Azərbaycan bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınır

 

 

 

 

 

 

 

 

 


Azərbaycan nəinki bölgədə, dünya miqyasında bir mərkəzə çevrilibdir. Demək olar ki, hər həftə beynəlxalq tədbirlər keçirilir. Yüzlərlə, minlərlə yüksək vəzifəli qonaq Azərbaycana gəlir. Hər bir qonaq bilirəm ki, böyük təəssüratlarla öz Vətəninə qayıdır. Çünki bizdə olan inkişafa, quruculuğa, abadlığa bu gün dünyada nadir hallarda rast gəlmək olur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illəri bir anlıq gözlərimiz önünə gətirdikdə anarxiya, xaos, özbaşınalıq, dövlət idarəçiliyindəki səriştəsizlik və ikrah doğuran digər  hadisələrdən başqa  könül açan bir şey xatırlanmır. Vəziyyətin getdikcə ağırlaşdığı həmin dövrdə mərd oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimiz, demək olar ki, əldən gedir, ölkə vətəndaş müharibəsinə, parçalanmaya sürüklənirdi.

Qonşu dövlətlərlə münasibətlərin getdikcə pisləşməsi, beynəlxalq qurumlarla əlaqələrin çox zəif olması, ölkədaxili ziddiyyətlərin getdikcə artması vəziyyəti  daha da ağırlaşdırırdı. Bu qarşıdurma AXC–Müsavat cütlüyünün ölkəyə rəhbərliyi dövründə son həddə çatdı. Dövlət idarəçiliyindəki səriştəsiz, savadsız, dayaz düşüncəli adamların ölkəyə  yarıtmaz rəhbərliyi,  həm də öz aralarında birincilik davası vəzifə hərislərinin silahlı qarşıdurması ilə nəticələndi.

 Xalqın son ümid yeri olan ulu öndər Heydər Əliyevin  hakimiyyətə qayıdışı ilə belə xoşagəlməz hallara son qoyuldu. İlk növbədə ölkədə əmin-amanlıq, davamlı sabitlik yaradıldı. Azərbaycan inkişaf yolunda  inamla irəlilədi. Nüfuzlu beynəlxalq qurumlarla əlaqələr yaradıldı, qonşu dövlətlərlə əməkdaşlıq qurulması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Bu siyasi xətt 1993-cü ildən  başlayaraq,  uğurla davam etdirilir. Hazırda ölkəmiz inkişaf və sabitlik dövrü yaşayır.

Hər bir ölkənin inkişafı üçün sabitlik başlıca şərtdir. Çünki dünyanın inkişaf etmiş dövlətləri, həmçinin iri şirkətlər yalnız o ölkə ilə əməkdaşlıq edir və sərmayə qoyur  ki, orada iqtidar xalq birliyi höküm sürsün, ictimai-siyasi sabitlik davamlı olsun. Ulu öndər Heydər Əliyev də bütün fəaliyyətini Azərbaycanda ictimai-siyasi sabitliyin davamlı olmasına yönəltmişdi. Həmin illərdə respublikamızda  iqtisadi islahatlara start verildi və  tədricən bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişaf yoluna qədəm qoydu. Məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı  qətiyyətli və strateji addımlar atıldı. Bugünkü inkişaf və tərəqqi, dünya birliyinə sürətli  inteqrasiya göstərir ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya yeganə düzgün yol idi. Bu strategiya cəmi bir il sonra – 1994-cü ildə öz bəhrəsini verdi. Həmin  il Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin  müqaviləsinin”  imzalanması Azərbaycanın beynəlxalq aləmdə həm iqtisadi, həm də siyasi qüdrətini artırdı.

Ulu öndərin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri nüfuzlu beynəlxalq qurumlarla  sıx əməkdaşlıq  və həmin təşkilatların fəal üzvünə çevrilmək idi. Bu vəzifə Azərbaycanın xarici siyasət xəttinin əsasını təşkil edirdi. Elə həmin vaxtdan başlayaraq, müstəqil xarici siyasət həyata keçirən Azərbaycan  dövləti  dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanındı.  Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi strategiya  respublikamızı nüfuzlu beynəlxalq qurumların – BMT, ATƏT və İƏT-in tamhüquqlu üzvünə çevirdi.

Həmin illərdə həyata keçirilən müstəqil siyasət nəticəsində  Azərbaycan 2001-ci ildə Avropa Şurası kimi nüfuzlu bir quruma da qəbul edildi. Bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz bu istiqamətdə konkret addımlar atır, bərabərhüquqlu əlaqələrin, qarşılıqlı maraqların təmin edilməsi istiqamətində, bir-birinin işinə qarışmamaq prinsipləri çərçivəsində xarici siyasət yeridərək əlaqələrini getdikcə genişləndirir.

Ümummilli lider Heydər Əliyevin xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, əməkdaşlığı xeyli genişlənmişdir.  Bu diplomatik reallıqlar fonunda  Avropaya və dünya birliyinə inteqrasiyası daha da  sürətləndirilmişdir.

Son illər dünyada iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşməsinə baxmayaraq, Azərbaycanın beynəlxalq aləmdə mövqeləri  getdikcə güclənmiş və dövlətimiz dünyada etibarlı tərəfdaş kimi tanınmışdır. Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatiyası, demokratik islahatları, insan hüquq və azadlıqlarının qorunmasını prioritet vəzifə kimi qarşıya qoyması ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur. İqtisadi imkanlarımız artdıqca,  dünya birliyindəki mövqeləri də möhkəmlənmişdir. Azərbaycan beynəlxalq arenada istənilən məsələ ilə bağlı  öz sözünü açıq ifadə edir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır və bu mövqe ədalətə əsaslanır: “Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmlənmişdir. Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır. Azərbaycan nəinki bölgədə, dünya miqyasında bir mərkəzə çevrilibdir. Demək olar ki, hər həftə beynəlxalq tədbirlər keçirilir. Yüzlərlə, minlərlə yüksək vəzifəli qonaq Azərbaycana gəlir. Hər bir qonaq bilirəm ki, böyük təəssüratlarla öz Vətəninə qayıdır. Çünki bizdə olan inkişafa, quruculuğa, abadlığa bu gün dünyada nadir hallarda rast gəlmək olur”.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə Avropanın, Amerikanın, Asiyanın, ərəb ölkələrinin görkəmli ictimai-siyasi və mədəniyyət xadimlərinin iştirakı, bəzi tədbirlərdə hətta hazırkı və  keçmiş dövlət rəhbərlərinin, Nobel mükafatı laureatlarının, dünyanın tanınmış siyasətçilərinin iştirakı  beynəlxalq aləmdə getdikcə artan reytinqimizin göstəricisidir. Bu tədbirlər ölkəmizin xarici və daxili siyasətini, mədəniyyətimizi, dinlərarası dialoqu, multikultural dəyərlərə verdiyimiz töhfəni əhatə edir. Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə və humanitar forumlarda bəşəriyyəti maraqlandıran, bütövlükdə cəmiyyəti  narahat edən müasir dövrün problemləri müzakirə obyektinə çevrilmişdir. Təbii ki, bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinin və  beynəlxalq proseslərdə fəal iştirakının təzahürüdür. 

Mərkəzi Asiya, MDB ölkələri, İslam dünyası, Cənub-Şərqi Avropa və Avropa İttifaqına üzv dövlətlər, Asiya, Şimali və Cənubi Amerika, Afrika ölkələri ilə əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. MDB və İƏT-ə üzvlüyümüz, Avropa İttifaqı ilə institusional əlaqələr, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı yanında müşahidəçi statusumuz, “Asiyanın ürəyi – İstanbul prosesi”ndə fəal iştirakımız, Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı statusumuz həmin qurumlara üzv  dövlətlərlə ikitərəfli əməkdaşlığımızın inkişafı üçün əlverişli zəmin yaradır.

Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsində və dünyada etibarlı tərəfdaşa çevrilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yorulmaz fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ölkəmizdə keçirilən bir sıra humanitar forumların təşkilatçısı məhz  Heydər Əliyev Fondu olmuşdur. 2009-cu ildən başlayaraq, hər il Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalının keçirilməsi və Avropa, Amerika, Asiya qitələrindən gəlmiş dünya şöhrətli musiqiçilərin iştirakı böyük maraqla izlənilmişdir. Azərbaycan, demək olar ki, hər il beynəlxalq musiqi festivallarına ev sahibliyi edir və muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olunur. Festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik orkestrlər çıxış edirlər.

Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi xarici təşkilatlar ölkəmizin beynəlxalq aləmdəki tərəfdaşlarının sayının getdikcə çoxaldığını gördükcə, əvvəlki mövqelərindən əl çəkərək, bizimlə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirirlər. Əhəmiyyətli məqamlardan birini xatırlatmaq yerinə düşərdi. Bir il bundan öncə Avropa Parlamentinin Azərbaycana münasibətdə tutduğu qərəzli mövqe ucbatından əlaqələr dondurulmuşdu. Bir il sonra Avropa Parlamentinin böyük nümayəndə heyəti Azərbaycana gəldi və onlar münasibətlərin bərpası ilə bağlı cəhdlər etdilər. Nümayəndə heyəti dövlətimizin başçısı ilə görüşən zaman qurumun ölkəmizə qarşı qərəzli mövqeyi faktlarla onların diqqətinə çatdırıldı. Azərbaycan tərəfi bu prosesdə şərtlərini irəli sürdü və ikitərəfli bəyannamə hazırlandı. Bəyannamədə Avropa Parlamenti bundan sonra analoji addım atmayacağını və Azərbaycanla bağlı siyasətində belə səhvlərə yol verməyəcəyini faktiki olaraq qeyd etdi.

Ərazimizin 20 faizinin işğal olunmasına baxmayaraq, respublikamızın inkişafı  dayanmayıb. Azərbaycan 2004 – 2014-cü illərdə dünyada ən yüksək iqtisadi artım göstəriciləri  olmuş ölkələdəndir. Yoxsulluğun səviyyəsi kəskin şəkildə–50 faizdən 5 faizə endirilmişdir. İşsizliyin səviyyəsi də 5 faiz civarındadır.

Ölkəmizlə diplomatik əlaqələr qurmaq istəyən dövlətlərin sayı getdikcə artır, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənir. Artıq Azərbaycanın Livanda, Əlcəzairdə səfirliyi və İraqda diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Hazırda dünyada Azərbaycanın 80-dən artıq diplomatik nümayəndəliyi mövcuddur. Bu fakt ölkəmizə olan marağın getdikcə artmasından xəbər verir.

Prezident İlham Əliyev əldə olunan uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi kursunun dayandığını bildirmişdir: “Biz Heydər Əliyevin siyasətinə sadiqik. Azərbaycan onun qoyduğu yolla gedir və uğurla gedir. Son 25 ilin inkişafı onu göstərir ki, bu, düzgün yoldur. Başqa yol ola bilməz. Azərbaycan bu gün dünya miqyasında çox etibarlı ölkə, tərəfdaş kimi tanınır”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında