ABŞ-da seçicilər olduqca qəliz və mürəkkəb bir seçim qarşısında qalıblar

Prezidentliyə namizədlər bir-biri ilə, əslində, bayağı leksikondan istifadə etməklə davranırlar

ABŞ-da sayca 45-ci prezident seşkisi marafonu finişə yaxınlaşmaqdadır. Bu seçkilər öz forma və məzmunu etibarilə böyük siyasi şou təsiri bağışlayır. Prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp bir-biri ilə, əslində, bayağı küçə leksikonundan istifadə etməklə davranırlar. Nə qədər paradoksal olsa da, məhz onlardan biri 4 il ərzində fövqəldövlətə rəhbərlik edəcək və əslində, dünyanın taleyini həll edə biləcək qərarlar qəbul etmək səlahiyyətinə yiyələnəcək. Həmin namizədlərdən birinin ciddi fiziki, digərinin isə əqli problemlərinin mövcudluğu ilə bağlı dünyada özünü “demokratiyanın beşiyi və bayraqdarı” kimi təqdim edən ABŞ-da seçicilər olduqca qəliz və mürəkkəb bir seçim qarşısında qalmışlar. Onlar iki pis namizəddən nisbətən  “yaxşı”sını seçməlidirlər. Noyabrın 8-də bu çətin suala cavab tapılmalıdır. ABŞ tarixində, bəlkə də, ilk dəfədir ki, elektorat öz cavabından vahimədədir.

Özünü “demokratiyanın beşiyi” hesab edən ABŞ, nədənsə, ölkə daxilində və dostluq münasibətlərində olduğu dövlətlərdə baş verən neqativ halları, ciddi qanun pozuntularını, insan hüquq və azadlıqlarının kobud şəkildə tapdalandığını  “görmür”,  xoşagəlməz mənfi hallara, insanların narahatlığına səbəb olan faktlara  susqunluqla yanaşır, amma  digər ölkələrdə baş verən elə məsələlərə siyasi motiv qatır ki, təəccüblənməmək mümkün deyil.

Artıq  dünya ictimaiyyətinə də bəllidir ki, fövqəldövlət sayılan ABŞ-ın bu dünyada həyati və ümumi maraqları vardır. Hər iki marağın reallaşması naminə ABŞ və onun Avropadakı müttəfiqləri çeşid-çeşid, bir-birindən fərqli təsir və təzyiq siyasəti müəyyən edib. Bunların içərisində geniş yayılanı insan hüquq və azadlıqlarının, demokratiyanın guya pozulması ilə bağlı məsələləri daha tez-tez qabardırlar. Təəssüf ki, ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində mübarizə aparacaq iki real namizədin debatlarında və platformalarında bu barədə  hər hansı fikrə rast gəlinmir.

Son  illər daha çox istifadə edilən insan hüquqlarının pozulması ABŞ-ın və Qərb dövlətlərinin ən “kəsərli silahı”na çevrilib. Bu metodla müxtəlif dövlətlərə təzyiqlər göstərilir və həmin təzyiq getdikcə daha da artırılır. Guya həmin dövlətlərdə  humanitar fəlakətin yaranması barədə iddialar ortaya qoyulur, ardınca da müxtəlif təsir və təzyiq üsulları işə salınır. Bununla da həmin dövlətləri idarə edən hökumətlərə siyasi təzyiq göstərilir, onları asılı vəziyyətə salmaq niyyəti güdülür. Beləliklə də, Qərb dövlətləri, o cümlədən ABŞ bu siyasətdən yararlanmaqla öz geosiyasi niyyətlərini həyata keçirir. Bu məqsədlərə çatmaq üçün Amerika bir çox hallarda hərbi təcavüz aktına əl atmaqdan da çəkinməyib. İraqda, Liviyada, Yuqoslaviyada bu mənzərənin dəfələrlə şahidi olmuşuq. Lakin hərbi təcavüzə əl atılması, bu və ya digər dövləti bombalamaq üsulundan istifadə edilməsi çox böyük məsrəflərə səbəb olur. Bu həm də ABŞ-ın beynəlxalq imicinə mənfi təsir göstərir. Ona görə də Amerika bu və ya digər dövlətdə insan hüquq və azadlıqlarının, o cümlədən söz və mətbuat  azadlığının pozulması, demokratiyanın boğulması, vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması kimi məsələləri əlində bayraq edərək müxtəlif təzyiq üsullarını işə salır. Bu, onların ənənəvi taktikasıdır.

Yaxın keçmişdə ABŞ-da insan hüquq və azadlıqlarının pozulması ilə əlaqədar baş verən hadisələri gözlərimiz önünə gətirək. Son illər irqi ayrı-seçkilikdə, qaradərililərə qarşı amansız münasbətdə Amerika Birləşmiş Ştatlarında sanki xüsusi bir siyasət mövcüddur.

Məlum olduğu kimi, ABŞ-ın əhalisinin 13 faizini həmin qaradərililər, 16 faizini Latın amerikalıları təşkil edir. Ümumilikdə, əhalinin 29-30 faizə qədərini qaradərililər təşkil edir. Ölkədə baş alıb gedən irqi ayrı-seçkilik və qaradərililərə qarşı ögey münasibət və qəddarlıq  bu gün ABŞ-da,  faktiki olaraq, əhalinin 30 faizə yaxınının  hədəfə alınmasından xəbər verir. Göründüyü kimi, müasir dünyamızda  özünü “demokratiyanın beşiyi”  adlandıran belə bir fövqəldövlətdə hansı hadisələr baş verir. Bu faktlar  “Financial Times” qəzetində, habelə digər aparıcı kütləvi informasiya vasitələrində də  öz əksini tapmışdır.  Öz daxilində cinayəti “görməmək”, başqa halda isə onu dəfələrlə şişirtmək,  beynəlxalq ictimaiyyəti aldatmaqdır.

Prezidentliyə namizədlər Donald Tramp və Hillari Klintonun  debatlarda bir-birinə qarşı səsləndirdikləri ittihamlar seçkiər barəsində nikbin proqnoz verməkdə çətinliklər yaradır. Dünyaya demokratiya dərsi verən ABŞ-da prezident seçkilərinin demokratik şəraitdə keçiriləcəyi şübhə altındadır. Hadisələrin gedişi bu ölkənin prezidentinin Hillari Klinton olacağından xəbər verir. Ümumiyyətlə, bu iki namizəddən hər hansı birinin hakimiyyətə gəlməsi  dünyadakı mövcüd problemlərin həllində, müsbət heç nəyi  vəd vermir. Donald Trampın siyasi proseslərdə, dövlət idarəçiliyində heç bir təcrübəsi yoxdur. Belə bir naşı adamın dünya siyasəti ilə məşğul olması  çox təhlükəli olardı. Hillari Klintona gəlincə isə, həm onun səhhətində ciddi problemlər var, həm də birinci ledi kimi bütün bu proseslərin içində olub, eyni zamanda,  dövlət katibi kimi mühüm bir vəzifəni icra edib.  Bu gün haqlı olaraq, ona suallar verilir ki, siz  bu qədər hakimiyyətdə olduğunuz  dövrdə niyə öz hədəflərinizə nail ola bilməmisiniz? H.Klinton cavan vaxtlarında daha çox işlər görə bilərdi.  O, indiki 69 yaşında ­prezident olduqdan sonra  nələrsə edə biləcəkmi? Bu suallar çox aktualdır və real cavab tələb edir.

Bu gün ABŞ öz tarixində bəlkə də ən çətin dilemma qarşısında qalıb. Bu da ondan ibarətdir ki, əgər Klinton prezident seçilərsə, ciddi pnevmaniya xəstəsi olan bir adam ABŞ kimi fövqəldövlətə necə rəhbərlik edəcək? Ən əsası , nüvə düyməsi onun əlində olacaq. Əgər Tramp qalib gələrsə, bu da müəyyən  problemlər yaradacaq. Çünki onun əqli cəhətdən  ziddiyyətli olduğu bildirilir. Bu, əvvəlkindən də təhlükəlidir. İstənilən halda, nikbin proqnoz vermək üçün elə bir əsas yoxdur.

Prezidentliyə namizədlərin bir-birini sərt ittiham etmələri, hətta qeyri-etik faktların ortaya atılması – mən həm Trampın, həm də Klintonun özləri ilə bərabər qadınlar gətirməsi və prezidentliyə namizədlərin üzünə durmalarını nəzərdə tuturam – onu deməyə əsas verir ki, bu gün ABŞ-da seçki prosesi, əslində, böyük bir şoudur. Bu seçkilər daha çox onunla diqqəti cəlb edir ki, həm Hillari Klinton, həm də Donald Tramp ABŞ-ın prezidenti seçiləcəyi təqdirdə hansı daxili və xarici siyasət kursu həyata keçirəcəkləri barədə, demək olar ki, danışmır, bu məsələyə çox səthi toxunurlar. Sanki bütün işləri yalnız bir-birini ittiham etməkdən, şəxsi həyatlarını müzakirəyə çıxarmaqdan ibarətdir. Hər iki namizəd, əsasən, qara piar kampaniyası ilə məşğul olur. Əgər belə bir seçki kampaniyası adi bir ölkədə baş versəydi, ona bəlkə də təəccüblənmək olmazdı. Bu hadisələr o ölkədə baş verir ki, özünü dünyada demokratiyanın beşiyi, onun bayraqdarı hesab edir. Eyni zamanda,  ABŞ bütün dünyanın  özü kimi davranmasını istəyir. Belə çıxır ki, bütün dünya Amerikanın “Marllbro” siqaretini çəkməli, bu ölkənin istehsalı olan cins şalvarları geyinməli və caz musiqisinə qulaq asmalıdır. Həm də dünyada keçirilən bütün prezident seçkilərində  namizədlər biri-birini Amerikada olduğu kimi, ittiham etməli, ləkələməli və gözdən salmalıdır. Bax, belə nümunə göstərirlər. 

Əslində, ABŞ-da seçki sistemi köhnəlib. Bu, artıq arxaik bir sistemdir və bundan imtina olunmalıdır. Amerika Birləşmiş ­Ştatları bu və ya digər ölkənin, bəzən Azərbaycanın da seçki prosesini ittiham edir. Seçkinin azad və ədalətli keçirilməməsini,  demokratiyadan uzaq olmasını tənqid edirlər. Amma bugünkü reallıqlar ondan ibarətdir ki, Amerika xalqı ABŞ-da birbaşa seçkilərdə iştirak etmir. Mən bunu faktlarla sübut edirəm. Birləşmiş Ştatlarda xalq dünya ölkələrində, o cümlədən Azərbaycanda olduğu kimi,  gəlib  birbaşa prezidentliyə namizədlərə səs vermir. ABŞ-da xalq prezidenti seçəcək adamlara səs verir. Onların sayı 538 nəfərdir. Yəni, Konqresdəki konqresmenlərin və senatorların sayı qədər. Əcaib bir vəziyyət əmələ gəlir.Yəni,  tutaq ki, respublikaçıya deyəndə  ki, prezidentə səs ver, həmin respublikaçı axşam demokratlarla çox müəmmalı bir razılaşma əldə edir, seçki qutusunda o, respublikaçıya deyil, məhz demokrata səs verə bilər. Bu, əksinə də ola bilər.  Görürsünüzmü, bu qədər seçicinin hüquqları hansı formada əllərindən alınır və oğurlanır. ABŞ-da seçki prosesində belə bir əcaib prinsip var: “Səslər qalibə verilir”. Bu, nə deməkdir? Tutaq ki, ən böyük ştat olan Kaliforniyada  prezidentə 54 səsvermə hüququ var. Onu da qeyd edim ki, bu ştatda həmişə demokratlar qalib gəlirlər. Məsələn, səsvermənin yekununda 30 səs demokrat, 24 səs isə respublikaçılar əldə edibsə, sonda nə baş verir?  Otuz iyirmi dörddən  böyük olduğuna görə, 24 səsi alıb verirlər  qalibə, yəni 30-a. Deməli, bütün 54 səs demokratlara verilir. Bəs onda 24 səs hara getdi? Bu, seçicilərin hüqularının əlindən alınması demək deyilmi? Bunu necə demokratiya adlandırmaq olar? Belə yerdə Birləşmiş Ştatların görkəmli xadimlərindən biri olan Hamiltonun fikirləri yadıma düşür. O, ABŞ-da demokratiyaya qiymət verərkən deyib: “Tutaq ki, iki canavar və bir quzu axşam nə yeyəcəkərini müzakirə edirlər. Bu halda,  konkret fikirə gəlmək üçün səsvermə keçirirlər. İki canavar əllərini qaldırır ki, quzu yeyilsin. Quzu isə deyir ki, canavarlardan biri yeyilsin. İkinin birə nisbətində, yəni səs çoxluğu ilə quzunun yeyilməsi qərara alınır.Yəni, ABŞ-da demokratiya budur”.

Bu gün ABŞ-ın və Qərb dövlətlərinin selektiv yanaşması heç də onlara başucalığı gətirməyəcək, əksinə, “demoratiya fədailərinə” olan inamı getdikcə azaldacaq. Bunu prezident seçkiləri ərəfəsində ölkədə baş verən proseslər də təsdiqləyir. Prezidentliyə namizədlərin qarşılıqlı və sərt ittihamları ABŞ-a olan-qalan inamı azaltdı. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının digər ölkələrdən demokratik prinsiplər tələb etməsinə haqqı çatmır. Niyə? Məsələn, hansısa bir dövlətdə baş verənlərə, misal üçün, Ermənistanın işğalçılıq siyasətinə, bəşəriyyətə qarşı hərbi cinayətlər törətməsinə, hərbi cinayətkarların siyasi hakimiyyəti qəsb etməsinə, Serj Sarkisyan rejiminin öz xalqına, sözün əsl mənasında, divan tutmasına, demokratiyanın, azad sözün boğulmasına, mitinqlərin amansızlıqla yatırılmasına, polis zorakılığına, jurnalistlərin döyülməsinə, etirazçı sadə insanların gülləbaran edilməsinə, hətta prezidentliyə digər namizədə qarşı sui-qəsd təşkil edilməsinə göz yuman ABŞ digər ölkələrdən demokratiya, insan haqlarının müdafiəsinə riayət etməyi tələb edə bilərmi? Sən özün bunları yüksək səviyyədə həyata keçirməlisən ki, digərlərindən də tələb etməyə mənəvi haqqın olsun.

Çox təəssüf ki, bu gün Amerikadakı siyasi dairələr, o cümlədən onların əlində alətə çevrilmiş  bəzi beynəlxalq təşkilatlar  prezidentliyə namizədlərin rüsvayçı debatlarına göz yumur və bunu sükutla qarşılayırlar. Bəlkə də fikirləşirlər ki, bu, demokratik proseslərin təzahürüdür. Xeyr! Heç bir ölkə belə bir “demokratik yolu” qəbul etmir.

Əslində, builki prezident seçkiləri ərəfəsində  prezidentliyə namizədlərin səsləndirdikləri sərt ittihamlar Amerika Birləşmiş Ştatlarının tarixində, bəlkə də, ilk dəfədir ki, bu ölkənin digər dövlətlərə verdiyi  “demokratiya dərsini” ifşa etdi.

Elman Nəsirov, 
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında