BRİCS sammiti: Qoadan verilən mesajlar

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən təşkilatın (BRİCS) növbəti sammiti Hindistanın Qoa şəhərində keçirilib. Bəzi ekspertlərin bədbin proqnozlarına baxmayaraq, müzakirələr baş tutub. Liderlər sonda sammitin yekun qətnaməsini imzalayıblar. Onlar müxtəlif sahələrə aid olan məsələlər haqqında mövqelərini bildiriblər. Həmin sırada iqtisadiyyat, maliyyə, təhlükəsizlik, ticarət kimi sferalar diqqət mərkəzində olub.

Hazırda dünyanı narahat edən münaqişələrə də münasibət ifadə edilib. Qəbul edilən qətnamədə təşkilatın həmin problemlərə və onun həllinə baxışı yer alıb. Beynəlxalq terrorizmlə mübarizə probleminə ayrıca önəm verilib. Qlobal ticarətin yeni səviyyəyə qaldırılması və maliyyə böhranından çıxış yolları haqqında fikirlər əks olunub. BRİCS-ə daxil olan ölkələrin dünya siyasətində daha aktiv rol oynaması zərurəti də vurğulanıb. Bu kimi məsələlər Qoa sammitini analiz etməyin lazım gəldiyini göstərir.

 

Sammit bəzi məqamlara aydınlıq gətirdi

 

Bu ilin yayında Braziliyada baş verən prezident dəyişikliyi ekspertlər arasında BRİCS-in taleyi ilə bağlı bədbin fikirlər yaratmışdı. Bu təşkilatın Qoa sammitində ciddi ziddiyyətlərin üzə çıxacağı gözlənilirdi. Səbəb kimi isə Braziliyanın yeni prezidenti Mişel Temerin ABŞ-ın "adamı olması" göstərilirdi.

Lakin "Böyük İyirmiliy"in (G20) Çin sammitində BRİCS-ə daxil olan bütün dövlətlər M.Temerin mövqeyini öyrəndikdən sonra təşkilatın növbəti toplantısının uğurlu olacağı əminliyi yarandı. Artıq Hindistanın Qoa şəhərində BRİCS-in 8-ci sammiti başa çatıb. Ekspertlər tədbirin nəticələrini təhlil edirlər.

Zirvə görüşünün mürəkkəb şəraitdə keçirilməsini inkar etmək olmaz. Yaxın Şərqdə, Şərqi Avropada və başqa regionlarda ciddi qarşıdurmalar müşahidə edilir. Dünya hələ də maliyyə böhranından xilas olmayıb. İqtisadi inkişaf tempi çox zəifdir. Çin mütəxəssislərinin hesablamalarına görə, 2017-ci ildə bu rəqəm cəmi 3,1 faiz olacaq. Bu da hələlik dünya iqtisadi sistemində problemlərin həll edilə bilinməyəcəyinə işarədir. Bundan başqa, böyük dövlətlər arasında, xüsusilə Qərb-Rusiya münasibətlərində gərginlik artır. Tərəflər, demək olar ki, bir-biri ilə müharibə ərəfəsindədirlər. Əsas ziddiyyətlər Suriya və Ukrayna istiqamətlərindədir. Böyük dövlətlərdən heç biri, deyək ki, Hindistan, Çin, yaxud Braziliya Qərblə Rusiya arasındakı gərginliyi azaltmaq istiqamətində təsirli addım ata bilmirlər və ya bunu istəmirlər.

Belə şəraitdə bir sıra ekspertlər BRİCS-i antiamerika müstəvisində təqdim etməyə meyil edirlər. Ancaq Qoa sammitində də təşkilata üzv dövlətlərin rəhbərləri vurğulayıblar ki, bu, yanlış mövqedir, çünki əsas məsələ yaranmış çətin vəziyyətdən birlikdə çıxmaqdan və inkişaf edən ölkələrdə bu prosesin davamlılığını təmin etməkdən ibarətdir.

Hər bir halda BRİCS-ə daxil olan dövlətlər həm özlərinə aid olan, həm də qlobal miqyasda əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək yekun qətnamə hazırlaya bildilər. Burada iqtisadi, sosial, mədəni məsələlərlə yanaşı, geosiyasi problemlərə də münasibət bildirilib. Sənəddə əsas müddəalardan biri kimi BMT Baş Assambleyasına təcili olaraq beynəlxalq terrorizmlə bağlı hərtərəfli konvensiyanı hazırlamaq haqqında çağırış yer alıb. Bu, doğrudan da, bütövlükdə dünya üçün aktual olan bir məsələdir. Ancaq burada problemin hansı müstəvidə qoyulmasından çox şey asılıdır. Çünki təcrübə göstərir ki, böyük dövlətlər terrorçuluğa əksər hallarda öz maraqları prizmasından baxırlar. Nəticədə, bəzi terror qrupları siyahıya düşür, digərləri isə kənarda qalır.

Həmin bağlılıqda erməni terror qruplarının nəzərə alınmaması, hətta onlara himayədarlıq edilməsi böyük təəssüf və təəccüb doğuran haldır. Başqa regionlarda da böyük dövlətlərə xidmət edən qruplar dəstəklənir, başqaları isə hədəfə alınır. Bütün bunlar sonucda beynəlxalq terrorizmin daha da inkişaf etməsinə səbəb olur. Əgər BRİCS ölkələri bu yanlışlıqlardan xilas olmuş layihə təqdim edə bilsələr, vəziyyət xeyli dəyişə bilər. BMT də ədalətli, obyektiv meyarlar əsasında beynəlxalq terrorla mübarizə haqqında konvensiya ortaya qoya bilsə, bir çox bəlalardan xilas olmaq şansı yaranar. Bu aspektdə BRİCS-in çağırışı əhəmiyyətlidir.

 

Sözdən əmələ keçid: təşkilatın taleyi bundan asılıdır

 

Məhz bu kontekstdə də sənəddə Suriya məsələsinin ayrıca vurğulanması vacib məqamlardan biridir. Çünki böyük dövlətlər həmin ölkədə qarşı-qarşıya gəliblər. Orada hər gün yüzlərlə insan qətlə yetirilir, öz yurdundan qovulur, uşaqlar, qocalar və qadınlar qaçqın vəziyyətinə düşürlər. Qətnamədə Suriya probleminin dialoq vasitəsi ilə həll edilməsi zəruriliyi vurğulanır və İŞİD-lə, "Cəbhətül-Nusra" ilə mübarizə aparılması ehtiyacı qeyd edilir. Təbii ki, bu sənəd ümumi tövsiyə xarakterlidir. BRİCS-in onları reallaşdırmaq mexanizmi yoxdur. Eyni zamanda, yalnız iki terror qrupunun adının çəkilməsi bir yarımçıqlıq görüntüsü yaradır. Suriyada terror törədən digər radikal qruplar da vardır. Onlar həm də ölkənin ərazi bütövlüyünü təhdid edirlər. BRİCS-in yekun qətnaməsində bunun nəzərə alınmaması mənfi haldır. Belə görünür ki, bu təşkilat Suriya məsələsi ilə ciddi məşğul olmaq niyyətində deyil.

Bunun əvəzində, qətnamədə qlobal iqtisadiyyat, siyasət, iqlim dəyişikliyi kimi aktual problemlərə geniş yer verilib. Çin rəhbəri Si Szinpin tədbirdə çıxış edərkən vurğulayıb: "Dünya iqtisadiyyatının sabit sağlamlaşması haqqında danışmaq hələ tezdir. Qlobal ticarət və sərmayə tənəzzüldədir. Xammalın qiyməti dəyişir. Qlobal maliyyə böhranına gətirib çıxaran əsas problemlər də həllini tapmayıb".

Si Szinpin dünya üzrə mövcud olan bu problemlərin həllində BRİCS üzvlərinin fəal iştirak etməsini vacib hesab edir. İlk növbədə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Çin və Rusiya inkişaf etməkdə olan ölkələrin maraqlarını aktiv surətdə müdafiə etməlidirlər. Bunun üçün beynəlxalq münasibətlərdə ədalət və rasionallığın inkişaf etdirilməsinə nail olmaq lazımdır.

Maraqlı fikirdir. Əslində, bu barədə siyasi liderlər xeyli zamandır ki, açıq danışırlar. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev ikili standartların və bir sıra hallarda məsələlərə ədalətsiz yanaşmaların dünya nizamına vurduğu zərbələr haqqında konkret fikirlər bildirib. Bu cür vəziyyətin qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaratdığı, beynəlxalq təşkilatları nüfuzdan saldığı ayrıca qeyd edilir. Eyni zamanda, böyük dövlətlərin obyektivliyinə kölgə salınır. BRİCS-də də ədalətli olmaqdan bəhs edilirsə, bu, ilk növbədə, BMT TŞ-nin daimi üzvlərinə aid olmalıdır. Onlar şəxsi nümunələri ilə göstərməlidirlər ki, ölkələr arasında fərq qoyulmur və problemlərə vahid meyarlar əsasında yanaşılır. Konkret əməldə bu özünü göstərməsə, ən yüksək səviyyədə belə deyilən fikirlərin praktiki əhəmiyyəti olmayacaq. Bu, əslində, sözü deyənlərin etibarlılığının itirilməsi ilə nəticələnir.

Qeyd edilənlər birbaşa BRİCS-in taleyinə toxunur. Bu təşkilatın gələcəyinə ümidlə baxan ekspertlər vardır. Ancaq həm daxili fikir ayrılıqlarını aradan qaldırmaq, həm də səmərəli fəaliyyət göstərmək üçün sözlə əməl bir-birini tamamlamalıdır. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin Qoa sammitində ifadə etdiyi aşağıdakı fikirlər bir qədər nikbinlik yaradır: "Bizim dövlətlər (BİRCS-ə daxil olan ölkələr nəzərdə tutulur – müəllif) dünya işlərində beynəlxalq hüquq prinsiplərinə və BMT-nin açar rol oynamasına sadiqdirlər, ikili standartlar praktikasını, güc tətbiqini qınayırlar, hamı üçün bərabər və tam təhlükəsizliyin təmin edilməsi uğrunda çıxış edirlər".

Beləliklə, BRİCS-in Qoa sammitində maraqlı qərarlar qəbul edilib. Aydın olub ki, bu təşkilatı siyasi səhnədən silmək doğru deyil. Ona daxil olan dövlətlər müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlıdırlar. Lakin qlobal miqyasda mövcud olan geosiyasi, iqtisadi, maliyyə və hərbi ziddiyyətlər qarşıya bir sıra çətinliklər çıxarır. BRİCS-in onlardan necə xilas ola biləcəyi hələlik məlum deyil. Ekspertlər hesab edirlər ki, bu, təşkilatın qəbul etdiyi sənədlərə nə dərəcədə əməl ediləcəyindən çox asılıdır.

Elsevər Abdullayev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında