ABŞ: Prezidentlik uğrunda qeyri-əxlaqi mübarizə

Son günlər ABŞ-da keçiriləcək 2016-cı il prezident seçkiləri öncəsi prezidentliyə namizədlərin qeyri-etik davranışları həddən artıq nəzərə çarpır.  Namizədlər bir-birini əxlaqsızcasına ittiham edirlər. İttihamlar prezidentlik uğrunda mübarizədən daha çox təhqir yarışına bənzəyir. Kütləvi informasiya vasitələri də bu mövzunu diqqətdən qaçırmırlar. Dünyanın bir sıra aparıcı qəzet və jurnalları Amerikada insan hüquqlarının pozulmasından və afroamerikalıların qətlə yetirilməsindən, eyni zamanda, Hillari Klintonla Donald Tramp arasında gedən qeyri-əxlaqi mübarizədən yazırlar.

Xatırladaq ki, “Washington Times” nəşri prezidentliyə namizədlərin ikinci teledebatını şərh edərkən Respublikaçılar Partiyasının namizədi Donald Tramp haqqında təhqiramiz videolentlərin onun imicinə ciddi zərər vurduğunu bildirmişdi. Nəşr qeyd edir ki, həmin vaxt Donald Tramp Amerika ictimaiyyətindən üzr istəyib. Burdan belə bir sual meydana çıxır ki, əgər Trampın haqqında səsləndirilən fikirlər doğrudursa, o, Birləşmiş Ştatlar kimi super dövləti necə  idarə edəcək?

Keçək Hillari Klintona. Elə Trampın özü dəfələrlə İraq məsələsində H.Klintonu tənqid etmişdir. O, Klintonu İŞİD-in müəllifi adlandıraraq, Yaxın Şərqdə yaranmış acınacaqlı vəziyyətə görə Prezident Barak Obama ilə yanaşı, Hillari Klintonun da məsuliyyət daşıdığını bildirmişdir.

Bütün bunlar Amerika demokratiyasının iç üzünü faş edir. Dünya ağalığı uğrunda mübarizə aparan Birləşmiş Ştatların belə mürəkkəb bir dövrdə Amerika cəmiyyətinə rəhbərlik etmək qabiliyyətinə malik namizədinin olmadığını üzə çıxarır.

Əslində, Birləşmiş Ştatlarda bu, tarixən belə olub. İnsan hüquqları kobud şəkildə pozulub. Özləri haqqında dünyanın ən sivil dövləti təəssüratı yaratmağa çalışan ABŞ rəsmiləri tarixən Amerika qitəsinə gəldikləri XVII -XVIII əsrlərdən bu cür formalaşmağa başlayıblar. Əgər fikir versək görərik ki, onlar heç vaxt  yerli Hindu qəbilələrini necə məhv etdikləri barədə bir kəlmə belə danışmırlar. Bundan başqa, İkinci Dünya müharibəsi illərində Almaniyanı “antisemitizm”də günahlandırmaqdan, alman xalqını ittiham etməkdən çəkinmirlər. Lakin ABŞ rəsmiləri undurlar ki, “antisemitizm”in  nəticələri nə qədər amansız olursa-olsun 1945-ci il avqust ayının 6-sı və 9-da Xirosima və Naqasaki şəhərlərinə atılan nüvə bombasının öldürücü təsirindən və fəsadlarından pis ola bilməz.

Yeri gəlmişkən, nüvə faciəsi yüz minlərlə insanın həlak olması ilə nəticələnib. Partlayış nəticəsində Xirosima şəhərində həmin an 140 min, Naqasakidə isə 74 min insan həlak olub. Ölənlərin əksəriyyəti mülki vətəndaş olub. Bütün bunlar Amerika demokratiyasının pərdəarxası məqamları deyilmi? Ancaq nədənsə ABŞ rəsmiləri bu haqda heç vaxt danışmağı sevmirlər.

Son illər Amerika Birləşmiş Ştatlarında qaradərililərə qarşı nifrət təbliği açıq-aşkar sezilir. Eyni zamanda, afroamerikalılara qarşı ABŞ polisinin sərgilədiyi qeyri-insani rəftar göz önündədir. ABŞ-da insan hüquqlarının pozulması halları artıq adiləşib. Belə ki, 2014-cü il avqust ayının 9-da  Birləşmiş Ştatların Ferquson şəhərində afroamerikalı 18 yaşlı gənc Mişel Braunun polis əməkdaşı Darren Uilson tərəfindən güllələnərək öldürülməsidir. Artıq tam dəqiqdir ki, polis Braunu güllələməmişdən əvvəl onu “səni öldürəcəyəm” deyə hədələyib. Sonradan M.Braunun anası deyib ki, polis onun oğluna 7 güllə vurub. Bu hadisədən sonra Ferqusonda yaşayan və əksəriyyəti afroamerikalılardan ibarət olan icmada polis işçisinin qətl ittihamı ilə həbs edilməsinə çağırışlar edilib. Lakin məhkəmə D.Uilsonun həbs edilməməsi barədə qərar çıxarıb. Məhkəmənin qərarına etiraz əlaməti olaraq Ferqusonda həftələrlə davam edən etiraz aksiyaları, iğtişaşlar başlayıb və bütün ölkəyə yayılıb. Aksiyanın qarşısı alınarkən yüzlərlə etirazçı həbs olunub, çoxsaylı işgəncələrə və zorakılıqlara məruz qalıb.

Yeri gəlmişkən, Birləşmiş Ştatlarda 2015-ci ildə polis tərəfindən 100-dən artıq amerikalı güllənərək qətlə yetirilib. Siyasi təhlilçilər qeyd edirlər ki, bu, Böyük Britaniya polisinin 1900-cü ildən indiyə kimi qətlə yetirdiyi adamların sayından çoxdur. Təhqiqatçılar özləri etiraf edirlər ki, Ferquson, Viskonsin, Corciya və digər iri şəhərlərdə ağdərililərlə müqayisədə qaradərilinin polis tərəfindən odlu silahdan açılan atəş nəticəsində həlak olması ehtimalı 20 dəfə çoxdur.

Ülviyyə VAHİDQIZI,
Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında