Azərbaycanda elm və təhsilin inkişafı dövlət siyasətinin prioritetidir

 

 

 

 

 

 

 

 

 

 

 


Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Beynəlxalq aləmdəki dostlarımız və tərəfdaşlarımız müasir Azərbaycan həqiqətləri barədə söz açarkən daha çox “hərtərəfli islahatlar”, “müasir tələblərə cavab verən qanunvericilik bazası”,  “elmi şəkildə əsaslandırılmış dövlət proqramları” və nəhayət, “neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılmış uğurlu addımlar” ifadələrinə daha çox yer verirlər. Bu da təbiidir. Çünki həqiqi dost insanın uğurlarını daha tez görər və daha açıq ürəklə dilə gətirər.

Son 10-15 ildə elmi  və   pedaqoji fəaliyyət, eləcə də bədii yaradıcılıqla bağlı səfər etdiyim çoxsaylı xarici ölkələrin hamısında Azərbaycanın əldə etdiyi hərtərəfli uğurları təqdir edən, siyasi-diplomatik, sosial-iqtisadi, elmi-texniki və digər sahələrdəki nailiyyətlərimizdən xəbərdar olan yüzlərlə ziyalı insanın həmsöhbəti olmuşam. Respublikamızın BMT  Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini də yada salan olub, kosmosa rabitə peyki çıxarmağımızı da. Cəmiyyətin daha da demokratikləşdirilməsi üçün yaradılan qanunvericilik bazasını  alqışlayan alim dostların da ürək sözlərini eşitmişəm, neft sektorundan əldə edilmiş kapitalın mühüm bir hissəsinin elm və təhsilin maddi-texniki bazasının və keyfiyyətinin yaxşılaşdırılması üçün sərf olunmasını təqdir edən  ziyalıların da. 

Təbii ki, bütün bunlar məni sevindirib, fəxr etmişəm, məmnun olmuşam. Sonra isə düşünmüşəm ki, əcnəbi həmkarlarımızın sadaladığı həmin faktların hər birinin reallaşdırılması üçün nə qədər səylər göstərilib, zəhmət çəkilib, vaxt və vəsat xərclənib. Ona görə də bəzi  məqamları yada salaq. 

Bu, bir faktdır ki, həm Azərbaycan cəmiyyəti, həm  də Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, ulu öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə  rəhbərlik etdiyi illər bu baxımdan daha çox yadda qalacaq. Çünki Azərbaycan elminin, Elmlər Akademiyasının ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz ulu öndərin adı ilə bağlı idi. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazanmış, özünün kadr potensialını yaratmış, maddi-texniki bazasını möhkəmləndirmişdi. Heydər Əliyevin özünün qeyd etdiyi kimi, akademiyanın əlli ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi.

Ümummilli liderimiz hələ Azərbaycan KP MK-nın 1969-cu ilin avqustunda keçirilən  plenumundakı çıxışında  respublika elminin inkişafında yaranmış vəziyyətdən narahatlıq ifadə edərək  demişdi: “Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər... Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir... Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər...”

Heydər Əliyevin həmin illərdə ölkə təhsilinin inkişafına və tərəqqisinə  göstərdiyi qayğı və diqqət heç bir azərbaycanlının yadından çıxmayacaq səviyyədədir. Təkcə onu yada salaq ki, respublikamız ötən əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa edəndən sonra ölkə həyatının bütün sahələrində çalışan kadrların böyük əksəriyyəti məhz ulu öndərin ali təhsil almaq üçün SSRİ-nin  ən nüfuzlu  institut və universitetlərinə göndərdiyi gənclər idi. Həmin gənclərin ali təhsil aldıqdan sonra Azərbaycana qayıtmayanları isə müstəqillik dövründə ölkəmizin postsovet məkanındakı diaspor təşkilatlarını formalaşdırmış, xalqımıza və dövlətimizə xidmət etmişlər. Bundan başqa, həmin illərdə ölkəmizdə ali hərbi təhsil verən  tədris ocağının yaradılması Azərbaycan xalqı qarşısında göstərilən mükəmməl və möhtəşəm xidmətin bariz nümunəsi kimi qəbul edilir. Bütün bunlar isə böyük siyasət xadiminin misilsiz uzaqgörənliyinin nəticəsi idi.

Ulu öndər həmin titanik fəaliyyətini Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra da davam etdirmişdir. Xalqın israrlı tələbləri və çağırışı ilə siyasi hakimiyyətə qayıdan ulu öndər hələ Azərbaycan Prezidenti seçilməzdən əvvəl ziyalılarla ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında keçirmişdi. Həmin görüş Azərbaycan tarixindən, ölkə əhalisinin, xüsusən, elm ictimaiyyətinin yaddaşından  heç zaman silinməyəcək bir hadisə idi. Siyasət dahisinin həmin tədbirdəki çıxışının bir detalı şəxsən mənim yaddaşımda bütün ömrüm boyu qalacaq:  “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir”. Fikrimcə, məhz həmin qətiyyətin nəticəsidir ki, bu gün Azərbaycan kosmosa öz rabitə peykini çıxaran, BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq qurumun tədbirlərinə sədrlik edən, BMT başda olmaqla bütün beynəlxalq təşkilatların ən ali səviyyəli tədbirlərinə uğurla ev sahibliyi edən bir dövlətə çevrilmişdir.

Azərbaycan xalqının, elm və təhsil ictimaiyyətlərimizin xoşbəxtliyi ondadır ki, 2003-cü ilin payızından etibarən ölkəmizə rəhbərlik edən  Prezident İlham Əliyev  də cəmiyyət həyatının bütün sahələri kimi, elm və təhsilin inkişafını  daim diqqət mərkəzində saxlayır və bu sahələrin müasirləşdirilməsinə daha çox qayğı göstərir.

Möhtərəm  Prezidentimizin 2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş təntənəli tədbirdəki nitqi  belə deməyə tam əsas verir ki, milli elmimiz və təhsilimiz bundan sonra daha böyük sürətlə inkişaf edəcək: “Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.”

Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsindən və bu elm ocağının  fəaliyyətinin genişləndirilməsi, eləcə də,  elmi tədqiqatların iqtisadiyyatla, ölkəmizin  iqtisadi siyasəti ilə uzlaşdırılmasından danışan dövlət başçımız həmin məqsədlə reallaşdırılan rəsmi tədbirləri də yada salır: “2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra Elmin İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti ilə nəinki müasir avadanlığın alınması öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar verilir ki, biz Azərbaycanda elmi araşdırmaları stimullaşdıraq”.

“Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini vermişlər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, əlbəttə, elmi potensialın güclənməsinə böyük ehtiyac vardır,” – deyən Prezident İlham Əliyev xatırladır ki,  Azərbaycan alimləri  müxtəlif sahələrdə öz sözünü demişlər. Azərbaycanda dünya səviyyəsində aparılan araşdırmalar da öz müsbət təsirini göstərmişdir: “Geoloq alimlərimiz ölkəmizin təbii resurslarının kəşfi ilə bağlı əvəzolunmaz xidmətlər göstərmişlər. Bu gün bu təbii resurslar ölkəmizin müstəqilliyini gücləndirir, müstəqil siyasət aparmaq imkanlarımızı böyük dərəcədə şərtləndirir. XX əsrin ortalarında Xəzər dənizində dünyada ilk dəfə kəşf edilmiş neft bu gün müstəqil Azərbaycana xidmət göstərir. Azərbaycanda uğurlu neft strategiyasının aparılması nəticəsində bu gün biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün səylərimizi göstəririk. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib tərəfdaşlardan biridir.”

Xatırladaq ki, bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə birbaşa bağlıdır. Ona görə də dövlət başçımız xatırladır: “Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq – 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək, dayanıqlı inkişaf modelimizi qurmalıyıq. Burada, əlbəttə ki, alimlər öz sözünü deməlidirlər.”

 Alimlərin öz sözünü daha kəsərli şəkildə deməsi üçün isə dövlət başçımız bu il avqustun 9-da  ölkənin elm ictimaiyyətinin böyük marağına səbəb olacaq növbəti bir addım atmışdır. Prezident həmin gün  “Elm haqqında” Azərbaycan Respublikasının  2016-cı il 14 iyun tarixli   Qanununun tətbiqi barədə fərman imzalamışdır.  Təbii ki, həmin fərmanın bütün məqamları elmimizin qarşısında daha böyük üfüqlər açacaq. Ancaq bir ali məktəb əməkdaşı, professor kimi məni daha çox məmnun edən məqamı xüsusilə qeyd etmək istəyirəm. Belə ki, Qanunun 12.6-cı maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrinə “Tədqiqat Universiteti” statusu verilməsi üçün tələblərin  müəyyən edilməsi məsələsi də artıq qarşıya qoyulub. Bu isə bizim gənclərin elmi tədqiqatla məşğul olması üçün  hədsiz dərəcədə geniş imkanlar yaradacaq.

Çox sevindirici və qürurvericidir ki, çalışdığım Azərbaycan Texniki Universitetində də bu aspektdə dövlətimizin daimi diqqəti nəticəsində  səmərəli  fəaliyyət göstərilmiş və uğurlar əldə olunmuşdur. Tək bir faktı söyləmək yerinə düşər ki, bu il rəhbərlik etdiyim “Metrologiya və standartlaşdırma” kafedrası üçün dünya metrologiyasının lideri hesab edilən “Hexagon Metrology” şirkətindən “Hexagon Tigo SF” 3D koordinat ölçmə maşını alınmış və dünya standartına uyğun yeni laboratoriya yaradılmışdır. Qısa müddət ərzində həmin laboratoriyada nəinki alim və doktorantlarımızın, eyni zamanda, magistrlərimizin də elmi-tədqiqat işlərinin nəticəsi olan elmi məqalələri ABŞ, Almaniya, Rusiya, Türkiyə, Hindistan və digər ölkələrdə çap olunan nüfuzlu, yüksək impakt faktorlu mənbələrdə və “Thomson Reuters”, “Web of Science” jurnallarında çap olunmuşdur. MDB məkanında unikal hesab edilən bu avadanlıq sahə üzrə dünya alimlərinin xüsusi diqqətini çəkmiş, az  müddətdə Rusiya Federasiyasının “Metroloji Xidmət” Elmi-Tədqiqat İnstitutu, Almaniyanın Rostok Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və digər elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq haqqında sazişlər imzalanmış və razılaşmalar əldə edilmişdir.

Bir sözlə, Azərbaycan dövləti qüdrətləndikcə, cəmiyyət həyatının digər sahələri kimi, elm və təhsilimiz də yeni inkişaf müstəvisinə çıxır. Əminik ki, dövlətin yaratdığı bu imkan və şərait Azərbaycan alimlərinin daha böyük elmi nailiyyətlərinə zəmin olacaq.

Elçin İSGƏNDƏRZADƏ,
Azərbaycan Texniki Universitetinin kafedra müdiri,
texnika elmləri doktoru,  Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında