Azərbaycan beynəlxalq mədəni tədbirlər mərkəzinə çevrilmişdir

Getdikcə  qloballaşan dünyamızda günbəgün artan problemlər bu gün  dövlətləri, xalqları  ciddi  narahat etməkdədir. Dünyanın sürətlə dəyişən hadisələrini qabaqcadan  proqnozlaşdırmaq çox vaxt mümkün olmur. Milli, mədəni, ideoloji və dini ziddiyyətlərin gündən-günə artması ciddi  kataklizmlərin yaranmasına gətirib çıxarır. İndi beynəlxalq miqyasda qarşısıalınmaz, dağıdıcı proseslər baş verir ki,   bu da  böyük  fəlakətlər törədir.

Buna  çoxsaylı misallar  gətirmək olar. Əfqanıstanda, ərəb ölkələrində, elə MDB məkanında yaranan  münaqişələr  bunu sübut etmirmi?  Bəs nə etməli, bu  münaqişələrin qarşısını  almağın  yollarını necə tapmalı? Fikrimizcə,  dünyada mütərəqqi model kimi qəbul olunan Azərbaycan multikulturalizmi  bu problemlərin həllində ən səmərəli yoldur. Həmin münaqişələrin   qarşısının alınması üçün dünyanın hər yerində tolerantlığın, mehriban birgəyaşayışın, qarşılıqlı anlaşmanın təbliği çox vacib məsələdir və  Azərbaycan bunu artıq  sübuta yetirmişdir.

Doğrudan da,  bizim ölkədə  multikultural  dəyərlərə  böyük qayğı  və  diqqətlə yanaşılır və  tarixən  formalaşan bu dəyərlərin  qorunması,  inkişafı  və təbliği  bu gün dövlət  siyasətimizdə  prioritetə  çevrilmişdir. Prezidenti İlham Əliyev haqlı olaraq  demişdir: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük”. Dövlət başçımız  öz çıxışlarında  dəfələrlə bildirib ki,  Azərbaycan bu prinsiplərə həmişə sadiqdir  və  gələcəkdə  də  bu  xəttə sadiq olaraq qalacaqdır. Təsadüfi deyil ki, Prezidentin təşəbbüsü  ilə  2016-cı il Azərbaycanda “Multikulturalizm ili”  elan olunmuşdur. Mahiyyət bundan ibarətdir ki,  yaradılmış  tolerantlıq mühiti, multikultural  dəyərlərə qayğı  bundan sonra da  davam etdiriləcək,  ölkəmizdə  bu kurs daha da təkmilləşdiriləcək.  Mövcud multikulturalizm modelinin dünyaya  inteqrasiyası   üçün həyata  keçirilən tədbirlər  daha  fəal  xarakter alacaq.

Bu gün Azərbaycan malik olduğu möhkəm mədəni ənənələr əsasında müasir dünyəvi dövlət quruculuğunun nümunəsi olmaqla yanaşı, sivilizasiyaları bir-birinə yaxınlaşdırmağa, qlobal miqyasda qarşılıqlı anlaşma atmosferi yaratmağa da öz töhfəsini verir.

Azərbaycanda  keçirilən mədəniyyətlərarası  dialoq  forumları artıq ənənə şəklini almışdır.  Bu  forumlarda iştirak edən  müxtəlif  ölkələrin nümayəndələri, ədəbiyyat və incəsənət xadimləri, beynəlxalq  təşkilatların nümayəndələri  “Bakı prosesi” haqqında   yüksək  fikirlər  söyləyir, onun  beynəlxalq əhəmiyyətinin ildən- ilə artdığını   etiraf  edirlər. Onlar bu modelin  əhəmiyyətlini, dünyanı  yalnız  mədəniyyətlərarası  dialoqlar vasitəsilə  xilas etməyin  mümkünlüyünü bildirirlər.

Dünyamızın ən sivil dövləti mədəniyyətlərin dialoquna üstünlük  verən ölkədir. Güc yolu ilə  nəyəsə  nail olmaq istəyənlər  gec-tez məğlubiyyətə  uğrayacaqlar. Bu, danılmaz həqiqətdir. Ölkələri viranəyə çevirən müharibələrə son qoymaq vaxtı yetişmişdir. İndi  mədəniyyətlərarası  dialoq ön plana keçməlidir. Əks halda, bəşəriyyət düşdüyü  bəladan  çətin ki, xilas ola bilsin. Bu barədə  “Bakı prosesi” tədbirlərində  dəfələrlə söhbət açılmışdır.

Multikultural dəyərlərə həmişə böyük  sadiqlik nümayiş etdirən  Azərbaycanda 2008-ci ildə “Bakı prosesi” ideyası ortaya çıxdı.  Həmin  il dekabrın  2-dən  3-dək Bakıda keçirilən Avropa və İslam ölkələri mədəniyyət nazirlərinin konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi”nin  əsası  qoyuldu. 2009-cu ildə İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirilmiş və birgə kommünike qəbul edilmişdir. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlamışdır.

Azərbaycan dövləti tərəfindən həyata keçirilən xoşməramlı siyasət, həmçinin müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən ölkəmizin həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi “Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərinin Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarılaraq daha qlobal səviyyəyə yüksəldilməsini təmin etmişdir. BMT Baş Məclisinin 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edilmişdir.

2011-ci ilin aprelində Bakıda  I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu tədbirdə konseptual əsaslar, idarəetməyə, siyasətə dair müxtəlif aspektlərdə mədəniyyətlərarası dialoq məsələləri müzakirə edilmiş, forum bəşəriyyət üçün faydalı nəticələri ilə bütün dünyada rəğbətlə qarşılanmışdır.

Prezident  İlham Əliyev  bu forumun ilaşırı Azərbaycanda keçirilməsi barədə müvafiq fərman imzalamışdır. 2013-cü ilin mayında Bakı “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna da ev sahibliyi etmişdir.

Ötən il təşkil olunan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan müzakirələrin əsas mahiyyəti isə bu qlobal tədbirin devizində əks olunmuşdu: “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq”.

Mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması və s. bu kimi məsələlər beynəlxalq tədbirə qatılan məşhur şəxsiyyətlərin, siyasətçilərin, dövlət xadimlərinin, elm adamlarının ortaq müzakirə mövzusuna çevrilmişdi.

 Bu il aprelin 24-28-də Bakıda “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da respublikamız üçün uğurlu nəticələrlə tarixiləşmişdir. Forumun yekunları ilə bağlı ən ümumi, ilkin qənaət budur: Respublikamızın multikulturalizm sahəsində əldə etdiyi çoxəsrlik təcrübə müasir dünyada mütərəqqi model kimi qəbul olunur və maraqla qarşılanır.

Forum miqyasına, məqsədlərinə və müzakirə olunan məsələlərin aktuallığına görə həm də respublikamız üçün unikal təbliğat platforması kimi yadda qaldı. Dünyanın 147 ölkəsindən gəlmiş 2000-dək nüfuzlu qonaq bir neçə gün ərzində Azərbaycanın iqtisadi, siyasi, mədəni və multikultural sahələrdəki uğurlarının canlı şahidlərinə çevrildilər. Bir sıra nüfuzlu politoloqlar qeyd edirlər ki,  Azərbaycan dünyada qarşılıqlı mədəni dialoqun və əməkdaşlığın yeni modelini yaradıb.

Qeyd olundu ki, ölkəmizdə əsrlər boyu müxtəlif xalqların nümayəndələri dinc yanaşı yaşayıb, fərqli mədəniyyətlərin qarşılıqlı harmoniyası bənzərsiz multikultural məkanın formalaşmasını təmin edib.

Beynəlxalq tədbirdə Azərbaycan multikulturalizminin inkişafında Heydər Əliyev Fondunun xidmətlərinin önə çəkilməsi də diqqətçəkən məqamdır: ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə mühüm əhəmiyyət verən fondun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi bu baxımdan xüsusi qeyd edildi. Layihə çərçivəsində Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfə verir. Müsəlman ölkəsi olan Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombaları bərpa edilib. Eyni zamanda, “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilib.

“Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclasda çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu tədbirin konstruktiv dialoqun inkişafına və sivilizasiyaların zənginləşməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Mehriban xanım Əliyeva buradakı çıxışında demişdir: “Qürur hissi ilə bəyan etmək istəyirəm ki, tarixən bizdə milli və dini zəmində ayrı-seçkilik və düşmənçilik halları heç vaxt baş qaldırmayıb. İnsanlarımızın əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə xristian, yəhudi və digər dinlər də təmsil olunub. Azərbaycanda 649 dini icma, o cümlədən 24 qeyri-müsəlman icması fəaliyyət göstərir... Əhalinin bütün seqmentlərinə qarşı yüksək səviyyəli sosial tolerantlıq inkişaf etmiş cəmiyyətin göstəricisidir. Hesab edirəm, ən vacib nailiyyətlərimizdən biri bu gün Azərbaycan cəmiyyətində həmin səviyyədə sosial tolerantlığın mövcud olmasıdır”.

Forumun yekunda qəbul edilən Bakı bəyannaməsində də qeyd olunduğu kimi, sivil, mədəni dialoq mühiti və birgəyaşayış, başqa mədəniyyətlərə hörmət yeni dövrün ən aktual çağırışıdır. Və bu çağırışa əməl edərək beynəlxalq səviyyədə sülhün, iqtisadi tərəqqi və sosial rifahın, sivil mədəni harmoniyanın formalaşmasını təşviq edən ölkələr sırasında Azərbaycan ön sıralardadır.

Gələn il Azərbaycanda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası  Dialoq Forumuna hazırlıq  işlərinə başlanılmışdır. Bu forumun da  Azərbaycanın  beynəlxalq nüfuzunun artmasına  güclü təkan verəcəyi şübhəsizdir.

Ramazan ŞABANOV,
  Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq 
və İxtisasartırma Mərkəzinin direktoru,  fəlsəfə üzrə  fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında