Noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib.
İclasda Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin layihəsi müzakirə edilib.
İclası açan iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, hər il olduğu kimi, bu il də dövlət büdcəsinin müzakirəsi cəmiyyətin diqqət mərkəzindədir. Azərbaycanın iqtisadi qüdrətinin artmasında, ölkəmizin sosialyönümlü problemlərinin həllində dövlət büdcəsi müstəsna rol oynayıb. Məhz büdcə sistemi vasitəsilə reallaşdırılan layihələr Azərbaycanın iqtisadi gücünün artmasına, onun beynəlxalq aləmdəki mövqeyinin formalaşmasına təsir edib.
Z.Səmədzadə deyib: “Son illər dünyada baş verən iqtisadi sarsıntılar hər bir ölkənin iqtisadiyyatına təsir edir. Bu, eyni zamanda, aparılan siyasətdə müəyyən dəyişmələri də ehtiva edir. Son illər dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar neft iqtisadiyyatı üstün olan ölkələrdə büdcədə azalmalar müşahidə edilir. Əlbəttə ki, Azərbaycan da bu təsirlərdən kənarda qalmayıb. Lakin uzun illər ərzində aparılan düşünülmüş siyasət bu təsirlərin minimuma endirilməsini təmin edib”.
Sonra maliyyə naziri Samir Şərifov 2017-ci ilin büdcə layihəsi barədə məlumat verib. Nazir deyib ki, gələn il üçün dövlət büdcəsinin layihəsi 2017-2020-ci illər üçün ölkəmizin tərtib olunmuş makroiqtisadi proqnoz göstəricilərinin, habelə dünya iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında hazırlanıb. Qlobal maliyyə böhranının davam etməsi və son illər növbəti fazaya keçməsi, 2014-cü ilin ikinci yarısından etibarən dünya enerji bazarlarında neftin qiymətinin kəskin enməsinin mənfi fəsadları ölkə iqtisadiyyatında keyfiyyətcə yeni makroiqtisadi şərait formalaşdırıb. Təqdim olunan 2017-ci ilin dövlət büdcəsinin layihəsi bu makroiqtisadi şəraitin yaratdığı yeni iqtisadi təlatümləri və reallıqları, habelə ölkəmizin üzləşdiyi strateji çağırışları nəzərə alır, Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi olaraq sosialyönümlü siyasətinin davam etdirilməsi üçün müvafiq maliyyə təminatını yaradır. Cari ilin 10 ayı ərzində ölkədə 49,2 milyard manat dəyərində ümumi daxili məhsul istehsal olunmaqla real azalma 3,7 faiz, qeyri-neft sektoru üzrə 6,1 faiz olub. Azalmanın səbəbləri kimi ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda istehsalın 27,4 faiz aşağı düşməsini, eyni zamanda, xarici ticarət dövriyyəsinin xeyli daralmasını, yüksək dollarlaşma və kredit portfelinin keyfiyyətinin pisləşməsi nəticəsində bank sisteminin böyük itkilərlə, hətta böhranla üzləşməsi və beləliklə iqtisadiyyatın kreditləşməsinin ciddi azalmasını göstərmək olar. Belə bir şəraitdə, 1998-ci ildən bəri ilk dəfə olaraq tədiyə balansı kəsirlə üzləşib. Yaranmış makroiqtisadi vəziyyətə reaksiya olaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hökumət tərəfindən cari il həyata keçirilən tədbirlər milli istehsalçıların müdafiəsi və xarici ticarət tərəfdaşlarında gedən devalvasiyalar şəraitində milli valyutanın mübadilə məzənnəsinin tədiyə balansının reallıqları ilə uzlaşdırılmasına yönəlib. Bu zaman həm də idxaldan yüksək asılılığın azaldılması və qeyri-neft ixracının genişləndirilməsi kimi ortamüddətli məqsədlər də qarşıya qoyulub. Qeyd olunan çərçivədə Mərkəzi Bank tərəfindən pul bazasının azaldılmasına hədəflənmiş sərt pul siyasəti həyata keçirilib. Eyni zamanda, hökumət də buna müvafiq olaraq fiskal konsolidasiya siyasətini davam etdirib. Bu siyasətin əsas istiqaməti Dövlət Neft Fondundan dövlət büdcəsinə yönəldilən transfertin məbləğinin mərhələlərlə azaldılması olub. Belə ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertin həcminin əvvəlki illə müqayisədə 2014-cü ildə 2 milyard manat və yaxud 17,7 faiz, 2015-ci ildə 1,2 milyard manat və ya 12,9 faiz, 2016-cı ildə 0,5 milyard manat və yaxud 6,3 faiz azalmasına nail olunub. 2017-ci ildə isə bu göstərici cari ilin proqnozu ilə müqayisədə 19,9 faiz və ya 1 milyard 515 milyon manat az nəzərdə tutulub. Həmin transfertlərin dollar ifadəsində isə həcmləri bundan da daha yüksəkdir.
Nazir qeyd edib ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat nəzərdə tutulur. Bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 867 milyon manat və ya 5,2 faiz azdır.
“Gələn il üçün neft sektorundan gəlirlər üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8 milyard 100 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Növbəti ildə Vergilər Nazirliyi hesabına 7 milyard 210 milyon manat daxilolma proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 200 milyon manat daxil olacaq”, - deyə Samir Şərifov diqqətə çatdırıb.
Bildirilib ki, iki gün əvvəl Tarif Şurası tərəfindən qəbul olunan qərarla bir sıra enerji məhsulları üzrə diferensiallaşmış tariflərin tətbiq olunması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar, 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsində nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.
Büdcə xərcləri barədə məlumat verən Samir Şərifov deyib ki, 2017-ci il dövlət büdcəsinin xərcləri 16 milyard 600 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 1 milyard 895 milyon manat azdır.
Samir Şərifov qeyd edib ki, 2017-ci il dövlət büdcəsi xərclərinin 5 milyard 615 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşməsinə yönəldilmək üçün nəzərdə tutulub.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2017-ci ilin dövlət büdcəsi xərclərinin sosialyonümlülüyünun təmin olunması ilə bağlı müəyyən etdiyi hədəflərə müzakirə edilən layihədə əsasən nail olunub. Layihədə sosialyönümlü xərclərin ümumi çəkisi 40,3 faizi səviyyəsində müəyyən edilib. Bu xərclər cari illə müqayisədə 292 milyon manat artırılaraq 6 milyard 686 milyon manat nəzərdə tutulub.
Bildirilib ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə - orta hesabla 35 faizədək artırılmasını təmin etmək məqsədilə əvvəlki illərdə başlanılmış işlərin 2017-ci ildə də davam etdirilməsi istiqamətində müvafiq vəsait proqnozlaşdırılır. 2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 12,4 faizi və ya 2 milyard 53 milyon manatının ayrılması nəzərdə tutulub. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyaclarını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və mənzil ipotekasının tətbiqi üçün 2017-ci ilin dövlət büdcəsindən 100 milyon manat ayrılması nəzərdə tutulub.
Müdafiə xərclərinə isə 2017-ci ilin dövlət büdcəsinin xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu, cari illə müqayisədə 2,9 faiz çoxdur.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə gələn ilin dövlət büdcəsindən 517 milyon manat vəsait ayrılacaq. Bu vəsaitin bir qismi kənd təsərrüfatının aparıcı sahələrinin stimullaşdırılması və kompleks inkişafı, o cümlədən torpaqlardan səmərəli istifadə, pambıqçılığın, tütünçülüyün, taxılçılığın və baramaçılığın inkişafı üçün maliyyə təminatı kimi nəzərdə tutulub.
Ərzaq təhlükəsizliyi proqramının icrası üçün 190 milyon manat, əsaslı vəsait qoyuluşu xərcləri hesabına pambıqçılığın inkişafı və xüsusi təyinatlı kənd təsərrüfatı texnikasının alınması üçün 200 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən suvarma sistemləri layihələrinin maliyyələşdirilməsi üçün 70 milyon manat, xaricdən alınan kreditlər hesabına həyata keçirilən layihələr üçün 80 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Eyni zamanda, qeyri-neft məhsullarının ixracının təşviqi üçün Azərbaycan Prezidentinin müvafiq qərarına əsasən gələn ilin dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılacaq.
Qeyd edilib ki, diplomatik xidmət orqanlarının saxlanılması ilə bağlı xərclər üçün gələn ilin büdcəsindən 102 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 620 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 143 milyon manat azdır. Gələn ildən xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sayı 6-dan 33-ə çatdırılacaq. 2017-ci ildə rayon və şəhərlərin yerli xərclərinə dövlət büdcəsi xərclərinin 4,2 faizi həcmində vəsait yönəldiləcək.
Nazir deyib ki, 2017-ci ilin dövlət büdcəsinin əsaslı xərcləri 5 milyard 213 milyon manat məbləğində proqnozlaşdırılır.
Diqqətə çatdırılıb ki, növbəti il üçün dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində müəyyən edilir.
İcmal büdcənin əsas parametrləri barədə danışan nazir məlumat verib ki, 2017-ci il üçün icmal büdcənin gəlirləri 19 milyard 721 milyon manat, xərcləri isə 20 milyard 967 milyon manat nəzərdə tutulub. Dövlət Neft Fondunun büdcəsinin xərcləri 6 milyard 951 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 3 milyard 685 milyon manat azdır.
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanunun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsinə uyğun hazırlanıb”, - deyən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, Hesablama Palatası tərəfindən 2017-ci il üçün dövlət büdcəsinin layihəsinə rəy hazırlanıb. Təqdim edilən rəydə növbəti il üçün dünya iqtisadiyyatındakı əsas meyillər, ölkəmizdə formalaşan makromühit, 2017-ci il üçün proqnozlaşdırılmış əsas makrogöstəricilərin, dövlət büdcəsinin gəlir və xərclərinin büdcə-vergi siyasətinin əsas istiqamətlərinə və bu göstəricilərə adekvatlılığı qiymətləndirilib, toplu maliyyə balansına münasibət bildirilib, dövlət büdcəsinin bütün parametrləri ətraflı təhlil edilib və qanun layihəsinin qüvvədə olan qanunvericiliyə uyğunluğu araşdırılıb.
“2017-ci il dövlət büdcəsi haqqında qanunun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsinə uyğun hazırlanıb. Builki zərfə daxil olan 2017-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri və vəzifələri daha konstruktiv və praqmatik yanaşma ilə tərtib edilib. Büdcə-vergi siyasətinin əsas prinsipləri müasir dövrün çağırışlarına uyğun müəyyən edilib, eləcə də növbəti ildə büdcəni gözləyə biləcək risklər təhlil olunub, baş verə biləcək təhdidlərə qarşı fəaliyyət və tədbirlərin konturları cızılıb. Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən 2017-ci ildə gözlənilən gəlirlər 2016-cı ilin gözlənilən gəlirləri ilə bağlı 5,2 faiz azalma ilə proqnozlaşdırılıb. Ümumilikdə qanunda 14 daxilolma ilə artım, 3 daxilolma ilə azalma proqnozlaşdırılıb, 3 daxilolma ilə isə daxilolmanın məbləği sabit saxlanılıb. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər 7,2 milyard manat proqnozlaşdırılır. Vergi ödəyicilərinin 2016-cı il sentyabrın 1-nə borcları və artıq ödəmələrin məbləği növbəti il üçün proqnozlaşdırılan məbləğin müvafiq olaraq 23,1 və 27,2 faizinə bərabərdir”, - deyə Hesablama Palatasının sədri bildirib.
Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanı əsasında 9 publik hüquqi şəxs yaradılması təmin ediləcək. Bu isə həmin təşkilatların əlavə maliyyə mənbəyi, əlavə gəlir əldə etməsi, eyni zamanda, dövlət büdcəsinin yükünün azaldılması deməkdir.
“2017-ci il üçün əhalinin gəlirləri 46,2 milyard manat, orta aylıq əməkhaqqı 508,4 manat, ölkə üzrə inflyasiya proqnozları da nəzərə alınmaqla yaşayış minimumu 155 manat proqnozlaşdırılır”, - deyən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycanın iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, o cümlədən Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Şimal-Cənub” nəqliyyat dəhlizi və digər layihələr nəqliyyat sektorunun artımını təmin edəcək. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı üçün xüsusi əhəmiyyəti olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla, xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər artıq başlanılıb.
Bildirilib ki, gələn il ölkəmizdə sosial siyasət diqqət mərkəzində saxlanılacaq. Əhalinin həssas təbəqəsinin sosial təminatının gücləndirilməsi və bu sahədə proqramların həyata keçirilməsi üçün maliyyə imkanları yaradılacaq, yeni məşğulluq strategiyası hazırlanacaq.
“Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən 2017-ci ildə Azərbaycan iqtisadiyyatında 1,4 faiz artım olacaq”, - deyən nazir müavini bildirib ki, əlaqəli və sistemli islahatlar, bank sektorunun sağlamlaşdırılması və səmərəli fəaliyyətinin, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması və əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası üçün əsas amillərdir. Eyni zamanda, əsas ticarət tərəfdaşlarının iqtisadiyyatlarının hələ də zəif bərpa templəri, fiskal konsolidasiya, bank sektorunda sağlamlaşdırılma prosesinin hələ də davam etməsi növbəti ildə iqtisadi inkişaf qarşısında duran əsas risklərdəndir.
S.Həsənova qeyd edib ki, mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla, 2017-ci ildə ümumi daxili məhsulun 1 faiz, növbəti illərdə isə orta hesabla 2 faiz artacağı proqnozlaşdırılıb. Beynəlxalq Valyuta Fondunun hazırladığı proqnozlara əsasən 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 faiz artımla müşahidə olunacaq. Bu da bizim proqnozlardan yüksəkdir. Gələn il hasilatın aşağı salınması nəticəsində neft sektorunun 2,1 faiz azalacağı nəzərdə tutulur. Qeyri-neft sektorunun 2017-ci ildə 2,5 faiz, növbəti illərdə orta hesabla 2 faiz artımı proqnozlaşdırılıb.
Milli Məclisin deputatları “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflər səsləndiriblər, layihənin yüksək səviyyədə hazırlandığını söyləyiblər. Qeyd edilib ki, dövlət büdcəsi sosialyönümlüdür və reallığa əsaslanır.
“2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin sabitləşməsi, təsbit olunması, qiymətlərin sabitliyinin təmin edilməsi, makroiqtisadi sərtliyin azaldılması üçün imkanlar olacaq”, - deyən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bu gün əsas prioritet makroiqtisadi sabitliyi bərpa etməkdir. İlkin olaraq biz sabitləşdirmə siyasətinə keçməliyik ki, investorlar bizə inansınlar və vətəndaşların, dövlətin gəlirinin artırılması həyata keçirilsin. Makroiqtisadi çərçivənin əsas elementlərindən olan bank sektorunda tezliklə sabitliyin və kredit aktivliyinin bərpa olunmasına çalışırıq. Mərkəzi Bankın diqqət yetirdiyi əsas məsələ Maliyyə Nazirliyi ilə birlikdə makroiqtisadi sabitliyin bərpasıdır. Bu istiqamətdə ciddi işlər gedir. Yaxın zamanlarda bu işlər yekunlaşacaq.
E.Rüstəmov, həmçinin qeyd edib ki, Azərbaycan qlobal, beynəlxalq layihələr həyata keçirir. Bu layihələri maliyyələşdirmək üçün ölkə öz valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olub. Bunları qiymətləndirsək, bütünlükdə tədiyyə balansının bu il gözlənilən 5 milyard dollar mənfi saldosu əhəmiyyətli rəqəmdir. Bunun 88-90 faizi kapitalın hərəkəti ilə bağlıdır. Bu, keçmiş və gələcək üçün götürülən borclarla, öhdəliklərlə və eyni zamanda, həyata keçirdiyimiz layihələrdən götürəcəyimiz gəlirlərlə əlaqədardır.
Sonda maliyyə naziri Samir Şərifov deputatların suallarını cavablandırıb və təkliflərə münasibət bildirib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.