Dövlət müstəqilliyimizin təminatçısı

 

 

 

 

 

 

 

 

 

 


Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq və yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır.

Heydər ƏLİYEV
 Ümummilli lider


 


Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Hər bir xalqın, millətin azadlıq uğrunda mücadiləsinin məntiqi nəticəsi, təbii ki, müstəqillikdir. Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmiş nadir ölkələrdəndir. 1918-ci il mayın 28-də yaradılmış, müsəlman Şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü, təəssüflər olsun ki, çox çəkmədi. Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı xalqımızın azadlıq ideallarını, müstəqillik çırpıntılarını susdura bilmədi. Milli-etnik, mənəvi-əxlaqi dəyərlərin aşınması üzərində qurulan bu  ittifaq getdikcə daha geniş xarakter alan milli-azadlıq mübarizəsi qarşısında tab gətirə bilməyərək çökdü.

Azərbaycan Respublikasının Ali Soveti demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanaraq, eləcə də “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında”Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdı. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə səbəb oldu. Belə ki, Azərbaycanda ötən əsrin 80-ci illərinin sonlarından Ə.Vəzirovun xəyanətkar, A.Mütəllibovun yarıtmaz fəaliyyətləri nəticəsində ictimai-siyasi vəziyyət olduqca kəskinləşdi, 1992-ci ilin mayında xalqın milli azadlıq və suverenlik çağırışlarının qanadında hakimiyyətə yiyələnmiş AXC-Müsavat fraksiyasının bir illik uğursuz  hakimiyyəti dövründə yanlış kadr siyasəti, daxili didişmələrin intensivliyi, idarəetmə təcrübəsinin olmaması, iqtisadiyyatın aparıcı sahələrinə kadrların peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi münasibətlər müstəvisindən təyin edilməsi, ictimai-siyasi ab-havanın getdikcə daha da çirklənməsinə və nəticədə Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar tərəfindən qəsb edilməsinə gətirib çıxardı.

Dövlət idarəçiliyindən anlayışları olmayan bu şəxslərin yarıtmaz və  səriştəsiz fəaliyyətləri nəticəsində 1993-cü ildə ölkə parçalanıb məhv olmaq təhlükəsinə məhkum edildi. Zaman göstərdi ki, Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi hələ reallıqda müstəqil olmaq demək deyildi.

Qeyd olunan bir şəraitdə ölkəmizin əldə etdiyi deklarativ müstəqilliyi həqiqi müstəqilliyə çevirə bilən, bu müstəqilliyi qoruyub  inkişaf etdirən, nəhayət, bütöv bir azərbaycançılıq ideologiyasını ucalda biləcək bir liderə, xilaskara ehtiyacı var idi. Çünki hər bir xalqın müstəqillik idealının, milli-mənəvi irsinin, malik olduğu potensialın konkret dövlət modelində əks etdirilməsi və onların dayanıqlı inkişafı üçün real əsasların formalaşdırılması, bir qayda olaraq, böyük liderlərin fenomenal idarəçilik keyfiyyətləri sayəsində mümkün olur. Tarixə möhürünü vuran belə liderlər mütərəqqi inkişaf modelinin siyasi və iqtisadi təməlini yaratmaq kimi ağır missiyanı da çiyinlərinə götürərək mənsub olduqları xalqların gələcək yaşam strategiyasını təyin edirlər. Azərbaycan xalqı üçün belə bir şəxsiyyət Heydər Əliyev idi.

Qanında azərbaycançılıq ideyalarını yaşadan ulu öndər üçün Azərbaycan bir müqəddəs yer, alınmaz qala, keçilməz sədd idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciə ilə əlaqədar ertəsi gün özünə qarşı yönələn təhdid və təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bəyanatla çıxış edib xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edəndə  də, o cümlədən Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı başda M.Qorbaçov olmaqla SSRİ  rəhbərliyinin siyasətini tənqid edəndə də əbədiyaşar liderimizə güc, qüvvət verən xalqına bağlılığı, torpaq, el, oba məhəbbəti idi.

Heydər Əliyev 1993-cü il iyun ayında xalqın təkidli tələbi ilə Bakıya dönərək müstəqilliyimiz tarixində böyük bir faciənin qarşısını almış oldu. Azərbaycanın boğazında kilidlənib qalmış və  onu uçuruma sürükləyən təhlükələr dəf edildi, insanların nigarançılıqla vuran qəlbinə bir inam və rahatlıq toxumu səpildi.

Məhz ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və müdrikliyi sayəsində müstəqil Azərbaycan dövlətinin təməli qoyuldu, dünyanı heyrətləndirən bugünkü gerçəkliklərin, gələcəyə aparan uğurlu yolun parametrləri müəyyənləşdirildi.

 Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

Müdrik rəhbər, dahi strateq Heydər Əliyev ona inanan, öz taleyini ona etibar etməkdən heç zaman çəkinməyən və ən böyük uğurlarına da  məhz onun rəhbərliyi ilə nail olmuş Azərbaycan xalqı qarşısında verdiyi bəyanata sadiq qalaraq öz zəkasının qüdrəti ilə bütün sədləri yararaq, Azərbaycanı olduqca mürəkkəb bir zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.

 Ağır və təzadlı dövrlərdə xalqın xidmətində dayandığını nümayiş etdirməklə bu böyük şəxsiyyət bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirdi, həyatı boyu yalnız xalqını, Vətənini düşünürdü. Onun ürəyi daim Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və doğma xalqının xoşbəxtliyi üçün çırpınırdı.

Əslində, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi, suveren bir təsisat kimi qarşılaşa biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ ulu öndərin  Sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılmışdı. Belə ki, məhz bu dövrdə Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi-mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində istər açıq, istərsə də gizli şəraitdə gördüyü işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu şübhə altında qalardı.

1993-cü ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ikinci ildönümü münasibətilə xalqı təbrik edən ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan xalqının əsrlər boyu qəlbində olan, həsrət çəkdiyi günlər gəlib çatmışdır. Azərbaycan xalqı öz müstəqilliyinə nail olmuşdur. Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Bunun üçün biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri həm Azərbaycanın dövlət orqanları, həm hökumət, həm respublikanın mövcud siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır”.

Ümummilli liderin səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, respublikamızın cənub və şimal-şərqində separatçı meyllərə son qoyuldu, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin etmək məqsədilə cəbhədə atəşkəsə nail olundu. Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən “Əsrin müqaviləsi”ni imzalamaqla, Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri və 1999-cu ildə isə Bakı – Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.

Vaxtında atılan bu addımlar böhran vəziyyətində olan Azərbaycan iqtisadiyyatını yenidən hərəkətə gətirdi. İqtisadiyyatın canlanması, Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və daha qətiyyətli addımların atılmasına gətirib çıxardı.

Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının yaradılması və hüquqi vəsilələrin işə salınması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırdı. Qeyri-neft sektoru sürətlə inkişaf etməyə başladı. Özəlləşdirmə proqramı həyata keçirildi. Ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkə xammal  ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrildi. Ölkədə aqrar islahatlar aparıldı, torpaq kəndlilərin mülkiyyətinə verildi.

Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Belə ki, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmuş ilk Konstitusiyamız  hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafın hüquqi təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını müəyyən edərək hüquq sisteminin bünövrəsini təşkil etmiş və məhkəmə hüquq islahatlarının keçirilməsinin təməli qoyuldu. Bunun da nəticəsi olaraq qısa müddət ərzində ölkədə beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən müasir dünya təcrübəsinə uyğun olan yeni sahəvi və sahədaxili  qanunlar, hüququn müxtəlif sahələrini əhatə edən məcəllələr, Konstitusiya Məhkəməsi, məhkəmələr və hakimlər, prokurorluq, polis haqqında və s. qanunlar qəbul olundu. 1998-ci ildə Azərbaycan Şərqdə  ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşdü.

Qarışıq və təlatümlü dünyada və eləcə də həddindən artıq mürəkkəb Qafqaz regionunda tutduğu yerin, oynadığı rolun, həmçinin ölkəmizin dünya üçün strateji önəminin düzgün müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi bir şəraitdə  olduqca çevik və müxtəlif gedişli xarici siyasət kursu yeridən Heydər Əliyevin xarici siyasət strategiyası Azərbaycana beynəlxalq aləmdə nüfuz və hörmət qazandırdı, ölkəmizin beynəlxalq münasibətlər müstəvisində tutduğu mövqeyə böyük inam yaratdı ki, bunun da nəticəsi olaraq Azərbaycan dünyanın əksər aparıcı ölkələrinin maraq  mərkəzinə çevrilərək  beynəlxalq və regional əməkdaşlıq sahəsində mühüm rol oynamağa başladı. 2001-ci ilin yanvar ayının 25-də Azərbaycan Respublikası Avropa ailəsinin tamhüquqlu üzvü kimi Avropa Şurasına qəbul olundu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi”  haqqında Avropa Konvensiyasına qoşuldu. Hazırda Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər qurumların tamhüquqlü üzvüdür. Azərbaycan Avroatlantik məkana inteqrasiya yolu ilə gedərək, Avropa İttifaqı və Şimali Atlantika Alyansı ilə münasibətləri daha da genişləndirmişdir. 2003-cü ildə “Avropa Qonşuluq Siyasəti” ilə Avropa Birliyi Azərbaycanla qurduğu əlaqələrində yeni bir səhifə açdı.

Böyük öndər hələ sağlığında ikən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdi. Bu gün qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi İlham Əliyev ona olan inamı və etimadı tam doğrultdu. 2003-cü il oktyabr ayının 15-də keçirilmiş prezident seçkilərində ona olan inam xalqın güvənci ilə qovuşdu.

Hazırda ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildə  tək Azərbaycan Respublikası üçün deyil, olduğumuz region və dünya üçün olduqca böyük iqtisadi əhəmiyyətə malik olan, ulu öndər Heydər Əliyevin ideya müəllifi olduğu və çoxlarının əfsanə saydıqları Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası yekunlaşdı. Azərbaycan neftinin dünya bazarına  çıxarılması istiqamətində daha önəmli bir addım atıldı. Bunun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası yekunlaşdı. İqtisadiyyatın müasirləşməsinə, qeyri-neft sektorunun inkişafına nail olundu, makroiqtisadi sabitlik qorunub saxlanıldı, regionların inkişafı sürətləndirildi, həyata keçirilən sosialyönümlü siyasət və layihələr nəticəsində əhalinin sosial rifahı xeyli yaxşılaşdı, maaşlar və pensiyalar dəfələrlə artırıldı, yoxsulluğun səviyyəsi 10 dəfədən artıq azaldıldı, bir milyon üç yüz mindən çox yeni iş yerləri açılaraq, işsizlik minimum həddə endirildi. Üç mindən çox məktəb, 600 tibb ocağı, 40-dan çox Olimpiya idman mərkəzləri tikildi, məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklər ləğv edilərək, onların yeni tikilmiş mənzillərlə təmin olunması prosesi yekunlaşdırıldı. Hazırda bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi  siyasətində önəmli rolu artıq daha qabarıq özünü göstərir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bütün sahələrdə dinamik inkişafa, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına nail olunmaqla, beynəlxalq standartlara uyğun hüquqi və demokratik  dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edildi. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsi sayəsində qazanılan nailiyyətlərin miqyasına görə bu gün ölkəmiz beynəlxalq aləmdə öncül mövqelərə çıxmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən rəhbərliyi ilə işlənib hazırlanmış və demək olar ki, ölkə həyatının bütün sahələrini əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası Azərbaycanı dünyada islahatçı ölkə kimi tanıtmışdır. Həmin dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirmiş, iqtisadiyyatın  əksər sahələrində yüksək artım əldə olunmuşdur.

Bu yaxınlarda Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatını açıqlayıb. Hesabatda 138 ölkənin rəqabət qabiliyyəti qiymətləndirilib. Azərbaycan siyahıda irəliləyərək  37-ci yerdə qərarlaşıb.

Sosialyönümlü siyasət yeridən Prezident İlham Əliyev ötən illər ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgilədi, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atdı.

İqtisadiyyatın sürətli inkişafı ordu quruculuğuna da təkan verərək ölkənin müdafiə  potensialının  möhkəmlənməsinə bilavasitə təsir göstərmiş, iqtisadi inkişafa müvafiq olaraq hərbi xərclərin artırılması ordumuzun maddi-texniki təminatının, o cümlədən silah-sursatla təchizatının daha da yaxşılaşmasına şərait yaratmışdır.

2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan ordusunun təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu döyüş əməliyyatları bir daha bütün dünyaya ordumuzla düşmən ordusu arasındakı güc fərqini, Azərbaycan Ordusunun peşəkarlığını və yüksək döyüş hazırlığını göstərməklə yanaşı, istənilən an Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə qadir olduğunu nümayiş etdirdi.

Cənab Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən genişmiqyaslı işlərin, çoxcəhətli fəaliyyətin əsas məqsədi, aparıcı leytmotivi də məhz Azərbaycanın müstəqilliyi və bu müstəqilliyin möhkəmləndirilməsi faktıdır.

Hazırda Azərbaycan dövləti milli mənafeyini lazımi səviyyədə müdafiə edərək ayrı-ayrı ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq müstəqil siyasət yürüdür. Prezident İlham Əliyev bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır.

Prezident İlham Əliyev praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməsi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atması, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməsi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşması ölkəmizin gələcək uğurlarını daha yaxın edir.

Ölkə başçısının dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyasının üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə,  müstəqilliyimizin əbədiliyinə,  dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

Bu gün müstəqil Azərbaycan öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu olan dünya dövlətidir. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmış, dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti müstəqilliyimizin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir.

Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib. Rəsmi Bakı müstəqil xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına çalışır. Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur.

İstənilən siyasi gərginliyin beynəlxalq hüquqi prinsiplər əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən möhtərəm Prezidentimiz Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.

Regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycan Prezidentinin ən mühüm uğurlarından biridir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Bu günlərdə xalqımız öz müstəqilliyinin bərpa edilməsinin iyirmi beşinci ildönümünü təntənə ilə qeyd edir. 25 illik bir tarixin 23 ili inkişaf, tərəqqi, islahatlar dövrüdür. Xalqımızın öz müstəqillik tarixi ilə fəxr etməyə haqqı var. Çünki bu tarixi dövr ərzində Azərbaycan “dünyaya Günəş kimi doğdu”, inkişaf etdi, bütün sahələrdə böyük uğurlar qazandı, ən əsası isə Cənubi Qafqazda lider dövlətə çevrildi.

 Ulu öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi əldə etmək böyük nailiyyət olduğu kimi, onu yaşatmaq və əbədi etmək isə ondan da çətin bir işdir”. Bu çətin və məsuliyyətli işi öz çiyinlərində irəliyə doğru aparan ulu öndər dəfələrlə bildirmişdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.

Öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında prokurorluq orqanlarının demokratik məzmunda yenidən formalaşdırılması, onun beynəlxalq standartlara uyğun yeni statusunun müəyyənləşdirilməsi, yeni kadr korpusunun hazırlanması, maddi-texniki təminatının yüksək səviyyəyə qaldırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəklində və yüksək tələbkarlıq səviyyəsində fəaliyyət göstərən, dövlətçiliymizin maraqlarının insan hüquq və azadlıqlarının müdafiəsinə, cinayətkarlıqla mübarizə işinə xidmət edən sivil bir dövlət təsisatına çevrilməsi yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində mümkün olmuşdur. Hazırda Heydər Əliyev strateji xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin yüksək səviyyədə təşkili, kadrların saflaşdırılması, peşə hazırlığının artırılması üçün mümkün ola biləcək hər cür şərait yaradılmaqla prokurorluq orqanlarına  hərtərəfli dövlət qayğısı və diqqət göstərilir.

Ölkəmizin çətin vaxtlarında fəaliyyətə başlayan prokurorluğun tərkib hissəsi olan Hərbi Prokurorluq orqanları da prokurorluq orqanlarında aparılan islahatlardan, prokurorluğun fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən öz töhfəsini almış, ərazi hərbi prokurorluqlarının yeni inzibati binaları tikilərək təhvil verilmiş, maddi-texniki və kadrlarla təminat yüksək səviyyəyə çatdırılmışdır.

Həyata keçirilən siyasətin nəticələri dövlətin uğurlar tarixinə çevriləndə sabaha ümidlər daha da artır. Ümummilli lider Heydər Əliyev cismən bu gün bizimlə birgə olmasa da, onun siyasi xətti əbədiləşir, siyasi idarəçilik nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə çevrilir, daha dəqiq desək, “əbədiyaşar lider” zirvəsinə yüksəlir. Bir-birini əvəzləyən nəsillər yenidən bu siyasi irsi öyrənir, növbəti nəsillərə çatdırır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevi “əbədiyaşar lider” zirvəsinə yüksəldən də onun dövləti, xalqı qarşısındakı xidmətləri, bu günümüzə və gələcəyimizə bələdçilik edən ideyalarıdır. Məhz bu ideyaların gerçəkləşdirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq bu gün böyük fəxr və inam hissi ilə qeyd edə bilərik ki, 25 il bundan əvvəl parçalanmanın və  məhv olmanın astanasında olan Azərbaycan hazırda dinamik inkişaf edən, öz iqtisadiyyatını şaxələndirən, beynəlxalq aləmdə öz sözünü qətiyyətlə deyə bilən müxtəlif xalqların və mədəniyyətlərin birgə yaşayaraq inkişaf etdiyi multikultural ölkədir.

 Azərbaycanda yaşayan müxtəlif xalqlar, mədəniyyət və din ardıcılları arasında qarşılıqlı hörmətin, birgəyaşayış ənənəsinin mövcudluğu əksər dünya ölkələri, beynəlxalq təşkilatlar, diplomatlar, din xadimləri tərəfindən də qəbul edilir və müxtəlif tədbirlərdə bir çox dövlətlər üçün örnək göstərilir.

Mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir. Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn  dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir desək, əsla yanılmarıq.

Bu gün hansı sahəyə diqqət yetirsək əldə olunan uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu təhlillər əsasında ümummilli lider Heydər Əliyevin xidmətlərinin əvəzsizliyini görürük. Ərazi baxımından kiçik olan Azərbaycan ulu öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycan xalqının milli özünüifadəsini Heydər Əliyev fenomenindən ayrılıqda təsəvvür etmək mümkün deyil.  Onun fəaliyyəti də, şəxsiyyəti də müasir Azərbaycanın müstəqillik tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir müstəqil Azərbaycan vətəndaşının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.

Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı yoluna işıq saçan əbədi bir mayakdır. Ona görə də ümummilli lider qəlblərdə daim yaşayır və yaşayacaq. Azərbaycan xalqının Heydər Əliyev yoluna, bu yolu uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə inamı əbədidir, dönməzdir.

Xanlar VƏLİYEV,
 Azərbaycan Respublikası baş prokurorunun müavini,
Azərbaycan Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında