Dünyanın ən nüfuzlu, aparıcı jurnalistləri Azərbaycan həqiqətləri ilə tanış oldular

Ötən əsrin sonlarında bərpa etdiyimiz dövlət müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin “sərhədləri möhkəm bağlayaraq respublikanı inkişaf etdirmək” arzusunun fəsadları heç kəsin yadından çıxmayıb. Ölkəmizi beynəlxalq aləmdən təcrid edən həmin prinsip, az qala, müstəqilliyimizin ikinci dəfə əldən getməsini də reallığa çevirirdi. Ulu öndər Heydər Əliyev xalqın israrlı tələbləri və mövcud iqtidarın acizanə çağırışları ilə ölkə rəhbərliyinə qayıdışından sonra həmin siyasət naşılarından fərqli olaraq tamamilə yeni, beynəlxalq aləmə açıq olan strateji xətt götürdü. Xalqımız həm ulu öndərin sağlığında, həm də 2003-cü ilin payızından sonra həmin siyasi kursun səmərəsini hər gün, hər yerdə, istənilən addımda görür.

Son illər isə Heydər Əliyev siyasi kursunun ölkəmizə və xalqımıza bəxş etdiyi uğurların miqyası qat-qat artmışdır. Bugünkü inkişafımızın əsaslarından biri ölkənin sivil qanunlar, hüquqi prinsiplər və demokratik şəkildə idarə edilməsidirsə, digər səbəbi də beynəlxalq aləmə inteqrasiya, dünya dövlətçilik tarixinin mütərəqqi prinsiplərindən istifadə, qabaqcıl ölkələrdə əldə edilmiş elmi-texniki nailiyyətlərin ölkəmizə gətirilməsidir. Bu prinsiplərin reallaşdırılması üçün isə ölkə beynəlxalq aləmə açıq olmalıdır. Dünyanın aparıcı beyin mərkəzlərində etiraf edirlər ki, Prezident İlham Əliyevin idarəçilik sahəsində qazandığı çoxsaylı uğurların əsas səbəbi öz ölkəsinin bütün dünyadakı tərəfdaşları və dostları ilə sıx əməkdaşlığının nəticəsidir. Qərbin nüfuzlu ekspertləri və mətbuat təmsilçiləri yazırlar ki, Azərbaycanın hər il bir neçə beynəlxalq tədbirə ev sahibliyi etməsi bu ölkənin aparıcı dünya dövlətləri ilə yan-yana dayanmasının göstəricisidir.

Əcnəbilərin yada saldığı həmin tədbirlərin bir neçəsi başa çatmaqda olan 2016-cı ilin payına düşür. Çünki biz bu ilin yayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişik. Payızda, noyabrın 16-da isə paytaxtımız mətbuatla, informasiya ilə bağlı olan iki beynəlxalq təşkilatın möhtəşəm tədbirinə ev sahibliyi etdi. Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda -- Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirildi. Eyni zamanda, həmin günlər, məhz həmin auditoriyada MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına da ev sahibliyi etdik.

80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşlarının iştirak etdiyi Konqresdə dünyanın bütün qitələri təmsil olunurdu. Məlumat verildi ki, Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Aşılış mərasimində geniş nitqlə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər tədbirin ölkəmiz üçün əhəmiyyətindən danışdı: “Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar. Bu ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir”.

Məlum olduğu kimi, dünyanın müxtəlif guşələrində məskən salmış antiazərbaycan dairələrin dəmtutanları və ikili siyasətdən əl çəkə bilməyən bəzi qüvvələrin təmsilçiləri dövri olaraq ölkəmiz haqqında qarayaxma kampaniyasına başlayır, insan hüquqlarının qorunmadığı, söz və mətbuat azadlığının olmadığı barədə cəfəng “hesabatlar” uydururlar. Ona görə də Prezident İlham Əliyev dünya mətbuatının ən mütərəqqi nümayəndələrinin toplaşdığı məclisdə növbəti dəfə həmin məsələlər haqqında Azərbaycan həqiqətlərini dilə gətirdi: “Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub”.

Dövlət başçımız dünyanın harasında, hansı qitədə, ölkədə və hansı beynəlxalq təşkilatın tədbirində iştirakından asılı olmayaraq dövlətimizin və xalqımızın yeganə problemi olan Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından söz açır, işğalçı dövlətə xəbərdarlıq edir, ikili siyasət müəlliflərini isə ciddi şəkildə qınayır. Noyabrın 16-da da belə oldu: “Bu işğal 20 ildən artıqdır ki, davam edir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bütün aparıcı beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul ediblər. 1990-cı illərin əvvəlində BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq onlar icra olunmamış qalır. Ermənistan həmin qətnamələrə məhəl qoymur, beynəlxalq ictimaiyyətə saymazlıq edir. Burada ciddi müzakirələr aparılmalı və addımlar atılmalıdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılsın… Bu, Azərbaycana qarşı ikili standartların göstəricisidir. Biz işğala son qoymalıyıq”.

Bütün bunlarla yanaşı, dövlət başçımız qətiyyətlə deyir ki, bu nəhəng siyasi, iqtisadi və sosial yükə baxmayaraq, Azərbaycan inkişaf edir. Biz bu inkişafa sadiqik: Hesab edirəm ki, nailiyyətlərimiz olduqca böyükdür.

Telman HAQVERDİYEV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında