ABŞ-da prezident seçkiləri: görünən və görünməyən reallıqlar

Bu gün dünya siyasi təhlilçilərinin, analitiklərin diqqəti ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərinə yönəlib. Hamıya məlumdur ki, bu ölkədə prezident seçkilərində müxtəlif partiyaların namizədləri iştirak etsə də, əsas mübarizə iki partiya – hazırda hakimiyyətdə olan Demokratlar Partiyası ilə  müxalifətdə olan Respublikaçılar Partiyası arasında gedir. Yaranmış ənənələrə görə, seçkilər nəticəsində bu partiyalar hakimiyyətdə, adətən, bir-birini əvəz edirlər.

İndi gözlənilirdi ki, hakimiyyətə respublikaçılar gələcək. Bunun obyektiv səbəbləri də var: Konqresin hər iki palatasında respublikaçılar üstünlük təşkil edirlər. Bu əvəzləşmə isə həm dünyanın gözündə demokratiya obrazı yaratmaq məqsədi daşıyır, həm də, guya, seçicilərin rəyi nəzərə alınır.

Demokrat Hillari Klinton və respublikaçı Donald Tramp yayda keçirilmiş partiya qurultaylarında vahid namizəd kimi təsdiq olundular. Buna qədər praymeriz (ilkin seçkilər) də keçirilmişdi. Ümumiyyətlə, Amerika seçki sistemində bircə müsbət cəhət varsa, o da budur ki, əsas namizədin müəyyənləşdirilməsinə qədər ölçüb-biçmək prosesi gedir. Qalan məsələlərdə istənilən qədər neqativ cəhət tapmaq olar.

Artıq seçkilərə az vaxt qalır. Bir gün qalmış yəqin ki, sükut günü olacaq. Ona qədərsə təbliğat kampaniyaları çox gərgin keçməkdədir. Bunun da ən yüksək zirvəsi teledebatlardır. Bu il üç belə teledebat keçirildi. Üçüncüsündə namizədlərin qarşılıqlı ittihamları zirvə həddinə çatdı. Hətta ümumi ənənə olan əl tutub görüşmək və əl tutub ayrılmaqla bağlı ənənələr də yaddan çıxdı, yaxud qəsdən belə oldu. Ümumiyyətlə, hər üç teledebatın nəticəsi belə oldu ki,  namizədlər biri-birini çox kəskin tənqid atəşinə tutdular. Bu zaman əsas müzakirə mövzusu namizədlərin seçki platformaları, proqramları, onun əsas müddəaları olmalı idi. Adətən, belə hallarda həmişə ölkənin daxili ictimai-siyasi həyatı ön planda olur. Bu dəfə isə xarici siyasət məsəsələləri daha çox qabardıldı. Bu da, yəqin ki, daxili həyatdakı maliyyə-iqtisadi böhranından  yan keçmək məqsədi daşıyırdı. Diqqəti xarici siyasətə cəlb etmək, bəlkə də, daha cazibədar görünüb.

Bu dəfəki seçki kampaniyasında diqqətçəkən cəhətlərdən biri namizədlər arasında dialoq zamanı  müxtəlif məsələlərə münasibətdən çox, şəxsi təhqirə üstünlük verilməsi oldu. Hətta respublikaçı namizədi 2005-ci ilə aid videomateriallarla, əxlaq səviyyəsindən kənara çıxan şəkildə tənqid etdilər. Maraqlıdır ki, bu materialı üzə çıxaran televiziya təmsilçisi əvvəllər ABŞ hakimiyyətində olmuş Buşlar ailəsindəndir. O, öz partiyasından olan namizədin videomaterialını üzə çıxarmaqla, Trampın seçilməsinə əngəlləmək məqsədini güddü. Yəqin ki, burada şəxsi istəklər də vardı. Bilirik ki, Buşlar ailəsinin nümayəndəsi də bu dəfəki prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Amma Trampı keçib respublikaçıların vahid namizədi ola bilmədi. Belə düşünmək olar ki, Trampa mane olmaq cəhdləri bu dəfə Klintonun prezident seçilməsinə nail olmaq, dörd ildən sonra isə Ceb Buşun respublikaçıların vahid namizədi kimi seçkilərə qatılmasını təmin etmək üçün idi.

Tramp da öz növbəsində Hillari Klintonu kəskin tənqid etməkdən qalmadı. Onu əsasən şəxsi internet resurslarından dövlət vəzifəsi işlərində istifadə etməkdə suçladı. Həmin yazışmaların, materialların bir hissəsinin itirilməsi, yaxud məhv edilməsi barədə də fikirlər səsləndirilir. Bu da son nəticədə dövlət sirrinin yayılması kimi qiymətləndirilir. Beləliklə, iki partiya arasında qarşılıqlı ittihamlar Birləşmiş Ştatların öz reallığından irəli gəlir. Namizədlərin bir-birini hətta təhqir etməsi də Amerika cəmiyyəti üçün normal hal hesab edilir. Doğrudur, bu, bizə qəribə gəlir, çünki bizim mədəniyyətimiz bütün hallarda əxlaqi normaları qorumağı tələb edir.  

Bir məsələyə də diqqət yetirməliyik. Birləşmiş Ştatlarda seçkilər birbaşa deyil. Seçicilər səslərini verdikdən sonra əmin ola bilməzlər ki, 50 faiz üstəgəl bir faiz səs qazanmış namizəd artıq seçilib. Bundan sonra seçicilərin səsverməsi başlayır. Bu qayda yalnız ABŞ-dadır və çox qəribə bir sistemdir. Məhz seçicilər sonradan toplaşaraq müəyyən edirlər ki, prezident kim olsun. Ola bilir ki, xalqın ümumi səsverməsi nəticəsində qalib gəlmiş namizəd nəticədə prezident seçilməmiş olsun. Bu, ABŞ-ın konstitusiyası və seçki qanunvericiliyinin ən neqativ cəhətidir. Belə hadisələr Birləşmiş Ştatların tarixində bir neçə dəfə baş verib. Albert Qor seçicilərin səsini qazanmış olsa da, seçicilərin səsi və bir qədər də saxtakarlıqla Corc Buş prezident seçilmişdi. Çoxdandır ölkədə müzakirələr gedir ki, seçicilər institutu demokratiya ilə uzlaşmır və birbaşa seçicilər institutuna, seçicilərin rəyi məsələsinə qayıdılsın. Amma  lobbiçilər – ölkənin siyasi həyatını müəyyən edən yeraltı köklər o qədər güclüdür ki, ABŞ bu dəyişikliyə getməyə hələ hazır deyil.

Bir incə detalı da qeyd edək ki, ABŞ-da Prezident Administrasiyası adi icra hakimiyyətidir. Hakimiyyət prezidentin əlində cəmləşib. Prezident qanunvericilik hakimiyyətinin də başçısıdır, bütün qanunları o imzalamalıdır, imzalamasa, keçərli olmur. Ölkənin idarəetmə aparatında xüsusi mütəxəssislər əyləşiblər. Onların partiya mənsubiyyəti də yoxdur və yalnız ümummilli anlayışından istifadə edirlər. Bunlar ümummilli mənafe ətrafında köklənmiş adamlardır, yüksək maaş alırlar, hətta təqaüdə gedəndə məvacibləri üçqat artıq olur. Bu da ondan ötrüdür ki, işlədikləri müddətdə heç bir sapıntıya yol verməsinlər. Məsələ bundadır ki, əgər bu sapıntı dünyada ədalətə, xeyirxahlığa xidmət edərsə, bunu alqışlamaq olar. Yox, əgər yalnız ABŞ-ın hegemonluğuna, beynəlxalq hüquq normalarının aşağılanmasına xidmət edirsə, bu, artıq qəbuledilməzdir. Buna görə də dünyaya demokratiyadan dərs vermək istəyən, gücü çatdıqca bizi də tənqid etməyə çalışan Birləşmiş Ştatlar, demokratiyadan danışarkən, ilk növbədə, özünə  nəzər salmalıdır. 

Əgər seçkilərə Azərbaycanın gözü ilə baxsaq, deyə bilərik ki, namizədlərin hər hansının seçilməsindən prinsipial siyasi dəyişiklik gözləmək yersizdir. Təbii ki, bu ölkənin Azərbaycana münasibətində kəskin neqativ hal ikili standartlar, xüsusən də Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövqeyinin müdafiəsidir. Hətta Kerrinin birbaşa işğalçı dövlətə dəstək ifadə edən son bəyanatı Azərbaycanda kəskin reaksiyaya səbəb oldu. Əslində, heç bundan əvvəlki prezidentin, respublikaçıların hakimiyyəti dövrundə də bu məsələdə heç bir irəliləyiş olmadı.

2003-cü ildən bəri Prezident İlham Əliyevin Amerika ilə münasibətləri tarazlışdırmağa, yaxşılaşdırmağa var gücü ilə çalışması da problemin həllinə kömək etmədi. Birləşmiş Ştatların öz mövqeyi var. Həmin mövqe partiya dəyişikliyindən asılı olmayaraq dünyada ABŞ-ın diktəsini təmin etməkdir. İndiki halda da, yəqin ki, bu prosedur gözləniləcək.

Yasin QARAMƏMMƏDLİ,
siyasi icmalçı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında