məlumdur.
Aşkardır ki, əgər həmin dövrdə Heydər Əliyev ölkədə hakimiyyət sükanı arxasında olsaydı, Dağlıq Qarabağ müharibəsi baş verməzdi. Əgər Heydər Əliyev (eləcə də siyasi miqyasına görə ona bərabər olan digər xadimlər) Sov.İKP MK Siyasi Bürosunda olsaydılar, Dağlıq Qarabağ problemi də olmazdı. Axı, Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün əvvəllər də cəhdlər göstərilmişdi, lakin Heydər Əliyev erməni rəhbərliyinin bu cür sapmalarının qarşısını qətiyyətlə alırdı.
Azərbaycan xalqının SSRİ respublikalarından birinə əslində xəyanət etmiş Qorbaçovdan qəti üz döndərməsinə amansız Qarabağ girdabı, Bakıda Qanlı Yanvar və bir sıra başqa hadisələr artıqlaması ilə əsas verirdi. Buradan irəli gələn bütün nəticələr də öz yerində: öz taleyini müstəqil həll etmək, dövlət müstəqilliyi qazanmaq, təbii sərvətlərinə sahib olmaq, demokratiyanı inkişaf etdirmək. Buna birinci siqnal o oldu ki, 1990-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının Ali Soveti Sovet İttifaqının tərkibindən çıxmaq barədə qərar qəbul etdi.
Azərbaycanda ictimai-siyasi sabitlik yalnız 1993-cü ilin iyun ayında bütün xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra bərqərar oldu. Tarixi öncəgörmə istedadına və diplomatiya məharətinə malik olan bu müdrik dövlət xadimi və siyasi xadim, qarşıya qoyulmuş məqsədə - müstəqil Azərbaycan dövləti yaratmaq hədəfinə doğru möhkəm və qətiyyətlə, addım-addım irəliləməyə qadir olan Heydər Əliyev xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi.
Uzaqgörən, təcrübəli siyasətçilər həmişə öz məqsədlərinə ən dəqiq və ya ağrısız üsulla nail olmağa çalışırlar. Məsələn, münaqişəni həll edən siyasətçinin əsas vəzifəsi minimal itkilər hesabına uğur qazanmaqdır. Ermənilərin təcavüzünə cavab olaraq Heydər Əliyevin “neft diplomatiyası” regionda qüvvələr balansını kökündən dəyişdi, Azərbaycanı firavan, sürətlə inkişaf edən dövlətə çevirdi, dünyanın güc sahiblərini onun maraq və məqsədləri ilə hesablaşmağa məcbur etdi. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm üstünlük təmin olundu.
Ən böhranlı tarixi vəziyyətlərdə - istər daxili, istərsə də xarici qarşıdurma şəraitində Azərbaycanın siyasəti güc metodlarına deyil, xalqların və millətlərin sivil birgəyaşayışının, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, konstitusiya, parlament və nəticə etibarilə ümumbəşəri normaların aliliyi kimi prinsiplər nəzərə alınmaqla sülh mövqeyindən qurulub.
Bununla bərabər, kompromis qərarların və onların nəticələrinin lazımınca qiymətləndirilməməsi də, onların əhəmiyyətinin şişirdilməsi də eyni dərəcədə təhlükəlidir. Bu il aprelin 2-5-də baş verən hadisələr bütün dünyaya əyani şəkildə sübut etdi ki, əgər danışıqlar tamamilə dalana dirənərsə, onda Azərbaycan xalqı öz torpaqlarını istənilən yolla, o cümlədən hərbi yolla azad etmək əzmindədir. Ölkəmizin yüksək təchizatlı, modernləşdirilmiş ordusu bunu etməyə imkan verir. Başqa sözlə desək, xalqımız cavabsız monoloq deyil, səmərəli dialoq aparmağa hazırdır.
Azərbaycan Prezidenti İlham Əliyevin “Sputnik Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, “Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu çox yaxşı bilir, sadəcə onlar ictimai rəylə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, məsələni elə təqdim edirlər ki, guya Azərbaycan erməni əhalini az qala məhv etmək və ya qovmaq istəyir. Bu, belə deyil”10.
Azərbaycan tərəfi münaqişənin nizamlanmasına, regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş danışıqlara hazır olduğunu həmişə bəyan edib. Azərbaycan xalqı səmərəli əməkdaşlığa həmişə hazırdır və bizə belə gəlir ki, erməni xalqı da belə düşünür, bu şərtlə ki, onun üçün bu cür imkan yaransın. Bütün problem Ermənistan rəhbərliyindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir... Müəyyən mərhələdə elə şərtlər irəli sürür ki, onların bizim üçün qeyri-məqbul olduğunu dəqiq bilir. Buna görə də danışıqlar yenidən non-stop olur. Nə üçün? Çünki həll etmək istəmirlər, ya bacarmırlar, hansısa daxili siyasi səbəblərə görə cəsarətləri çatmır, ya da istəmirlər. Bəlkə də hər iki səbəbdən”11.
Yenə də münaqişə vəziyyətində olan tərəflərin barışmasına və onların şüurunda bir-birinə münasibətdə mənfi persepsiyaların (inikasların) minimallaşdırılmasına yönəlmiş xalq diplomatiyası məsələsi yaranır. Məsələn, Suzanna Caqinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyindən söhbət açaraq deyib: “Bu münaqişə Ermənistana yalnız göz yaşları və bədbəxtlik gətirib. Ermənistandakı indiki rejim bu münaqişədən istifadə edərək hakimiyyətə gəlib. Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətdə saxlanması Ermənistan hökumətinə çox sərf edir. Sarkisyan bu vəziyyətdən yalnız şəxsi maraqları üçün istifadə edir.
... Bizə məlumdur ki, Azərbaycan Prezidenti münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıdır. Təəssüf ki, Ermənistan hökuməti tənzimləməyə imkan vermir. Bu rejim öz xalqına münasibətdə də çox ədalətsizdir”12.
Bir sıra silahlı münaqişələrin nizamlanması tarixi göstərir ki, düşmənçilik edən tərəflər arasında mübahisənin həllinə “rəsmi razılıq” çox vaxt möhkəm sülhün bərqərar olması və uzunmüddətli əməkdaşlıq üçün kifayət etmir.
Mürəkkəb, antaqonist münaqişələrdə zorakılıq üçün siyasi sifarişin artması nəticəsində təkrar eskalasiyanın baş verməsi, buna cavab olaraq xalq kütlələrinin etirazı üçün sosial sifarişin artması nümunələri az deyil. Bu səbəbdən praktiki olaraq vacibdir ki, münaqişənin həll variantı ilə təkcə münaqişə edən dövlətlər deyil, həm də onların cəmiyyətləri, başqa sözlə desək, bütün xalq razılaşsın.
Bakıda mətbuat konfransında çıxış edən V.Martirosyan vurğulayıb ki, “Dağlıq Qarabağa muxtariyyət verilməsi münaqişənin həllinin müdrik yoludur. Heç kəs erməniləri oradan qovmağa hazırlaşmır. Vaxt gələcək, orada hər iki xalq dinc şəraitdə yaşayacaq. İndi bu torpaqlar boşdur, yüzlərlə insan həlak olur. Dağlıq Qarabağa bitişik yeddi rayon dərhal Azərbaycana qaytarılmalıdır”13.
Münaqişə vəziyyətində olan dövlətlərin cəmiyyətləri qarşı tərəfin nümayəndələri ilə sülh və əməkdaşlıq şəraitində yaşamağa, yəni, birgəyaşayışa hazır olmalıdırlar. Bu halda Ermənistanın siyasi dairələri də buna kömək etməli, insanların şüurunu millətçilik dumanı ilə zəhərləməməlidir. Əks halda, münaqişənin tam həllindən danışmağın mənası yoxdur.
Konstruktivizm nəzəriyyəsinin nümayəndəsi A.Vendt öz tədqiqatlarında müəyyən edib ki, həm dövlətlər, həm də cəmiyyətlər müxtəlif ölkələrdə, müxtəlif etnik və dini qruplarda baş verən eyni siyasi proseslərə tamamilə fərqli şəkildə münasibət göstərə bilər. Məsələn, rəmzi mənada bir-birinə düşmən olan ölkələrdə baş verən eyni prosesləri onlar mənfi, dost ölkələrdə isə müsbət hal kimi qəbul edirlər. Nəticədə, konstruktivistlərin fikrincə, bir sıra hallarda münasibətlərdə münaqişə obyektiv səbəblərdən daha çox, cəmiyyətdə “dostların” və “düşmənlərin” simvolik qəbul edilməsindən asılıdır. Deməli, münaqişənin gərginliyini azaltmaq üçün qarşı tərəfin hadisələri simvolik qavramasını dəyişmək lazımdır.
Şübhə yoxdur ki, kütlələrin kollektiv şüurunu, bu və ya digər ictimai-siyasi proseslərin və hadisələrin simvolik qavrayışını diametral şəkildə dəyişmək üçün uzun illər lazımdır. Erməni dairələrinin, bəzi siyasətçilərin və belə adlandırılan politoloqların timsalında onların ruporlarının qərəzli mövqeyinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından keçən müddətdə müxtəlif səviyyələrdə erməni və Azərbaycan xadimləri arasında xalq diplomatiyası formatında çox görüşlər olub. 2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayevin Dağlıq Qarabağa səfərini, onların region ictimaiyyəti ilə iki xalq arasında kiçik də olsa körpüyə çevrilmiş görüşlərini və söhbətlərini yada salaq.
Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan və erməni alimlərinin birgə tədqiqatları da məlumdur. Bu tədqiqatlarda, o cümlədən Dağlıq Qarabağın hökmən Azərbaycanın tərkibində olmaqla inkişafının müxtəlif modelləri təklif edilir. Armen Cigərxanyan kimi görkəmli xadimlərin, habelə əslən Azərbaycandan olan, indi Rusiyada və onun hüdudlarından uzaqlarda məşhurlaşmış Yevgeni Petrosyan, Karen Avanesyan, Marat Məlik-Paşayan və bir sıra başqa musiqiçilərin, estrada artistlərinin, şairlərin Bakı və Azərbaycan haqqında ən səmimi sözləri hər yerdə səslənir.
İlk “erməni-Azərbaycan” xalq diplomatlarından biri, milliyyətcə erməni, əslən Dağlıq Qarabağdan olan, necə deyərlər, sümüyünün iliyinə qədər özünü bakılı hesab edən Robert Arakelovun fədakar fəaliyyətini də xatırlayaq. O, qarışıq 1980-ci illərdə sevimli şəhərini tərk edərək əvvəlcə Yerevanda, sonra Xankəndidə məskən salmağa cəhd göstərmiş, lakin az sonra bunun nə kimi fəsadlarla qurtaracağından qorxmayıb Bakıya qayıtmış, “Dağlıq Qarabağ: faciənin təqsirkarları məlumdur” və “Qarabağ dəftəri” kimi məşhur tarixi əsərlərini yazmışdır.
Bu ilin sentyabr ayında Bolqarıstanın Kiten şəhərində “Biz bütün dünyada sülhün tərəfdarıyıq!” devizi altında keçirilmiş Azərbaycan və erməni gənclərinin möhtəşəm forumu xalq diplomatiyasının yaxın vaxtlara aid uğurlu nümunəsidir. Bu foruma Rusiyanın 10 regionundan, yaxın və uzaq 22 xarici ölkədən 170 nümayəndə toplaşmışdı.
Milyonlarla başqaları kimi, bu insanlar da həmişə əmin-amanlıq və sakitlik şəraitində yaşamaq arzusunda olublar. Bunun hamılıqla qəbul edilmiş yolu öz daxilində və öz ətrafında sülh və həmrəylik şəraiti yaratmağa çalışmaq və bunu bacarmaqdır. Həyat sürətlə dəyişir və özümüz hiss etmədən biz də bununla birlikdə dəyişirik. Lakin ötəri olmayan əbədi dəyərlər dəyişməz qalır. Onlar adi gözlə görünməsə də bizim həyatımızda ən mühüm oriyentirlər kimi sivilizasiyanın inkişaf səviyyəsini və dərəcəsini müəyyən edir, bəşəriyyəti məhv olmaqdan və dağılmaqdan qoruyur, hifz edir. Böyük filosof, əxlaq fəlsəfəsinin banisi İmmanuil Kant başımızın üzərindəki ulduzlu səmanı və daxilimizdəki mənəvi qanunları müqayisə edir.
Yuxarıda deyilənlər erməni xalqına da aiddir. Şübhə yoxdur ki, bu xalq Ermənistanda siyasi rəhbərlərin, millətçi ideoloqların onları düçar etdiyi vəziyyətlə müqayisədə daha yaxşı taleyə layiqdir. Əslində ölkəni geosiyasi dalana, iqtisadi cəhətdən yoxsul vəziyyətə salmış, hamıya və ilk növbədə erməni xalqına özünün istehlakçı münasibətini gizlətməyən Ermənistan rəhbərləri özlərinin yaşadığı, özlərinin vətəni adlandırdığı ölkəyə, vətəndaşları olduqları dövlətə xəyanət ediblər.
Noyabrın 8-də keçirilmiş konfransa erməni tərəfin reaksiyası bunu bir daha təsdiq etdi. Məsələn, “Novosti-Armeniya” yazır: “Erməni mənşəli üç xadimin Bakıda keçirilmiş mətbuat konfransı Azərbaycanın Qarabağ məsələsinə dair danışıqlarda mövqeyini hörmətdən salır.
...Dinc tənzimləmə prosesinə cəlb edilmiş hər kəs üçün aşkardır ki, bu üç nəfər ikrah doğuran, prinsipsiz, öz şəxsi məsələlərini həm ermənilərin, həm də azərbaycanlıların hesabına həll etməyə hazır olan fiqurlardır”14. Özü də bunlar hələ ən neytral sətirlərdir. Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Qafqaz siyasətində rəsmi Ermənistanın rolu həmişə kifayət qədər spesifik olub. Onun yaxınlıqda yerləşən dövlətlərlə müqayisə edilə biləcək resursları, iqtisadi potensialı, geosiyasi mövqeyi yoxdur. Hakimiyyəti əldə saxlayanlar özlərinin əhəmiyyətsizliyini qonşulara münasibətdə aqressivlik hesabına artıqlaması ilə kompensasiya edirlər. Bu isə Ermənistanın özünün iqtisadiyyatının daha da dağılmasına, əhalinin yoxsulluq həddindən aşağı yuvarlanmasına və ölkədən kütləvi şəkildə miqrasiya etməsinə, yaranmış kommunikasiya əlaqələrinin pozulmasına, mədəni dezinteqrasiyaya gətirib çıxarır.
Təəssüf ki, hay xalqının bütün tarixi boyunca qonşulara münasibətdə aqressivlik siyasi dairələrin xalq üzərində hakimiyyəti saxlamaq üsullarından biri olub. Bu, keçmişdə də belə olub və ən yeni tarixdə də heç nə dəyişməyib. Bu siyasətin həyata keçirilməsi üçün zəruri resursların olmaması isə “forpost” və “marionetka” statusu ilə kompensasiya edilir.
“Exo” qəzeti bununla əlaqədar yazır: “Ermənistanın marionetka ölkə olması, onun ərazisinin xarici qüvvələr tərəfindən tarixən erməni xalqının özünün maraqlarına heç də müvafiq olmayan öz geosiyasi məsələlərinin həlli üçün istifadə edilməsi xüsusi sübut tələb etməyən fakt kimi qəbul olunmalıdır. Əslində, bu xalqın tarixi həmin fərziyyənin həqiqətə oxşadığını göstərən sübutlarla doludur. Lakin ədalət naminə elə buradaca vurğulamaq lazımdır ki, erməni siyasi isteblişmenti bütün tarixi boyunca başqa dövlətlərin bu cür arzularını məharətlə manipulyasiya edib və demək olar ki, həmişə özünün “forpost” və “marionetka” statusundan özü üçün müəyyən siyasi bonuslar “sıxıb çıxarıb”. Başqa sözlə desək, “marionetkalıq”, tamdəyərli suverenlik və ölkənin milli maraqları Ermənistan üçün həmişə siyasi alver predmeti olub. Üstəlik bu keyfiyyət onların milli siyasətinin spesifik xüsusiyyətlərindən biridir”15 .
Ermənistanda və Dağlıq Qarabağda onilliklər boyu hakimiyyətə gələn şəxslər özlərinin həm Azərbaycan xalqına, həm də ilk növbədə erməni xalqına qarşı yönəlmiş cinayətkar əməlləri ilə azğın millətçilik siyasəti yürüdür, heç bir sağlam dəlil və arqumenti qəbul etmirlər. Ermənistan prezidenti və onun quldur dəstəsi Azərbaycanı bütün hadisələrdə, o cümlədən bu ilin aprel ayında üçgünlük müharibənin aparılmasında (bu müharibə erməni qoşunlarının provokasiyasının nəticəsi idi) günahlandırır. Yeri gəlmişkən, Ermənistan rəhbərliyi bu müharibədə tamamilə fəaliyyət qabiliyyətinin olmadığını və naşılığını nümayiş etdirdi. Dünya birliyi və ən başlıcası öz xalqı tərəfindən dəstəklənməyən bu hakimiyyət tarixin ibrət dərsindən nəticə çıxarmayaraq yenə də Azərbaycan xalqına qarşı yalan və təcavüzü davam etdirir.
Son bir neçə ayda Ermənistanın xarici siyasəti və rəsmi şəxslərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə bəyanatlarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, aprel müharibəsi Yerevanda siyasi kabinetlərdə yuva salan cinayətkar Qarabağ klanı üçün qorxuducu xəbərdarlıq olmayıb. Ermənistan hakimiyyəti Dağlıq Qarabağa dair danışıqlar prosesinin imitasiyasını davam etdirir. Övladları bu gərəksiz müharibədə həlak olan sadə ermənilərin arzu və istəkləri onlara yaddır.
V.Martirosyan mətbuat konfransındakı çıxışında deyib: “Ermənistanda hakimiyyəti həyasızcasına əldə saxlayan, Xocalıda soyqırımı törətmiş adamlar indi erməni xalqına qarşı soyqırımı törədirlər. Onlar erməni xalqından gizlədirlər ki, Bakıda erməni kilsəsi salamat qalıb, burada 30 min erməni yaşayır. Mənim onlarla görüşmək imkanım olub. Ermənistanda isə vəziyyət tamamilə əksinədir – məscidlər dağıdılır, tarix yenidən yazılır”16 .
Diqqətə çatdıraq ki, Ermənistanın hakim dairələri bu gün öz bəyanatlarında status-kvonun saxlanması arzusunu əslində gizlətmir və müvafiq olaraq gələcək hərbi toqquşmalara təhrik edirlər. Hərçənd, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri dəfələrlə bəyan ediblər ki, mövcud status-kvo qəbuledilməzdir. S.Sarkisyan və onun komandası substantiv (əhəmiyyətli) danışıqlara getməyə hazır deyillər, çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onları Ermənistanın siyasi səhnəsindən birdəfəlik silib atacaqdır. Heç kəs tərəfindən tanınmamış “Dağlıq Qarabağ respublikası”nın adının bu yaxınlarda dəyişdirilərək “Arsax” adlandırılması təşəbbüsü danışıqlar prosesini pozmaq və substantiv danışıqlardan geri çəkilmək cəhdindən başqa bir şey deyil.
Ermənistan rəhbərliyində Dağlıq Qarabağ probleminin həllinin hərtərəfli düşünülmüş, ölçülüb-biçilmiş, çoxvariantlı metodikası var. Bu metodikaya ... “ermənilərin işğal edilmiş ərazilərdən çıxıb getməsi və Qarabağın hərbsizləşdirilməsi” də daxildir. Hələ uzaq 1997-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyan münaqişənin bu cür mərhələli həlli ilə razılaşmışdı. Lakin qeyd etmək lazımdır ki, elə həmin Ter-Petrosyan “Qarabağ” komitəsinin əsasını qoymuş, onun uzun illər boyu rəhbərlik etdiyi hərəkatın proqramında Dağlıq Qarabağın Azərbaycandan qoparılması və onun Ermənistana birləşdirilməsi barədə xüsusi bənd var.
“Qarabağ kartı” ilə oynamaq kimi riyakar metodlar Ermənistanın sonrakı prezidentləri Koçaryan və Sarkisyan üçün də səciyyəvi idi. Serj Sarkisyanın yaxın vaxtlarda verdiyi bir bəyanatdan məlum olur ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin hesab edir ki, Dağlıq Qarabağ problemi həll edilərkən xalqların təyini-müqəddərat hüququ da nəzərə alınmalıdır”17 .
Artıq Ermənistan vətəndaşları həqiqəti yalandan ayırmağı çoxdan öyrəniblər. S.Caqinyan Bakıdakı mətbuat konfransında deyib: “Mənim burada olmağım Sarkisyana güclü bir şapalaqdır. O, öz vətəndaşlarının taleyi ilə maraqlanmır. Serj Sarkisyan öz xalqını məhv edir. O, prezident deyil, işğalçıdır. Sarkisyanı Koçaryan zorakılıq və qətllər yolu ilə hakimiyyətə gətirib. O, öz xalqına qarşı soyqırımı törədib. Mən sivil dünyada deyil, geridə qalmış bu Afrika ölkəsində yaşayıram”.
O, Ermənistan cəmiyyətinin sağlam düşüncəli hissəsinin iradəsini ifadə edərək bildirib ki, Koçaryanı və Sarkisyanı elə indi mühakimə etmək lazımdır, çünki bunu indi etməsələr “20 ildən sonra erməni xalqı mövcud olmayacaq”18.
Bütövlükdə Ermənistanda bir ənənə yaranıb: bu dövlətin hər yeni birinci şəxsi hökmən buna nail olur ki, parlament Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qərar qəbul etsin. Ermənistan rəhbərliyi siyasi kapitalı məhz bu yolla qazanıb. Yada salaq ki, R.Koçaryan başda olmaqla Qarabağ klanı Yerevanda hakimiyyəti ələ keçirmək üçün Levon Ter-Petrosyanın Ermənistanın blokadadan azad edilməsi məqsədilə işğal olunmuş ərazilərin qaytarılması təşəbbüsündən bacarıqla istifadə edib. Erməni xalqı R.Koçaryanın populist şüarlarına inanıb və özünü daha böyük miskinliyə məruz qoyub. Bu da təəccüblü deyil. Axı bu, həmin o Koçaryan idi ki, ermənilərlə azərbaycanlıların birgə yaşamasının etnik əlamətlərə görə mümkün olmadığını bəyan edirdi. Ermənistanın ikinci prezidenti yəqin yadından çıxarıb ki, ermənilər və azərbaycanlılar 70 il ərzində və ən başlıcası, Dağlıq Qarabağda sülh və həmrəylik şəraitində yaşayıblar.
Ermənistanın hakim dairələri öz obıvatelləri üçün uzun illər boyu azərbaycanlının erməni etnosu ilə uzlaşmayan “ikinci növ adam” obrazını yaradıblar. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu barədə ilk dəfə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tribunasından danışıb (“Noyan tapan”, 16.01.2003), sonra isə eyni fikri Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Rustamyan, habelə Ermənistan Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan səsləndiriblər19.
Koçaryanın sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi, həm də iki xalqın etnik uyuşmazlığının nəticəsidir. Qalust Saakyan isə bu fikri inkişaf etdirərək mahiyyət etibarilə nasist xarakterli belə bir bəyanat verir ki, Azərbaycan xalqı goreşənlər yetişdirir, buna görə də dünya sivilizasiyasında rol oynaya bilməz.
Buna oxşar insunasiyalar Ermənistan KİV-lərində də fəal təbliğ edilirdi. Bu baxımdan hakimiyyətin maliyyələşdirdiyi “Voskanapat.info” saytında dörd hissədən ibarət “Sivilizasiya uyuşmazlığı” başlıqlı məqalələr seriyasını qeyd etmək olar. Bu məqalələrin əsas məqsədi tələbkar olmayan oxucuya sivilizasiyalı ermənilərin yarımvəhşi köçərilərlə müqayisədə üstünlüyünü “elmi şəkildə” əsaslandırmaqdır. Müəlliflər belə köçərilərə türkləri - azərbaycanlıları aid edirlər.
Ermənistanın hakim dairələri erməni cəmiyyətini özlərinin antiazərbaycan təbliğatının təsiri altında saxlayırlar. Onlar bizi qəddar düşmən obrazında təqdim edərək erməni xalqını özlərinin və onların sərsəm ideyalarının ətrafında sıx birləşdirməyə çalışırlar. V.Martirosyan hesab edir ki, Ermənistanda hakimiyyətin dəyişməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini sürətləndirə bilər. O deyib: “İndi hakimiyyət Qarabağ klanının əlindədir və biz əminik ki, həmin klan bu problem ilə birlikdə həmişəlik gedəcək və onu Haaqa tribunalı gözləyir”20 . O, həmçinin bildirib ki, erməni diasporu arasında iki xalqın barışmasını dəstəkləyənlər var: “Onlar Ermənistan hüdudlarından kənarda öz nümunələrində azərbaycanlıların və ermənilərin genetik uyuşa bilməsini əyani şəkildə göstərirlər: onlar birlikdə bizneslə məşğul olur, dostluq edir, yaxın münasibət saxlayırlar. Azərbaycanla sülhün tərəfdarı olan kifayət qədər nüfuzlu adamlar var”21 .
Ölkəmizə və onunla bağlı hər şeyə qarşı genişmiqyaslı informasiya müharibəsinə baxmayaraq, erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil. Onlar istər Ermənistanda, istərsə də Azərbaycanda və ya başqa bir yerdə birgəyaşama təcrübəsindən bunu xatırlayırlar. XIX əsrin 30-cu illərindən başlayaraq məhz erməni tərəfi azərbaycanlıları sıxışdırır, Cənubi Qafqazın azərbaycanlı əhalisinə qarşı soyqırımı törədirdi. Buna baxmayaraq, Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb.
Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi. Onlar ölkələrində siyasi vəziyyətlə və Ermənistanın rəhbərləri ilə bağlı həqiqətləri söyləməyə, Dağlıq Qarabağ barədə baxışlarını və mövqelərini bildirməyə qorxmadılar. Ermənistanın həqiqi vətənpərvərləri olan bu insanlar öz xalqının taleyi barədə düşünür və Qafqazda sülh olmasını istəyirlər. Belələri az deyil.
Mətbuat konfransında V.Avetyan vurğulayıb: “Humanizm məhz elə təməldir ki, onun əsasında Ermənistan ilə Azərbaycan arasında sülh yaratmaq olar. Azərbaycan məni çox yaxşı qəbul etdi, məndə ən səmimi təəssürat yaratdı. Bir həftə bundan əvvəl buraya gəlmişəm və bu səfəri özüm üçün həcc ziyarəti adlandırmışam. Mən buraya təkcə siyasətçi kimi deyil, həm də yazıçı, şəxsiyyət kimi gəlmişəm...”. O qeyd edib ki, münaqişə vasitəçilərin iştirakı olmadan xalqların öz arasında həll edilməlidir: “Mən arzu edirəm ki, biz iki xalq dünyada yanaşı yaşayaq, bizi tale bağlayıb. Mən mədəni mübadilə arzusundayam. Biz, ictimai təşkilatlar münaqişənin həllində öz hökumətlərimizə kömək edə bilərik. Biz o dərəcəyə çatmışıq ki, üçüncü tərəflər bizə kömək etmək üçün bu işə qarışıblar... Bu məsələni həll etməyin vaxtıdır. Mən arzu edirəm ki, biz öz ədəbiyyatımızı hər iki dilə tərcümə edək. Biz, ictimai təşkilatlar bunu edə bilərik”22 .
V.Martirosyan konfransdan bir gün əvvəl Azərbaycanda yaşayan erməni ailəsində olduqlarını qeyd edərək deyib: “Bütün qonşular bilir ki, bu adamlar ermənidir. Onlar burada 1988-ci ildən sülh şəraitində yaşayırlar. Problemlər barədə sualımızın cavabında dedilər ki, onlar heç bir çətinliklə üzləşməyiblər. Təəssüf ki, Ermənistanda belə deyil”23 .
Lakin heç kəs üçün sirr deyil ki, Ermənistanda hakimiyyətin başında duranlar erməni xalqının özünün maraqlarına zidd hərəkət edirlər. Bu səbəbdən münaqişənin əvvəlindən Ermənistan vətəndaşları öz ölkəsini sürətlə tərk edir, total məhrumiyyətlər və qeyri-müəyyənlik şəraitində qalmaq istəmirlər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi “Bəs Ermənistan bu münaqişədən nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya əzab-əziyyət verilib. Lakin məgər onlar özləri buna görə daha da xoşbəxt olublarmı? Məgər orada vəziyyət daha təhlükəsiz, daha firavan olub? Əlbəttə, yox”24 .
Məlumdur ki, qonşu Azərbaycanla münasibətlərin tənzimlənməsi Ermənistan vətəndaşlarına həm maliyyə bolluğu təmin edər, həm də başqalarından fərqlənmək və hətta beynəlxalq birlik tərəfindən bir növ inkar olunmaq möhürünü öz üzərilərindən götürməyə imkan verər, bununla da Ermənistan dünya arenasında himayədə olan və autsayder ölkələr siyahısından çıxardı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsi bu gün də Cənubi Qafqaz ölkələrinin geniş iqtisadi və energetik inkişafının, tərəfdaşlığının başlıca şərti kimi qalır. Noyabrın 8-də keçirilən konfrans bir daha sübut etdi ki, Azərbaycan və erməni xalqları qarşılıqlı anlaşmaya çalışır. Bu fonda Ermənistan rəhbərliyinə arzu etmək istərdik ki, öz taleyini ona etibar etmiş vətəndaşların istək və amallarına tez-tez qulaq assınlar.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur... Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər”25 .
Qarabağ sindromu əyani şəkildə sübut etdi ki, qarşılıqlı fəaliyyətə can atan xalqlar tarixi məntiqə rəğmən heç də həmişə öz məqsədlərinə çatmır. Bəzən hakimiyyət, varlanmaq və özünütəsdiq ruhunun əsiri olan ayrı-ayrı hikkəli liderlər konkret dövlətlərin və hətta bütöv epoxaların taleyini həll edir. Lakin ədalət gec-tez zəfər çalır. Azərbaycan xalqı heç vaxt kimlərinsə siyasi avantüralarına uymayıb, belə avantüralara öz qanı ilə cavab verib.
Erməni təcavüzkarları ilə qarşıdurma illəri bizim xalqımız üçün cəsarət, rəşadət və qətiyyət baxımından məhək daşı olub. Çoxmillətlilik, tolerantlıq, sülhsevərlik kimi əzəli prinsiplərə və prioritetlərə sadiqlik də elədir. Axı ötən əsrin 80-ci illərində Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra da Azərbaycan tərəfindən xalqlar dostluğu çağırışları səslənməkdə davam edirdi. V.Martirosyanın dediyi kimi “Azərbaycan işğala məruz qaldığına baxmayaraq, bu ölkə sülh istəyir. Erməni xalqı da sülh istəyir, lakin Sarkisyan rejimi bu xoş niyyəti reallaşdırmağa imkan vermir”26.
Yaxşı deyiblər: yaddaş və təcrübə çox şeyi anlamağa və dözməyə kömək edir. Özbaşınalıq və sınaqlardan yorulub təngə gəlmiş Azərbaycan tədricən dirçəldi. Biz hamımız – həm azərbaycanlılar, həm də Azərbaycan Respublikasının başqa millətlərdən olan nümayəndələri illər keçdikcə yenidən asayiş və sabahkı günə inam əldə etdik, torpağımızın gec-tez hökmən qaytarılacağına, bizim böyük ümumi evimizdə sülh və asayişin bərpa ediləcəyinə ümidvar olduq. Çəkdiyi məşəqqətlərə baxmayaraq, ən mürəkkəb sınaqlara ləyaqətlə sinə gərmiş Azərbaycan xalqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinə inanır.
Obyektivlik ondan ibarətdir ki, gec-tez sülh bərqərar olmalıdır. Hər bir müharibə əvvəl-axır sülh ilə başa çatır. Deməli, gələcəkdə başqa bir vəzifə yaranacaq: Dağlıq Qarabağdakı mürəkkəb iqtisadi və siyasi şərait, demoqrafik və sosial kataklizmlər nəzərə alınmaqla bu diyar təməlindən dirçəldilməli, əvvəlki nailiyyətlər mümkün qədər bərpa olunmalı və artırılmalı, bu qədim Azərbaycan torpağında hamının birlikdə rahat və həmrəy yaşamasına hüquq verilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi “Bizim mövqeyimiz belədir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdırlar. Çünki onlar həmin yerlərdə çoxdan yaşayırdılar - erməni əhalisi 200 il, azərbaycanlı əhali isə bundan çox-çox əvvəl. Lakin məsələ hətta bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da dağıdılıb. İndi onların evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada necə yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə deyilik”27 .
Şübhəsiz, Qarabağ torpağının dirçəldilməsinin həlledici amili ata-baba yurdundan məhrum olmuş “sadə adamlar” - Dağlıq Qarabağın yerli sakinləridir. Onların çoxu böyük şəhərdə müvəqqəti yaşayış şəraitinə, imkan daxilində, uyğunlaşıb. Lakin bu adamların hamısı bildirir ki, imkan yaranan kimi böyük sevinclə doğma torpaqlarına qayıdacaq və çətinliklərə, qayğılara baxmadan, vaxtlarını və qüvvələrini əsirgəmədən Dağlıq Qarabağın bərəkətli torpağını qarış-qarış dirçəltməyə başlayacaqlar. Təki heç kəs onlara mane olmasın.
Ramiz MEHDİYEV,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
1 http://azertag.az/xeber/BAKIDA_DÜNYA_DİNİ_LİDERLƏRİNİN_SAMMİTİ_KEÇİRİLİR_
AZƏRBAYCAN_PREZİDENTİ_İLHAM_ƏLİYEV_SAMMİTİN_AÇILIŞ_MƏRASİMİNDƏ_
İŞTİRAK_ETMİŞDİR-476311
2 http://www.1news.az/politics/20161107011838624.html.
3 Газета «Бакинский рабочий», 11 ноября 2016 г.
4 Yenə orada.
5 Yenə orada.
6 Foreign Policy, Davidson & Montville, 1981.
7 Газета «Эхо», 1 ноября 2016г.
8 Bax: Ваан Мартиросян в Баку: «Пока в Армении существует власть,
которая учинила Ходжалинский геноцид, примирения не будет».
http://www.1news.az/politics/20161108123644007.html
9 http://www.1news.az/politics/20161108063457417.html.
10 http://president.az/articles/21409
11 Yenə orada.
12 Газета «Бакинский рабочий», 11 ноября 2016г.
13 Yenə orada
14 http://newsarmenia.am/news/politics/dvornikov-press-konferentsiya-
armyanskikh-deyateley-v-baku-diskreditiruet-peregovornye-pozitsii-azer/
15 Газета «Эхо», 1 ноября 2016г.
16 Газета «Вышка», 11 ноября 2016г.
17 https://ria.ru/world/20161117/1481543872.html
18 Газета «Каспiй», 11 ноября 2016г.
19 Bax: «Нагорный Карабах за неделю». https://regnum.ru/news/polit/234843.html
20 Газета «Каспiй», 11 ноября 2016г.
21 Yenə orada.
22 Газета «Вышка», 11 ноября 2016г.
23 Газета «Бакинский рабочий», 11 ноября 2016г.
24 http://president.az/articles/21409
25 Yenə orada.
26 Газета «Бакинский рабочий», 11 ноября 2016г.
27 http://president.az/articles/21409
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.