ABŞ-ın yeni Prezidenti – Donald Tramp

Okeanın o tayında seçkilər yeni lideri müəyyənləşdirdi

Beləliklə, Donald Tramp ABŞ-ın 45-ci ­prezidenti seçildi. Bütün proqnozların əksinə olaraq, 70 yaşlı ­milyarder rəqibi ­Hillari ­Klintona qalib gəldi. Daşınmaz əmlak “kralı”nın zəfər qazanması ABŞ cəmiyyətinin əksəriyyətinin dəstəyi sayəsində mümkün oldu. Bəs, Donald Trampın Ağ evə gəlməsi dünya üçün hansı dəyişiklikləri vəd edir? Biznes dünyasının qaydalarını yaxşı bilən yeni prezidentin xarici siyasəti beynəlxalq münasibətlər sisteminin düzəninə necə təsir göstərəcək? Suallar çox, cavablar isə hələlik ətraflı deyil. Ancaq hamı gözəl anlayır ki, ­tikinti ­maqnatının zəfəri Birləşmiş Ş­tatların daxili və xarici siyasətinə təsir göstərəcək.

Seçki gününədək çox az adam respublikaçı namizədin qalib gələcəyinə inanırdı. Axı bütün sorğular göstərirdi ki, noyabrın 8-də demokratların namizədi Hillari Klinton qalib gələcək. Lakin noyabrın 9-da səhər məlum oldu ki, Donald Tramp rəqibinə sarsıdıcı zərbələr endirməkdədir. Belə ki, ABŞ-da seçkilərin gedişini dəyişdirən vacib ştatlarda – Ohayo, Miçiqan, Pensilvaniya və 29 seçkiçinin olduğu Floridada zəfər məhz respublikaçı namizədin tərəfindədir. Xatırladaq ki, 2000-ci il prezident seçkilərinin taleyi məhz Florida ştatında həll olunmuşdu. Səs sayına görə geridə olan, lakin seçkiçilərin daha çox səsini qazanan oğul Corc Buş rəqibi demokrat Albert Qora qalib gəlmişdi. Doğrudur, indiki seçkilərin taleyini 2000-ci il seçkilərində olduğu kimi,  bir necə yüz bülleten həll etmədi. Bu dəfə seçkilərdə inadkar mübarizə də alınmadı. Tərəddüd keçirən ştatlarda Donald Trampın qalib gəlməsi barədə yayılan xəbərlərin fonunda hadisələrin gedişatına reaksiya vermək qabiliyyətini itirən demokrat cəbhəsi ABŞ xəritəsinin getdikcə qırmızı rəngə boyanmasını heyrətlə izləməklə kifayətləndi. Tikinti maqnatının qələbəsində tərəddüdə Viskonsiya ştatında son qoyuldu. Məhz bu ştatda Donald Tramp tələb olunan 270 seçkiçinin zəruri səsini qazandı və bu hədd keçmiş birinci ledi üçün əlçatmaz oldu. Ağ ev uğrunda mübarizəni uduzduğunu anlayan Hillari Klinton seçkilərin səhəri rəqibini telefonla təbrik etməyə məcbur oldu.

Mütəxəssislərin əksəriyyəti belə düşünür ki, respublikaçı namizədi “zəhmətkeş Amerika”nın nümayəndələri seçdilər. Birləşmiş Ştatlarda “red necks” (əyalətdə yaşayan ağdərili fəhlələr, fermerlər və s.) adlandırılan bu sosial qrup nümayəndələrinin səsi Donald Trampı zirvəyə daşıdı. Qərb mətbuatı yazır ki, ABŞ-ın aparıcı mətbuat orqanları bu sosial qrupu inadkarlıqla sezmirdi. Hillari Klintonun qələbə qazanacağını inadla təsdiqləyən politoloqlar, sosioloji sorğu mərkəzləri “zəhmətkeş Amerika”nı arxa plana keçirmişdilər. Bu da demokratlara baha başa gəldi. Məhz bu qrupun səsi sayəsində demokratlar hakimiyyətlə vidalaşmalı olacaqlar. Donald Trampın bəyanatlarını bəyənən “red neks” tikinti maqnatına səs verməklə, ABŞ-ın siyasi tarixində çevrilişə imza atdı. Amma indi politoloqlar “anti-təşkilat partiyası” barədə ağızdolusu danışmağa başlayırlar. Sosioloqlar tərəfindən nəzərə alınmayan və istər demokratları, istərsə də respublikaçıları sevməyən bu “partiya” 8 noyabr seçkilərində necə möhtəşəm güc olduğunu nümayiş etdirdi.

Bir sıra mütəxəssisin fikrincə, tikinti biznesində konyunkturanı anlamaqda çətinlik çəkməyən Donald Trampın da məhz ABŞ-da yaranmış siyasi konyunkturanı səhvsiz duyması respublikaçı namizədə qələbə gətirdi. D.Trampın siyasi meydanda peşəkarları üstələməsi indi çoxlarını təəccübləndirir. Belə bir fikir irəli sürülür ki, tikinti maqnatının Amerika cəmiyyətinin nüvəsində köhnə oyun qaydalarına və köhnə sistemə qarşı narazılığın yetişməsinə olan tələbatı duyması və ondan yararlanması seçkilərin nəticəsinə yekun təsirini göstərdi. Donald Tramp ABŞ seçki qaydalarına uymadı və açıq şəkildə seçki kampaniyasını iflasa uğratdı. O, bahalı reklam çarxları sifariş etmədi, ştatlarda partiya işlərinə bel bağlamadı. Qısası, milyarder namizəd seçki kampaniyası zamanı tələb olunan normalardan kənara çıxmışdı. Politoloqlar da iddia edirlər ki, məhz belə qeyri-şablon addımları sayəsində də D.Tramp qalib gəldi. Ona görə ki, 2016-cı il prezident seçkilərində hadisələr qaydalara görə yox, qaydaların ziddinə inkişaf etdi. Siyasi müşahidəçilər deyirlər ki, növbəti çevriliş edən Amerika tarixinə də məhz belə lider lazım idi. Buna görə də, bəzi şərhçilər düşünürlər ki, lazımi anda lazım yerdə olmağı bacarması Donald Trampın aktivində olan ən böyük qabiliyyətidir.

Aydındır ki, D.Trampın qalib gəlməsi amerikalı seçicilərin yaranmış status-kvodan ciddi narazı olmasının nəticəsidir. Qeyd etmək yerinə düşər ki, seçkilərin bütün prosedurlara uyğun keçməsinə baxmayaraq, Amerika cəmiyyətinin bir qismi nəticələri tanımaq istəmir. Ötən gün ABŞ-ın bir çox şəhərində insanların küçələrdə ictimai asayişi pozmağa cəhd göstərməsi Birləşmiş Ştatlar cəmiyyətinin daxilində ümumi vəziyyətin heç də yaxşı olmadığını nümayiş etdirir. Bunu həm də ABŞ cəmiyyətində ciddi fikir ayrılığının göstərici kimi də qabartmaq olar. Bundan əlavə, daxili problemlərlə yanaşı, dünyanın son halı da bir çox amerikalıda pərişanlıq yaradır. Bəs tikinti maqnatının Ağ evə gəlişi dünya üçün nə vəd edir? D.Trampın seçki kampaniyası zamanı böyük səs-küy yaratmış bəyanatlarını nəzərə alan siyasi şərhçilər belə düşünürlər ki, respublikaçı namizədin prezident seçilməsi dünya siyasəti və iqtisadiyyatı üçün ciddi siqnaldır. Belə ki, D.Tramp proteksionizm tərəfdarıdır (proteksionizm- idxalın müvəqqəti məhdudlaşdırılmasına, ümumi milli gəliri artırmaq məqsədilə daxili istehsalın və xidmətin dəstəklənməsinə, eləcə də məşğulluğun və sosial göstəricilərin yaxşılaşdırılmasına yönəlmiş dövlətin xarici iqtisadi siyasətidir) və azad ticarətin məhdudlaşdırılması inkişaf etməkdə olan ölkələrin milli valyutalarına təsiri güclü ola bilər. Mütəxəssislər ehtimal edirlər ki, əgər D.Tramp seçki kampaniyası zamanı səsləndirdiyi radikal təklifləri reallaşdırmağa başlayarsa, o zaman dünya iqtisadiyyatını daha ciddi nəticələr gözləyəcək.

Beynəlxalq siyasəti də iqtisadi sahədə olduğu kimi, ciddi dəyişikliklər gözləyirmi? ­“Nyu-York Tayms” qəzeti yazır ki, D.Trampın qələbəsi dünya nizamını dəyişdirəcək. Qəzet iddia edir ki, respublikaçı namizədin qələbəsi son onilliklərdə hakim olan dünya düzənini alt-üst edəcək. İkinci dünya müharibəsinin başa çatmasından bu yana ilk dəfə olaraq amerikalılar beynəlmiləlçiliyi ləğv edəcəyinə söz vermiş namizədi dəstəklədilər. Halbuki, indiyədək prezidentlik uğrunda mübarizə aparmış bütün namizədlər həmişə beynəlmiləlçiliyi dəstəkləmiş və istər fiziki, istərsə xəyali hasarların inşasına qarşı çıxış etmişdilər. Məqalə müəlliflərinin fikrincə, D.Trampın qələbəsi nümayiş etdirir ki, Amerika daha çox öz problemlərinə köklənəcək və dünyanı “özbaşına” buraxacaq.

“Nyu-York Tayms” həmçinin qeyd edir ki, tikinti maqnatının uğuru Avropanı artıq haqlamış populist və millətçi əhval-ruhiyyəni qidalandıra və dünyanın digər guşələrinə də yaya bilər. Avropa və Asiyada qüvvələr nisbətinin, alyansların və maliyyə dəstəyinin dəyişməsi də mümkündür. Qəzet yazır ki, Yaxın Şərq regionu üçün bu, o deməkdir ki, region ölkələri addımlarında Rusiya ilə razılaşmalara getməli olacaqlar. D.Trampın zəfəri Meksika-ABŞ münasibətlərində yeni qarşıdurma dövrünün başlanmasına da təkan verə bilər.

D.Trampın qələbəsini son illər ərzində ABŞ-da və Avropada müşahidə edilən qlobal trendin-sağa dəyişmənin əksi kimi də qiymətləndirənlər az deyil. Qərb dünyasında avroskeptisizmin və mühacirlərə qarşı əhval-ruhiyyənin güclənməsi müşahidə olunur, dəyərlərin, ilk növbədə tolerantlığın və multikulturallığın yenidən qiymətləndirilməsi prosesi gedir. Əlbəttə, Qərb dəyərlərinin yenidən qiymətləndirilməsinin radikal xarakter daşıyacağına az adam inanır. Bununla belə, 8 noyabr seçkiləri göstərdi ki, Amerika cəmiyyəti demokratların hakimiyyəti dövründə qəbul olunmuş bir sıra qanunlara qarşıdır və indi vəziyyət dəyişməlidir. Buna görə də, son seçkilərin nəticəsinin Amerikada dəyişikliklərin baş verəcəyinə təkan olacağı şübhəsizdir. Siyasətdə sağçı populizm və iqtisadiyyatda proteksionizm bir çox ölkədə qəbul edilir. Böyük Britaniyanın Avropa İttifaqı sıralarını tərk etmək barədə son qərarını buna misal göstərmək olar. Odur ki, bəzi mütəxəssislər D.Trampı Amerika cəmiyyətində dolaşan əhval-ruhiyyəni düzgün qiymətləndirən yeni dalğanın güclü siyasətçisi də adlandırırlar. Amma D.Tramp seçki kampaniyası ərzində dediyi kimi, Amerikanı yenidən qüdrətli edə biləcəkmi? Bunu ancaq zaman göstərəcək.

Bununla belə, unutmaq lazım deyil ki, ABŞ Prezidenti böyük və mürəkkəb siyasi maşının bir hissəsidir. Onun hakimiyyəti müəyyən qanuni mexanizmlərlə məhdudlaşdırılır. Vəzifəsinin icrasına başlayan zaman o, təkcə tərəfdarlarının deyil, bütün amerikalıların prezidenti olacağına söz verir. Ən əsası, xarici və iqtisadi siyasətdə də prezidentin manevr etmək imkanları hüdudsuz deyil. Taleyüklü məsələlərdə son söz qanunverici hakimiyyətin əlində olur. Bütün prezidentlərin bir gözünün Konqresdə olması da hamıya məlumdur. Buna görə də, zaman getdikcə aydın olur ki, bütün namizədlərin seçkiöncəsi ritorikası praktiki siyasətdə əksini çox hallarda tapmır. Ancaq istənilən halda son seçkilərin ABŞ-ın dünya ilə münasibətlərində yeni dövrün başlanmasına təkan verəcəyini gözləmək olar. Bu dəyişikliklərin nədən ibarət olacağını bilmək üçün zamana ehtiyacımız var...

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında