Azərbaycan demokratik dəyərlərə öz töhfəsini verir

Respublikamızın beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə ikitərəfli və çoxtərəfli formatlarda olduqca uğurlu əməkdaşlığı, qlobal və regional siyasətin formalaşdırılmasında, siyasi gündəmin təyin edilməsində öz fəallığını daha da artırması bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını getdikcə artırır . Dövlət başçımız xalqımızın maraqlarına əsaslanan tam müstəqil xarici siyasət kursu yeritməsi, demokratik proseslərin inkişafını daim diqqət mərkəzində saxlaması ilə beynəlxalq aləmdə özünəməxsus mövqeyi ilə seçilir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, biz beynəlxalq təşkilatlarla və dünya ölkələri ilə münasibətlərimizi qarşılıqlı hörmət, etimad, səmərəli əməkdaşlıq prinsipləri üzərində qururuq və xarici siyasətimizdə bu prinsiplərin yerinə yetirilməsinə çalışırıq.

Azərbaycanda söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.  Ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyə başladığı vaxtdan əsası möhkəm təməllər üzərində qurulmuş insan hüquq və azadlıqlarının müdafiəsi, insanların öz fikirlərini sərbəst ifadə etmələri, müstəqil mətbuatın fəaliyyətinin inkişafı, bu yolda qarşıya çıxan problemlərin aradan qaldırılması ənənəsi Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və dünya standartları səviyyəsinə çatdırılmışdır. Azərbaycan Prezidenti  dəfələrlə vurğulayıb ki, azad, plüralist, güclü media olmadan cəmiyyətin demokratik inkişafını, şəffaflığı təmin etmək mümkün deyil.

Hazırda ölkəmizdə kütləvi informasiya orqanlarının fəaliyyətini tənzimləyən, bu və ya digər şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Azərbaycan çox nadir ölkələrdəndir ki, mətbuatın inkişafına dövlət dəstəyi həyata keçirilir. Bu fakt ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq və yerli təşkilatlarla birgə  keçirilən tədbirlərdə öz əksini tapıb.

25 illik müstəqillik tarixində belə möhtəşəm uğurlara imza atan gənc müstəqil dövlətə qısqanclıqla yanaşanların olması təbii haldır. Həm “sapı özümüzdən olan baltaların” hakimiyyət hərisliyi, həm də antiazərbaycan dairələrin və onların əllərində alətə çevrilmiş bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı  qərəz və böhtanları başadüşüləndir. Belə ünsürlərin bəhanələri isə artıq köhnə bayatıya bənzəyir: insan hüquq və azadlıqlarının müdafiəsi, söz və mətbuat azadlığının boğulması, mitinqlərin keçirilməsinin qarşısını almaq və insanların öz fikirlərini sərbəst ifadə etmələrinə yaradılan süni əngəllər.

“Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”,  “Freedom House” kimi qərəzli təşkilatların kimlərinsə sifarişi ilə zaman-zaman ölkəmiz haqqında hazırladıqları yalan və böhtanla dolu hesabatlara artıq inanan yoxdur. Məsələn, “Sərhədsiz reportyorlar”ın açıqladığı son hesabatda Azərbaycanda son bir ildə mətbuatın durumunun pisləşdiyi, bu səbəbdən mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə endiyi bildirilir. Sözsüz ki, belə hesabatlara, necə deyərlər, bişmiş toyuğun da gülməyi gəlir. Bu təşkilatların hazırladıqları  hesabatlar qərəz nümunəsi kimi qiymətləndirilməlidir. Təbii ki, Azərbaycan bir dövlət, cəmiyyət olaraq öz inkişaf xəttini, strategiyasını hansısa beynəlxalq qurumun reytinqində yüksək yer qazanmağa hesablamır. Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasi strategiya  vətəndaşların, xalqın və ümumilikdə, ölkənin inkişafını əsas prioritet kimi müəyyənləşdirir.

Bu günlərdə Azərbaycanın nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına – Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi etməsi ölkəmizdə söz və mətbuat azadlığının aşağı səviyyədə olduğunu iddia edən  qərəzli beynəlxalq  təşkilatlara tutarlı cavab oldu. Həmin tədbirlərə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT – UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları qatılmışdılar. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunmuşdur. Belə ki, Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlmişdi.

Tədbirin açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etməyin bizim üçün böyük şərəf olduğunu bildirmişdir: “Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar. Bu ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir”.

Ölkəmizdə müstəqil mətbuatın sərbəst fəaliyyəti üçün hər cür şərait yaradıldığını diqqətə çatdıran ölkə Prezidenti demişdir ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet fəaliyyət göstərir.  Tədbir iştirakçılarına da bəlli olmuşdur ki, ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyona yaxındır. Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi illərdən, xüsusilə 1993-cü ilin ikinci  yarısından başlayaraq,  demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, söz və mətbuat azadlığının inkişafı, insanların sərbəst toplaşmalarına əlverişli şərait yaradılması istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsi və qanunvericilik bazasının möhkəmləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu getdikcə artırmışdır. Bu fakt  respublikamızın bir neçə il əvvəl dünyanın ən mötəbər beynəlxalq qurumu – BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində də  özünü büruzə verdi. Bu üzvlük 155 dövlətin dəstəyi sayəsində əldə edilmişdir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti, hətta Azərbaycan ilə fəal siyasi təmaslara malik olmayan ölkələr belə bizim namizədliyimizi dəstəkləmişdir.

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının iştirakçılarının da fikirləri bir daha təsdiqlədi ki, bu gün ölkəmizdə söz və mətbuat azadlığına yaradılan şərait yüksəkdir. Belə bir nüfuzlu tədbirə Azərbaycanın ev sahibliyi etməsi də bundan xəbər verir. Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas Eriksonun, Almaniyanın DPA agentliyinin baş texniki direktoru Meinolf Ellersin, Böyük Britaniyanın Press Association agentliyinin baş redaktoru Piter Kliftonun, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” xəbər kanalının baş direktoru Türki əl-Daxilin, Avstraliyanın AAP agentliyinin baş direktoru Brüs Alan Davidsonun və digər nüfuzlu agentliklərin rəhbərlərinin səsləndirdikləri fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan  azad sözün və müstəqil mətbuatın fəaliyyətinin daha da genişləndirilməsinin tərəfdarıdır. İştirakçılar tədbirin yüksək səviyyədə təşkilindən, həmçinin onlar üçün yaradılan şəraitdən məmunluqlarını ifadə etmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresini yüksək səviyyədə təşkil edib. Həmçinin diqqətə çatdırılıb ki, dünyanın müxtəlif ölkələrinin xəbər agentliklərinin nümayəndələrinin qatıldığı bu konqres əməkdaşlığın genişləndirilməsində, müasir jurnalistikanın, sosial medianın imkanlarını müzakirə etməkdə və bu sahədə bəzi problemlərin həll olunmasında böyük rol oynayacaq.

Beş qitəni, 80 ölkəni və dünyanın 130-dan çox aparıcı xəbər agentliyini təmsil edən 200 nümayəndənin qatıldığı Dünya Xəbər Agentliklərinin V Konqresində iştirakçılar bir-biri ilə təcrübələrini bölüşmüş, müasir jurnalistikanın imkanlarını və problemlərini müzakirə etmişlər. İştirakçılar müzakirələrdə dünyadakı xəbər agentliklərinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirmiş, dünya mediasının peşəkarlarının Bakı Konqresindən çox faydalanacaqlarına əminliklərini ifadə etmişlər.

Böyük Britaniyanın Press Association Agentliyinin baş redaktoru Piter Kliftonun fikri də maraqlı olmuşdur: “Prezident İlham Əliyevin dərin məzmunlu çıxışını diqqətlə dinlədim. Azərbaycan Prezidenti ölkənizin bütün sahələrdə inkişafı, buradakı media azadlığı, dövlətinizin bu sahədə qətiyyətli mövqeyi barədə çox dəyərli fikirlər səsləndirdi”.

Qonaqlar konqresin keçirildiyi Heydər Əliyev Mərkəzini nadir memarlıq nümunəsi adlandıraraq, onun həm xarici, həm də daxili tərtibatının mükəmməl olduğunu qeyd etmişlər.

Təbii ki, belə nüfuzlu tədbirə qatılanlar arasında Azərbaycanın bu sahədəki tərəqqisini gözü götürməyənlər də var idi. Belələri öz təxribatçı sualları ilə ölkəmizin artan nüfuzuna xələl gətirmək istəsələr də, onların bu xəbis niyyətləri baş tutmadı. Daha dəqiq desək, bu dəfə ağalarının sifarişlərini yerinə yetirə bilmədilər. Verdikləri suala tutarlı cavab almaqla, necə deyərlər, yerlərində otuzduruldular. Belələrindən biri də  Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski idi.  Onun  Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı qərəzli sualına dövlətimizin başçısının tutarlı faktlarla verdiyi cavab sualın yalan və böhtan üzərində qurulduğunu bir daha təsdiqlədi: “Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə – “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq. Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir. Bu, bütün digər azadlıqlara da şamil olunur. Məsələn, sərbəst toplaşma hüququ. Bəzən Azərbaycanı tənqid edirlər ki, bizdə sərbəst toplaşma hüququ yoxdur. Bu, yanlışdır. Bunun üçün bu yay müxalifətin keçirdiyi mitinqlərə nəzər salmaq kifayətdir. Qeyd edim ki, onlar oraya çox adam yığa bilmədilər, onların sayı dünən Heydər Əliyev Mərkəzində keçirilən tədbir iştirakçılarının sayından az idi. Lakin onlar azad şəkildə toplaşmışdılar, heç bir məhdudiyyət yox idi”.

Prezident İlham Əliyev bir daha diqqətə çatdırmışdır ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Ölkə başçısı bildirmişdir ki, biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq.

Ölkə rəhbəri Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskiyə müraciət edərək demişdir: “Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?”.

Bu faktın qarşısında söz tapa bilməyən agentliyin vitse-prezidenti acizliyini gizlədə bilməmişdir.

Dünya Xəbər Agentliklərinin V Konqresinin Azərbaycanda keçirilməsi ölkəmizin demokratik dəyərlərə töhfə verdiyini bir daha təsdiqlədi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında