ABŞ demokratiyasının pərdəarxası məqamları

Tək Amerika Birləşmiş Ştatlarının deyil, bütün dünyanın diqqəti noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərindədir. Bir neçə aydır ki, start götürən təbliğat-təşviqat kampaniyası da ümumi mənzərənin yaranmasına imkan verir. Ehtimal etmək olar ki, daim azad seçkilər, xalqın mənafeyi ilə bağlı əksər dövlətlərə “dərs keçən” ABŞ-da vəziyyət heç də ürəkaçan deyil...

 

 

 

 

ABŞ seçki sisteminin paradoksu...

 

Əvvəlcə, ümumi bir baxışla ABŞ-da mövcud seçki siteminə toxunaq.  Müşahidəçilərin gəldiyi yekdil rəy ondan ibarətdir ki, dünyanın heç bir ölkəsində ABŞ-dakı qədər köhnəlmiş, qüsurlu və ciddi islahatlara ehtiyacı olan seçki sistemi yoxdur. Faktiki olaraq ABŞ-da prezidenti xalq deyil, seçici kollegiyaları seçir. Yəni, 315 milyon əhalisi olan ABŞ-da 538 nəfərlik seçici kollegiyaları ölkənin növbəti prezidentinin kimliyini müəyyən edir. Belə olan halda, daha az xalqın səsini toplayan namizəd seçici kollegiyalarının daha çox səsini ala bilər və prezident seçilə bilər. Bu vəziyyət ABŞ-da 3 dəfə qeydə alınıb: 1876-cı ildə Respublikaçılar Partiyasının namizədi Raterford Heyz 185 seçici kollegiyasının səsini qazanmaqla (4034311 (47,95%) seçici səsi) prezident seçilib. Onun rəqibi Samuel Tilden isə cəmi 1 səs az seçici kollegiyasının səsini (184 səs) qazandığından, ölkə miqyasında daha çox səs toplamasına (4288546 (50,97%-seçici səsi) baxmayaraq məğlub statusunda qalıb. 1888-ci ildə respublikaçı Bencamin Harrison 233 seçici kollegiyasının səsini toplamaqla (5443892 (47,82%)-seçici səsi) prezident seçilib. Rəqibi Qrover Klivlend 168 seçici kollegiyasının səsini toplasa da, ölkə miqyasında daha çox seçici səsinə (5534488 (48,62%) malik olmasına baxmayaraq ABŞ-ın qeyri-obyektiv və ədalətsiz seçki sistemi səbəbindən məğlub statusu ilə barışmalı olub. Nəhayət, eyni ədalətsizliyin növbəti nümunəsi: 2000-ci ildə demokrat Albert Qor da ölkə miqyasında daha çox seçici səsi (50 992 335) toplamasına baxmayaraq 266 seçici kollegiyasının səsinə malik olduğundan daha az seçici səsi toplamış (50 455 156) Corc Buş 271 seçici kollegiyasının səsi hesabına prezident seçilib.

ABŞ seçki sisteminin digər böyük qüsuru siyasi plüralizmin olmamasıdır. Müasir  demokratik cəmiyyətin əsas göstəricilərindən biri plüralizmdir. ABŞ-da isə faktiki olaraq üçüncü partiyadan namizədin prezident seçilməsi qeyri-mümkündür. Ölkədə federal səviyyədə 38 partiya qeydiyyatdan keçib. Real olaraq isə ABŞ seçki sistemi son mərhələdə yalnız 2 namizədin mübarizə aparmasına imkan verir.

Ölkə seçki sisteminin digər problemi seçicilərin qeydə alınması zamanı çoxsaylı hüquq pozuntularının müşahidə olunmasıdır.  2012-ci ilin əvvəlində hər beş nəfərdən bir amerikalının adının seçici siyahısına düşməməsi, 24 milyon seçici haqqında məlumatın qeyri-dəqiqliyi, 2,5 milyon vətəndaşın, eyni zamanda, bir neçə ştatda qeydə alınması faktları bəllidir. Seçici siyahılarında 1,8 milyon “ölü can”ın olması faktı da artıq sirr deyil. Beləliklə, ABŞ-da 2012-ci il 6 noyabr prezident seçkilərində səsvermə hüququna malik 26 milyon vətəndaş seçici kimi qeydə alınmayıb, 5,9 milyon vətəndaş cinayət törətməkdə ittiham olunduğundan səsvermə hüququndan məhrum edilib və nəhayət, 6 milyon vətəndaş öz adını seçici siyahısında tapa bilməyib.

ABŞ seçki sistemində sual doğuran digər bir amil şəxsiyyət vəsiqəsidir. Belə ki, ABŞ-ın əksər ştatlarında şəxsiyyət vəsiqəsinin alınması vətəndaşın öz seçiminə buraxılmışdır. Lakin səsvermə zamanı şəxsiyyət vəsiqəsi zəruridir. Burada şəxsiyyət vəsiqəsinin alınması uzunmüddətli və maliyyə tələb edən bir prosedur olduğundan vətəndaşların xeyli hissəsi şəxsiyyət vəsiqəsinə sahib deyil. Bunun nəticəsində vətəndaşların təqribən 10 faizi seçkidən avtomatik olaraq uzaqlaşdırılır. Faktiki olaraq qaradərililərin 21, ispan mənşəlilərin isə 18 faizi seçkilərdə iştirak edə bilmir. Bəzi ştatlarda isə sürücülük vəsiqəsini pasport statusunda istifadə etmək olar. Ona görə də seçki məntəqələrində şəxsiyyətin kimliyini müəyyən etməklə bağlı vahid yanaşma meyarı yoxdur. 2012-ci il seçkilərində 19 ştatın seçki məntəqələrində, ümumiyyətlə, şəxsiyyətin kimliyini müəyyən etməklə bağlı suallar verilməmiş, sadəcə siyahıda adlarını axtarmaqla kifayətləniblər. Daha 16 ştatda isə şeçicinin şəkli olmadığı sənədlərlə səsvermədə iştirakına icazə verilib. Statistikaya görə, əsasən aztəminatlı ailələrə mənsub olan 11 milyon amerikalı seçicinin üzərində şəkli olan və səsvermə hüququ verən sənədi olmamışdır. Seçicilərin siyahıya alınmaması problemi bügün də qalmaqdadır. Seçici siyahısında adı olmayan şəxs seçkilərdə iştirak edə bilər, lakin onun səsinin sayılması üçün məhkəmə qərarı olmalıdır. Bu prosesin həyata keçirilməsi isə bir qədər şübhəlidir. 2000-ci ildə Florida ştatında səslərin təkrar sayılması bu gün bütün dünyaya məlumdur. Belə ki, Buşun rəqibi əhalinin daha çox səsini toplamasına baxmayaraq onun qardaşı Ceb Buşun rəhbərliyi altında Florida ştatında səslər yenidən hesablanmış və bu qanunsuzluğu Ali Məhkəmə də təsdiqləmiş, Buşun prezidenliyi qeydə alınmışdır. Bundan sonra seçkilərə yenidən baxılması, seçki sisteminin şəffaflaşdırılması ilə bağlı müraciətlər olunmasına baxmayaraq gündəmə gətirilməmişdir.

ABŞ-da seçkilərin qeyri-obyektiv şəkildə keçirilməsinə şərait yaradan digər bir amil də erkən səsvermə hüququdur. Hətta Barak Obama erkən səsvermə hüququndan seçkiqabağı təbliğat-təşviqat kampaniyasında istifadə edən ilk ABŞ prezidenti olmuşdur. O, 2012-ci il 6 noyabr seçkiləri üçün oktyabrın 25-də erkən səsvermə hüququnu reallaşdırmış, seçiciləri də onun nümunəsini təkrarlamağa çağırmışdı. 2012-ci il prezident seçkilərində seçicilərin təxminən 33 faizi erkən səsvermə praktikasından istifadə etmişdir.

ABŞ-da seçki prosesinin maliyyələşdirilməsi sahəsində qanunvericilik qeyri-təkmil olduğundan seçki prosesinə olduqca böyük vəsaitlər xərclənir. Güclü maliyyə dəstəyinə malik olmayan namizədlər seçki prosesindən  kənarda qalırlar.

ABŞ seçki sisteminin digər nöqsanı prezident seçkilərinin keçirilməsi üzrə mərkəzləşdirilmiş orqanın olmamasıdır. Federal Seçki Komissiyası seçkilər haqqında federal qanunların, əsasən maliyyə sahəsində yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Seçkilərə Dəstək Komissiyası isə federal seçki qanunvericiliyinin həyata keçirilməsi prosesini müşahidə edir və vəsaitlərin paylanmasını təmin edir. Hər iki komissiya ikipartiyalı sistem əsasında formalaşır. Bu isə çox vaxt partiyalardaxili anlaşılmazlıqlara səbəb olur.

ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır. Belə ki, ölkənin bir çox ştatlarında beynəlxalq müşahidəçilərə çoxsaylı məhdudiyyətlər qoyulur, seçki məntəqələrinə yaxınlaşmasına icazə verilmir. Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştatlarında, o cümlədən Kolumbiya Federal Dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilmişdir. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümümi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar.

2012-ci il seçkilərində Texas ştatının prokuroru Qreq Ebbot ATƏT DTİHB-in tərkibində olan müşahidəçilərin seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq etmişdi. Həmin qurumun rəhbərinə prokurorun ünvanladığı məktubda aşağıdakı fikirlər xüsusi olaraq diqqəti cəlb edir: “Əgər ATƏT-in üzvləri öz demokratik sistemlərini yaxşılaşdırmaq üçün ABŞ seçki hüququ haqqında daha çox öyrənmək istəyirlərsə, bu halda Texas hakimiyyəti ilə müzakirələr aparmalıdırlar. ABŞ-ın hüdudları kənarından gəlmiş qrup və ya ayrı-ayrı şəxslərin bizim seçki prosesinə təsir etmək və ya ona müdaxilə etmək hüququ yoxdur”. DTİHB-in seçki prosesində şəxsiyyət vəsiqələrindən istifadənin vacibliyi ilə bağlı iradına qarşı Texas prokurorunun orijinal cavabına diqqət yetirək: “ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir”.  Halbuki, ABŞ daim digər ölkələrə demokratiya dərsi keçir, seçki prosesinə yaxından qoşulur, seçkilərin “şəffaflığ”ını araşdırmaq üçün xüsusi müşahidəçiləri cəlb edir, bir çox ölkələrdə keçirilən prezident seçkilərinin demokratikliyinin şübhəli olması ilə bağlı bəyanatlar verir, hətta bəzi hallarda seçkilərin nəticələrini belə baykot edir.

ABŞ-da seçki prosesində şirkət rəhbərlərinin öz işçilərini bu və ya digər namizədə səs verməyə təhrik etdikləri hallar da kifayət qədər geniş yayılıb. 2012-ci il prezident seçkilərində “Koch İndustries” konqlomeratının sahibləri 50 min əməkdaşına xüsusi gizli məktublar ünvanladıqları faktı məlumdur. Məktubda qeyd olunurdu ki, seçim hər kəsin şəxsi işidir, lakin birmənalı olaraq xəbərdarlıq edilirdi ki, Barak Obama qalib gələcəyi təqdirdə iş yerlərində ixtisarlar labüd olacaq. Respublikaçılar Partiyasının namizədini müdafiə edən “Westgate Resorts” hotellər şəbəkəsi və “ASG Software Solutions” kompüter firmasının rəhbərləri də anoloji məzmunlu məktubları öz əməkdaşlarına göndərmişdilər. Bu faktlar, heç şübhəsiz, ABŞ vətəndaşlarının seçki hüquqlarının açıq şəkildə pozulduğunun bariz nümunəsidir. Təəccüblüdür ki,  bu cür qanunsuzluqlara göz yuman dövlət demokratiya hegemonu olmaq üçün can atır.

 

Demokratiyanın “əsl göstəricisi” – debatlar...

 

ABŞ-ın dövlətçilik tarixində Hillari Klinton ilk qadın prezidentliyə namizəd olaraq qeydiyyata alınıb. Seçiləcəyi təqdirdə o, ilk qadın prezident olaraq da öz adını tarixə salacaqdır. Ona adekvat olaraq heç bir siyasi karyerası olmayan Tramp da prezident seçilərsə, Duayt Eyzenhauerdən 60 il sonra bunu gerçəkləşdirən ilk şəxs olacaqdır.

Sentyabrın 27-də ənənəvi olaraq əsas namizədlər Klintonla Tramp arasında ilk televiziya debatı baş tutdu. Oktyabrın 19-da bu namizədlər yenidən bir araya gələrək son debatlarını keçirdilər. Sonuncu debat seçicinin qəti fikrinin formalaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də hər zaman sonuncu debata diqqət daha çox yönəlir. Lakin bu dəfə ABŞ seçicisi namizədlərin platforması ilə deyil, namizədlərin ittiham sənədləri ilə tanış oldular. Baş tutan debatlarda tərəflər bir-biriləri haqqında məxfi yollarla əldə olunan sirləri belə açmaqdan çəkinmirlər. İrəli sürülən ağlasığmaz fikirlər amerikalı seçicilərin də böyük təəccüblərinə səbəb olmaqdadır. Hətta müşahidəçilər də bu seçkiləri ən qalmaqallı seçki kimi qiymətləndirirlər.

 “The Washington Post” qəzetinin ABŞ seçkiləri haqda 20 oktyabrda dərc olunan yazısında amerikalıların demokratiyaya, eləcə də bir-birilərinə inamının azaldığı ifadə olunmaqdadır. Qəzetdə yazılır ki, ABŞ-da budəfəki seçki kampaniyası seçkidən çox, Amerika demokratiyasının dəstəklədiyi dəyərlərin dəyişdiyini nümayiş etdirir. Oktyabrın əvvəlində aparılan sorğular amerikalıların çoxunun demokratiyaya inamını itirdiyini, seçicilərin böyük hissəsinin səsvermənin qanuniliyini qəbul etməyəcəyini göstərir. Sorğu 3 min seçici arasında aparılıb və onlardan 40 faizi “Mən Amerika demokratiyasına etibarımı itirmişəm” deyib. 6 faiz seçici sistemə heç vaxt etibar etmədiyini, 52 faizi Amerika demokratiyasına inandığını söyləyib.

Tərəflər bir-birilərini korrupsiyada, seçkilərin saxtalaşdırılmasında, seçicilərin müəyyən vasitələrlə ələ alınmasında və digər günahlarda ittiham edirlər. Bu isə əslində bütün dünyaya açıq, şəffaf demokratik cəmiyyətə hakim olduğunu göstərməyə çalışan ABŞ-ın real siyasi mənzərəsini nümayiş etdirir. Respublikaçılar və demokratlar arasındakı mübarizə sivil mərhələdən keçərək, bayağı bir səviyyəyə enmişdir. Artıq Tramp uduzacağı təqdirdə, seçkilərin nəticələrini tanımayacağı barədə bəyanat verib. Tramp Klintonu ciddi cinayətlər törətməkdə təqsirləndirərək, onun namizədliyinin qeydə alınmasının yanlış olduğunu vurğulayıb. Tramp Klinton komandasının 2012-ci ildə olduğu kimi, “ölü canlar”dan istifadəsinə də toxunub. O bildirib: "Milyonlarla insan seçkilərdə səs vermək üçün qeydiyyata alınıb, hansı ki, onların bir çoxu qeydiyyata alınmamalıydı". Lakin bununla da kifayətlənməyən respublikaçı namizəd bildirib ki, onun seçki marafonuna mane olan tərəflərdən biri də şübhə ilə yanaşdığı ABŞ KİV-idir: "KİV-ə inanmaq olmaz. Onlar yalnız sifarişlər əsasında işləyirlər". Bu isə əslində Amerika ictimaiyyətinin iç üzünü göstərir. ABŞ KİV-ində yayımlanan informasiyaların əksəriyyəti şəxsi maraq və mənafelərə xidmət edir. “The Washington Post” qəzetinin: “Tramp yalnız donuz deyil, o yırtıcıdır” başlığı altında məqaləni dərc etməsi də ABŞ KİV-inin “bitərəfliliy”inin aşkar sübutudur.

Tramp qaçqın və müsəlman düşməni kimi tanınır. Hətta miqrantları ölkəyə qəbul etməyəcəyini deyən Tramp Meksika ilə sərhəddə başdan-başa daş hasar çəkəcəyini iddia edib. Yeni Meksika əyalətinin valisi Susana Martinez Trampın qaçqınlarla bağlı açıqlamasına sərt reaksiya verib. Martinez Trampın ABŞ ilə Meksika arasına daşdan hasar çəkmə  istəyini ağılsızlıq adlandırıb. Martinezin tənqidinə isə Tramp daha sərt şəkildə cavab verib və prezident seçiləcəyi təqdirdə valini vəzifədən atacağını deyib. Hətta Trampın prezident seçiləcəyi təqdirdə müsəlmanlara qarşı mübarizə dalğasının yaranması ehtimalı da çox böyükdür.

“France 24” saytında verilən məlumata əsasən, İllinoyis ştatında Hillari Klintona səs vermək üçün əhaliyə pivə, siqaret, pul təklif edilir. Bu isə seçicilərin siyasi manipulyasiyasıdır. Hətta vətəndaşlığa yeni qəbul edilənlər bu və ya digər namizədə səs vermələri üçün xüsusi şəkildə təlimatlandırılır.

Ümumiyyətlə, baş tutan hər bir debat sensassiyalı və təəccüblü nəticələrlə başa çatdı. Artıq istər respublikaçıların, istərsə də demokratların tərəfdarları Klinton-Tramp mübarizəsini sivil-demokratik ənənələrə sahib rəqabət kimi deyil, aşkar düşmənçilik kimi qəbul etməyə başlayıblar. Bu faktor isə Amerikanın əsrlərdən bəri formalaşmış seçki ənənələrinin dəfni kimi də qiymətləndirilə bilər. Ortada olan iddialar, faktlar və dəlillər də bu cür düşünməyə zəmin yaradır.

Seçkilərə bir neçə gün qalmış respublikaçı namizəd seçki prosesində yaşanan qanun pozuntuları barədə açıq şəkildə bəyanatlar səsləndirməyə başlayıb. Donald Trampın seçki saxtakarlığı ilə bağlı şərhləri ABŞ və dünyada geniş əks-səda doğurub.  Maraqlıdır ki, dünyaya demokratiya dərsi keçən ABŞ-ın əsas namizədlərindən biri, qalib olmağa iddialı şəxs seçki prosesində mövcud qanunsuzluqlardan danışır. Trampın çıxışında “Proses saxtadır. Seçkilər saxtalaşdırılır”, - deməsi nəinki Amerika vətəndaşlarının, eləcə də bütün dünyanın böyük təəccübünə səbəb oldu.  Bu hal demokratlar tərəfindən heç də xoş qarşılanmadı və Trampa qarşı təzyiqlər başlanıldı. Ən sərt bəyanat isə prezident Barak Obamadan gəldi. "Mənsub olduğu siyasi partiyadan, mühafizəkar və ya liberal ideologiyaya sahib olmasından asılı olmayaraq, bu məsələlərlə bağlı ciddi araşdırma aparan hər bir ekspert mühüm seçki saxtakarlığının mövcud olmadığını deyə bilər”, - deyə Obama sərt şəkildə bəyan etdi. Ümumiyyətlə, Barak Obama seçki kampaniyası başlayandan bu yana çıxışlarında daim Trampı tənqid edir, gülüş hədəfinə çevirir, Hillari Klintona dəstək nümayiş etdirən çağırışlar edir. Lakin seçki qanunvericiliyinə əsasən, prezident açıq-aşkar şəkildə heç bir namizədi dəstəkləyə bilməz. Artıq bir neçə həftədir ki, seçkilərin Klintonun xeyrinə saxtalaşdırılacağını iddia edən Trampın şərhlərini Obama onun prezidentliyə layiq olmadığını sübut edən bir nümunə adlandırıb.

“Survey Monkey” seçki izləmə təşkilatının apardığı sorğuların nəticəsinə görə isə respondentlərin yalnız 31 faizi istədiyi namizəd seçilməsə belə, seçkinin nəticələrinə şübhə etməyəcəyini bildirib. Bu cür düşünənlərin sayının çoxluğu ölkədə həyəcan təbili çalmağa imkan verir. Şübhəsiz, demək mümkündür ki, ABŞ-da demokratiyanın dayağı hesab olunan sosial etimad dağılmaqdadır. ABŞ seçicilərinin 80  faizi hesab edir ki, ölkə indi heç vaxt olmadığı qədər bölünüb və çoxları bu fikir ayrılığının hələ uzun müddət davam edəcəyini düşünür.

Bu da demokratiyadan dəm vuran ABŞ-da kürsü müharibəsi ... Hakimiyyəti ələ ala bilmək üçün primitiv üsullara belə çəkinmədən əl atılır, insani dəyərlər, vətəndaş rifahı, sülh problemləri arxa plana keçirilir.

 

Ədalət və rifahın “carçısı”...

 

2016-cı il ABŞ seçkilərinin maraqlı məqamı müşahidəçilərin sayının kəskin şəkildə azaldılmasıdır. Belə ki, əgər ölkənin Ədliyyə Nazirliyi 2012-ci il seçkilərində 23 ştatdan 780 müşahidəçi cəlb olunmuşdusa, bu seçkilərdə yalnız 5 ştata müşahidəçilər göndəriləcək. Bu da obyektivliyi şübhə altına alan məqamlardandır. Rusiya Mərkəzi Seçki Komissiyası seçkiləri izləmək hüququndan məhrum edilib.

Paris Sorbonna  Universitetinin  doktoru xanım Ruzelen Letron “ABŞ həqiqətənmi demokratdır?” adlı məqaləsində XXI əsrdə ABŞ-da seçki prosesində dəfələrlə qeydə alınmış neqativ halları, ABŞ seçki sisteminin nöqsanlı amillərini araşdırmışdır. O, ABŞ-da normal seçici siyahısının mövcud olmadığını qeyd edir. Belə ki, ABŞ-da seçicilərin qeydə alınması prosesi tam şəkildə həyata keçirilmir. 1,8 milyon vəfat etmiş vətəndaşın adı seçki siyahısındadır. Tramp debatlarda bu fakta xüsusi toxunmuş, Klinton düşərgəsinin “ölü canlar”dan məharətlə istifadə etməsinə toxunmuşdur. 2750000 vətəndaşın adı 2 və ya daha çox ştatın seçici siyahısındadır. 140000 nəfərin adı isə 4 ştatın siyahısındadır. Xanım Letronun fikrincə, bu vəziyyət həm demokratlara, həm də respublikaçılara sərf edir.

Fransanın “Le Parisien” saytı ABŞ seçki sistemindəki qüsurları aşağıdakı şəkildə qruplaşdırmışdır:

Eyni şəxsin bir neçə dəfə səs verməsi; vəfat etmiş şəxslərin yerinə səs verilməsi;  səslərin pulla alınması; seçicilərin adının siyahıya alınmaması...

2016-cı il seçkiləri ABŞ siyasi sisteminin iç üzünü bütün dünyaya nümayiş etdirdi. Öz seçki kampaniyaları haqqında danışmır, özünü demokratiyanın beşiyi adlandıran ABŞ-ın seçki debatlarında dünya ən vulqar ifadələrin, ağlasığmaz ittihamların şahidi oldu. Narkotikdən istifadədən tutmuş, qadın istismarına, Rusiyaya qanunsuz uran ehtiyatlarının satışına kimi heyrətləndirici ittihamlar tribunadan səsləndirildi. Tramp Klintonu ABŞ-ın uran ehtiyatlarının 20 faizini Rusiyaya verməkdə ittiham etdi. Psixoloqların keçirdiyi sorğulara əsasən, debatlarda namizədlərin bir-birini ifşa etmək məqsədilə müxtəlif ittihamlarla qızları tribunalara çıxarması, səslənən ifadələr əhalinin 54  faizinin psixologiyasına mənfi təsir göstərib.

Görülən budur ki, kimin qalib gələcəyindən asılı olmayaraq, budəfəki seçkilər  ABŞ-ın demokratik “inkişafını” bütün xırdalığı ilə dünyaya göstərdi. Namizədlər arasındakı soyuq münaqişə əsrlərdir ki, dünyaya nümunə kimi göstərilən Amerika seçki sisteminin bütün detalları ilə ortaya qoydu.  Reallıq budur ki, daim dünyanın nümunəvi dövləti statusunu daşımağa çalışan ABŞ beynəlxalq arenada öz siyasi imicini düzəltmək üçün çox çalışmalı olacaq...

Nailə Məmmədova,
“Azerbaijan Realities”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında