Yeni Azərbaycan Partiyası bütün fəaliyyəti dövründə xalqın böyük etimadını və dəstəyini qazanmışdır

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanın aparıcı siyasi qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 24 il ötür. Cənubi Qafqazın ən böyük partiyası  olan YAP ötən müddət ərzində Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynamışdır. Bu möhtəşəm proses indi də davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin olunmasına şərait yaradır. Bu gün əminliklə demək olar ki, yaradıcısı ümummilli lider olan YAP-ın fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yüksək səviyyədə həyata keçirilir. Bu, bir həqiqətdir ki, YAP bu günün və gələcəyin siyasi partiyası kimi, Azərbaycanın inkişafına güclü təsirini bundan sonra da davam etdirəcək.

YAP-ın təsis olunmasını tələb edən tarixi zərurət Azərbaycanın üzləşdiyi mürəkkəb və fəlakətli vəziyyətdən xilas etmək istəyi ilə əlaqədar idi. Ona görə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı ən yeni tarixində fərqli vəziyyətlə üzləşmişdi. Keçmiş SSRİ-nin tarixin arxivinə göndərilməsi nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da dövlət müstəqilliyinə qovuşmuş və xalqımız uzun illər həsrətində olduğu müstəqilliyini bərpa etmək imkanı qazanmışdı. Lakin 1990-cı illərin əvvəllərində cərəyan edən arzuolunmaz hadisələr və meydana çıxmış yeni reallıqların qiymətləndirilməməsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. İqtisadi sahədə tənəzzül, dövlət hakimiyyətində dərinləşən böhran, milli maraqlarımıza zidd olan addımların atılması, Dağlıq Qarabağ münaqişəsində ağır vəziyyətin yaranması və vətəndaş müharibəsi təhlükəsinin artması ölkədə ümumi vəziyyəti daha da gərginləşdirmişdi. Onilliklər ərzində yaradılmış iqtisadi potensial bərbad hala düşmüş, milli iqtisadiyyat iflic vəziyyətinə salınmışdı. Azərbaycanı mühasirəyə almış siyasi-iqtisadi böhran AXC-Müsavat tandeminin  reallığa uyğun fəaliyyət göstərməməsi ucbatından daha da dərinləşmişdi.

Azərbaycanın dövlət müstəqilliyinin başının üstünü almış “qara buludlar”dan təmizləmək, siyasi və iqtisadi sahəni böhrandan çıxarmaq, vətəndaşın şəxsi təhlükəsizlik hissini və cəmiyyət həyatının digər sahələrində davamlı inkişafı təmin etmək və möhkəmləndirmək üçün güclü  liderə və siyasi qüvvəyə ehtiyac duyulurdu. Belə lider və siyasi qüvvə Azərbaycanın ağır dövründə 1992-ci il ­noyabrın 21-də siyasi platformada meydana gəldi. Həmin tarixi gündən bir ay öncə, daha dəqiq desək, 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda ümummilli lider Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirmişdi. Yeni təsis edilmiş partiyanın sədrinin ulu öndər Heydər Əliyevin seçilməsi Azərbaycanın düşdüyü dərin bataqlıqdan çıxarılması istiqamətində atılan ilk tarixi addımlardan biri olmuşdu. Qeyd etmək yerinə düşər ki, həmin dövrdə hakimiyyət dairələrinin YAP-ın yaranmasına qısqanc münasibətləri və göstərdikləri təzyiqlər Azərbaycanı fəlakətin astanasından geri qaytarmaq missiyasını öz üzərinə götürmüş insanların əzm və iradəsini qıra bilməmişdi. Ona görə ki, real təhlükəni görən xalq ümummilli lider Heydər Əliyevin rəhbəri olduğu siyasi qüvvənin xilaskar bir missiya üçün yarandığını bilirdi və YAP-ın təsis edilməsinə dəstək vermişdi.

Həmin dövrü xatırlayan Prezident İlham Əliyev qeyd etmişdi ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir: "O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar, demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşdular. Ona görə də, Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişdilər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan Vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi”.

Ulu öndər Heydər Əliyevin 1970-1980-ci illərdə  gördüyü işləri, Azərbaycanın inkişafına verdiyi töhfələri və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyətini, cəsarətli addımlarını, qanlı 20 Yanvar faciəsini pisləməsini, Kommunist Partiyası sıralarını tərk etməsini, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsini, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsini, Sovet İttifaqının saxlanmasına dair referendumun məhz Naxçıvanda keçirilməməsini xatırladan Prezident İlham Əliyev vurğulamışdı ki, bütün bu amillər xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırmışdı. Dövlət başçısı qeyd etmişdi ki, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis edilməsi xalqda xoşagəlməz hallara son qoyulacağına və çox ciddi siyasi qüvvənin yaranacağına, nəhayət, ölkədə yeni siyasi sistem formalaşacağına böyük ümidlər yaratmışdı. Qısa zaman kəsiyində bu amillər Azərbaycanda reallığa çevrildi. Partiyanın təsis edilməsindən bir il ötməmiş Azərbaycan xalqı naşı və bacarıqsız qüvvələri hakimiyyətdən uzaqlaşdıraraq, ulu öndər Heydər Əliyevə müraciət etdi, böyük siyasi xadimi hakimiyyətə qaytardı.

Xüsusilə qeyd olunmalıdır ki, ümummilli lider Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə AXC-Müsavat hakimiyyətinin maneələr yaratdığına görə partiyanı təsis etmək istəyən təşəbbüs qrupu Naxçıvana getmiş, YAP-ın təsis konfransını orada keçirməyə nail olmuşdu. Azərbaycanın bütün regionlarını əhatə edən nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmişdi. Təsis konfransı YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etmişdi. Konfransda böyük siyasi xadim Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdi. Beləliklə, müstəqil Azərbaycan tarixində mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası siyasi meydana çıxmış və dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi istiqamətində mübarizəyə başlamışdı. Azərbaycançılıq, dövlətçilik, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın siyasi məfkurəsinin əsasını və Azərbaycanın siyasi gələcəyi uğrunda apardığı fəaliyyətin ideya bazasını təşkil edir.

Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi YAP-ın fəaliyyətində yeni mühüm ­dövrün əsasını qoymuşdu. Belə ki, YAP-ın iqtidar partiyası kimi statusu yeni şəraitə uyğun dəyişmiş, siyasi həyatda oynadığı rol güclənmiş və aparıcı siyasi qüvvəyə çevrilərək ictimai-siyasi həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirməyə başlamışdı. 1995-ci ildən bu vaxta qədər keçirilən bütün  parlament seçkilərində YAP üzvlərinin üstünlük qazanmaları partiyaya olan ümumxalq inamını bir daha təsdiqləmişdir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və müdrikliyi sayəsində YAP bu gün Azərbaycanın nüfuzlu siyasi təşkilatına çevrilmişdir. Ulu öndərin dediyi kimi, “dünənin, bu günün və sabahın partiyasıdır” kəlamı da bu həqiqəti bir daha gözlər önünə gətirir.

Heç kimə sirr  deyil ki, YAP-ın gücü məhz ulu öndər Heydər Əliyevin ideyaları əsasında meydana gəlməsində və Azərbaycan xalqının mənafeyinin uca tutulmasında, 600 mindən çox insanın bir sırada birləşməsindədir. Əlbəttə, bu rəqəm insanları eyni amal və hədəf ətrafında birləşdirən partiyanın gücünün və qüdrətinin göstəricisi kimi qəbul olunmalıdır. Taleyüklü seçkilərdə YAP-ın qələbə qazanması üçün səfərbər olunan insanlar partiyanın dövlətçilik və inkişaf ideyasının daşıyıcıları, tərəfdarları olduqlarını bir daha təsdiqləmişlər.

YAP Azərbaycanın siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə güclü əsaslar yaratması ilə də tarixi missiyasını yerinə yetirmişdir. Məlumdur ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi sistemi kortəbii şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini müəyyənləşdirəcək və siyasi sistemin monolitliyini təmin edəcək ideya və ideologiyalar yox idi. Bununla yanaşı, siyasi qüvvələr arasında siyasi mədəniyyət nümunəsi də mövcud deyildi. Demokratik şəraitdə fəaliyyət göstərən çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin, ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda ümumi təsəvvürlər yox dərəcəsində idi. Ona görə ki, Azərbaycan cəmiyyəti uzun illər kommunist ideologiyasiyanın təsiri altında yaşamışdı. Belə bir şəraitdə də YAP-ın Azərbaycanın siyasi sisteminə daxil olması demokratik siyasi sistem haqqında təsəvvürlərin formalaşmasına güclü təkan vermişdi. Ölkənin avanqard siyasi gücünə çevrilən YAP-ın sürətlə inkişaf etməyə başlaması və qısa müddətdən sonra hakimiyyətə gəlməsi Azərbaycanın siyasi sisteminin formalaşmasına güclü təsir göstərmişdi. Siyasi sistemin lokomotivi kimi, YAP-ın  sürətli inkişafı da Azərbaycanın siyasi mədəniyyətinə uyğun yeni müxalif təşkilatlanmaların formalaşmasına da güclü əsaslar yaratmışdı.

Bir sözlə, Yeni Azərbaycan Partiyasının getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır. Əminliklə demək olar ki, iqtidar partiyası siyasi proqramına uyğun olaraq, qarşıdakı illərdə də Azərbaycanın qonşu və region ölkələrlə münasibətlərin qurulmasına və faydalı əməkdaşlığın  inkişaf etdirilməsinə, beynəlxalq hüquq və prinsiplər əsasında dövlətlər arasında etimad yaradılmasına hesablanan uğurlu siyasi fəaliyyətini davam etdirəcək və hər bir azərbaycanlının rihaf halının daha da yüksəldilməsinə çalışacaqdır. YAP-ın cəmiyyətin yeganə seçimi olmasını Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyi və nüfuzu da şərtləndirir və bütün bunlar da belə deməyə əsas verir ki, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafelərin istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var və zaman ötdükcə, bu qarşılıqlı dəstək daha da güclənəcək.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında