ABŞ-ın məlum “demokratik” obrazı köhnəlmişdir

ABŞ tarixinin “ən qəribə və qalmaqallı” seçkiləri artıq finiş xəttinə yaxınlaşır. Dünyanın  daha çox heyrətlə izlədiyi bu siyasi mübarizədə qalib noyabrın 8-də məlum olacaq. Doğrudur, son rəy sorğularına görə, Hillari Klintonun ümumi ölkə üzrə, xüsusilə də seçkilərin nəticələrinə ciddi təsir göstərmək gücündə olan bir sıra vacib ştatlarda üstünlüyü var. Keçmiş dövlət katibinin seçki qərargahının rəhbəri Robbi Mukun fikrincə, 8 noyabr seçkiləri ABŞ tarixinin ən vacib seçkiləri olacaq. Lakin bu seçkilərin, sözsüz, “dünyanın ən böyük demokratik ölkəsi”nin tarixinə “ən qalmaqallı və çirkli seçkilər” kimi düşmək şansı da böyükdür. Belə düşünmək üçün kifayət qədər əsas da var.

Beləliklə, Amerika xalqı noyabrın 8-də liderini seçəcək. Okeanın o tayında ikipartiyalı seçki sistemi olduğundan seçim imkanı da məhduddur. İlyarım sürən seçki kampaniyası iki namizəd--demokrat və respublikaçı arasında keçirilir. Bəs, sıravi amerikalı seçki məntəqələrinə hansı əhval-ruhiyyədə gedir? Seçki kampaniyası ərzində namizədlərin açıqladıqları siyasi və iqtisadi proqramlardan razı qaldımı? Ağ evdə oturacaq adamın ürəyincə olacağına əmindirmi? Əlbəttə ki, bu suallara birmənalı cavab vermək çox çətindir. Ancaq əminliklə demək olar ki, 2016-cı il prezident seçkiləri ABŞ tarixinə öz damğasını vuracaq. Yox, bu damğa özündə iki ağırçəkili siyasətçinin mübarizəsini ehtiva etməyəcək. Əksinə, Ağ ev uğrunda aparılan mübarizənin daha çox parlaq namizədlərin yoxluğu şəraitində keçən qalmaqallı mücadilə kimi tarixə düşmək şansı var. Çünki hər iki namizəd demokratik qaydalar çərçivəsində mübarizə aparmağa mane olan özünəməxsus ayıbları və problemləri ilə seçicilərin qəlblərini fəth etməyə çalışır. İstər demokratların namizədi Hillari Klinton, istərsə də respublikaçı Donald Tramp kampaniya ərzində ABŞ hökumətinin ağızdolusu təriflədiyi və uğrunda mübarizə apardığı demokratik dəyərlərə malik siyasətçi olduqlarını təsdiqləyə bilmədilər. Hər iki namizəd daha çox alternativsizlik fonunda parlamağa çalışmaqla və bir-birinə qarşı qeyri-etik atmacalar atmaqla  fərqləndi.

Bəs, kimdir bu namizədlər? Biri siyasi elitanın, digəri isə biznes sülaləsinin nümayəndəsidir. Ancaq son zamanlar Qərb mətbuatının aşkarladığı faktlar belə deməyə əsas verir ki, Klintonları da biznes sülaləsi adlandırmaq olar. Halbuki, Hillari Klinton həyat yoldaşı Bill Klintonla Ağ evi tərk edən zaman demişdi ki, iqamətgahı cibləri boş tərk edirlər. Amma indi məlum olur ki, hazırda Klintonlar ABŞ-ın milyonçu ailələrindən biridir. ABŞ mətbuatı yazır ki, H.Klinton son iki ildə 12 milyon dollar qazanmışdır. Bu qədər pulun da kitab dərcindən və müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlardan qazandığı bildirilir. Bill Klintonun isə Ağ evi tərk etdiyi gündən bu yana qazandığı pulun məbləğinin 106 milyon dollar olduğu vurğulanır. Lakin məşhur jurnalist Piter Şveyser yazdığı “Klintonların pulu: danışılmamış tarix, necə və nəyə görə xarici hökumətlər və biznesmenlər Bill və Hilları Klintonları zəngin etdilər?” adlı kitabında yazır ki, keçmiş prezident və keçmiş dövlət katibinin ailə büdcəsinin əsas gəlir mənbəyini fəaliyyət istiqaməti xeyriyyəçilik olan “Klintonlar Fondu” təşkil edir.

Cari ilin may ayında işıq üzü görmüş və Hillari Klintonun nüfuzuna ciddi zərbə vurmuş 300 səhifəlik kitabda vurğulanır ki, “Klintonlar Fondu”14 illik fəaliyyəti nəticəsində nə az, nə çox, düz 2 milyard dollar məbləğində pul cəlb etmişdir. Əlbəttə, ABŞ-da bir çox məşhur ailələr belə fond təsis edərək, xeyriyyəçiliklə məşğul olurlar və Klintonların da belə addım atması təəccüb doğurmur. Lakin Piter Şveyser yazır ki, “Klintonlar Fondu”nun topladığı ianələr yardıma ehtiyacı olanlara yox, daha çox Klintonların ailə fəaliyyətlərinin təmin olunmasına xərclənmişdir. Məşhur jurnalist iddia edir ki, hətta “Katrin” qasırğası “Klintonlar Fondu”na böyük mənfəət gətirmişdir. Belə ki, amerikalıların qasırğadan əziyyət çəkmiş vətəndaşlara yardım etmək üçün fonda bağışladıqları ianələr yekunda Klintonlara məxsus təşkilatın bank hesablarına köçürülmüşdür.  Piter Şveyser əmindir ki, “Klintonlar Fondu”na daxil olan ianələrin 90 faizi Klintonlar ailəsinin ehtiyaclarına xərclənmişdir. Fond isə, əksinə, iddia edir ki, ianələrin 90 faizi xeyriyyə məqsədlərinə sərf olunmuşdur.

Bu kitabın çapından sonra ABŞ mass-mediasında bitərəf mövqe tutması ilə fərqlənən qəzet və jurnallar belə, fondun qaranlıq işlərinə işıq tutmağa başlamışdılar. Hələ seçki kampaniyasının erkən dövründə Hillari Klintonu dəstəkləmiş “Nyu-York Tayms” qəzeti apardığı müstəqil araşdırma nəticəsində müəyyənləşdirmişdi ki, “Klintonlar Fondu” Rusiyanın “Rosatom” şirkətinin dünyanın bir çox ölkəsində, həmçinin ABŞ-dakı uran yataqlarını almasında dolayı yolla iştirak etmişdir. “Nyu-York Tayms” yazmışdı ki, Bill Klinton ilk mərhələdə Kanadanın “Uranium One” şirkətinə pulsuz yardım etmişdir. Lakin qəzet müəyyənləşdirmişdir ki, yardım qarşılığında “Klintonlar Fondu” kanadalılardan 30 milyon dollar, keçmiş prezidentin nəzarət etdiyi digər xeyriyyə təşkilatı isə 100 milyon dollar almışdır. Araşdırmanın müəllifi, Pulitser laureatı Co Beykeri, eləcə də ABŞ-ın müxtəlif dairələrini də heyrətə gətirən o fakt olmuşdu ki, bütün bu fəaliyyətin yekununda ABŞ-ın uran yataqlarının təqribən 20 faizi rusların əlinə keçmişdir. Məsələ ondadır ki, “Uranium One” şirkətinin nəzarət paketi sonradan “Rosatom” şirkətinə satılmışdı. ABŞ mətbuatı yazır ki, bu məsələdə ABŞ Dövlət Departamentinin də böyük rolu olmuşdur. Belə ki, 2009-cu ildə hələ dövlət katibi işləyən Hillari Klintonun rəhbərlik etdiyi departament gözlənilmədən “Uranium One” şirkətinin ruslara satılmasına razılıq vermişdi. Halbuki, belə razılaşmalarda adətən “yox” kəlməsini işlədən Dövlət Departamenti bu dəfə strateji məsələdə gözlərini qapatmışdı. Qeyd etmək yerinə düşər ki, hazırda “Rosatom” şirkəti “Uranium One” şirkətinin 100 faizlik sahibidir. “Nyu-York Tayms” yazmışdı ki, bu udulmadan sonra “Klintonlar Fondu”na ianələr daxil olmaqda davam etmişdi.

Ancaq ABŞ-ın uran yataqlarının beşdə bir hissəsinin rusların əlinə keçməsində Klintonlar ailəsinin rol oynamasını təsdiqləyən birbaşa dəlil yoxdur. Amerikalı mütəxəssislər bildirirlər ki, irəli sürülən ittihamları elektron məktublar təsdiqləyə bilərdi. ABŞ qanunlarına görə, dövlət katibi idarənin serverlərindən istifadə etməli və postunu tərk edən zaman elektron poçtunu Dövlət Departamentinin arxivinə təhvil verməlidir. Nəzəri olaraq arxivdə H.Klintonun günahkar olub-olmadığını müəyyənləşdirmək olardı. Lakin artıq bunu da etmək mümkün deyil. Çünki xanım demokratın təlimatları pozaraq öz şəxsi serverindən istifadə etdiyi aşkarlanmışdı. Amerikalı jurnalistlər yazırlar ki, H.Klinton vəzifəsini tərk etdikdən sonra arxivinin bir hissəsini Dövlət Departamentinə təhvil vermiş, digər hissəsini də silmişdi. Silinən məktublarda da hansı məlumatların olduğunu heç kim bilmir. Xanım Klinton iddia edir ki, pozduğu məktublar ailə işlərilə bağlı müxtəlif məsələlər barədə idi. Lakin amerikalı mütəxəssislər düşünürlər ki, keçmiş dövlət katibi şəxsi serverindən istifadə etməklə, fondun müxtəlif donorları ilə yazışmalarını gizlətmək niyyətini güdmüşdü. Təbii ki, bu ittihamı təsdiqləmək artıq mümkün deyil. Lakin bütün bu ittihamlar ABŞ prezidentliyinə namizəd haqqında şübhələnməyə əsas vermişdir. Amerikalı jurnalistlər yazırdılar ki, H.Klintonu məktublarını göndərdiyi ünvanları açıqlamağa məhkəmə vadar edə bilərdi. Amma ABŞ-ın hüquq-mühafizə sistemi demokrat xanım barədə susmağa üstünlük verdi.

Klintonlarla bağlı libertian (aqressiv zorakılığa qarşı çıxan siyasi fəlsəfi cərəyan) baxışları ilə tanınan hakim Endryü Napolitanonun sözləri maraq doğurur. Onun fikrincə, əgər ABŞ-ın Ədliyyə Nazirliyi dövlət katibi olduğu dövrdə H.Klintonun fəaliyyətində korrupsiya əməlinin olub-olmadığını araşdırmağa cəhd belə göstərməsə, o zaman bu idarə ölkənin bütün hüquqşünasları üçün həqiqi rişxənd hədəfi olacaq. 2012-ci ildə respublikaçıların prezidentliyə namizədi olmuş Mitt Romni də H.Klintonla bağlı məhkəmə işinin başlanmasına tərəfdar olduğunu açıqlamışdı. “Bütün ittihamlar onu göstərir ki, Hillari Klinton ABŞ-ın 20 faiz uran istehsalının Rusiyaya satılmasını sadələşdirməklə rüşvət almışdır”, – deyən Massaçusets ştatının keçmiş qubernatoru əlavə etmişdi ki, xanım Klinton yalanın köməyi ilə bu əməlini ört-basdır etməyə cəhd göstərmişdir. Ancaq ABŞ-ın Ədliyyə Nazirliyi səsləndirilən bütün çağırışlara müsbət reaksiya vermədi. H.Klintonun seçki qərargahı da israr edir ki, heç kim xanım demokratın dövlət katibi vəzifəsində çalışarkən “Klintonlar Fondu”nun maraqları naminə fəaliyyət göstərdiyini təsdiqləyəcək hər hansı bir faktı ortaya çıxarmamışdır. Amma H.Klintonun seçki qərargahının belə mövqeyi ABŞ-da birmənalı qarşılanmadı. Çox adam keçmiş dövlət katibinin səmimiyyətinə şübhə ilə yanaşdı. Ədliyyə Nazirliyinin Klintonlar məsələsinə soyuq münasibəti respublikaçı namizəd Donald Trampı da sistemi “çürük” adlandırmağa vadar etmişdi.

Bəs, Amerikanın siyasi landşaftını dəyişdirmək istəyən Donald Tramp “təmizdirmi”? ABŞ mətbuatı zəngin ailədə böyümüş D.Trampın istər maliyyə, istərsə ünsiyyət məsələlərində ciddi problemlər yaşamış şəxs olduğunu yazır. Sosioloji terminlə desək, “baby boomers”(İkinci Dünya müharibəsindən sonra doğulmuş uşaqlar) nəslinin nümayəndəsi olan respublikaçı namizədin adı vergilərdən yayınmaqda hallanır. Amma D.Tramp gündəmə daha çox qalmaqallı və ziddiyyətli bəyanatları ilə gəlir. Ən əsası, onun özü haqqında dedikləri D.Trampın ətrafdakılarına münasibətini gözəl xarakterizə edir: “Qaradərili uşaqlar mənim pullarımı sayırlar. Buna heç dözə bilmirəm”. Yaxud qadınlar haqqında dediyi bu sözlər Ağ evə iddia edən şəxsin zərif cinsin nümayəndələrinə olan münasibətini anlamağa kömək edir: “Dünyada ən çox qadınları sevirəm, ancaq qadınlar təsvir edildiyi kimi deyillər. Onlar kişilərdən daha pisdirlər, daha aqressivdirlər”.

70 yaşında prezidentliyə namizədliyini irəli sürməklə tarixə düşən D.Trampın H.Klinton haqqında dediklərinisə, ümumiyyətlə, qeyd etmək etik cəhətdən istənilən jurnalistdən böyük cəsarət tələb edir. Müsəlmanlara və İslama qarşı, eynilə qaradərili və ispandilli insanlara qarşı irqçi çıxışlara yol verən milyarder D.Trampın “Amerika arzusu ölmüşdür, lakin mən onu udacağam, onu daha yaxşı və güclü edəcəyəm” – sözlərini bəyənənlər də, təəssüf ki, çoxdur. Əslində son illər ABŞ-da islamofobiya hisslərinin artmasının və qaradərili vətəndaşlara qarşı güc tətbiq edilməsinin fonunda milyarder namizədin irqçi çıxışları təəccüb də doğurmamalıdır. Axı ABŞ-da çox adam problemlərinin artmasında mühacirləri günahkar görür. Təzadlı səslənir: ABŞ-ı yaratmış mühacirlərin törəmələri yeni mühacirləri ittiham edirlər. Bir tərəfi alman olan D.Tramp da Meksika ilə sərhəddə hasar tikilməsi və müsəlmanların ABŞ-a buraxılmaması barədə səsləndirilən təklifləri bəyəndiyini açıqlayır.

Məşhur fizik Albert Eynşteyn deyirdi ki, insanları öyrətməyin yeganə ağıllı üsulu onlara nümunə göstərməkdir. Bəs, ABŞ belə nümunə göstərirmi? Dünyanın siyasi proseslərinə güclü təkan verən ölkənin seçki sistemini nümunəvi adlandırmaq olarmı? Bir çox mütəxəssis əmindir ki, “soyuq müharibə”nin bitməsindən sonra təkqütblü dünyanın başına keçmək istəyən və digərlərinə demokratiya dərsi verməyə başlayan ABŞ-ı belə nümunə adlandırmaq çox çətindir. Belə güman edilirdi ki, ABŞ-ın demokratik sistemi gözəl işləyir. Lakin indi aydın olur ki, rəsmi Vaşinqtonun təlqin etdiyi demokratik dəyərlər ABŞ-da çox zaman yerini tapmır. Hazırda Birləşmiş Ştatların demokratik rejimini tənqid edənlərin sayı sürətlə artır. Ölkədə ikipartiyalı sistemin birlikdə məhsuldar işləyə bilməməsi, qanunvericilik prosesinin elitanın nəzarətində olması, Cinayət Məcəlləsindəki ciddi problemlərin həll edilməməsi və digər bu kimi problemlər ucadan səsləndirilir.

Bu gün amerikalıların da əksəriyyəti etiraf edir ki, ABŞ-ın obrazı səmərəli demokratik sistem kimi artıq köhnəlmişdir. Birləşmiş Ştatlarda demokratik sistemin yenilənməsinə ehtiyac var. Demokratiya və insan hüquqları mütəxəssisi Tomas Karozers də cari ilin fevral ayında “Foreign Policy” jurnalında (http://carnegie.ru/2016/02/16/ru-pub-62778) dərc olunmuş məqaləsində etiraf etmişdi ki, ABŞ-ın siyasi sisteminin natamam olması rəsmi Vaşinqtonun demokratik prinsiplərin digər ölkələrdə inkişaf etdirilməsi üzrə səylərini şübhə altına alır. Onun sözlərinə görə, bu problemi aradan qaldırmaq məqsədilə Amerika təşkilatları demokratiyanın ABŞ-da möhkəmləndirilməsi üçün işləməyə başlamalıdır. Göründüyü kimi, problemli demokratiyanın digərlərinə nümunə göstərilməsi absurddur və təqdir oluna bilməz.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında