ABŞ-Azərbaycan-Türkiyə münasibətləri: konstruktiv əməkdaşlığın inkişafı

Prezident seçkilərindən sonra Amerikanın xarici siyasətində mümkün dəyişikliklər haqqında ekspertlər fikir yürüdürlər. Bu sırada rəsmi Vaşinqtonun Azərbaycan və Türkiyə istiqamətində ata biləcəyi addımlar üzərində dayanırlar. Bu zaman bir məqama diqqət çəkirlər ki, Donald Tramp hətta bir sıra Avropa dövlətləri başçılarından əvvəl Azərbaycan və Türkiyə rəhbərliyi ilə telefonda danışıb. Özü də ABŞ-ın yeni Prezidenti hər iki ölkə ilə əməkdaşlığı daha da inkişaf etdirmək fikrində olduğunu açıq deyib.

Bunlara ekspertlər müxtəlif qiymətlər veriblər. Erməni mütəxəssislərin isə qısqanclığı və qeyri-obyektivliyi aydınca hiss olunur. Onlar Amerikanın regionda iki müsəlman ölkəsinə daha çox üstünlük verməsini həzm edə bilmirlər. Lakin reallıq budur və məhz Azərbaycanla Türkiyə müstəqil siyasət yeridir, bütün dövlətlərlə bərabərhüquqlu konstruktiv əməkdaşlığa üstünlük verirlər.

 

Azərbaycanın müstəqil siyasəti: Tramp rəğbətini bildirib

 

Dünya siyasətində müşahidə edilən ciddi dəyişikliklər fonunda Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin daha da artdığını görürük. Ekspertlər ABŞ-dakı prezident seçkisindən sonra bu tendensiyanın daha da güclənəcəyi qənaətindədirlər. Bunun bir neçə geosiyasi səbəbi vardır. İlk növbədə Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində bu region mühüm rol oynayır. Digər məsələ terrorla mübarizə ilə əlaqəlidir. Amerika həmin istiqamətdə səylərini artırmağı planlaşdırır. Nəhayət, Ağ ev üçün etibarlı tərəfdaşların olması mühüm şərtdir.

Şübhəsiz, Amerikanın xarici siyasətinin bütün incəliklərini bir yazıda təhlil etmək mümkün deyil. Ancaq yuxarıda vurğulanan məqamlar üzrə Vaşinqtonun ata biləcəyi addımlar üzərində dayanmaq mümkündür. Hər şeydən əvvəl, analitiklər qlobal siyasətdəki risklərdən ABŞ-ın necə sığortalanmaq istədiyini dərk etməyə çalışırlar. "Realpolitik" tərəfdarları daha sərt xarici siyasət yeritməklə hər yerdə Amerikanın marağını müdafiə etməyi təklif edirlər. İdealistlər isə amerikan dəyərlərini yaymağa üstünlük verir, ancaq bu zaman maneə yarandıqda, hərbi güc tətbiq etməyi istisna etmirlər. Henri Kissincer bu iki yanaşmanın sintezini tapmaq ideyasını irəli sürüb. Konkret olaraq, Vaşinqton öz geosiyasi maraqları ilə dəyərlərini bir-birinə uyğunlaşdıraraq dünyaya qəbul etdirməlidir. Cozef Nay isə həmin məqsədə çatmaq üçün "yumşaq güc"lə "sərt güc"ün sintezi olan "ağıllı güc"ü tətbiq etmək ideyasını irəli sürüb.

İndi analitiklər D.Trampın bu yanaşmalardan hansına üstünlük verəcəyi ilə bağlı təhlillər aparırlar. Gözlənilir ki, Amerikanın yeni rəhbərliyi "realpolitik"lə idealizmin sintezinə üstünlük verəcək. Bu isə o deməkdir ki, əvvəlki dövrlərdən fərqli olaraq, hər bir regionda real gücə malik etibarlı dövlətlərlə əməkdaşlığa daha çox yer verilə bilər. Burada əvvəlki mərhələlərdə olduğu kimi, dini təəssübkeşliyə yer olmamalıdır. Belə olsa, Vaşinqtonun siyasəti bütün dünyada fiaskoya uğrayacaq. Onun reallığı nəzərə alaraq xarici siyasət yeritmək planı boşa çıxacaq. Artıq Vaşinqtonun daha realist mövqedən çıxış etmək kursuna meylləndiyini göstərən əlamətlər özünü göstərir.

Həmin kontekstdə bir sıra ekspertləri ABŞ-ın Türkiyə və Azərbaycan siyasəti daha çox maraqlandırır. Onlar Amerikanın yeni prezidentinin bu ölkələrin rəhbərləri ilə ünsiyyətini qiymətləndirməyə çalışırlar. Maraqlıdır ki, D.Tramp həm İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğanla artıq telefonla danışıb. Özü də bunu bir sıra Avropa dövlətlərinin başçıları ilə əlaqə qurmazdan öncə edib. Azərbaycan Prezidenti ilə danışığında Amerikanın dövlət başçısı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını xüsusi vurğulayıb. D.Tramp ayrıca Azərbaycan Prezidenti İlham Əliyev haqqında çox xoş sözlər eşitdiyini dilə gətirib.

Təbii ki, bu münasibət rəsmi Vaşinqtonun Azərbaycanla konstruktiv əməkdaşlıq müstəvisində münasibətləri inkişaf etdirmək istəyini ifadə edir. Bəzi dairələrin, xüsusilə ermənilərin gözlədiyinin əksinə olaraq, Amerikanın yeni Prezidenti də Azərbaycanın dövlət başçısına bir siyasətçi və ölkə rəhbəri kimi böyük hörmətini ifadə edib.

 

Ankara və Bakı: ABŞ-ın daha çox maraq göstərdiyi ünvanlar

 

Belə çıxır ki, ABŞ Azərbaycan rəhbərliyi ilə əməkdaşlığı yeni səviyyəyə yüksəltməkdə qərarlıdır. Bu mövqeyi Prezident İlham Əliyevlə Bakıda görüşərkən ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki də nümayiş etdirib. Amerika rəsmisi "ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu" ifadə edib.

Ekspertlər rəsmi Vaşinqtonun Azərbaycanla enerji, terrorla mübarizə, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, müdafiə və başqa sahələr üzrə əməkdaşlığı yeni səviyyəyə yüksəltmək niyyətində olduğunu vurğulayırlar. Bunun üçün geniş imkanlar olduğu ayrıca qeyd edilir. Yəni mütəxəssislər ABŞ-ın əvvəlki rəhbərlərinin bir sıra hallarda yol verdikləri qərəzli yanaşmalar və əsassız ittihamlardan D.Trampın imtina etmək istədiyini önə çəkir, bu bağlılıqda Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış təhlükəli vəziyyətdən Bakı ilə Vaşinqtonun xilas yolu axtarması ehtimalını yüksək qiymətləndirirlər.

Məsələnin digər aspekti ABŞ-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi imkanları ilə bağlıdır. D.Tramp R.T.Ərdoğanla da telefon vasitəsilə əlaqə saxlayıb. Hər iki lider ölkələr arasında münasibətlərin daha da yaxşılaşdırılması barədə fikirlərini ifadə ediblər. D.Tramp Türkiyə Prezidentinin şəxsiyyətinə hörmət etdiyini ayrıca vurğulayıb. O, ümumiyyətlə, öz ailəsində Türkiyə rəhbərliyinə rəğbətin olduğunu açıq deyib. Bununla da Amerikanın yeni dövlət başçısı Azərbaycan Prezidenti ilə yanaşı, Türkiyə rəhbərinə də simpatiyasının olduğunu ifadə edib.

Bütün bunlar artıq ekspertlərin diqqətindən yayınmır. Onlar ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə nikbinliklə baxırlar. Lakin bir sıra dairələrin də artıq böhtan, qarayaxma kampaniyasına başladığını demək lazımdır. Xüsusilə erməni KİV-i Amerikanın iki müsəlman ölkəsinə böyük diqqət yetirməsini həzm edə bilmir. Ermənistan mətbuatında Donald Trampın daha əvvəl Serj Sarkisyanla deyil, İlham Əliyevlə telefon danışığı aparmasını izah edə bilmirlər. Onlar müxtəlif bəhanələr uyduraraq, hadisənin əhəmiyyətini azaltmağa çalışırlar. Lakin fakt faktlığında qalır.

Ermənistan ekspertləri apardıqları "təhlillərdə" Türkiyə və Azərbaycanın Amerika ilə münasibətlərini xeyli dərəcədə saymazyana və tabeedici tonda təqdim etməyə cəhd edirlər. Guya ABŞ Türkiyə və Azərbaycana müstəqil siyasət yeritməyə imkan verməyəcək, onların fəaliyyətinə ciddi nəzarəti həyata keçirəcək.

Görünür, Ermənistanda Azərbaycanın müstəqil xarici siyasət yeritməsini heç cür həzm edə bilmirlər. Özləri buna əngəl ola bilmir, ona görə də başqalarının onu etməsini xəyal edirlər. Çünki Azərbaycan öz sözünü deyib, milli mövqeyini hər dəfə ortaya qoyduqca həm dünyada nüfuzu daha da artır, həm də Ermənistanın mövqeyi zəifləyir. Bu səbəbdən erməni siyasi rəhbərliyi ilə yanaşı, ekspert dairələri də bəsit məntiqi iddialarla real vəziyyəti təhrif etməyə çalışırlar.

Ancaq bütün bu cəhdlərin uğursuz olacağına şübhə yoxdur. İllərdir ki, Azərbaycan öz müstəqil xarici siyasəti ilə ona əngəl olmaq istəyənlərin hamısına layiqli cavab verib. Bakı ilə Ankaranın bir yerdə daha müstəqil xətt yeridəcəklərinə kimsə şübhə etməməlidir. Bu mənada ABŞ-ın yeni rəhbərliyi də ilk növbədə məhz bu dövlətlərlə əməkdaşlıq etməlidir. Təcrübədə dəfələrlə sübut olunub ki, Azərbaycan və Türkiyə ədalətin, haqqın, bərabərhüquqlu əməkdaşlığın tərəfdarlarıdır. Bunu dərk etməyənlər həmişə sonradan səhv etdiklərini anlayıblar. Yəqin ki, ABŞ-ın yeni administrasiyası bu səhvi təkrarlamaq istəməz.

Bunu regiondakı və dünyadakı reallıq da tələb edir. Qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq olmasa, Yaxın Şərqdə və sonra da Cənubi Qafqazda mövcud vəziyyət daha da ağırlaşa bilər. O cümlədən erməni işğalçılığının qarşısı alınmasa, dünyada sabitliyi bərpa etmək mümkün olmayacaq. Yeni Amerika rəhbərliyi bunları dərk edə biləcək dərəcədə müdrikdir.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında