2016-cı ilin apreli Dağlıq Qarabağ münaqişəsinin həlli tarixinə dönüş nöqtəsi kimi düşdü

 

 

 

 

 

 

 

 

 

 

 


Biz səbir, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik.

İlham ƏLİYEV
 Azərbaycan Respublikasının Prezidenti


Ölkəmizin  müstəqilliyini bərpa etməsindən keçən 25  il xalqımızın  həyatında kifayət qədər uğurlu məqamlarla yadda qalmışdır. Respublikamız regionun lider dövlətinə çevrilmiş, dünyanın əksər sorğu mərkəzləri dövlətimizin hərtərəfli reytinqinin durmadan artdığını təsdiqləmiş, Azərbaycan BMT  Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun qeyri-daimi üzvü seçilmiş və “kosmik ailə”nin üzvlüyünə qəbul edilmişdir. Çox təəssüf ki,  bu möhtəşəm nailiyyətlər fonunda bizim yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün atılan addımlar öz müsbət nəticəsini verməmişdir. Çünki işğalçı Ermənistan dövləti  və onun havadarları aparılan danışıqlardan  münaqişənin həlli üçün deyil, məğlubiyyətin uzaqlaşdırılması üçün istifadə etmişlər. Ancaq bu il aprel ayının əvvəlində təmas xəttində baş verən proseslər, xüsusən, Azərbaycan Ordusunun uğurlu əməliyyatları sübut etdi ki, işğalçılar daha vaxt qazanmaqla məşğul ola bilməyəcək, səmərəli danışıqlar masasına otuzdurulacaqlar.

Bütün beynəlxalq təşkilatların tribunasında və dünyanın hər yerində bu həqiqəti, eyni zamanda, xalqımızın işğal altında olan torpaqlarımızı istənilən yolla azad etmək qətiyyətini  dilə gətirən Prezident İlham Əliyev noyabrın 16-da  beynəlxalq ictimaiyyətə daha kəskin şəkildə mesajlar göndərdi. Xatırladaq ki, respublikamız  noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına – Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi etmişdir.

80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək  rəhbəri və təmsilçisinin, media üzrə beynəlxalq ekspertlərin, UNESCO-nun rəsmi nümayəndəsinin, həmçinin regional media qurumlarının əməkdaşlarının  iştirak etdiyi tədbirin açılış mərasimində nitq söyləyən dövlət başçımız qeyd etmişdir ki, müstəqilliyin bərpa olunmasından sonra uzun illərdir ki, üzləşdiyimiz problemlər sırasında istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dayanır: “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Bu gün təkcə sovet dönəmində Azərbaycanın tərkibində muxtar vilayət olmuş Dağlıq Qarabağ deyil, ölkənin yeddi digər rayonu da erməni işğalı altındadır.

Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev hələ 1997-ci ilin yanvarında mətbuat təmsilçilərinin suallarını cavablandırarkən demişdir ki, Dağlıq Qarabağ münaqişəsinin nə zaman həll ediləcəyini məndən  tez-tez soruşursunuz. Mən  bu suala konkret cavab verə bilmərəm. Amma onu deyə bilərəm ki, bunun üçün iki əsas amil lazımdır – zaman və qüdrətli Azərbaycan dövlətinin yaradılması. Təxminən, 19 il əvvəl şəxsən iştirak etdiyim tədbirdə ümummilli liderimizdən eşitdiyim həmin cavabı bu ilin aprelində baş verən hadisələr zamanı  yenə də xatırladım. Bu, danılmaz  faktdır ki, o siyasət dahisinin xatırlatdığı hər iki amil  bu gün artıq Azərbaycan reallığıdır. Zaman da yetişib, qüdrətli Azərbaycan dövləti də formalaşdırılıb.

O da yadımdadır ki, dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev aprelin əvvəllərində cəbhədə atılan addımların nəticələrinə görə xalqımızı və ordumuzu təbrik edərək dedi:
“...Bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, – onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, – biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm”.

Həmin tarixi hadisədən yeddi ay sonra şahidi olduğumuz iki məqamı da yada salmaq zərurəti var. Birinci ondan ibarətdir ki, noyabrda həm Rusiyanın, həm də Ermənistanın kütləvi informasiya vasitələri Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə dediklərini manşetə çıxartdılar. Elə Azərbaycan mətbuatı və sosial şəbəkələr də bu barədə az söz açmadılar. Doğrudur, Serj Sarkisyan elə bir siyasi riyakar və hərbi canidir ki, onun sözlərində səmimiyyətin nə qədər olacağı şübhə altındadır. Amma,  faktdır ki, uzun illər Dağlıq Qarabağ barədə başqa cür danışan Ermənistan prezidenti indi həmin ifadəni dilə gətirib. Bunu Minsk ­qrupunun həmsədrlərindən olan Rusiya Federasiyası rəhbərliyinin rəsmi İrəvana göstərdiyi təzyiqin nəticəsi kimi qiymətləndirənlər də, Prezident İlham Əliyevin Dağlıq Qarabağa Azərbaycan daxilində muxtar respublika statusunun verilə biləcəyi barədə bəyanatı ilə əlaqələndirənlər də var.

Yada salmaq istədiyimiz ikinci fakta nəzər yetirək. Ölkənin kütləvi informasiya vasitələri xəbər verdilər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə noyabrın 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş  yaşayış məntəqəsinə – Cocuq Mərcanlı kəndinə gedib. Ordumuz həmin kəndi  ermənilərin aprelin əvvəlində törətdiyi hərbi və siyasi təxribatın  cavablandırılması zamanı düşmən tapdağından azad edib.  Yəni Baş nazirin müavininin bu səfəri o qədər də adi  məsələ deyil. Çünki uzun illər idi ki, milyonlarla soydaşımız hər ilin sonunda dövlət başçımızın dilindən “Təəssüf ki, bu il də Dağlıq Qarabağ münaqişəsinin həllində konkret bir addım atılmadı və ya irəliləyiş olmadı”– sözlərini eşidirdi.

Münaqişənin ədalətli şəkildə həll edilməsi üçün aparılan danışıqlarda ona görə irəliləyiş olmurdu ki,  biz səbir və təmkin, beynəlxalq hüquq normalarına hörmət, beynəlxalq təşkilatların qərar və qətnamələrinə ehtiram nümayiş etdirir, bir sözlə, həqiqi humanistlik göstərirdik. Bu isə beynəlxalq məsələlərin həllində ikili standart yürüdən qüvvələri arxayınlaşdırır, işğalçı Ermənistanı isə daha da azğınlaşdırırdı. Prezident İlham Əliyev  dəfələrlə həm ermənilərə, həm də onların havadarlarına xəbərdarlıq etmişdi ki, bizim səbrimiz tükənməz deyil. Azərbaycan dövləti münaqişənin sülh və danışıqlar yolu ilə həlli prinsipinə o qədər sədaqət nümayiş etdirdi ki, nəticədə, vasitəçilər və Ermənistan rəhbərliyi elə zənn etdilər ki, bu hal yüz illərlə davam edə bilər. Heydər Əliyev siyasətinin Azərbaycanı hansı səviyyədə inkişaf etdirdiyini  nə ermənilər, nə də, onların havadarları  nəzərə ala bilirdilər.  Ona görə də elə bir gün olmurdu ki, atəşkəsi pozmasınlar və ya hansısa  təxribata əl atmasınlar.  Sadəcə, bunun nə ilə nəticələnə biləcəyini anlamırdılar.  Aprel döyüşlərindən sonra isə anladılar.

Burada bir məsələni də  xüsusi qeyd etmək zərurəti var. Belə ki, aprel hadisələrindən dərhal sonra ermənilər və onların havadarları beynəlxalq aləmdə göz yaşı töküb vay-şivən qaldırmışdılar ki, Azərbaycan Ordusu atəşkəs rejimini pozub. Ancaq artıq iyirminci əsrin doxsanıncı illəri deyil ki, ermənilər kimisə aldada bilsinlər.  Təxribat törədib  cavabını alan düşmənin  məğlubiyyətdən sonra axıtdığı göz yaşları heç kəsi təsirləndirmədi. Rəsmi Bakı beynəlxalq aləmə başa saldı ki, bu əməliyyatın əsas məqsədi təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi. Vəziyyətin tamamilə Azərbaycanın xeyrinə dəyişdiyini görən Ermənistan rəhbərləri  beynəlxalq aləmə müraciət edərək atəşkəsin qorunmasına dəstək istəmişdilər.   Azərbaycan Ordusunun qətiyyətini görən   bir neçə siyasi lider və beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycan və Ermənistan rəhbərliyini atəşkəsin bərpasına çağırmış,  Azərbaycan tərəfi, həmişə olduğu kimi, yenə də beynəlxalq ictimaiyyətin rəyinə hörmət və ehtiramla yanaşmış, birtərəfli qaydada əməliyyatların dayandırılması barədə qərar qəbul edilmişdir. Ancaq Azərbaycan silahlarının susduğunu görən Ermənistan rəhbərliyi öz itkilərinin əvəzini dinc sakinlərdən çıxmaq üçün təmas xəttinə yaxın olan yaşayış məntəqələrini müxtəlif növ silahlardan atəşə tutaraq təxribatı davam etdirmişdir.

Ermənilərin həmin həyasızlığı uşaqdan qocayadək bütün soydaşlarımızın Ali Baş Komandan və ordu ətrafında birləşməsinə səbəb olmuşdu. Həmin günlər 50 milyonluq dünya azərbaycanlılarının hər biri Qarabağdan gələn xəbərləri ayaq üstə dinləyirdi. Təkcə İran İslam Respublikası, Rusiya Federasiyası, Gürcüstan və başqa ölkələrdəki soydaşlarımız deyil, Avropa və Amerikada olan bütün  azərbaycanlılar rəsmi Bakının dəstəklənməsi üçün öz səslərini qaldırırdılar. Türkiyə Cümhuriyyətindəki on milyonlarla qardaşımız isə Azərbaycan əsgərinə bütün mənalarda dəstək və yardım göstərmək təklifi ilə çıxış edirdilər. Dünyanın müxtəlif ünvanlarından Azərbaycan Prezidentinə gələn məktublarda dövlətimizin haqq işi dəstəklənirdi.

Minlərlə insan Azərbaycan əsgərinin yanına getmək arzusunu bildirir, hamı işğalçıya qarşı döyüşmək, torpaqlarımızın  əsarətdən, işğaldan azad olunmasında şəxsən iştirak etmək istəyirdi. Bu ilin aprelində  Azərbaycan mətbuatı da heç zaman görünməyən bir mütəşəkkilliklə Azərbaycan Ordusunun, şanlı Azərbaycan əsgərinin yanında idi. Gənc jurnalistlər birbaşa cəbhədən reportajlar hazırlayır, yaşlı nəslin nümayəndələri isə öz təcrübələrinin cəmiyyət üçün nə qədər gərəkli olduğunu bir daha sübut edirdilər.

Biz həmin günlər ordumuza  və xalqımıza dəstək olan çox bəyanatlar eşitdik. Ən dəyərli bəyanatı isə Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev vermişdi:  “Azərbaycanın ərazi bütövlüyü istənilən digər dövlətin ərazi bütövlüyü qədər dəyərlidir!”

Biz o dəyəri qoruyacağıq.

İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında