“Qarabağ” da, “Arsax” da türk tayfalarına məxsus qədim toponimlərdir

Ermənilərin Azərbaycanın bu əzəli bölgəsinin adını dəyişmək istəyinin arxasında hansı fitnəkarlıq dayanır?

Azərbaycan torpaqlarında məskunlaşan ermənilər zaman- zaman işğal etdikləri ərazilərdə əsrlərin yadigarı olan abidələrimizi dağıdıb, yer üzündən siliblər. Qəsbkarlar xalqımıza məxsus əqli mülkiyyəti də -- dastanları, nağılları, əfsanələri, bayatıları, atalar sözləri və zərbi-məsəlləri, musiqi nümunələrini min bir hiylə ilə özününküləşdiriblər. Amma sonradan bu saxtakarlıqlar onların riyakarlıqlarının təsdiqinə çevrilib. İndi də erməni separatçıları işğalda saxladıqları Azərbaycan  torpaqlarında yaratdıqları “Dağlıq Qarabağ Respublikası” adlı qondarma rejimin adını dəyişərək, “Artsax Respublikası” (türk mənşəli ifadə olan “Arsax”ın “Artsax”la əvəzlənməsi də erməni məkrindən xəbər verir. Bu barədə bir qədər sonra) elan etməyə hazırlaşır, hətta bu məqsədlə “konstitusiya” dəyişikliyi həyata keçirməyi planlaşdırırlar...

 

“Ermənilər və qan ağlayan daşlar”

 

Ermənilər tarixə qarşı çox amansızdırlar; harada alban–turk memarlıq abidələri diqqət çəkirsə, ya onları vandalcasına ilim-ilim itirir, ya da üzərlərində “yenidənqurma” aparıb erməniləşdirirlər. Bir fakta nəzər salaq. Bu ilin əvvəllərində İrəvan meriyası  paytaxtın mərkəzində şəhərin tarixini əks etdirən abidələrin  sökülməsi, onların yerində yeni binaların tikilməsi haqqında qərar verib. Meriyanın açıqlamasında bildirilir ki, bu məqsədlə Abovyan və Puşkin küçələrindəki qədim alban monastrı və köhnə şəhər divarının qalıqları söküləcək və yerlərində hündürmərtəbəli binalar  tikiləcək...

Ermənilərin tarixi tikililəri dağıtmaları illərdir ki, davam edir. Bu, daha çox alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində, eləcə də süjet xarakterli oymalarda nəzərə çarpır. Onlar məskunlaşdıqları ərazilərdəki tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmir, hətta alban kilsələrindəki əlyazmaları “yaradıcı şəkildə” erməni dilinə çevirir, orjinallarını isə yandırırlar. Bundan başqa, monastrların interyerlərindəki yazıları ya tamamilə pozur, ya da öz düşüncələrinə uyğun erməniləşdirirlər. Çünki alban dövrü abidələrinin ornament və simvolları bu ərazilərin türklərə məxsusluğunu təsdiqləyir. Görkəmli qafqazşünas tarixçi alim Y. Krupnov bu barədə yazıb: “Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənərək, belə nəticəyə gəliblər ki, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar. Çünki həmin abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur”.

Bəli, ermənilər məqsədli şəkildə işğal altında saxladıqları ərazilərdə alban memarlığının milli mənsubiyyətini dəyişirlər. Bu da şübhəsiz ki, tarixin saxtalaşdrılması ilə nəticələnir. Gürcü tarixçisi A. Çavçavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində bu barədə yazıb: “... Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq, vaxtı ilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi” – Şərqi Ermənistan adlandırırlar...”. Digər tədqiqatçılar da, hətta xristianlıq dövrü abidələrinin belə erməni dini (qriqoryanlıq), erməni mədəniyyəti və mənşəyinə uyğun gəlməməsini sübuta yetiriblər.

Bu məsələdə diqqətçəkən cəhət həm də  odur ki, Cənubi Qafqazda erməni dövlətinin olmamasını bir sıra erməni tədqiqatçıları da etiraf ediblər. Məsələn, erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” əsərində xatırladıb: “Ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəssübkeşliyi yalnız yaşadıqları yerlərlə bağlıdır...”.

 

Özgə torpağında oynanılan “tamaşa”

 

Yenidən yazının əvvəlinə qayıdaq. Görəsən, ermənilərin torpaqlarımızda yaratdıqları “Dağlıq Qarabağ Respublikası” adlı qondarma rejimin adını dəyişərək “Artsax Respublikası” elan etməyə cəhd göstərmələrində maraqları  nədir? Azərbaycanın tarixi bölgəsinin adını yeniləmək istəyinin arxasında onların növbəti hansı fitnəkarlığı dayanır? Çox güman ki, seperatçılar bu təxribat “tamaşasını” utanmadan oynamaqla onlara yad olan, eyni zamanda, yuxularına haram qatan “Qarabağ” sözündən yaxa qurtarmağa  cəhd göstərirlər. Çünki işğalçılar Dağlıq Qarabağla yanaşı, bu ərazinin daşıdığı adın etimologiyasının da onlara heç bir aidiyyatı olmadığını yaxşı bilirlər. Anlayırlar ki, indiyədək tarixi mənbələrdə, imzalanan bütün müvafiq rəsmi sənədlərdə, məsələn, 1805-ci ildə Qarabağ xanlığının Rusiyaya birləşməsini rəsmiləşdirən Kürəkçay müqaviləsində sözügedən ərazi “Qarabağ” adı ilə öz ifadəsini tapıb. Hazırda dünya ictimaiyyəti də bu bölgəni Azərbaycanın tarixi Qarabağ əyalətinin dağlıq hissəsi – “Dağlıq Qarabağ” kimi tanıyır və qəbul edir.

“Qarabağ”ın türk sözü olması toponimçi tədqiqatçıların, demək olar ki,  əksəriyyəti tərəfindən təsdiqlənib. Məsələn, V. Piriyev “Azərbaycan tarixi - siyasi coğrafiyası” kitabında (Bakı, “Araz”, 2002) “Qarabağ”dakı  “qara” və “bağ” anlayışlarının Azərbaycan dilinə məxsusluğuna diqqət çəkərək, qara (sifət) və bağ (isim) ifadələrinin  birləşərək mürəkkəb tərkibli Qarabağ yer adını yaratmasını vurğulayıb. Müəllifin sözlərinə görə, Azərbaycan, həmçinin digər türk dillərində  “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da var. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənalarını da ifadə edir.

Qarabağın əzəli Azərbaycan torpağı olması artıq sübuta yetirilib. Ermənilərin bu əraziyə çox sonralar köçürülməsi və xristian albanlarla qaynayıb- qarışması tarixi mənbələrdə öz ifadəsini tapıb. Bununla əlaqədar kifayət qədər araşdırma var. Q. Qeybullayevin “Qarabağ.  Etnik və siyasi tarixinə dair” kitabında (Bakı, 1990) oxuyuruq: “Tarixdə iki böyük hadisə – alban xristian kilsəsinin erməni kilsəsinə tabe edilməsi və albanların böyük əksəriyyətinin İslam dinini qəbul etməsi vahid alban xalqının taleyini başqa cür həll etdi; albanlar dini mənsubiyyətə görə iki düşmən hissəyə parçalandı... Bununla da aydın olur ki, Dağlıq Qarabağın indi “erməni” adlanan əhalisinin ulu əcdadları məhz xristian albanlardır. Bax, tarixi həqiqət belədir”.

Ermənilərin Dağlıq Qarabağa kütləvi surətdə köçürülməsi isə 1826-1828-ci illər Rusiya – İran müharibəsi ilə əlaqədar olub. Türkmənçay sülh müqaviləsi ilə başa çatan həmin müharibədən sonra Rusiya imperiyası əldə etdiyi geniş səlahiyyətlərdən yararlanaraq,  özünə siyasi dayaq yaratmaq məqsədilə İran və Türkiyədən erməniləri kütləvi sürətdə köçürərək, Qərbi Azərbaycan ərazisində, başqa sözlə,   İrəvan xanlığı torpaqlarında, eyni zamanda, Qarabağda məskunlaşdırmağa başlayıb.

Tarixi-arxeoloji və antropoloji tədqiqatlarla da  ermənilərin (hayların) Dağlıq Qarabağa sonradan gəlmələri, onların burada yaşayan albanlarla heç bir etnik, genetik bağlılığının  nəzərə çarpmaması, eyni zamanda, sözügedən ərazinin qədim sakinlərinin kəllə, diş-çənə sümüklərinin analizi nəticəsində onların indiki azərbaycanlıların əcdadları  olması sübuta yetirilib. 

 

Korafəhmlik, yoxsa qanmazlıq?

 

Bütün bu tarixi, geopolitik reallıqların fonunda ermənilərin “addəyişmə tamaşası” oynamasında niyyətləri nədir? Şübhəsiz ki, məqsəd danışıqlar prosesini daha uzun müddətə dondurmaq, Azərbaycanın diqqətini Qarabağın azad edilməsindən uzaqlaşdırıb indi də “ad mövzusu”na yönəltməkdir. Bütün bunlarla yanaşı, beynəlxalq tədbirlərdə, vasitəçilərlə təmaslarda nəzərləri “Qarabağ” adının, guya, erməni ifadəsi olan “Arsax”a  yönəltmək... kimi iyrənc hədəf də açıq-aydın görünür.

Əgər, doğrudan da, onlar “Qarabağ”ın  təmiz türk sözü olmasından  belə narahatdırlarsa, onda gərək “Arsax” ifadəsinə görə də bu hissi yaşasınlar. Axı, “Arsax” bizim tariximizlə, soy-kökümüzlə sıx bağlı toponimdir... Bəli, erməni separatçılarının ya korafəhmlikdən  tarixdən xəbərləri yoxdur, ya da ümumiyyətlə, özlərini bilərəkdən qanmaz, düşüncəsiz göstərirlər. Çünki mənbələrdən bilməmiş deyillər ki, Azərbaycanın qədim dövlətlərindən olan və  e.ə. IV əsrdən eramızın VIII əsrinin sonunadək tarix səhnəsində yaşayan Albaniyanın  Kür çayından cənubdakı ərazisi dörd vilayətə – Arsax, Uti, Paytakaran və Sünikə bölünüb. O, I – VI əsrlərdə Albaniya Arşagirdlərinin, VI – VIII əsrlərdə isə Mehranilərin hakimiyyəti altında olub. IX əsrdə isə ərəblər Mehranilərin hakimiyyətinə son qoyaraq, Arsaxı – Qarabağı xilafətin tərkibinə daxil ediblər. Ərəb işğalından sonra, əsasən, düzənlikdə yerləşən Uti “Arran”, Arsax isə “Agvan” adlandırılıb...

Tədqiqatçıların araşdırmalarına əsaslansaq, Arsaxın erməniliyə aidiyyəti yoxdur. Burada heç vaxt erməni, yaxud hansısa bir qafqazdilli tayfa məskunlaşmayıb. Bu ərazidə ancaq köklü türkdilli etnosların, azərbaycanlıların ulu babalarının – utilər, sovdeylər, qarqarlar, saklar, hunlar, qoroslar, peçeneklər, qıpçaklar, xəzərlər və digər tayfaların yaşaması faktı mötəbər mənbələrdə dönə-dönə təsdiqlənir. Həmin ərazidə, yəni Qarabağda bura ermənilər köçürülənədək hay mənşəli heç bir toponimə  rast gəlinməməsi də bunun bariz ifadəsidir.

Vikipediyada (Azərbaycan açıq ensiklopediyası) “Qarabağ: etimologiyası, ərazisi və sərhədləri”nə istinadən oxuyuruq: Arsak və ya Arsax – Azərbaycan  ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ  toponiminin geniş işlədilməsi Arsak sözünü sıxışdırmışdır. Lakin hələ də Qarabağ sözü ilə paralel işlədilməkdədir.

Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir. Mənbələrdə də Arsax “möhkəmləndirilmiş vilayət”, “möhkəm ölkə” kimi adlandırılıb. İlk orta əsrlərdə erməni tarixçilərinin əsərlərində bu ifadə Artsax kimi verilib. Türkcə izah olunduğu halda, bu söz qədim, yaxud müasir erməni dilində heç bir məna daşımır.

Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının (hazırda Qarabağın dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi. “Erməni coğrafiyası”na görə, bu əyalət öz növbəsində 12 kiçik inzibati vahidə bölünürdü. Arsax əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təşkil edirdi (“Azərbaycan tarixi”, Bakı, “Elm”, 2007, cild II).

Yeri gəlmişkən, “Arsax” sözünün etimologiyası da maraq doğurur. Vikipediyada (Azərbaycan açıq  ensiklopediyası) qeyd edilir ki, “Arsax” qədim türk sözüdür. Etimologiyası  “ar” qədim türk dilində istifadə olunan sözdür, indi də Azərbaycan türkcəsi ilə yanaşı, digər türk dillərində “ər” formasında işlədilməkdədir, “sak”  isə qədim türk mənşəli tayfadır və bu tayfanın bir qolunun Azərbaycanda yaşadığı tarixdən məlumdur.

Tarixi və müasir Arbun, Orkun, (Orxon çayı), Krun, Karun, Əsgəran, Şabran (Sabran) və s. yer-yurd adları as aklarla (sak) bağlı olmaqla yanaşı, ərsak anlayışını da əks etdirir. Deyilənlərdən aydın olur ki, ərsak sözü Ərsarı, Ərtoğrul, Ərdahan, Ərdəbil, Əraz (Araz), Ərzurum, Ərak (Ərax) və s. ifadələrin əvvəlkindən “ər” ilə həm mənşə, həm də mənaca bir kökdən ibarət olmaqla yanaşı, sırf türk mənşəlidir. Aydındır ki, Qafqaza soxulmuş yadellilərin (ermənilərin) “ər asak”dan yaranmış Ərsak (Arsak) - Ağ as ərlərin (oğuzların) yeri, Vətəni olan Qarabağ torpağına və bu adla bağlı digər ünvanlara sahib çıxmağa nə tarixi, nə də mənəvi cəhətdən haqqı, hüququ çatır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında