Prezident İlham Əliyev: Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik

Azərbaycanda növbəti möhtəşəm tədbir keçirildi. Ölkəmiz nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına – ­Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının  XXII iclasına ev sahibliyi etdi. ­Dünyanın 80 ölkəsindən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları Bakı şəhərində beynəlxalq medianın “nəbzini yoxlamağa” və hamını maraqlandıran aktual problemlər və məsələlər ətrafında fikir mübadiləsi aparmağa toplaşmışdılar.  İnformasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən nüfuzlu qurumların Azərbaycanda bir araya gəlməsi ölkəmizin cəmiyyətin inkişafına böyük təsir göstərən müstəqil medianın problemlərini müzakirə etməyə açıq olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin açılış mərasimində dediyi kimi, rəsmi Bakı belə bir tədbirin Azərbaycanda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində ölkəmizin fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edir.

Ümumiyyətlə, medianın demokratik prinsiplərin təbliğində ən başlıca vasitə olduğu məlumdur. Ona görə də, demokratik dəyərlərə yiyələnmək istəyən ölkə mətbuatının inkişafına diqqət yetirilir. Məhz bu baxımdan da, bu gün ölkəmizdə mətbuata, söz azadlığına böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev də Dünya Xəbər Agentliklərinin V Konqresinin açılış mərasimində müstəqil medianın inkişafının Azərbaycan hökuməti üçün prioritet istiqamətlərdən biri sayıldığını vurğulamış və bildirmişdir ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlər rəsmi Bakının media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğunu nümayiş etdirir. Heç kimə sirr deyil ki, dövlət müstəqilliyinin ilk illərində ölkəmizdə yaşanan böhran mətbuat sahəsinə də mənfi təsir etmişdi. Həmin dövrdə ölkənin müharibə şəraitində olması, sosial-iqtisadi problemlər, senzuranın mövcudluğu mətbuatın inkişafına maneələr yaradırdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün məhdudiyyətlərə son qoyulmuş, Azərbaycanda söz-fikir azadlığı və siyasi plüralizmin inkişafı təmin edilmişdir.

Azərbaycanda medianın dövlət və cəmiyyət həyatındakı mühüm roluna önəm verilir və onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində də davamlı addımlar atılır. Demokratik inkişaf yolunu seçən ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid vətəndaşın informasiyaya olan tələbatının daha dolğun səviyyədə ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Azərbaycan rəhbərliyi də milli KİV-in iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində mətbuatın rolunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirir. Məhz belə dövlət siyasətinin nəticədir ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı üçün heç bir təhlükə yoxdur, KİV nümayəndələri istənilən mövzu ətrafında açıq şəkildə məqalələr dərc edir və sərbəst fikir mübadiləsi aparırlar.

Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında hazırda Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlərin fəaliyyət göstərdiyini vurğulamış, ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyasının yayımlandığını nəzərə çatdırmış və internetin tam azad olduğunu qeyd etmişdir. Ölkə əhalisinin 75 faizindən çoxunun fəal internet istifadəçisi olduğunu deyən dövlət başçısı təqribən 10 milyon əhalisi olan Azərbaycanda sosial mediadan istifadə edənlərin sayının 2 milyon olduğunu açıqlamış və bu rəqəmi Azərbaycanda azad medianın inkişafının çox uğurlu göstəricisi kimi qiymətləndirmişdir. İnternetin əlçatan olması ölkə əhalisi arasında sürətli və keyfiyyətli məlumatların yayılmasını təmin edir. Azad və demokratik ölkə statusunu təsdiqləyən sosial şəbəkələrin də maneəsiz fəaliyyət göstərməsi və şəbəkələrin minlərlə istifadəçisinin sərbəst fikir mübadiləsi aparması platformasına çevrilməsi Azərbaycan reallığıdır. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

Dövlət başçısı çıxışında medianın beynəlxalq hadisələrdəki rolunun dəqiqliklə təhlil edilməli olduğuna da diqqət ayırmışdır. Prezident İlham Əliyev fikrini onunla əsaslandırmışdır ki, medianın rolu gündən-günə artır və bu da onun məsuliyyətini artırır. Dövlət başçısının sözlərinə görə, bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir.  “Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur”, – deyən Prezident İlham Əliyev əlavə etmişdir ki, bəzən mediada görülənlər və oxunanlar reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəsindən bildiyini açıqlayan dövlət başçısı demişdir ki, beynəlxalq media vasitəsilə izlənilən bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. “Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı--burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq”, – deyən dövlət başçısı vurğulamışdır ki, hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.

Əlbəttə, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünya miqyasında nüfuzunun göstəricisidir. Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etməyin Azərbaycan üçün böyük şərəf olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin beynəlxalq arenada nüfuza malik dövlət olduğunu bildirmiş və bir neçə il əvvəl Azərbaycanın dünyanın ən mötəbər beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini fakt kimi diqqətə çatdırmışdır. 155 dövlətin, yəni, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin, hətta Azərbaycan ilə fəal siyasi təmaslara malik olmayan ölkələrin dəstəyi sayəsində ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi gənc dövlətin böyük xarici siyasi qələbəsidir. Dövlət başçısının sözlərinə görə, bu, həm də  məsuliyyətli və məntiqlə davranan tərəfdaş ölkəyə – Azərbaycana dəstəyin, bizim beynəlxalq müstəvidə davranışımıza və fəaliyyətimizə verilmiş yüksək qiymətin göstəricisi idi. 

Prezident İlham Əliyev nitqində Azərbaycanın beynəlxalq ictimaiyyətə əməkdaşlıq və qarşılıqlı anlaşma təklif etdiyini açıqlamışdır. Təkliflərin müsbət meyillər olduğunu nəzərə çatdıran dövlət başçısı əlavə etmişdir ki, rəsmi Bakının rolu əsasən ənənələri və Azərbaycanın ehtiyacları üzərində qurulmuşdur. Azərbaycanın çoxmillətli və çoxkonfessiyaslı ölkə kimi tanındığını bildirən Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, ölkədə hamı sülh və ləyaqət şəraitində yaşayır və bu, dünyaya bir mesajdır: “Biz tənha bir ada deyilik, qonşuluğumuzda digər ölkələr var və bizim qanunauyğun marağımızdadır ki, bu sahədə regionda və dünyada müsbət inkişaf mövcud olsun”.

Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi çoxsaylı beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsini “Odlar yurdu”nun mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi böyük dəyərin göstəricisi kimi qiymətləndirən dövlət başçısı əlavə etmişdir ki, Azərbaycan dünyada, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan nadir ölkələrdən biridir və  hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir. Dünyada ilk dəfə 2008-ci ildə məhz Azərbaycanın təşəbbüsü nəticəsində İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edildiyini nəzərə çatdıran Prezident İlham Əliyev vurğulamışdır ki, bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat “Bakı prosesi” adı alıb və biz bununla fəxr edirik.

Azərbaycanın ildən-ilə artan potensial imkanları ölkəmizə marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində respublikamızın aparıcı rola malik olduğunu təsdiqləyir. Dünyanın ən müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət xadimlərinin və elm adamlarının da qatıldığı mötəbər tədbirlər Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Şübhəsiz ki, bu mötəbər tədbirlərdə iştirak edən xarici dövlətlərin nümayəndələri ölkəmiz haqqında geniş məlumat verirlər. Prezident İlham Əliyev nitqində əmin olduğunu açıqlamışdır ki, Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar. Bu ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Azərbaycanın müasir, inkişafda olan, özünü təmin edən, güclü və şaxələndirilmiş iqtisadiyyata malik ölkə olduğunu vurğulayan dövlət başçısı əlavə etmişdir ki, sosial təminat yüksək səviyyədə təmin edilir. Bütün iqtisadi proqramların həyata keçirildiyini, onların bəzilərinin hətta vaxtından əvvəl icra olunduğunu qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, son 13 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artmış, yoxsulluğun göstərici 5 faiz səviyyəsindədir. İşsizliyin də təqribən bu səviyyədə olduğunu diqqətə çatdıran dövlət başçısı xüsusilə vurğulamışdır ki, mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı inkişaf baxımından yüksək mövqelərə layiq görürlər.

Azərbaycanın iqtisadi rəqabətlilik səviyyəsinə görə aparıcı mövqeyə malik olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir ki, belə yüksək göstərici ölkə iqtisadiyyatının şaxələndiyini təsdiqləyir və milli iqtisadiyyatımız yalnız bir mənbədən – enerji mənbəyindən asılı deyil. Ölkə başçısı gələcəkdə də iqtisadi islahatların davam etdiriləcəyini açıqlamış və bunun ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacağına və Azərbaycanın qarşıdakı illərdə daha da güclənəcəyinə əmin olduğunu vurğulamışdır. Qarşılıqlı maraq üzərində qurulmuş geniş regional əməkdaşlığın yaradılması istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini və enerji və nəqliyyat sahələrində təşəbbüslərimizin artıq öz bəhrəsini verdiyini vurğulayan Prezident İlham Əliyev 1990-cı illərin ortalarında Azərbaycan tərəfindən irəli sürülmüş enerji layihələrinin regionumuza firavanlıq gətirdiyini də tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Azərbaycanın Xəzərin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkə olduğunu xatırladan dövlət başçısı demişdir ki, Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi Azərbaycanın ən mühüm nailiyyətlərindəndir. Prezident İlham Əliyev çıxışında “Cənub” qaz dəhlizi adlanan qlobal enerji layihəsi üzərində iş getdiyini və 7 dövlətlə sıx əməkdaşlıq edildiyini bildirmişdir. Dəyəri 45 milyard dollar olan “Cənub” qaz dəhlizi qlobal enerji layihəsi Azərbaycanın öz ehtiyaclarını təmin etməyə, böyük qaz ixracatçısına çevrilməyə, tranzit və istehlakçı dövlətlərə isə yeni enerji mənbəyi əldə etməyə ­imkan yaradacaq.

Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupu ilə görüşündə də bir sıra mühüm və maraqlı məqamlara toxunmuşdur. Bakı Konqresinin Azərbaycanın təqdimatı üçün yaxşı imkan yaratdığını bildirən dövlət başçısı ümidvar olduğunu bildirmişdir ki, toplantı iştirakçılarının “Odlar yurdu” haqqında daha çox məlumat əldə etmək imkanı olacaq. Avstraliyanın AAP agentliyinin baş direktoru Brüs Alan Davidson ölkəmizə səfər etməklə Azərbaycan haqqında daha çox məlumatlar əldə etdiyini açıqlamışdır. Cənab Davidson Bakıda yeni binaların müasir memarlığına diqqət verdiyini və bunun müasir Bakının bir xüsusiyyəti olduğunu vurğulamışdır. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal Bakıdakı inkişaf proseslərini görməkdən çox məmnun olduqlarını vurğulamış və həmkarlarının bir hissəsinin Azərbaycanın müxtəlif yerlərində, kiçik kəndlərdə, o cümlədən Qafqaz dağlarında yerləşən Xınalıq kəndində olduğunu demişdir. Qonaqpərvərliklə qarşılandıqlarını açıqlayan cənab Marşal əlavə etmişdir ki, səfər onlarda Azərbaycanla bağlı dolğun təəssürat yaratmışdır.

Görüşdə Prezident İlham Əliyevin Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskinin sualına ətraflı və tutarlı cavab verməsi də maraq doğurur. C. Danişevskinin “Azərbaycanın dünyada dolğun şəkildə tanınmasını istəyirsiniz. Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq dövlət başçısı ona fikirlərində subyektivliyə yol verdiyini xatırlatmışdır. Prezident İlham Əliyev əlavə etmişdir ki, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulduğunu müəyyənləşdirmək lazımdır. Beynəlxalq birliyin BMT-yə üzv olan 200 ölkə demək olduğunu vurğulayan dövlət başçısı bir daha diqqətə çatdırmışdır ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunmuşdur və bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir.

Azərbaycan Prezidenti görüşdə Donald Tramp haqqındakı şəxsi fikirlərini də açıqlamışdır. Birləşmiş Ştatların 45-ci Prezidenti haqqında şəxsi fikrinin çox müsbət olduğunu vurğulayan dövlət başçısı ümid etdiyini bildirmişdir ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək: “Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir”.

Bir sözlə, Dünya Xəbər Agentliklərinin V Konqresinin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artmasına şərait yaradacaq. Ən əsası, dünyanın aparıcı KİV nümayəndələri rəsmi Bakının azad mətbuat, insan hüquqları, demokratiya və digər mühüm məsələlərə müsbət münasibət nümayiş etdirdiyinin, ölkədə hər insanın rahat və təhlükəsizlik şəraitində yaşadığının şahidi olacaqlar.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında