Çaşqınlıqdan yaranan təxribat: həmsədrlər niyə susurlar?

Ekspertlər erməni KİV-də Azərbaycan diversiya qrupunun Dağlıq Qarabağda əməliyyat keçirmək niyyəti haqqında yalan informasiya dərc edilməsinin təsadüfi olmadığını, bunun arxasında bir neçə səbəbin dayandığını düşünürlər. Onların sırasında daxildə korrupsiya və rüşvətin tüğyan etməsi nəticəsində yaranmış çox ağır vəziyyətlə yanaşı, xarici amillər də var. Ermənistanda yeni seçilmiş hökumət vəziyyəti yaxşılaşdıra biləcək bir proqram təqdim edə bilməyib. Ekspertlər bunun, ümumiyyətlə, Ermənistanın müstəqil iqtisadi siyasət yeridə bilmək iqtidarında olmaması ilə əlaqələndirirlər. Digər tərəfdən,  Azərbaycan Prezidentinin münaqişənin həlli ilə bağlı konkret və konstruktiv mövqe nümayiş etdirməsi rəsmi İrəvanı çaş-baş salıb – onlar nə alternativ rasional bir təklif verə bilirlər, nə də danışıqların hazırkı formatda davam etdirilməsini istəyirlər. Nəhayət, İrəvanın çəkindiyi digər məqam həmsədrlərin regiona səfər etməsi və mövcud status-kvonu dəyişmək zərurətindən danışmasıdır. Bütün bunların fonunda ermənilərin növbəti yalan informasiya yaymaları və Azərbaycanı suçlamağa çalışmaları müəyyən gizli niyyətlərdən xəbər verir.

 

Yenə də yalan: Ermənistanın köhnə təxribat üsulları davam edir

 

Ermənistan növbəti dəfə təxribat törədib. Rəsmi İrəvan bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri öncəsi həyata keçirib. Erməni KİV məlumat yayıb ki, guya, oktyabrın 20-də gecə saatlarında Azərbaycan diversiya qrupu Dağlıq Qarabağda düşmən mövqelərinə nüfuz etməyə çalışıb. Lakin "qəhrəman Arsax əsgərləri" onlara itki verdirərək, geri çəkilməyə məcbur edib.

Bu informasiyanın təqdimat üsulu belə, onun saxta olduğunu göstərir. Erməni tərəfi irəli sürdüyü ittihamı sübut etmək üçün heç bir fakt ortaya qoymur – yalnız bir yığın böhtan xarakterli cümlələr şəklində təqdim edir. Lakin əsl şou da elə məhz bundan sonra başlayır. Ermənistan müdafiə naziri Vigen Sarkisyan Dağlıq Qarabağa qanunsuz səfər edərək "gələcəyin müharibəsinə hazırlaşmalıyıq" kimi gəlişigözəl, lakin işğalçı məzmunlu fikirlər söyləyib. Bununla yanaşı, o, erməni ordusunun "gücü"ndən, xalqla ordunun vəhdətindən bəhs edib. Ancaq bu "güclü ordu"da aprel döyüşlərindən sonra generalın qalmadığından söz açmayıb. Erməni nazirin nağıllarına heç özünün də inanmadığına şübhə yoxdur. Çünki reallıq tamam başqa cürdür.

Hər şeydən əvvəl, həm yalan informasiyanın məzmunu, həm də rəsmi İrəvanın bununla bağlı yaratmaq istədiyi siyasi-ideoloji şou göstərir ki, Ermənistan rəhbərliyini narahat edən ciddi məsələlər vardır. Onlar, əslində, çoxdan məlumdur. Sadəcə, növbəti dəfə sübut olunur ki, Ermənistan siyasi maskasını çıxarmaq fikrində deyil və əvvəlki zamanlarda olduğu kimi, təcavüzünə davam etmək üçün min yalana əl atır.

Məsələnin əsas aspekti Azərbaycana qarşı təxribatın məhz Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində törədilməsi ilə bağlıdır. İrəvanın rahatlığını əlindən alan Prezident İlham Əliyevin münaqişənin həllində mümkün güzəşt haqqında açıq, səmimi və konkret danışması olub. Çünki buna qarşılıq Ermənistan heç bir rasional fikir bildirmək iqtidarında deyil. Rəsmi İrəvan yüksək səviyyəli muxtar qurum yaratmaq təklifinə razı olmamasının səbəblərini əsaslandıra bilməz. Bunun alternativi isə müharibə və təxribatdır.

Deməli, ermənilərin informasiya təxribatının əsas məqsədi Azərbaycanın sülh tərəfdarı olmadığını göstərməkdir. Təbii ki, o, bu məqsədinə çata bilməz, çünki nə informasiyanın verilməsi peşəkar səviyyədədir, nə də bu informasiya həqiqəti əks etdirmir. Rəsmi İrəvan eyni qaba üsulla o qədər həmsədrlərin zəhləsini töküb ki, bu işlərin primitiv informasiya savaşına aid olduğunu dərhal anlayırlar. Təsəvvür edin ki, Azərbaycan Prezidenti konkret mövqeyini geniş ictimaiyyətə bəyan edir, həmsədrlər oktyabrın 20-dən sonra regiona gələcəklərini bildirirlər və elə bu ərəfədə Azərbaycan "təxribat" həyata keçirir? Belə absurd və saxta əməli yalnız ermənilər törədə bilərlər.

Əslində, amerikalı həmsədr Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında ifadə etdiyi fikirləri ilə erməni tərəfin təxribat informasiyasını heçə saydığını ifadə etmiş oldu. O deyib ki, Prezident İlham Əliyevin tezislərini yüksək qiymətləndirir, münaqişənin sülh yolu ilə həllinə Azərbaycan tərəfinin sadiq qalmasından məmnundur və iki dövlət başçısının görüşünü təşkil etməyə çalışacaqlar. Amerikalı həmsədr bəyan edib ki, Azərbaycan rəhbərinin Serj Sarkisyanla müzakirələrə hazır olmasını bildirməsini həmsədrlər məmnunluqla qarşılayıblar.

 

Sülhdən imtina bəhanələri: vasitəçilər ədalətli reaksiya verməlidirlər

 

Ceyms Uorlik bu kontekstdə oktyabrın 22-də Bakıda keçirilən mətbuat konfransında belə deyib: "Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır... Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil.

Bu fikirlərdə aydın ifadə olunub ki, həmsədrlər regiona münaqişənin həllində irəliləyiş əldə etmək üçün gəliblər. Onlar Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması məsələsini və statusu ciddi müzakirə etmək fikrindədirlər. Yeri gəlmişkən, erməni KİV-i bu məsələdə də saxtakarlığa yol verir. Onlar yazırlar ki, guya həmsədrlər yalnız Vyana və Sankt-Peterburqda qaldırılmış münaqişə zonasında nəzarəti təkmilləşdirməklə bağlı fikir mübadiləsi aparacaqlar. Bu, faktiki olaraq problemin həllini dondurmaq deməkdir ki, qətiyyən mümkün deyil – Azərbaycan buna imkan verməz.

Deməli, erməni tərəfinin növbəti təxribatında münaqişənin həllində irəliləyiş ehtimalının mövcudluğu ciddi rol oynayıb. Rəsmi İrəvan adəti üzrə danışıqlar prosesini pozmaq və onu mənasız məcraya yönəltməklə uzatmaq fikrindədir. Digər yandan isə Ermənistan rəhbərliyini ölkədəki ağır sosial-iqtisadi durum ciddi surətdə narahat edir. Belə ki, yeni hökumət elə faktlardan danışır ki, onları həll etmək üçün bütövlükdə iqtidar həbsə atılmalıdır. Bu məqam yeni baş nazirin parlamentdəki çıxışı zamanı aydın hiss edilib. Karen Karapetyan ölkədə rüşvət və korrupsiyanın yüksək səviyyədə olduğunu vurğulayıb və bir deputatın sualına cavab olaraq bunun arxasında S.Sarkisyan iqtidarının dayandığını etiraf edib.

Lakin parlament hökumətin yeni proqramını qəbul edib. Ekspertlərin rəyinə görə, onun başqa yolu yox idi, çünki alternativ proqram təqdim etmək imkanı sıfırdır. Bunun isə səbəbini mütəxəssislər Ermənistanın suveren iqtisadi siyasət yeritmək iqtidarında olmaması ilə əlaqələndirirlər. İqtisad elmləri doktoru Aşot Yegiazaryan bununla bağlı ifadə edib ki, Ermənistan müstəqil iqtisadi siyasət aparmaq alətinə malik deyil və bu da ölkə iqtisadiyyatını həm təcrid vəziyyətinə salır, həm də çox zəiflədir.

"Joxovurd" qəzeti də mütəxəssislərin proqnozlarını təsdiq edərək, vurğulayıb ki, parlamentin qəbul etdiyi hökumət proqramında bir dənə də olsun rəqəm yoxdur. Bu o deməkdir ki, hökumət hansı nəticələrin alınacağını bilmir və vəziyyəti qeyri-müəyyən saxlayır. Əslində, proqramı tərtib edənlər də buna işarə edirlər. Bir sözlə, Ermənistan iqtisadiyyatı üçün qapalı dairə yaranıb. Ondan xilas yolu isə bütövlükdə siyasətin köklü şəkildə dəyişdirilməsidir. S.Sarkisyan iqtidarı buna qadir deyil.

Bu səbəblərdən də rəsmi İrəvan ənənəvi qarayaxma kampaniyasını davam etdirir. Azərbaycan rəsmi səviyyədə heç bir diversiya hərəkəti olmadığını bəyan edib və bildirib ki, ermənilər yeni təxribatlara hazırlaşdıqlarından, belə şayiələr yayırlar.

Bəli, həqiqət bundan ibarətdir və Azərbaycan onu çox yaxşı bilir. Qalır vasitəçilərin ədalətli mövqeyə gələrək, təcavüzkara yox deməsi. Bu isə hələlik görünmür. Avropa İttifaqının "Ermənistan seçim etməlidir – o, yolayrıcındadır" deməsi kifayət deyil. Çünki İrəvan seçimini artıq edib, sadəcə Qərb bunu qəbul edib, obyektiv reaksiya verməlidir. Əks halda, erməni təxribatları gündəmdən düşməyəcək.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında