Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var.
Heydər ƏLİYEV
Ümummilli lider
1996-cı il, noyabr
Bu gün Azərbaycan müasir, inkişafda olan, özünü təmin edən ölkədir, güclü və şaxələndirilmiş iqtisadiyyata malikdir. Bütün iqtisadi proqramlarımız həyata keçirilib, onların bəziləri hətta vaxtından əvvəl icra olunub. Son 13 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı inkişaf baxımından yüksək mövqelərə layiq görürlər. Məsələn, Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadi rəqabətliliyinə görə 37-ci yerə layiq görüb. Bu isə dünya miqyasında aparıcı mövqelərdən biridir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
2016-cı il, noyabr
Dövlət müstəqilliyimizin bərpasının 25 illiyi və ulu öndər Heydər Əliyevin siyasi kursunun əsrin dörddən birinə bərabər olan bu müddətdə xalqımıza, milli dövlətçiliyimizə bəxş etdiyi töhfələr barədə qələmə aldığımız yazıda 20 il fərqlə – müxtəlif dövrlərdə söylənilmiş nitqlərdən iqtibas gətirməyimiz təsadüfi deyildir. Çünki bu iki sitat müstəqilliyimizin bərpasından keçən müddətdə ölkə həyatında baş vermiş dəyişikliklərin xarakterizə edilməsi baxımından kifayət qədər əhəmiyyət kəsb edir. Sitatlardan da görürük ki, ulu öndərin qarşısında duran bir nömrəli vəzifə ölkəmizin dövlət müstəqilliyinin əbədiləşdirilməsi idi. Prezident İlham Əliyevin məqsədi isə suverenliyi əbədiləşdirilmiş gənc müstəqil Azərbaycanı dünyanın aparıcı dövlətlərinin sırasına çıxarmaqdır. Qətiyyətlə və birmənalı şəkildə deyə bilərik ki, hər iki siyasətçi xalqımızın taleyi ilə bağlı olan həmin məqsədlərə yüksək səviyyədə nail olmuşdur.
Heydər Əliyev bir əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizin növbəti dəfə əldən getməməsi üçün Yeni Azərbaycan Partiyasını yaratdı və cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevirdi. O, xaos və anarxiya girdabına salınmış, vətəndaş müharibəsinə sürüklənmiş, bir tərəfdən, erməni işğalçıları, digər tərəfdən, daxili seperatçılar tərəfindən parçalanmaqda olan, iqtisadiyyatı tamamilə çökdürülmüş, əhalisi yavan çörəyə möhtac qalmış respublikanın taleyinə acıyan ziyalıların israrlı çağırış və tələbləri ilə siyasi hakimiyyətə qayıdanda çiynini nə qədər ağır bir yükün altına verdiyini çox yaxşı bilirdi. Ancaq ürəyi daim öz xalqının yanında olan lider bu çağırışlara “yox!” deyə bilməzdi. Nə yaxşı ki, demədi və “hə!” cavabı nəticəsində müstəqil dövlətimizin suverenliyi əbədiləşdirildi və xalqımız ağ günə çıxdı.
Həmin proseslər barədə ölkəmizin siyasətçiləri, ziyalıları və mətbuat təmsilçiləri çox yazdığına görə biz ölkəmizdən kənarda yaşamış, amma Azərbaycanla bağlı dünya şöhrətli iki ziyalının fikirlərini yada salmaq istəyirik. Azərbaycan və Heydər Əliyev haqqında dediyi fikirləri yada salmaq istədiyimiz birinci şəxs, SSRİ-nin görkəmli dövlət xadimi Nikolay Baybakovdur. O, bizim ulu öndərimiz və respublikamız haqqında danışarkən demişdi: “Mən Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci bir adam tanımıram”. Yada salmaq istədiyimiz ikinci ziyalı isə bütün türk dünyasının ən görkəmli simalarından olan İhsan Doğramacıdır. O, bizim ulu öndərimizin dünyasını dəyişməsinin ildönümü günlərində söyləmişdi: “Bu gün Azərbaycanda Heydər Əliyevin üç mükəmməl əsəri vardır: Suveren Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası və Prezident İlham Əliyev”. Xatırladaq ki, məhz həmin üç “əsər” bu gün Azərbaycan xalqını dünyanın bütün guşələrində tanıdır.
Ancaq fikirlərimizi ümumi ifadələrlə yekunlaşdırmayaq, bəzi konkret məqamlara diqqət yönəldək. Təbii ki, əvvəlcə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası barədə. Məhz onun rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdı. Məhz buna görə də ölkəmizdə yeni təsisatların yaranması və dövlət quruculuğu prosesi vüsət almışdı ki, bunun da əsasında müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya dururdu. Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlı idi. Həmin həqiqətlər barədə daim söz açan Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayındakı nitqində demişdir: “1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı...”
2003-cü ilin payızından etibarən Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi siyasət barədə danışarkən isə qeyd etməliyik ki, məhz onun səyləri nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi, ilk növbədə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Çünki beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin bəhrələridir. Odur ki, əcnəbi ekspertlər Azərbaycanın bu posta seçilməsini Prezident İlham Əliyevin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğu kimi qiymətləndirirlər.
Müasir Azərbaycan tarixinin xüsusi mərhələlərini xarakterizə edən politoloqlar yazırlar ki, Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrün ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bizimlə eyni dövrdə müstəqillik əldə etmiş dövlətlərin əksəriyyətindən fərqli olaraq, Azərbaycanın öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Təkcə siyasətdə və diplomatiyada deyil, eləcə də idarəetmədə modernləşmə xəttinin lideri olan Prezident İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır.
Hələ 10 il əvvəl neft sektorundan əldə edilmiş kapitalın mühüm bir hissəsinin insan kapitalına çevrilməsini qarşıya məqsəd qoyan İlham Əliyev bu istiqamətdə mühüm göstəricilərə imza atılmasına nail olub. Onun imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiqlənməsində məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Hazırda icrasına start verilmiş bu konsepsiya rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.
Mütəxəssislər yazırlar ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən keçən 25 il ərzində qazandığımız ən böyük uğurlardan biri də hamı tərəfindən qəbul edilən xarici siyasət kursumuzdur. Bu məsələ ilə bağlı fikirlərimizi biavasitə dövlət başçımızın öz sözləri ilə yekunlaşdırırıq: “Biz bütün ölkələrlə bundan sonra da bərabərhüquqlu əlaqələrin inkişafını təmin edəcəyik. Bu, xarici siyasətimizin əsas prinsiplərindən biridir. Biz daha çox ikitərəfli formata üstünlük veririk. Biz görürük ki, ikitərəfli formatda çox böyük nailiyyətlər əldə etmək olar – həm siyasi əlaqələr, həm də iqtisadi investisiya baxımından. Azərbaycanın ikitərəfli formatda heç bir ölkə ilə heç bir problemi yoxdur. Əksinə, biz bütün ölkələrlə çox sağlam əlaqələr yarada bilmişik. Bu əlaqələr, əlbəttə ki, prinsiplər üzərində qurulmalıdır və qurulubdur. Bizim siyasətimiz həmişə bundan ibarət olmuşdur ki, burada bərabərhüquqlu, bir-birinə hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında üfüqi əlaqələr olmalıdır. Biz buna nail oluruq. Bizim həmişə təbliğ etdiyimiz bu prinsiplər bu gün başqa ölkələrlə əlaqələrimizdə üstünlük təşkil edir”.
Məhz həmin prinsiplər Azərbaycanı regionun lider ölkəsinə, dünyanın isə sözükeçən, mövqeyi qəbul edilən dövlətinə çevirmişdir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.