ABŞ demokratiyasının iç üzü

Prezidentliyə namizədlərin teledebatları zamanı üzə çıxan nöqsanlar bu ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə vurur

Amerika Birləşmiş Ştatlarında noyabrın 8-də keçiriləcək prezident seçkilərinə az qalır. Artıq bir sıra seçkiqabağı proseslər arxada qalıb və ölkədə seçki kampaniyasının gedişi haqqında müəyyən qənaətlərə gəlmək mümkündür. Hər halda, hazırda ABŞ-da gedən 45-ci prezident seçkiləri kampaniyası, eləcə də ondan əvvəlki seçkilər dünya ictimaiyyətində ABŞ “demokratiyası” ilə bağlı ciddi şübhələr yaranmasına əsas verir. Əgər indiyədək, yəni SSRİ-nin dağılmasına, dünya sosialist sisteminin iflasına qədər ABŞ demokratiyası haqqında səmimi danışmaq mümkün idisə, indi bunu etmək heç cür alınmır. Bu gün ABŞ demokratiyasını şübhə altına almaq lazım gəlir.

Əlbəttə, bunun səbəbini artıq Azərbaycan oxucusuna da izah etməyə ehtiyac yoxdur. Azərbaycan xalqının son 25 ildə gördükləri “ABŞ demokratiyası” adlı bir məfhumun tamam gözdən düşməsini göstərir. Bu illər Azərbaycanın dövlət  müstəqilliyinin bərpasının möhkəmləndiyi  tarixi bir dövrə təsadüf edir. Keçən əsrin 90-cı illərinin əvvəllərində – müstəqilliyin ilk vaxtlarında ölkədə sabitlik pozulmuş, iqtisadi əlaqələr qırılmış, sosial problemlər baş qaldırmış, Ermənistan ərazilərimizin bir hissəsini işğal etməyə başlamış, bunun nəticəsində xaos, anarxiya  yaranmışdı. Belə bir vaxtda keçmiş SSRİ-nin dağılmasında birbaşa iştirak etmiş ABŞ dağılmış ittifaq zəncirindən xilas olmuş ölkələrə öz “yardım əlini” uzatmalı olmuşdu. Onda hamımız inanırdıq ki, demokratiyanın beşiyi olan ABŞ keçmiş müttəfiq respublikalara, o cümlədən, Azərbaycana qarşılaşdığı ədalətsiz hərbi vəziyyətdən çıxmaqda kömək edəcək. Eyni zamanda, ölkənin, eləcə də digər müttəfiq respublikaların yenidən ittifaq dövləti ətrafında birləşməsinə yol verməyəcək. Azərbaycan “ABŞ demokratiyası”ndan daha çox şey gözləyirdi, neftlə zəngin, qonşu ölkələrin, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfələr vermək iqtidarında olan bir ölkəyə xüsusi diqqət yetirilməsini arzu edirdi. Azərbaycan ictimaiyyəti sülh, demokratiya, ədalət carçısı kimi tanıdığı ABŞ-ın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına imkan verməyəcəyini gözləyirdi. Bütün hallarda inanırdıq ki, ABŞ haqqı nahaqqın, ədaləti zorakılığın cənginə verməz.

Amma bunun əvəzində nə gördük? Hələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycana qarşı ABŞ 1992-ci ildə “907-ci düzəlişi” tətbiq etdi. Yəni yeni müstəqillik qazanmış ölkələrə dəstək məqsədilə hazırladığı və qəbul etdiyi “Azadlığa dəstək” aktına belə bir düzəliş edərək Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycanı ABŞ-ın dövlət yardımından məhrum etdi. Beləliklə, ABŞ Azərbaycana özünün ilk “demokratik” mesajını göndərmiş oldu. Bu düzəlişin ən başlıca məğzini isə on illərdən sonra bu ölkənin dövlət katibi Con Kerri açıqca etiraf etdi: “Dağlıq Qarabağın müstəqilliyini tanıyın!” Biz isə sadəlövhcəsinə on illərlə “ABŞ demokratiyası”nın bir gün öz sözünü deyəcəyini, ədalətin bərpa olunacığını, Ermənistanın işğalçılıq əməllərinin dayandırılacağını gözləyirdik. Əlbəttə, hələ 1992-ci ildə “ABŞ demokratiyasının” iç üzü açılmamışdı. Bizə qarşı “907-ci düzəliş”  tətbiq edilmiş olsa da, bunun hansısa anlaşılmazlıqdan irəli gəldiyini düşünürdük. İnanmırdıq ki, ABŞ kimi dünyaya ağalıq etmək iddiasında olan superdövlət yenicə müstəqillik qazanmış balaca bir ölkəyə – Azərbaycana qarşı qərəzlə, ikili standartlarla yanaşar. Sən demə, tarixən multikulkulturalizmin beşiyi olan, dini və mili-etnik ayrı-seçkilikdən tamamilə uzaqda dayanan Azərbaycan müsəlman ölkəsi olaraq hələ o vaxtdan ABŞ-ın diqqət və mərhəmətindən kənarda saxlanılırmış.

Amma bunun müqabilində ta müstəqilliyin başlanğıcından bu günədək Azərbaycan ABŞ-ın, o cümlədən, Avropanın tənqid hədəfində olub. Hər dəfə ölkədə seçki keçiriləndə Azərbaycan tənqid olunub, demokratik dəyərlərdən uzaq olduğu deyilib. Hər il Vaşinqtonda hazırlanan hesabatlarda Azərbaycanın adı tənqid olunanlar sırasına salınıb. Guya, ölkədə demokratik inkişaf yoxdur, siyasi islahatlar aparılmır, mili azlıqların, bəzi hallarda hətta cinsi azlıqların hüquqları pozulur. Amma 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan sürətlə hərbi-siyasi böhrandan çıxmağa, ciddi sosial-iqtisadi islahatlar aparmağa, demokratik dəyərlərə sadiqlik nümayiş etdirərək özünün parlamentini, bələdiyyələrini və s. formalandırmağa başlamışdı. Bunu isə ABŞ-da, bütövlükdə, Qərbdə görmürdülər, daha doğrusu, görmək istəmirdilər. Elə bugünün özünə qədər də vəziyyət dəyişməyib. Niyə? Çünki Azərbaycanda əhalinin böyük əksəriyyəti müsəlmanlardır və ABŞ-ın nəzərincə, İslam ölkəsi demokratik ölkə kimi təriflənə bilməz, yalnız tənqid olunar.

Bu fikirlərin real təsdiqini isə, təəssüf ki, çox gec, 2011-ci ilin əvvəllərində “ərəb baharı” kimi təqdim olunmuş siyasi proseslər başlanandan sonra gördük. Nəhayət, onda anladıq ki, ABŞ-ın əsl niyyəti nə imiş. Məlum oldu ki, sən demə, müsəlman ölkələrində yalnız günahsız qanlar tökülməli və fəlakətlər olmalı imiş, normal fəaliyyət göstərən dövlətlər dağıla, əvəzində xaos və böhranlar yarana bilərmiş. Necə ki, İraqda hələ də demokratiya adına günahsız qanlar tökülür, insanlar ayrı-ayrı məzhəblərə bölünərək, bir-birini qırıb-çatırlar. İndi başa düşmək olur ki, “əl-Qaidə” adı altında yaradılmış və hər cür silahla təchiz edilmiş “müsəlman” terrorçular Əfqanıstandan başlayaraq, İraqa qədər ölkələri xaraba qoyanda hansı məqsədləri güdürmüşlər. İndi anlayırıq ki, ərəb ölkələrinə “demokratiya” gətirməli olan “ərəb baharı” nəyə və kimə lazım imiş. İndi anlayırıq ki, İŞİD (“İslam dövləti” terror qruplaşması) adı altında dünyanı lərzəyə salan “müsəlman” terrorçular kim tərəfindən və nə məqsədlərə xidmət üçün yaradılıbmış. Axı necə olur ki, bir dəstə müsəlmanın əlinə ən müasir silahlar verilir ki, gedib qəddarcasına öz dindaşlarının qanını töksün, dinc insanları orta əsr vəhşiliyi ilə zokarılığa məruz qoysun və dünyaya ağıl verən “demokratik” Amerika buna dözür?!

Yaxşı ki, bütün bu suallara cavablar da ABŞ-ın özündən gəldi. İndi bu ölkənin prezident postu uğrunda mübarizə aparan namizədlər açıq-aşkar bir-birini İŞİD-in müəllifi olmaqda ittiham edirlər. ABŞ prezidentliyinə respublikaçı namizəd, milyarder Donald Tramp istər ABŞ-ın hazırkı dövlət başçısı Barak Obamanı, istərsə də vaxtilə onun dövlət katibi olmuş, hazırda Demokratlar Partiyasından prezidentliyə namizədi Hillari Klintonu İŞİD-in “müəllifi” adlandırır. Və bunu o, dar bir çərçivədə, öz dostları arasında deyil, teledebatlar zamanı ABŞ ictimaiyyətinin, dünyanın gözü qarşısında bəyan edir. “Bu, Hillari Klinton olub, məhz o, İŞİD-in təsisçisi kimi qruplaşmadan mükafat almalıdır”.

Bu zaman ikinci bir sual ortaya çıxır: bəs artıq yaddan çıxmaqda olan “əl-Qaidə”ni kim yaratmışdı? Hələ bu sual, təəssüf ki, Trampın yadına düşmür. Əks halda, cavab aydındır. Amma bütün bu siyasi oyunlardan zərər çəkən ABŞ olmadı, müsəlman ölkələri – Əfqanıstan, İraq, Liviya, Tunis, Yəmən, Misir və nəhayət, Suriya oldu. Bu ölkələrdən ikisində dövlət başçıları öldürüldü, yüz minlərlə günahsız insan qurban getdi. Budurmu “ABŞ demokratiyası”nın həmin ölkələrə gətirdiyi “xoşbəxtlik”?!

Yeri gəlmişkən, ABŞ-dakı prezident seçkiləri kampaniyası bu ölkənin bütün “demokratik” dəyərlərini açıb-tökdü. Namizədlər bir-birini nəinki siyasi, iqtisadi, hüquqi baxış bucağından, hətta mənəviyyat və əxlaq baxımından da biabır etdilər. Tramp Hillari Klintonu dövlət işlərini şəxsi internet resurslarından istifadə etməklə yaymaqda, terroru maliyyələşdirməkdə ittiham edirsə, demokrat namizəd onu islamofobiyada, irqçilikdə, hətta əxlaqsızlıqda, qadınlara qarşı təhqirlərə yol verməkdə ittiham edir. Əlbəttə, islamofobiya barədə birbaşa namizədlərin dilindən ittihamlar səsləndirilməsi ABŞ cəmiyyəti üçün rüsvayçı bir hadisədir. Bu, ABŞ cəmiyyəti üçün biabırçılıqdır, Birləşmiş Ştatların dünyada nüfuzunu itirməsi deməkdir. Əlbəttə, ittihamlar da səbəbsiz deyil, hamısının əsasları var. Əks halda, ABŞ-da ölkənin qaradərili vətəndaşlarına qarşı bir-birinin ardınca baş vermiş polis zorakılıqlarını necə qiymətləndirmək olar?! İndiyədək, görünür, ABŞ prezidentliyinə namizədlər bu məsələləri açıb-ağartmağa ehtiyac duymayıblar. Bu dəfə isə namizədlər daha açıq etiraflarda bulunurlar. Klinton Trampı ölkəsinin qapılarını müsəlmanların üzlərinə qapatmaqda ittiham edir və tamamilə haqlıdır. Bununla bağlı Trampın bəyanatları var. Respublikaçı namizəd, eyni zamanda, müsəlman qadını təhqir etməkdən belə çəkinməyib. Ən dəhşətlisi isə, onun 2005-ci ildə qadınlar haqqında səsləndirdiyi fikirlərin videosunun yayılmasıdır. Həmin materialda Trampın ərli qadını yoldan çıxarmağa çalışdığı, gözəl qadınları ələ keçirməyin onun üçün heç bir problem yaratmadığı yer alıb. Bütün bu sərsəm fikirlərə görə Hillari Klinton onu “iyrənc” adlandırır. İş o həddə çatır ki, Respublikaçılar Partiyası Donad Trampın namizədliyini geri götürmək haqqında düşünməyə başlayır. Ancaq gec olduğundan bunu etmək mümkün olmur.

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, rəqibi Hillari Klinton prezident seçiləcəyi halda aparacağı siyasət ölkəni üçüncü dünya müharibəsinə sürükləyə bilər.

ABŞ-ın beynəlxalq siyasətini kəskin tənqid edən Tramp bu günlərdə “Reuters”ə müsahibəsində deyib: “Klintonun Suriyaya dair heç bir planı yoxdur. Onun prezident seçilməsi üçüncü dünya müharibəsi ilə nəticələnəcək. O, Liviya məsələsində olduğu kimi, indi də nə etdiyini bilmir”.  

Respublikaçı namizəd ölkə KİV-lərini tənqid atəşinə tutmaqdan da çəkinməyib. Onun fikrincə, KİV-lər seçkiqabağı kampaniyanı qərəzli şəkildə işıqlandırır: “Birlikdə fırıldaqçı və korrupsiyaya bürünmüş mediaya qalib gələcəyik. KİV işçilərindən daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar korrupsiyalaşmış bir qrupdur”.

Beləliklə, budəfəki prezident seçkiləri kampaniyası “ABŞ demokratiyası”nın iç üzünü açıb-tökdü. Məlum oldu ki, indiyədək sinəsinə döyüb dünya ağalığı fikrinə düşənlər heç öz ölkələrini normal idarə edə bilmirlər, ölkədə dini, irqi ayrı-seçkilik, islamofobiya hökm sürür, rüşvətxorluq ayaq açıb yeriyir. Maraqlıdır, bütün bunlardan sonra ABŞ dünyanın başqa ölkələrində baş verən siyasi proseslərə necə müdaxilə edə, bu ölkələrlə bağlı qalaq-qalaq hesabatları hansı üzlə hazırlaya biləcək?!

Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında