Cəfəng fikirlər: Serj Sarkisyana xas məntiqsizliyin yaratdığı yalanlar

Bu günlərdə Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfər edərək,  ordunun döyüş hazırlığı ilə tanış olması kütləvi informasiya vasitələrində, siyasi dairələrdə ciddi reaksiya yaradıb. Ermənilər bərk təşvişə düşüblər. İlham Əliyev Azərbaycan Ordusunun gücü, aprel hadisələrinin əsl mahiyyəti və Silahlı Qüvvələrin qarşısında duran vəzifələr haqqında dürüst, obyektiv və nikbin fikirlər söyləyib. Dərhal Serj Sarkisyan jurnalistlərə müsahibə verərək, Azərbaycana növbəti böhtanlarını atmağa başlayıb. Lakin bunu o dərəcədə məntiqsiz və absurd formada edib ki, dediklərinə sadəlövhləri belə inandıra bilməyib. Hiss olunur ki, Ermənistan rəhbərliyi reallıq hissini tamamilə itirərək, rabitəsiz cümlələr quraşdırmaq səviyyəsinə enib. Ancaq vəziyyətin belə olmasının özü region üçün təhlükədir. Çünki bu hakimiyyətin atacağı addımları proqnozlaşdırmaq mümkün deyil. Elə addımlar atıla bilər ki, bütövlükdə region məhvə doğru sürüklənər, qeyri-müəyyənlik maksimum səviyyəyə qalxar.

 

Sarkisyan uydurduğu yalanlarla  hakimiyyətinin ömrünü uzatmağa çalışır

 

Serj Sarkisyanın adətən həqiqətləri təhrif etdiyi hamıya məlumdur. Ancaq o, hər dəfə ağzını açanda, elə absurd və məntiqsiz cümlələr işlədir ki, psixologiyasının yalan danışmaqdan xeyli pozulduğunu görmək olur. S.Sarkisyanın son iki müsahibəsində bu tezisi sübut edəcək kifayət qədər ifadələr vardır. Onun Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələri ilə ön xətdə yerləşən bölgəyə səfəri zamanı verdiyi bəyanatlara reaksiyası son dərəcə qeyri-səmimi və qərəzli bir adam olduğunu göstərir. Başdan-ayağa böhtan və uydurma fikirlərlə dolu olan həmin müsahibələrində erməni prezident, ümumiyyətlə, bütün dünya ictimaiyyətini aldatmağa çalışaraq son dərəcə aydın olan faktları saxtalaşdırıb. Bununla da onun tam olaraq böhtançı olduğuna şübhə yeri qalmayıb.

Ancaq əvvəlcə Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri zamanı ifadə etdiyi çox obyektiv və maraqlı fikirlərinə nəzər salaq. Dövlət başçısı ordumuzun vəziyyəti ilə yerində tanış olarkən Ali Baş Komandan kimi öz qiymətləndirmələrini də əsgərlərə çatdırıb. Bu, bütün dünyada qəbul edilmiş normadır. İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, Azərbaycan Ordusu bölgənin ən güclü ordusu kimi aprel döyüşlərində zəfər qazandı. Konkret olaraq, 2000 hektar ərazidə nəzarəti ələ keçirdi. Bu o deməkdir ki, "Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”.

Dövlət başçısı bu kimi uğurların həm ordunun döyüş qabiliyyətinin daim artması, həm də əsgərlərdə vətənpərvərlik ruhunun yüksək olması ilə bağlı olduğunu qeyd edib. Bununla yanaşı, biz öz torpağımızı qoruyuruq. Lələtəpə də, Şuşa da, Xankəndi də Azərbaycandır. Bu da bizim gücümüzü dəfələrlə artırır, çünki öz torpağını qorumaq Allahdan olan tələbdir. Prezident deyib: "Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.

Aprel döyüşlərinin mühüm nəticələrindən biri kimi ölkə başçısı dünyanın bir daha Azərbaycanın Ermənistanın işğalçı siyasəti ilə heç vaxt barışmayacağına əmin olmasını göstərib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. İlham Əliyev qətiyyətlə ifadə edib: "Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq”.

Prezident xüsusi vurğulayıb ki, bu reallıqlardan Ermənistanın siyasi rəhbərliyi nəticə çıxarmalıdır. Onlar öz xalqını məhvə aparırlar. Azərbaycan Ordusu son qarış torpaq azad olana qədər mübarizəni dayandırmayacaq. Ölkə rəhbəri həmin məsələ ilə bağlı dəqiq söyləyib: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var”.

 

Həqiqəti gizlətmək
cəhdini İlham Əliyevin dəmir məntiqi puç edir

 

Sağlam düşüncə üçün çox dəyərli fikirlərdir, ədalətli mövqedir, onlar həqiqəti əks etdirir. Ancaq, nə yazıq ki, Serj Sarkisyan belə düşüncədən mərhumdur. Erməni jurnalistə verdiyi müsahibədə o, Azərbaycanın qonşuları ilə daim müharibə aparmağa meyilli olduğunu və bu əsasda hakimiyyəti saxlamaqda maraqlı qüvvələrin mövcudluğunu vurğulayır.

Necə olur ki, bu cür ağ yalanlar danışa bilən birisi dövlətə başçılıq edir? Axı, Azərbaycan hansı qonşusuna təcavüz edib, yaxud bu fikrə düşüb? Gürcüstanamı, İranamı, Rusiyayamı, yoxsa Türkiyəyə? Əgər Sarkisyan Ermənistanı nəzərdə tutursa, onda prezident adlanan kəsin adi coğrafiyadan xəbəri yoxdur. Çünki Azərbaycan Ermənistanın bir qarış torpağını belə zəbt etməyib. Əksinə, Ermənistan havadarlarının yardımı ilə bizim 20 faiz ərazimizi hələ də işğalda saxlayır. Adi jurnalist belə, S.Sarkisyanın bu cür absurd məntiqindən iyrənir!

Məsələnin daha vacib tərəfi isə ondan ibarətdir ki, Ermənistana başçılıq edən adam İlham Əliyevin aprel hadisələri və ümumiyyətlə, münaqişənin həlli ilə bağlı nə dediyini anlaya bilməyib. Səbəbi bizə məlumdur – o, məntiqi zəif olmaqla yanaşı, Ermənistanın təcavüzünü ört-basdır etmək üçün müxtəlif hoqqalara əl atır. Azərbaycan Prezidenti qətiyyən demir ki, aprel döyüşlərində Azərbaycan qalib gəldi və bununla onun ordusunun vəzifəsi bitdi.

Əksinə, ölkə başçısı aydın ifadə edir ki, aprel zəfəri göstərdi ki, Azərbaycan Ordusu hər şərt daxilində qələbə qazanmağa qadirdir və onun qarşısını heç bir qüvvə ala bilməz. Axı, erməni ordusuna dünyanın ən güclü dövlətləri hər cəhətdən yardım edirlər. Bunun müqabilində Azərbaycan Ordusu cəmi bir neçə günə Ermənistan silahlı qüvvələrinin bölmələrini darmadağın etdi, erməni əsgərlər məğlubiyyətin acısını daddılar.

İndi Azərbaycanın dövlət başçısı bütün dünyaya çatdırır ki, biz vəzifəmizin başa çatdığını demirik. Sadəcə, hamı bilsin ki, hətta havadarları ilə bir yerdə Ermənistan ordusu ağır məğlubiyyətdən yaxa qurtara bilməyəcək. Təbii ki, danışıqlarda konstruktiv mövqe tutsa, rəsmi İrəvan bu fəlakətdən qurtula bilər. Deməli, hər şey onların özündən asılıdır. Azərbaycan Ordusu düşmənin işğal edilmiş ərazilərdə yerləşdirilmiş istənilən obyektini məhv etməyə qadirdirsə, deməli, bunun sonucunu ermənilər düşünməlidirlər.

Eyni zamanda, Ermənistan rəhbərliyi Rusiya ilə birgə hərbi qruplaşmalar yaratmağın adını nə qoyur? Rusiya KİV-i bunu belə ifadə edir: Ermənistan və Rusiya özlərinə olan təhlükələrə qarşı birgə hərəkət edəcəklər. İmzalanan sənəddə birmənalı qeyd olunur: "bu, tərəflərin hər hansı birinin təhlükəsizliyinə olan təhdidlərə, həmçinin silahlı hücuma adekvat reaksiyaya" qarşı yaradılan qruplaşmadır.

Azərbaycanın isə nə Rusiyaya, nə də Ermənistana hücum etmək fikri yoxdur. Mütəxəssislər də vurğulayırlar ki, Dağlıq Qarabağ yeni yaradılan hərbi qruplaşmanın mümkün təsir dairəsinə daxil deyil. Bəs onda ermənilər nəyə görə bu məsələni məhz Azərbaycan kontekstində qabartmağa çalışırlar? Görünür, onlar düşdükləri faciəvi durumun fərqindədirlər və erməni cəmiyyətini sakitləşdirməyə çalışırlar. Ancaq bunu S.Sarkisyanın açıq yalanları vasitəsilə həyata keçirməyin mümkünlüyünə inanmaq çox çətindir.

Bunlar bir həqiqəti ortaya qoyur: S.Sarkisyan Ermənistanın işğal etdiyi əraziləri erməni ərazisi kimi təqdim etməyə çalışır. Guya elə həmişə dövlətlərarası sərhədlər işğaldan sonrakı coğrafiyada olub və buna görə də Azərbaycanın hər bir hərbi addımı Ermənistana qarşı aqressiyadır. Bunu demək qədər qəbul etmək də absurddur. Çünki hər kəs bilir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti deyilən bir qurum vardı və o, Azərbaycan SSR-in tərkibində idi. Bəs necə oldu ki, indi orada erməni silahlı qüvvələri var, erməni vətəndaşlar var, ancaq nə azərbaycanlılar, nə də Azərbaycan Ordusu yoxdur? Yəni, bunu sübut etməyə heç ehtiyac da yoxdur. Ehtiyac işğal ərazisindəki terrorçuları və separatçıları heç kəsdən icazə almadan məhv etməyə vardır! Bunun fonunda S.Sarkisyanın bütün dedikləri "...karvan keçər" misalını xatırladır.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında