Azərbaycan – Xorvatiya: Hərtərəfli əməkdaşlığın yeni mərhələsinin təməli qoyulur

 

 

 

 

 

 


Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə imzaladıq. Bu, əsas sənəddir və bu sənədin adı onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaş və dostlarıq. Xorvatiya bizim üçün uzun illərdir əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Xanım Prezidentin səfəri bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 


Ortaq marağımızda olan bir çox məsələlər, o cümlədən regional və qlobal təhlükəsizlik məsələləri var. Əlbəttə ki, Avropa İttifaqı, NATO, BMT və digər təşkilatlar kontekstində birgə əməkdaşlığımıza dair məsələlər də mövcuddur. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülh və siyasi yolla həll olunmalıdır. Biz Minsk qrupu prosesini tamamilə dəstəkləyirik. Həmçinin Avropa İttifaqı ilə münasibətlərinizə gəlincə, Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanması və həyata keçirilməsi üçün Xorvatiyanın simasında Sizə hər zaman dəstək olacaq dostunuz var.

Kolinda Qrabar-Kitaroviç
Xorvatiya Prezidenti


 

Son günlər ölkəmizin ictimai-siyasi həyatında baş verən  proseslərin tarixçəsi və mahiyyəti, eləcə də rəsmi Bakının qəbul etdiyi ali səviyyəli qonaqlarla aparılan müzakirələr, demək olar ki, dünyanın əksər ölkələrinin diqqət mərkəzindədir.  Həmin  məqamları  maraqla izləyən  əcnəbi ekspertlər  qeyd edirlər ki, Azərbaycanın  beynəlxalq aləmdəki siyasi-diplomatik fəaliyyəti təkcə bu ölkənin və regionun perspektivi üçün deyil, həm də bütövlükdə dünyamız üçün xüsusi əhəmiyyət  kəsb edir. Doğrudan da, ölkəmizdə reallaşdırılan siyasi, mədəni, elmi və idman istiqamətli tədbirlər dünyanın bütün   tərəqqipərvər insanları tərəfindən beynəlxalq əhəmiyyətli tədbirlər kimi qiymətləndirilir. Təkcə son bir neçə həftə ərzində  Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin, Venesuela Prezidenti  Nikolas Moduronun və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar – Kitaroviçin Bakıya  rəsmi səfərləri və paytaxtımızdan dünyaya  ünvanladıqları mesajlar sübut edir ki,  respublikamız beynəlxalq aləmdəki problemlərin aradan qaldırılmasında özünəməxsus rol oynamağa başlamışdır.

Azərbaycan rəsmiləri Xorvatiya Prezidenti ilə Avropa miqyaslı əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi yollarını müzakirə etmişdilərsə, Pakistanın Baş naziri ilə aparılan müzakirələr Asiya ölkələri və xüsusən, İslam dünyası ilə münasibətlərimizin genişləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi baxımından önəmli idi. Venesuela Prezidenti ilə isə artıq dünya miqyaslı  məsələlərin müzakirəsi gündəliyə gətirilmişdi.  Dövlət rəsmilərimiz xanım Kolinda Qrabar – Kitaroviçlə ATƏT, Avropa İttifaqı, NATO və BMT çərçivəsində olan əməkdaşlığımızın fonunda formalaşdırılmış ikitərəfli  münasibətlərimizin genişləndirilməsi, Nəvaz Şəriflə hələ 1991-ci ildən üzvü olduğumuz İslam Əməkdaşlıq Təşkilatı və BMT, Nikolas Maduro ilə isə Qoşulmamaq Hərəkatı və BMT çərçivəsində olan əlaqələrimizlə paralel  yaranan dostluğumuzun  perspektivinin müzakirəsi kimi yadda qaldı.

Yeri gəlmişkən, xatırladaq ki, ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun mühüm tərkib hissələrindən  biri də Avropa ölkələri və qitə miqyaslı beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın genişləndirilməsidir.  Xorvatiya ilə olan dostluq və tərəfdaşlıq münasibətlərimiz də məhz həmin prinsiplərin qorunub saxlanılmasının nəticəsidir. Dost ölkənin Prezidentinin bu il oktyabrın üçüncü ongünlüyündə Azərbaycana etdiyi rəsmi səfər çərçivəsində həmin məqamlar dəfələrlə xatırladıldı. 

Rəsmi qarşılanma, prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərindən sonra  dövlət başçıları mətbuata bəyanatla çıxış etdilər. Oktyabrın 24-də səsləndirilən həmin bəyanatlar cəmi bir neçə dəqiqədən sonra bütün Avropanın diqqət mərkəzində idi. Çünki prezidentlər yuxarıda qeyd etdiyimiz kimi, bütün Avropanın gündəliyində olan məsələləri müzakirə etdikdən sonra nədə razılığa gəldiklərini hamıya və necə lazımdırsa, bəyan edirdilər. Razılığa gəlinmiş məqamlar isə istənilən qədər idi.

Məsələn, Azərbaycan Prezidenti öz bəyanatında bir müddət əvvəl bizdən asılı olmayan səbəblər üzündən  korlanmış Azərbaycan – Avropa İttifaqı münasibətlərinin indiki vəziyyətini dostlarımızın və bədxahlarımızın nəzərinə çatdırdı: “Bu gün biz xanım Prezidentlə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdik. Mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu, Avropa İttifaqı-Azərbaycan razılaşması üçün yaxşı potensial əsasdır”.

Konkret olaraq Xorvatiya ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə aparılan müzakirənin nəticəsini isə dövlət başçımız belə ifadə etdi: “Biz iqtisadi əməkdaşlığımızla bağlı məsələləri geniş müzakirə etdik. Əlbəttə ki, sabah biznes forumda bu, daha geniş müzakirə olunacaq. Lakin biz əsas sahələri, prioritetləri müəyyən etdik. Düşünürəm ki, bunlar ticarət və nəqliyyat sahələridir. Ticarət dövriyyəsinin səviyyəsini artırmalıyıq. Nəqliyyat sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar var. Bu, təkcə Xorvatiyadan gəmilərin satın alınmasında deyil, – baxmayaraq ki, biz bundan çox razıyıq, çox gözəl gəmilərdir, bizə Xəzər dənizində yük daşınmalarını artırmağa imkan verir, – həmçinin Azərbaycandan keçən, şirkətlərə və ölkələrə vaxta qənaət etməyə şərait yaradacaq Şərq və Qərb arasındakı dəhliz – Yeni İpək Yolu nəqliyyat sahəsində əməkdaşlıq baxımından biznes dairələri üçün də yeni imkanlar açacaq”.

SSRİ-nin çökməsi ərəfəsində, xüsusən müstəqilliyin ilk illərində Azərbaycana  məcburən sırınan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün aparılan danışıqların mövcud vəziyyəti ilə bağlı məlumat verən dövlət başçımız həmişə olduğu kimi bu dəfə də açıq və konkret mövqe nümayiş etdirdi: “Biz, həmçinin regional təhlükəsizliklə ­bağlı məsələləri müzakirə etdik. Mən xanım Prezidentə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan ilə Azərbaycan arasındakı danışıqların hazırkı vəziyyəti barədə məlumat verdim. Bizim torpaqlarımız, təəssüf ki, uzun illərdir işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi – təkcə Dağlıq Qarabağ deyil, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim bir milyondan artıq qaçqın və köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin, təəssüf ki, münaqişə həll olunmur, çünki Ermənistan sülh istəmir”.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin bəyanatında  isə deyilirdi ki, bu gün Azərbaycan – Xorvatiya dostluq və əməkdaşlıq münasibətlərində tamamilə yeni bir mərhələnin təməli qoyulur: “Cənab Prezident, 2013-cü ildə Xorvatiyaya səfərinizdən, həmçinin Suriya ilə bağlı London konfransı çərçivəsində görüşümüzdən sonra və xüsusən də ölkəmizə həmin səfəriniz zamanı dostluq və tərəfdaşlıq üzrə imzaladığımız razılaşmaya əsasən, düşünürəm ki, münasibətlərimizin inkişaf etməsi üçün qoyulmuş möhkəm təməl üzərində bizi qarşıda hələ çox işlər gözləyir. Siyasi münasibətlərimiz çox yaxşıdır. Aramızda açıq qalan məsələlər yoxdur. Lakin hesab edirəm ki, əlavə əməkdaşlıq üçün bir çox sahələr mövcuddur. Cənab Prezident, zənnimcə, bu səfərdən, bu gün Sizinlə və digər hökumət rəsmiləri ilə aparılan danışıqlardan sonra biz ölkələrimiz, xalqlarımız və iş adamlarımız arasında spesifik və konkret əməkdaşlığın əsasını qoya bilərik”.

Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, hər iki dövlət başçısı mətbuat üçün verdiyi bəyanatda oktyabrın 25-də keçiriləcək Azərbaycan – Xorvatiya biznes forumuna xüsusi əhəmiyyət verdiyini söyləmişdir. Məhz həmin əhəmiyyətin göstəricisi idi ki, prezidentlər adı çəkilən forumda iştirak etməklə yanaşı, geniş məzmunlu çıxış  da etdilər.  Xatırladaq ki, biznes forumda Azərbaycan və Xorvatiya tərəfindən rəsmi şəxslərlə yanaşı, gəmiqayırma, nəqliyyat, maşınqayırma, qida sənayesi, kimya, toxuculuq, əczaçılıq, tikinti, energetika, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, turizm, daşınmaz əmlak, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edirdi.

Prezident İlham Əliyev forumda iştirak edən iş adamlarının üzərinə böyük, həm də şərəfli vəzifələrin düşdüyünü söylədi: “Siz iş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələrinizi genişləndirməlisiniz. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim gözəl siyasi əlaqələrimizi nəzərə alsaq, burada çox yaxşı perspektivlər var. Bizim çox gözəl siyasi əlaqələrimiz var və ümidvaram ki, işgüzar dairələr də bu nümunədən istifadə edəcəklər. Bizim keçmişdə də birgə layihələrimiz olmuşdur. Amma bu gün biz ticarət dövriyyəmizə nəzər salsaq, görərik ki, burada iki element mövcuddur və onlar bu dövriyyənin artmasına və azalmasına təsir edir. Biri Azərbaycandan Xorvatiyaya neft satışıdır. Digəri isə Xorvatiya gəmilərinin Azərbaycana satışıdır. Bu, çox gözəl əməkdaşlıqdır. Burada idxal-ixrac əməliyyatlarından söhbət gedir. Amma düşünürəm ki, artıq zamanı yetişib ki, biz iqtisadi əməkdaşlığımızı şaxələndirək və idxal-ixrac əməliyyatlarımızı genişləndirək”.

Prezident xorvatiyalı iş adamlarının nəzərinə çatdırdı ki, hazırda Azərbaycandakı mövcud sərmayə mühiti, bütün sərmayələr dövlət tərəfindən qorunur: “Ölkəmizdə olduqca sabit iqtisadi vəziyyət var. Neftin qiyməti ilə bağlı böhrana baxmayaraq, bu, yaxşı göstəricidir ki, siz bu gün də Azərbaycana inamla sərmayə yatıra bilərsiniz. Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir. Biz neftin qiymətlərini unutmaq əzmindəyik. Ölkəmizdə yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur. Mən Prezident olaraq, ölkəmizdə xorvat sərmayələrini daha çox görmək istərdim. Amma bir daha qeyd edirəm ki, bu, qarşılıqlı maraq və qarşılıqlı fəaliyyət üzərində qurulan bir prosesdir. Bir daha qeyd etmək istərdim ki, sərmayələr, şirkətlər bizim iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır”.

Xanım Kolinda Qrabar – Kitaroviç  hər iki ölkənin iş adamlarına xatırlatdı ki, Xorvatiya enerji sektorunda əməkdaşlığa sadiqdir və bu sahəyə diqqəti yönəltməyə davam edəcəkdir: “Bildiyiniz kimi, enerji təhlükəsizliyi təkcə bizim üçün deyil, bütün qonşularımız üçün olduqca vacibdir. Mənim irəli sürdüyüm “3 dəniz” təşəbbüsü də Cənubi-Şərqi Avropada olduqca vacibdir. Orada qaz şəbəkələrinin yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcəkdir və insanların yaşayış səviyyəsini artıracaqdır. Əminəm ki, İon-Adriatik dənizi layihəsi, Krk şəhərində maye qaz terminalının inşası – bunlar perspektivli layihələrdir. Bunlar da Azərbaycan şirkətlərinin bizimlə əməkdaşlıq etmələri üçün gözəl imkandır”. 

Bir sözlə, Azərbaycanın  beynəlxalq aləmdəki nüfuzu artdıqca, ölkəmizin yürütdüyü xarici siyasət öz müsbət nəticələrini verdikcə, dostlarımız və tərəfdaşlarımız da çoxalır. Bu isə dövlətimizin daha qüdrətli olmasına və xalqımızın daha firavan həyatına zəmin yaradır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında