Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasəti ilə seçilir

 

 

 

 

 

 

 

 

 

 

 


Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi  çəkinmədən ifadə edirik.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bu il Azərbaycan dövləti müstəqilliyinin bərpasının 25 illiyini qeyd etdi. 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş ölkəmiz şərəfli inkişaf yolu keçmişdir. Şərqdə ilk demokratik üsul-idarənin əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq müstəqil Azərbaycan Respublikası  antimilli və xarici qüvvələrin kifayət qədər təzyiq və dağıdıcı planlarına baxmayaraq, öz suverenliyinin 25-ci ilinə gəlib çatdı. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan dövlətimiz öz keçmişinə, üçrəngli milli bayrağına, himninə, gerbinə sahib çıxdı.  Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir” kəlamı hər il daha güclü şəkildə özünü doğruldur.

 Bu gün Azərbaycan kəskin geostrateji reallıqlar kontekstində, vacib strateji düyün nöqtələrinin cəmləşdiyi regionda yerləşməsinə baxmayaraq, dünyada müstəqil siyasət yeritməsi ilə əksər dövlətlərdən fərqlənir.  Hazırda Azərbaycan  dünya birliyində öz layiqli yerini tutur və BMT qərargahı önündə milli bayrağımız dalğalanır. Əlbəttə, bütün bunları əldə etmək üçün kifayət qədər böyük və əziyyətli yol qət edilmişdir.  Dövlətin maraqlarını məharətlə müdafiə etmək üçün xarici siyasətin qarşısında duran vəzifələr düzgün müəyyənləşdirilmişdir.

Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır. Müasir Azərbaycanın qurucusu Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamları belə nəzərə alaraq müəyyənləşdirib. Ötən illərin təcrübəsi göstərdi ki, ümummilli liderin formalaşdırdığı siyasət kursu zamanın bütün tələblərinə cavab verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı dövlət başçısı müstəqil siyasət yeritməyimizlə bağlı mühüm məqamlara toxunaraq dedi:            “Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”.

Əlbəttə, təzyiqlərin olması və Azərbaycanı öz dəsti-xəttindən, balanslaşdırılmış siyasi istiqamətindən ayırmağa çalışan qüvvələr mövcuddur, lakin dövlət başçısının qeyd etdiyi kimi, biz buna əhəmiyyət vermirik və yalnız əməkdaşlığı, dostluğu üstün tuturuq. Bu barədə Prezident İlham Əliyev qeyd etdi ki, biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Bizim təşəbbüsümüzlə Avropa Komissiyasına göndərdiyimiz təklif indi müzakirə olunur, biz tərəfdaşlıq formatı haqqında danışırıq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlərimiz var. Biz 15 ildir ki, Avropa Şurasında çalışırıq və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Biz hətta o təşkilatda da dönüş yarada bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili standartlar olub və bu gün vəziyyət tam normaldır.

Hazırda Azərbaycanın daxili və xarici siyasət kursu region dövlətləri üçün nümunədir. Ölkə bütün sahələr üzrə davamlı inkişaf edir, beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Xarici siyasətin prioritet istiqamətlərində əldə edilən uğurlar daha dinamik diplomatik fəaliyyət göstərməyə imkan verir.

Beynəlxalq siyasi mənzərənin gərgin, qaynar və nifaq çalarları fonunda Azərbaycan mötəbər beynəlxalq tədbirlər keçirir. Bu yaxınlarda ölkəmizdə növbəti dəfə V Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak edərək Azərbaycandan yüksək təəssüratlarla geri döndülər. Bundan əlavə, hər il ölkəmizdə digər beynəlxalq tədbirlər də keçirilir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu, Davos İqtisadi Forumunu, 2015-ci ildə keçirilən birinci Avropa Oyunlarını, 500 milyon auditoriyası olan “Formula-1” yarışını və  ilk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadasını və s. mötəbər beynəlxalq tədbirləri örnək göstərə bilərik.  Bütün bunlar birmənalı şəkildə Azərbaycanın beynəlxalq imicini yüksəltmiş və ölkəmizin dünyada tanıdılması baxımından müstəsna rol oynamışdır.

Bütövlükdə, Azərbaycanın xarici siyasətinin prioritetləri məlumdur. Burada ikitərəfli əlaqələrə böyük diqqət yetirilir. Bunlarla bərabər, beynəlxalq təşkilatlarda diplomatik fəaliyyəti gücləndirməyə çox əhəmiyyət verilir. Lakin müasir mərhələdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin əsas vəzifəsi hesab olunur. Bu barədə dövlət başçımızın müşavirədəki çıxışında da maraqlı mətləblərə toxunuldu: “Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaratmışdır. Kontakt qrupu artıq öz işinə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının – BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur...Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik”.

Ermənistanın bütün çirkin planları və “status-kvo”nu saxlamaq cəhdlərinə baxmayaraq, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Azərbaycanın haqlı tələblərini anlayır, bizimlə hesablaşır. Aprel döyüşlərindən sonra vasitəçilərin bir qədər fəallaşması da buna əyani sübutdur. Vasitəçilər Azərbaycanın sülhsevər olduğu qədər də, torpaqlarını güzəştə getməyən siyasətinin olduğunu yaxşı anlayır və bu mövzuda Ermənistana əvvəlkindən daha çox təsir etməyə başlayıblar.

 Göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində Azərbaycan xarici siyasətinin bütün imkanlarını səfərbər etmişdir.

Azərbaycan dövlətinin xarici siyasətinin digər prioriteti milli təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasından ibarətdir.  Bu prosesdə fəal iştirak etmək dövlətimizin dünyada yarana biləcək təhlükəli vəziyyətlərdə həm özünün sığortalanması, həm də, sülh prosesinə verə biləcəyi dəstəyi gündəmə gətirir. Yəni Azərbaycan nə özünə, nə də dünyada baş verən proseslərə biganə olan ölkə deyil. İkitərəfli və qarşılıqlı əlaqələrin genişlənməsində və bu münasibətlərin praktik olaraq həyata keçirilməsində maraqlıdır.

Bu gün məhz bu fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq təşkilatlar tanıyır. BMT, ATƏT, Avropa Şurası, NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar bununla bağlı qərar və qətnamələr qəbul ediblər. Son illər ölkəmiz  həmin istiqamətdə daha böyük uğurlar əldə edib.

Bu kontekstdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi  üzv seçilməsi müstəqilliyimizin bərpasından bu günə qədər qazandığımız uğurların içində xüsusilə seçilir.  Ölkə bu nailiyyəti güclü siyasi-diplomatik fəaliyyət nəticəsində əldə edib. BMT-də Azərbaycanın lehinə 155 üzv dövlət səs verdi. 2012-ci ilin may ayında isə Təhlükəsizlik Şurasında Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə terrorizmlə mübarizəyə həsr olunmuş yüksək səviyyəli iclasın keçirilməsi əlamətdar bir hadisə oldu. Bu gün Azərbaycan Qoşulmama Hərəkatında aktiv fəaliyyət göstərir. Dövlətin geosiyasi mövqeyinin möhkəmlənməsində bu işlərin ciddi rol oynadığı danılmazdır.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında