Azərbaycan dünyanın enerji və multikulturalizm mərkəzlərindən birinə çevrilir

Müstəqilliyinin bərpasının 25-ci il dönümü qeyd edən Azərbaycan artıq dünyaya bir neçə sahədə örnək ola biləcək ölkələrdən birinə çevrilmişdir. 25 il qısa zaman kəsiyi olsa da, ölkəmizin güclü təməllər üzərində inkişafını, bir neçə sahədə lider ölkəyə çevrilməsini müşahidə etməmək mümkün deyil. Təsüdüfi deyildir ki, bu gün Azərbaycan həm Cənubi Qafqaz regionunun, həm də Yaxın və Orta Şərqin sülh, sabitlik, tərəqqi baxımından  lider ölkələrindən biridir.

Bu günlərdə  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş mərasimdə Prezident İlham Əliyev müstəqilliyimizin əldə edilməsi və qorunub saxlanılması, inkişaf etdirilməsi barədə mühüm məsələlərə toxundu. Prezident vurğuladı ki, biz 2003-cü ildən bu günə qədər iqtisadi sahədə analoqu olmayan inkişaf yolu keçmişik. İqtisadiyyat üç dəfə artmışdır. Heç bir başqa ölkədə bu qısa müddət ərzində iqtisadiyyat üç dəfə artmayıb. Sənaye istehsalı da üç dəfə artmışdır. İşsizliklə çox ciddi mübarizə aparılıb. Azərbaycan regionlarının inkişafı ilə bağlı dövlət proqramları icra edilməyə başlandı və bunun nəticəsində 1 milyon 300 mindən çox iş yeri yaradıldı. Bölgələr canlandı, şəhərlərimiz abadlaşdı, müasir infrastruktur layihələri icra edildi. Biz elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən ölkəyə çevrildik. Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərildi və göstərilir. Maaşlar, pensiyalar son 13 il ərzində dəfələrlə artmışdır. Sosial infrastruktur layihələri icra edilir. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, bölgələrdə 40-dan çox İdman Olimpiya Mərkəzi tikilmişdir. Bütün bunlar son illər ərzində əldə edilmiş nailiyyətlərdir.

Bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı. Dövlət başçısı iqtisadiyyatımızın əsasını təşkil edən enerji resursları ilə bağlı beynəlxalq layihələrdə iştirakımızın əhəmiyyətinə toxunaraq ölkəmizin texnoloji imkanlarının getdikcə artdığını və bununla gələcəyimizin uğurlu inkişaf yolunda olduğunu diqqətə çatdırdı. Prezident bildirdi ki, biz texnoloji inkişafa doğru gedirik. Bu gün Azərbaycan kosmik klubun məhdud sayda üzvlərindən biridir. İki peykimiz var, üçüncü peyk də yaxın zamanlarda istifadəyə veriləcək. Regional əməkdaşlıq məsələlərinin həllində Azərbaycan çox önəmli bir ölkəyə çevrilibdir. Bizim təşəbbüsümüzlə icra edilən böyük enerji layihələri son illər ərzində daha da geniş miqyas alıb: “Artıq bu, qitələrarası enerji layihələridir. Xüsusilə, “Cənub” qaz dəhlizini qeyd etməliyəm. Onu da qeyd etməliyəm ki, bu dəhliz 2006-cı ildə və 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır. Əgər o kəmərlər yaradılmasaydı, “Cənub” qaz dəhlizi də yaradılmazdı. Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub” qaz dəhlizi uğurla icra edilir. Biz “Şahdəniz-2” layihəsinin icrasında artıq son mərhələyə yaxınlaşırıq. Layihənin icrası artıq 83 faiz təşkil edir. TANAP layihəsinin icrası təqribən 40 faizə yaxındır. Biz bu nəhəng enerji, iqtisadi layihəni uğurla icra edirik. Bu, bizə gələcəkdə çox böyük əlavə iqtisadi dividentlər gətirəcək. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlarından biri olan Avropa bazarına çıxarırıq. Bizim enerji siyasətimiz dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatını yaratmışıq və bu formatı genişləndiririk”.

Göründüyü kimi, Azərbaycanın yaxın onillikdə enerji və texnoloji imkanlarını genişləndirəcəyi ilə bağlı planları artıq nəzəriyyədən praktikaya doğru keçid edir və bunu dövlət başçısı da öz çıxışında təsdiqləyir. Bir sözlə, Azərbaycan dünyanın enerji və kosmik ailəsinin tamhüquqlu üzvünə çevrilir.  Dövlət başçısı qeyd edir ki, Azərbaycan bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Çünki bizim iştirak etdiyimiz bütün layihələr əməkdaşlığa hesablanıb. Biz hesab edirik ki, ölkələr arasındakı əməkdaşlıq bəzi problemləri aradan götürə bilər. Enerji siyasətimiz xoşniyyətlidir. Bundan heç vaxt hansısa başqa məqsəd üçün istifadə etməmişik. Bütün digər regional təşəbbüslər də əməkdaşlığa hesablanır, o cümlədən nəqliyyat sahəsində. Biz bu gün “Şərq-Qərb” dəhlizinin yaradılmasında fəal rol oynayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu yaxın aylarda istismara veriləcək. Beləliklə, biz özümüzü daha da gözəl imkanlarla təmin etmək üçün Avropanı Asiya ilə birləşdiririk. Çünki bu dəhliz bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Bu dəhlizdən keçən yüklərin həcmi on milyonlarla ton səviyyəsində olacaq. Bununla bərabər, biz “Şimal-Cənub” dəhlizini də yaradırıq. Yenə də təşəbbüs göstərmişik, yenə də regional əməkdaşlıq formatını təqdim etmişik və bu, artıq yaradılıb. Bu da bizə əlavə on milyonlarla ton yük daşımaq imkanları verəcək. Bax, budur neft amilindən asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafı. Coğrafi vəziyyətimizdən istifadə edərək biz bu layihələri ortaya qoyuruq və onları icra edirik.

Əlbəttə, vacib olan da budur. Devalvasiyanın nisbətən gücləndiyi bir vaxtda, dünyada neftin qiymətinin düşməsinin ölkələrin iqtisadiyyatına gətirdiyi mənfilikləri, aqrar və sənaye sektoru da daxil olmaqla yalnız qeyri-neft sektorunun inkişafının təmin edilməsi ilə neytrallaşdırmaq mümkündür.

Azərbaycanın müstəqil enerji siyasəti aparması və dünyanın vacib enerji layihələrində iştirak etməsi şübhəsiz ki, ölkəmizin mərkəzlərdən biri rolunu oynadığına, onunla hesablaşmq üçün ciddi səbəblərin olmasına dəlalət edir. Lakin eyni zamanda, Azərbaycanın sərgilədiyi siyasətin mərkəzində neft resursları, texnoloji, enerji məsələləri qədər vacib daha önəmli məsələ – multikulturalizm dayanır. Bu gün Azərbaycan dünyada baş qaldıran şiddət, zorakılıq, terror və kütləvi qətliam proseslərinin baş verdiyi ölkələrə coğrafi cəhətdən yaxınlığı ilə seçilsə də, sanki, sabitlik, sülh, tolerantlıq adasını xatırladır. Əlbəttə, bütün bunların hamısı dünyada böyük ehtiyac duyulan multikulturalizm meyillərinin Azərbaycanda mərkəzləşməsindən irəli gəlir. Bu gün ölkəmiz ardıcıl olaraq dünyanın ən tanınmış simalarının iştirak etdiyi Beynəlxalq Humanitar Forumların, BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunun, Dünya Dini Liderlərinin Sammitinin, Mədəniyyətlərarası Dialoq Forumunun, Davos İqtisadi Forumunun və digər beynəlxalq simpoziumların, beynəlxalq idman yarışlarının məkanına çevrilmişdir. Azərbaycana olan etimad, inam, ölkəmizin dünyanın mədəni mühitində özünə layiqli yer qazanması bunu qaçılmaz edib. Bir sözlə, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verir. Dövlət başçısının qeyd etdiyi kimi, biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür.

Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu, həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.

Prezident İlham Əliyevin bu günə qədər Bakıda baş tutan beynəlxalq tədbirlərə, xüsusilə humanitar məqsədli forumlara qatılması, əhatəli çıxışları və bu tədbirləri birbaşa dəstəkləməsi onu göstərir ki, Azərbaycan dövləti multikulturalizm siyasətinə xüsusi əhəmiyyət verir və Azərbaycanın sülh və əməkdaşlıq imicinin möhkəmləndirilməsinə birbaşa kapital qoyur. Bu kapital isə həm maddi, həm də insan resursları ilə əhatə olunur. Prezident İlham Əliyev bu barədə deyir: “Bu dövlət siyasəti ölkə daxilində böyük rəğbət qazanır. Eyni zamanda, bu, cəmiyyətin də əhval-ruhiyyəsidir. Çünki dövlət siyasəti o zaman uğurla icra edilə bilər ki, cəmiyyət də buna müsbət cavab verir. Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dövlət Bayrağı Meydanının, – bu bayraq dövlətçiliyimizin rəmzidir, – yaxınlığında multikulturalizmə abidə ucaldılmışdır. Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meylə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir”.

Şübhəsiz ki, Prezident haqlı olaraq, ksenofobiyanı, antisemitizmi qeyd edir. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə meyillər nəinki qalmaqdadır, hətta artmaqdadır. Əgər bu gün bir qaradərili ilə ağ irqin nümayəndəsi arasında müəyyən diskomfort varsa   və ya bir yəhudiyə qarşı hələ də gizli düşmənçilik meyilləri qalıbsa, müsəlmanlara qarşı islamafobiya meyilləri artmaqdadırsa, deməli, multikulturalizmə ehtiyac böyükdür. ABŞ politoloqu Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” əsərindəki nəzəri fikirləri real olmağa yaxındırsa, bunun qarşısı necə alınmalıdır? Bu prosesə paralel hansı alternativlər var?  Dövlət başçısı V Humanitar Forumdakı çıxışında dünyada sülhün qarşısında ən böyük maneə kimi duran  bu meyillərdən danışaraq  qeyd edir: “Biz tarixdə bir neçə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm də ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək”.

Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi, işğalçı Ermənistanın  qeyri-konstruktiv siyasəti, terrora və separatizmə dəstək verməsi və bunların müqabilində bir sıra beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsinə baxmayaraq bu gün ölkəmiz qarşıda dayanan maneələri bir-bir aşmaqdadır. Gəlinən nəticə odur ki,  Azərbaycan qısa müddətdə böyük iqtisadi və mədəni uğurlara imza atmışdır.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında