Milli müqavimət hərəkatı tariximizə yeni töhfə

Bu günlərdə ictimaiyyətin maraqla qarşılayacağı  və indiyədək  məlum olmayan faktlarla zəngin kitab işıq üzü görmüşdür. “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun layihəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “On yeddi illik mücadilə” Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı.1920-1937 kitabı çapdan çıxıb. Kitabın müəllifləri “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçiləri Anar Turan və Ceyhun Bayramlıdır. Anar Turan “Xalq qəzeti”ndə siyasət şöbəsində çalışır. Həm qəzetimizdə, həm də ictimai sferada fəallığı ilə seçilir. Dövrü mətbuatda, elmi məcmuələrdə müntəzəm olaraq araşdırmaları çap olunur. Hazırda AMEA- Tarix İnstitutunun dissertantıdır. Digər müəllif Ceyhun Bayramlı da uzun illərdir təhsil sektorunda  çalışır və hazırda 37 nömrəli məktəbin direktorudur. Bundan əlavə, tariximizin müxtəlif dövrlərinin araşdırılması ilə bağlı səkkiz kitabın müəllifi və ardıcıl olaraq dövrü mətbuatda çıxış edən tanınmış tədqiqatçıdır. Həmçinin Azərbaycan Universitetində dissertantdır.

Müəlliflərin bir neçə aydır üzərində çalışdıqları kitabda XX əsr Azərbaycan tarixinin  ən kəşməkeşli dövrü olan 1920-1937-ci illərdə xalqımızın işğalçılara qarşı milli dirəniş və müqavimət hərəkatı, bolşevizmin milli-mənəvi dəyərlərimizə, milli ziyalılara və əsilzadəliyə qarşı yürütdüyü siyasət geniş təhlil olunub. Kitab Sovet hökuməti əleyhinə baş qaldıran üsyanlarla bağlı ictimaiyyətə məlum olmayan çoxsaylı tarixi faktlarla zəngindir.

 Mənbə məlumatlarına və arxiv sənədlərinə əsasən ərsəyə gəlmiş kitab  6 fəsildən, 256 səhifədən ibarətdir. Kitabda 27 aprel 1920-ci il çevrilişindən sonra bolşevik diktaturasının qurulması, milli düşüncə mənsublarının təqibi, ölkəmizdə amansız bolşevik rejiminə qarşı Gəncə, Qarabağ, Zaqatala, Şəki, Quba, Şamaxı, Xızı üsyanları ətraflı işıqlandırılmış və yeni faktlar ortaya qoyulmuşdur. Bundan əlavə, xalqımıza qarşı milli-mənəvi terror, zadəgan və bəy zümrəsinin mübarizəsi və onların başında dayanan isimlərdən Cahangir bəy Kazımbəyli, Bəhram bəy Nəbibəyov, Əli bəy Zizikski, Cavad bəy Şıxlinski, sonradan qaçağa çevrilən Mayıl ağa, Kərbəlayi İsmayıl, Qəmlo, Hüseyinqulu xan Xoyski, Möhübəli əfəndi Kuzunvi barədə sanballı məlumatlara yer verilımişdir. Milli mübarizəmizin önündə gedən Bakı qoçuları, Gəncə, Şəmkir, Naxçıvan qaçaqları barədə də faktlara əsaslanan məlumatlar verilmişdir.

Kitabın əsas özəlliklərindən biri də sovet hakimiyyətinə qarşı ideoloji mübarizənin önündə  gedən və çoxu məhkəməsiz, sübutsuz güllələnmiş, Sibirə sürgün edilmiş F.Köçərli, Ə.Cavad, M.Hadi, H.Cavid, S.Mümtaz, S.Hüseyin, Ü.Sadıqzadə, Y.Çəmənzəminli, M.Altunbay və digərlərinin həyat və fəaliyyəti araşdırılmışdır.

Kitabda o cümlədən, sovetlərə qarşı milli mücadiləmizin Azərbaycan sovet ədəbiyyatında izləri və bu barədə yazılan əsərlərə çəkilən filmlər də tədqiq olunmuşdur.

 Professor Musa Qasımlının elmi redaktorluğu və  professorlar Anar İskəndərov, Hamlet İsaxanlı, fəlsəfə doktoru Dilavər Əzimlinin rəyləri ilə çap olunan kitabın məsləhətçiləri “Xalq qəzeti”nin baş redaktoru, “Əməkdar jurnalist” Həsən Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevdir. “Ön söz” ün müəllifi professor Aygün Attar Həşimzadədir.

Giresun Universitetinin ­professoru Aygün Attar yazır: “Sovet rejiminin Azərbaycana gəldiyi ilk günlərdən 1930-cu illərin sonlarına kimi xalqımızın milli təfəkkürlü bəylərinin, qaçaqlarının, ziyalılarının mübarizəsi barədə cəmiyyətimizdə məlumatlar yetərincə deyildir. Bu məlumatlar əksər hallarda pərakəndə olub, sistemli şəkildə ictimaiyyətə təqdim edilməmişdir. Bu baxımdan gənc tədqiqatçılar, tanınmış qələm nümayəndələri Anar Turan və Ceyhun Bayramlının müəllifliyi ilə ərsəyə gələn əlimizdəki kitab tariximizin bu qaranlıq dönəmini daha ətraflı öyrənməyimiz üçün böyük əhəmiyyətə malikdir... Əsər ümumən, cəmiyyətin sözügedən  mövzuda maarifləndirilməsi məqsədilə işlənib hazırlansa da, elmi-publisistik üslubda yazılması kitabın elmilik yükünü artıraraq onu tarix tədqiqatçıları üçün faydalı bir ədəbiyyata çevirir. Fikrimizcə, tədqiqatçılar Anar Turan və Ceyhun Bayramlının gərgin zəhməti sayəsində ortaya qoyulan “On yeddi illik mücadilə” Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı. 1920-1937 adlı bu tədqiqat əsəri həm tarix və filologiya fakültələrinin tələbələri, həm mövzu ilə maraqlanan araşdırmaçılar, həm də geniş oxucu auditoriyası üçün maraqlı və əhəmiyyətli olacaqdır.”

Layihənin rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu, redaktorları Elməddin Behbud, Taleh Cəfərovdur. Əsər elmi-publisistik üslubda yazılıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Biz də hesab edirik ki, məzmun və mahiyyət etibarilə gənclərimizin milli hisslərinin yüksəldilməsinə xidmət edən, öz köklərinə, keçmişlərinə bağlı olmalarını təmin edən bu kitab XX əsrdə baş verən xalq dirənişlərinin və onu idarə edənlərin qəhrəmanlığını açıb göstərən sanballı mənbə hesab oluna bilər. Biz də öz növbəmizdə həmkarımız Anar Turanı və həmmüəllif dostu Ceyhun Bayramlını bu zəhmətlərinin işıq üzü görməsi münasibəti ilə təbrik edir, onlara gələcəkdə tariximiz və mədəniyyətimizlə bağlı araşdırmalarında səbr, aydın zəka, iti mühakimə arzu edirik.

Əliqismət Bədəlov,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında