Azərbaycançılıq milli ideyasında Heydər Əliyev fenomeni

 

 

 

 

 

 

 

 

 

 


Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik.

Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri


Müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edirik. Bu əlamətdar faktı heç şübhəsiz ki, hər bir azərbaycanlı böyük hadisə hesab edir. Çünki az-çox tariximizdən xəbəri olan və eyni zamanda keçmiş sovet imperiyasının müstəmləkəçilik buxovlarını öz biləklərində hiss edən yaşlı və ahıl nəsil üçün bu 25 il elə-belə, sıradan bir müddət deyil. Onların bir çoxu hələ də inana bilmir ki, Azərbaycan müstəqildir və bizim dövlətimizin özünün xarici siyasəti, dövlət atributlarımız, dövlətçilik strukturlarımız və ən əsası, milli ordumuz var.

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyətinin mənfurcasına devrilməsindən sonra faktiki olaraq SSRİ-nin tərkibinə daxil edilən və müstəqillyi əlindən alınan sözdə müttəfiq respublika hüququmuz, əslində, bizim əlimizdən alınan istiqlalımızın vəsiqəsi idi. İşğala məruz qalan məmləkətimizin yerə enən bayrağının 71 il sonra  yenidən dikəlməsi bizim ümumi sevincimiz və naliyyətimizdir. Təbii ki, Vətənini sevən azərbaycanlının ürəyindən keçən ən böyük arzulardan biri də bu müstəqilliyin 25 illiyi deyil, 250 illiyinin nə zamansa qeyd olunması hissidir. Dünyanın hazırki fövqəldövləti ABŞ kimi.

Bəşəriyyət tarixində kəskin siyasi proseslərin və düyün nöqtələrinin açılmasında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər olmuşdur. Bu gün də dünya tarixini oxuyarkən, öyrənərkən, həmin siyasi və hərbi xadimlərin həyatı insanlar üçün örnək olmuşdur. Azərbaycan tarixində də, həmçinin müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər olmuşdur ki, bu isimlər dünya siyasi və hərb tarixinə adlarını qızıl hərflərlə yazdırmışlar. Bunların içində ərəb xilafətini nə az, nə çox, 20 il gərginlikdə saxlamış, altı dəfə ərəb nizami ordusunu məğlub edən Xürrəmilər hərəkatının lideri Babəki, Alban hökmdarı, görkəmli diplomat Cavanşiri, Ağqoyunlu Həsən xan Bayanduru, Şirvanşah İbrahimi, Azərbaycanı vahid dövlətçilik bayrağı ətrafında birləşdirən, dilimizi ilk dəfə rəsmiləşdirən Şah İsmayıl Xətaini, Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasında müstəsna xidmətləri olan Məmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini və nəhayət, müstəqilliyimizin bərpasından sonra ölkəni bürümüş anarxiya, xaos, separatizm tüğyanının öhdəsindən mahir şəkildə gələn ümummilli liderimiz Heydər Əliyevi xüsusilə qeyd etmək lazımdır.

XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Tarixin bu dövründə baş verən hadisələr dahi tarixi şəxsiyyəti – Heydər Əliyevi siyasi səhnəyə gətirmişdir. Şübhəsiz ki, Azərbaycanın mövcud olduğu coğrafiya, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu diqqət mərkəzində olması onun idarə edilməsini də çətinləşdirir və belə bir dövlətin lideri olmaq da göründüyündən qat-qat ağır yükdür.

Heydər Əliyevin siyasi xidmətlərini dəyərləndirmək üçün, ilk növbədə, onun hakimiyyətə gəlişi zamanı mövcud olan dəyişiklik və inqilab dalğasının nə qədər güclü mənbələrdən yönəldildiyini yada salmaq kifayətdir. Xarici və daxili siyasi milli gündəlikdə duran məsələlərin mürəkkəbliyi, antiazərbaycan qüvvələrin son dərəcə fəallaşması səhv etmək imkanlarını tükəndirmişdi. Əlbəttə, müstəqilliyimizin 25-ci illliyində ulu öndər Heydər Əliyev ­haqqında fikir bildirmək, yazmaq nə qədər çətin və məsuliyyətli olsa da, bir o qədər də zəruridir. 1990-cı ilin 20 Yanvarında xalqımıza qarşı törədilmiş böyük cinayətin ardından göstərdiyi prinsipiallıq, Kommunist partiyasından istefa verməsi, Naxçıvana gələrək üçrəngli Azərbaycan bayrağını orada dalğalandırması və rəsmi dövlət rəmzi olaraq ilk qəbul etməsi, siyasi proseslərə qatılaraq ölkədəki acınacaqlı durumu çözmək üçün Bakıya gəlməsi, Milli Məclisin sədri seçilməsi, sonra Prezident seçilməsi, yeni Konstitusiyanın qəbul edilməsi, bütün separatçı qüvvələrin ortadan qaldırılması, sərhədlərimizin və Milli Ordumuzun möhkəmləndirilməsi üçün ermənilərlə sülhün əldə edilməsi, beynəlxalq miqyasda Azərbaycanın sürətlə tanıdılması, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və digər böyük uğurlar  yalnız  Heydər Əliyev qətiyyətinin nümunəsi ola bilərdi. Və bu tarixi şəxsiyyəti öyrənmək üçün bütün bu hadisələri ayrı-ayrılıqda öyrənmək lazımdır. 

 

Azərbaycançılığın milli ideyamızın əsasına çevrilməsi

 

1991-ci ildə müstəqilliyimizin bərpası və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan edilməyimizlə, əslində, azərbaycançılıq ideyasının sütunlarını bir daha möhkəmləndirmiş olduq. Əlbəttə, əsas faktor burada millilikdir. Azərbaycan öz dəyərlərinə, milli prinsiplərinə, bayrağına, gerbinə, himninə, tarixinə sahib çıxırdı. Sovet tarixşünaslığında saxtalaşdırılan Azərbaycan tarixinə yenidən baxılaraq milli şərəfli səhifələrimizi yaradan şəxsiyyətlərimizi yenidən öyrənməyə, bir növ kəşf etməyə başladıq. Dini dəyərlərimizə qayıtdıq. Sovet dövründə qadağan edilən milli-mənəvi ehtiyaclarımız yenidən öz müstəqilliyini qazandı. Heydər Əliyevin Azərbaycan hakimiyyətinə yenidən qayıdışı ilə bu dəyərlərin mühafizəsi daha da gücləndirilərək, Azərbaycan dövlətçilik irsinin araşdırılması və təbliği azərbaycançılıq ideyasının tərkib  hissəsi kimi öyrənilməyə başlandı. Heydər Əliyevin azərbaycançılıqla bağlı fikirləri, əslində, Azərbaycanın öz tarixinə və gələcəyinə, milli və mənəvi dəyərlərinə bərabər şəkildə sevgi və hörmətin göstərilməsinə münasibəti ortaya qoyurdu. Bu fikirlər həm də milli dövlətçilik strategiyamızın təməl prinsipləri idi.

Akademik Ramiz Mehdiyev azərbaycançılıq milli ideologiyasında ümummilli lider Heydər Əliyevin rolu barədə yazaraq qeyd edir ki, tarix göstərir ki, heç də bütün xalqlar milli dövlətçiliyin qədir-qiymətini obyektiv qavramaq iqtidarında deyillər. Bu da son nəticədə onların yox olmasına və ya ümumdünya proseslərində əhəmiyyətinin itməsinə gətirib çıxarır. Digər tərəfdən, hər bir dövlət öz taleyinin sahibi olmur, odur ki, dünya geosiyasətinin adi obyekti kimi dəyiş-düyüş vasitəsinə çevrilir. Bunun əsas səbəblərindən biri millətin strateji fəaliyyət proqramının, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideyanın olmamasıdır. Milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən əsas qüvvə lider faktorudur. Dünya tarixi də, müstəqillik tariximiz də bunu sübut edir. Xalqın dəstəklədiyi və siyasi liderin fəhmlə duyduğu təməl dəyərlər məsələsində konsensus dövlətin sabitliyi və inkişafının dəyişməz şərtidir.

R.Mehdiyev haqlı ­olaraq Heydər Əliyevin missiyasını  Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsinə, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadığını göstərərək yazır: “O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim – azərbaycançılıq ideologiyasını da yaratdı. Xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşdı.”

Məlumdur ki, kommunist ideologiyası proletar təfəkkürü haqqında müddəanı irəli sürərək əslində milli özünüdərkin təkamülünə mənfi təsir göstərirdi, orada milli təfəkkürə yer yox idi. Lakin hələ o zaman ümummilli liderin azərbaycanlı kadrların dövlət strukturlarına yerləşdirilməsi və irəli çəkilməsi, milli dilimizin dövlət dili kimi qəbul edilməsi, sovet “kqb”si tərəfindən təqib olunan vətənpərvər gənclərin gizli şəkildə qorunması və dəstəklənməsi kimi böyük fəaliyyəti var idi. Dəfələrlə haqqında erməni şovinistlərinin Moskvaya məktubları daxil olsa da, o, qarşısına qoyduğu milli prinsipləri həyata keçirməkdə israrlı idi. Müstəqilliyimizin bərpasından sonra da Heydər Əliyev ölkədə yaranmış vəziyyəti dəqiq qiymətləndirərək bütün Azərbaycan cəmiyyətini Azərbaycan dövlətinin mövcudluğu baxımındın həyati əhəmiyyət daşıyan məsələlərin, o cümlədən hakimiyyət vakuumunun aradan qaldırılması, separatçılıq və silahlı bandit dəstələrinin təhdidlərinin qarşısının alınması, döyüş qabiliyyətli ordu yaradılması məsələlərinin həll edilməsi üçün səfərbər etdi. İstər Azərbaycan gəncləri, istərsə də bütövlükdə, cəmiyyətimiz Heydər Əliyevin yorulmaz dövlətçilik fəaliyyətini yaxından izləyərək onun ətrafında sıx birləşdilər. Onun dövlətçiliyi təhdid edən qruplaşmalara qarşı çağırışlarında könüllü və kütləvi şəkildə iştirak etdilər. 

Milli və dövlət müstəqilliyinin qorunması, milli identikliyin inkişafı, dünya birliyinə inteqrasiya bundan belə azərbaycanlıların milli özünüdərkinin struktur hissəsinə çevrildi. Məhz müstəqil Azərbaycan dövləti üçün qürur hissi, onun hadisələrlə zəngin tarixi üçün qürur hissi, Azərbaycan millətinin dünya tarixinə töhfə verməyə hazır olması Heydər Əliyevi bu sözləri söyləməyə ruhlandırmışdır: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam".

Bu kontekstdə "azərbaycançılıq" dövlət siyasətinin strategiyası olaraq Azərbaycan cəmiyyətinin bugününün və gələcəyinin müasir ideoloji qavranması ilə sıx birləşir. "Azərbaycançılıq" milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi surətdə birliyini təcəssüm edir. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyyətinə və yüksək milli intizama, formalaşan milli özünüdərkə əsaslanır, ən müxtəlif sosial təbəqələrdə anlaşma axtarır, millətin və dövlətin öz potensialından irəli gələn daimi, lakin qeyri-radikal islahatçılığı təbliğ edir.

Göründüyü kimi, azərbaycançılıq ideologiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşımaqla təkcə  müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, həm də Azərbaycanın müstəqilliyini sevən, tam dəstəkləyən, bu ideyanı əziz tutanlara münasibətdə də öz birləşdirici funksiyasını yerinə yetirir.

Ümummilli liderin  dünya azərbaycanlılarının birinci qurultayında dediyi kimi, millətin və dövlətin vəhdəti və bölünməzliyi ideyası əsas götürülür : "Azərbaycançılıq - öz milli mənsubiyyətinin saxlanılması, milli mənəvi dəyərlərin saxlanması, eyni zamanda, onların ümumbəşəri dəyərlərin sintezi, inteqrasiyası ilə zənginləşməsi, hər bir insanın inkişafının təmin edilməsi deməkdir".

 

 Müstəqil xarici siyasət  xətti və milli ideya

 

Ümummilli lider Heydər Əliyevin onillik prezidentliyi dövründə ölkə kökündən dəyişmiş, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanılmışdır. Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm ölkənin sadə vətəndaşları, həm də qlobal miqyaslı mühüm güc mərkəzləri üçün aksioma çevrilmişdir.

1993-cü ilin ortalarından başlayaraq, Azərbaycan strateji seçimini müəyyənləşdirdi. O, müasir, dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq olan ölkə kimi inkişaf etməyə başladı. Siyasi modernləşmə sahəsində artıq ilk addımlar iqtisadiyyatın güclənməsinə təkan verdi. Bu da yığılıb qalan sosial problemlərin tədricən həll olunmasına gətirib çıxardı. Hakimiyyət özü üçün müəyyən etdi ki, səylərini inkişafın yeni alətlərinin axtarışına yönəltməlidir. Çünki bilirdi ki, milli təhlükəsizliyin möhkəmləndirilməsində uğur bir çox hallarda inkişaf etmiş iqtisadiyyat, sosiumun mənəvi və intellektual səviyyəsi ilə şərtlənir. Aydın idi ki, məhz milli hisslər, milli ənənələrə  dərindən bağlılıq sarsılmaz və uğurlu dövlət quruculuğunun əsasını təşkil edir.

Azərbaycan milli dövlətçilik ideologiyasının əsas prinsiplərindən biri də xalqın qurduğu dövlətin müstəqil xarici siyasət xətti yeritməsi, hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyırdı. Məlumdur ki, 90-cı illərin əvvəllərində Azərbaycan dövlətinin yaxın qonşularımızdan Rusiya, İran və Mərkəzi Asiya respublikaları ilə münasibətləri gərginləşmişdi. Lakin Müstəqil Dövlətlər Birliyinə üzv kimi qəbul olunmağımız yaranmış vəziyyəti xeyli yüngülləşdirdi. Bununla yanaşı, qardaş Türkiyə ilə münasibətlər yenidən daha möhkəm təməllər üzərində qurulmağa başladı. Heydər Əliyev Türkiyəyə münasibətdə xarici siyasət kursunda ciddi dəyişikliklər etdi. Bundan sonra faktiki olaraq, Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başladı. Hazırda Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqidir. Eyni zamanda, qardaş ölkə bərabərhüquqlu iqtisadi tərəfdaşdır. Əminliklə demək olar ki, indi Azərbaycan-Türkiyə münasibətləri bölgədə və dünyada sülhün bərqərar olması, təhlükəsizliyin təmin edilməsi işinə öz töhfəsini verir. Heydər Əliyev qonşu İran və Rusiya ilə də, uzaq ABŞ, Fransa, İngiltərə, İsrail, Çin, Yaponiya kimi güclü ölkələrlə də mehriban tərəfdaşlıq prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlər yaratmağa nail oldu. Ölkələr arasındakı əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq prinsipi üzrə inkişaf etdi. İqtisadi və mədəni sahələrdə əlaqələr getdikcə genişləndi. Yəni məqsəd yenə də Azərbaycan dövlətçilik sisteminin möhkəmləndirilməsi, problemsiz siyasi mühitin yaradılması idi. Bu gün Azərbaycanın xarici siyasətində mühüm yer tutan siyasi istiqamətlərdən biri də Avropa qurumları ilə əməkdaşlıqdır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə müxtəlif sahələrə aid sazişlər imzalanmışdır. Bu prosesin əsasını da məhz ümummilli lider Heydər Əliyev qoymuşdur.

Xüsusi olaraq qeyd etməliyik ki, bütün bu münasibətlərin əsasında həm də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli dayanırdı. Böyük siyasətçi olaraq Heydər Əliyev səfər etdiyi hər bir ölkədə, ilk növbədə, Qarabağ problemini qabardır və xarici dövlətlərin ərazi bütövlüyümüzü tanımaq və dəstəkləmək şərtlərini diktə edirdi. Şübhəsiz ki, 1996-cı ildə tarixi Lissabon Sammitində ümummilli liderin Ermənistan üzərində qazandığı diplomatik qələbə də bunun əyani sübutu idi. Dünyanın əksər ölkələri Ermənistanı məhz Heydər Əliyevin siyasəti nəticəsində işğalçı olaraq qəbul etdi və tanıdı. Bu, bir daha Azərbaycanın xarici siyasət kursunda, ilk növbədə, ölkənin, xalqın milli maraqlarının önə çəkilməsinin vacibliyini göstərirdi və Heydər Əliyev siyasi kursu bunu tələb edirdi. Məhz Heydər Əliyevin səyləri sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xarici siyasətin prioriteti kimi qəbul edildi. Bu gün əsası ümummilli lider tərəfindən qoyulan həmin milli ideyanın aparıcı istiqaməti olan müstəqil xarici siyasət xətti uğurla davam etdirilməkdədir. Bu illər ərzində qazanılmış uğurları bir kənəra qoyaraq, elə təkcə  2012-ci ildə bunun ən böyük nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz və bir il şuranın sədri olmağımızı qeyd etmək olar ki, bu da aparılan işlərin məhsuldarlığını və Heydər Əliyev siyasi kursunun bəhrəsini artıqlaması ilə göstərməkdədir. 

Beləliklə, mübaliğəsiz demək olar ki,  ümummilli lider Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli oldu. Məhz onun milli dövlətçilik institumuzun möhkəmləndirilməsi istiqamətində atdığı qəti addımlar, milli ideyanın təməl prinspilərinin möhkəmləndiriməsi, tarixi-milli dövlətçilik irsimizə sahib çıxması Azərbaycançılıq məfkurəsinin təkcə nəzəri deyil, həm də praktiki əsaslarını ortaya qoydu. Qonşu xalqlar və dövlətlər, sözün həqiqi mənasında, azərbaycançılığı, Azərbaycan milli ideyasını tanıdılar və bununla hesablaşdılar.

Anar TURAN,
“Xalq qəzeti”

 

Məqalə Dünya Türk Gənclər Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyinin müstəqilliyin bərpasının 25-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Müstəqil Azərbaycan" adlı məqalə müsabiqəsinə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında