Konstitusiyamız hərtərəfli inkişafımızın təminatında müstəsna rol oynayır

Konstitusiya hər bir xalqın həyatında müstəsna rol oynayır. Beynəlxalq aləmin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərləri paylaşan Azərbaycan Respublikasının Konstitusiyası da demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün zəruri olan bütün mütərəqqi normativ-hüquq aktlarını özündə əks etdirir. Həyatımızın bütün sahələrini tənzimləyən əsas Qanunumuzun qəbul edilməsindən 21 il keçir. Müəllifi ulu öndər Heydər Əliyev olan Konstitusiyamızın  ötən müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycanın nüfuzlu ölkə statusu qazanmasında böyük rol oynaması danılmaz faktdır. Dövlət-vətəndaş həmrəyliyinin yüksək səviyyəsinin bundan sonra da xalqın demokratik və hüquqi prinsiplərin bərqərar olduğu cəmiyyətdə yaşamasını təmin edəcəyi şübhə doğurmur.

Ölkəmizin yeni tarixi perspektivə, hüquqi dövlət quruculuğu yoluna çıxmasında 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbul edilməsi müstəsna rol oynamışdır. Yeni və azad demokratik dövlətin qurulmasına imkan verən Konstitusiya da hər bir insanın yüksək qiymətləndirdiyi, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün güclü təminat yaratdı. Layihəsi böyük dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk Konstitusiyamız müasir dünyanın mütərəqqi əsas qanunlarından biri olmaqla bərabər, dövlətçilik tariximizdə yeni mərhələnin başlanmasına və ictimai - siyasi həyatımızda dinamik inkişafa nail olmağımıza güclü təkan vermişdir. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil respublikanın Konstitusiyasını qəbul etmək mümkün olmamışdı. Ancaq Şərqin ilk demoktarik dövləti fəaliyyət göstərdiyi müddətdə Konstitusiya xarakteri daşıyan bir neçə hüquqi akt və  qərarlar qəbul etmiş, onların əsasında çalışmışdı. Buna görə də, həmin dövrdə qəbul edilmiş akt və qərarları müəyyən qədər Konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar. Sovetlər dönəmində qəbul edilmiş konstitusiyalar isə mahiyyət etibarilə müstəqil dövlətçilik və suveren xalq anlayışlarına uyğun gəlməyən formal sənədlərdən ibarət olmuşdu. Azadlıq arzusunu ürəyində yaşadan Azərbaycan xalqı yalnız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra milli Konstitusiyasını qəbul etmək imkanı qazandı.

Əlbəttə, ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. 1996-cı ildən bəri ardıcıl olaraq qəbul olunmuş, hüquq-mühafizə sistemində islahatları tənzimləyən, onların normal fəaliyyətini təmin edən çoxsaylı sənədlər toplusu məhz böyük ictimai-siyasi xadim Heydər Əliyevin nəzarəti və tövsiyələri əsasında hazırlanmışdır.

Müstəqil dövlətçiliyin bütün parametrlərini özündə ehtiva edən Konstitusiyanın mühüm özəlliklərindən biri insan hüquq və azadlıqlarına geniş yer ayrılması olmuşdu. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdu. 1998-ci il fevralın 10-da ölüm hökmünü ləğv etməklə, Azərbaycan postsovet məkanında və müsəlman dünyasında belə cəsarətli qərarı qəbul etmiş ilk dövlət olmuşdu. Ölüm hökmünün ləğvindən cəmi 5 ay sonra, daha dəqiq desək, iyul ayının 14-də Azərbaycanda ən vacib hüquq institutlarından biri -- Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdı. Həmin il avqustun 8-də ulu öndər daha bir tarixi qərara imza atmışdı--demokratik cəmiyyətin vacib sütunlarından biri olan mətbuat üzərində senzura tamamilə ləğv edilmişdi. Bir il sonra, yəni 1999-cu il dekabrın 12-də ölkədə ilk bələdiyyə seçkiləri keçirilməklə Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olunmuş, yerli özünüidarə institutu fəaliyyətə başlamışdı. Bütün bu hüquqi islahatlarının nəticəsi olaraq, Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmuşdu. Avropa ilə münasibətlərini hüquqi müstəvidə genişləndirən Azərbaycan bir sıra vacib konvensiyalara qoşulmuş, hüquqi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində fəaliyyətini davam etdirmişdi. 2002-ci ildə İnsan hüquqları üzrə müvəkkil – Ombudsman təsisatı fəaliyyətə başlamışdı. Qeyd etmək yerinə düşər ki, dövlət quruluşuna görə unitar dövlət olan Azərbaycanda demokratik və hüquqi dövlətin əsas əlamətlərindən biri kimi qiymətləndirilən dövlət hakimiyyətinin bölünməsi prinsipinə də yüksək səviyyədə əməl olunmuşdur.

Konstitusiya ilə insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından – əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir və söz azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında, idarə edilməsində iştirak hüquqları və digər hüquqlardan yararlanmaq imkanı verilmişdir. Əsas Qanunun bir sıra maddələrində müstəqil respublikamızda insan hüquq və azadlıqlarına ali dəyər verilməsi, onların tanınması və müdafiəsində dövlətin vəzifəsi və digər məsələlər hüquqi həllini tapmışdır.  Bundan əlavə, bu maddələrin məzmununa əsasən, dövlət yalnız birbaşa Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqları deyil, həmçinin onlardan irəli gələn və qanun əsasında əldə edilən digər hüquqları da qorumağa və müdafiə etməyə borcludur. Buna görə də, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, sosial ədalətə nail olunması, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və digər mütərəqqi proseslərə geniş yol açmış, ictimai, siyasi və iqtisadi həyatın hüquqi bazasını müəyyənləşdirmişdir. İlk Konstitusiyamızın qəbulundan ötən 21 il ərzində cəmiyyətimizin konstitusion əsasları qanunvericiliyin inkişafı ilə daha da möhkəmləndirilmiş və durmadan inkişaf etdirilmişdir. Bütün bunlar da, təbii ki, Azərbaycan vətəndaşının hüquq və azadlıqlarına, ədalətə və ümumi sülhə cavab verən konstitusiya atmosferində yaşamasına və fəaliyyət göstərməsinə hüquqi yardım və qanuni şərait yaratmışdır.

İctimai həyatın ən müxtəlif sahələrində özünü göstərən yeniliklərin təkmilləşmə və müasirləşməni obyektiv zərurət kimi ortaya çıxardığı hamıya məlumdur və bu amil Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsinə tələbat yaradır. Bu baxımdan, Azərbaycan Konstitusiyasına 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də, son olaraq 2016-cı il sentyabrın 26-da ümumxalq referendumlarının əsasında edilmiş bir sıra əlavə və dəyişikliklər cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlirdi. Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin güclənməsi və hüquqi-siyasi sahələrdə əhəmiyyətli dəyişikliklərin baş verməsi Konstitusiyanın özünün də təkmilləşdirilməsini aktual məsələyə çevirmişdi. Bu və digər dəyişikliklər cəmiyyətin inkişafından doğan, Konstitusiyanın, qanunların, bütövlükdə, hüquq sisteminin təkmilləşdirilməsinə, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiəsinə xidmət etmiş, Əsas Qanunun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsinə səbəb olmuşdur. Dünyada cərəyan edən ictimai-siyasi böhranlar fonunda Azərbaycanda daxili sabitliyin, əmin-amanlığın olması və gələcəkdə də onun qorunub saxlanılması baxımından son əlavə və dəyişikliklərin də çox böyük əhəmiyyəti olduğunu da vurğulamaq zəruridir. Bundan başqa, 26 sentyabr referendumunda xalqımızın dövlət quruculuğu, demokratiya yolunda  mühüm addım atdığının beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilməsi Azərbaycanın müasir, demokratik dövlət kimi imicinin daha da möhkənlənməsi baxımından çox əhəmiyyətlidir. Ən əsası, Konstitusiyaya edilmiş son əlavə və dəyişikliklər vətəndaş azadlıqlarını və demokratiyanın müdafiəsini gücləndirəcək və bu, islahatların yeni mərhələsində ölkədə fərqli institutların sabit və dinamik inkişafını təmin edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ali vəzifəsinin icrasında daim Konstitusiyaya istinad edərək dövlətçiliyimizin, iqtisadiyyatımızın və cəmiyyətimizin daha da inkişaf etməsi üçün səylə çalışır. Respublikada həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının reallaşması, iqtisadi, sosial və mədəni siyasətin nəticələri də buna bariz nümunədir. Konstitusiyamızın müddəalarından irəli gələrək dövlətin ali məqsədi sayılan insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində ölkə başçısı tərəfindən çoxşaxəli islahatlar həyata keçirilir. Vətəndaş hüquqlarının daha asan həyata keçirilməsini təmin etmək məqsədilə yeni mexanizmlər, təsisatlar yaradılır və bütün bunlar da insanlara öz konstitusion hüquqlarını sərbəst və maneəsiz şəkildə həyata keçirməyə imkan verir. Buna görə də, möhkəm hüquqi bazaya malik olan Konstitusiyamızın demokratik inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində oynadığı müstəsna rolun bundan sonra da güclənməsi üçün ictimai iradə var və bunu Azərbaycanın ən vacib potensialı kimi qiymətləndirmək olar.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında