Mosul əməliyyatı: geosiyasi və dini faktorların kəsişməsində

ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri İraqın Mosul şəhərini İŞİD-dən xilas etmək əməliyyatına başladıqlarını bəyan edərək şəhərə 3 istiqamətdən hücuma start veriblər. Ümumi olaraq burada 36 ölkənin iştirakçı olduğu bildirilir. Əməliyyatın ilk günündə 200 kilometrlik bir məkanın İŞİD-dən təmizləndiyi barədə informasiyalar yayılıb. Lakin ekspertlər məsələnin başqa aspektlərinə də diqqət çəkirlər. Onlar Mosula hücumun yalnız hərbi faktorlarla məhdudlaşmadığını deyirlər. Burada geosiyasi məqamlar da özünü göstərir.  Bunu rəsmi Ankara ilə yanaşı, beynəlxalq təşkilatlar da vurğulayırlar. BMT-nin proqnozuna görə, Mosuldan 100 minlərlə insan qaçqın düşə bilər. Bir sıra qeyri-hökumət təşkilatları isə bu rəqəmin 200 mindən başlayaraq 700 minə çata biləcəyini deyirlər. Həm də bu prosesin arxasında məzhəb ayrı-seçkiliyinin dayana biləcəyindən bəhs olunur. Deməli, faktiki olaraq söhbət regionda məzhəb savaşının coğrafiyasının genişlənməsi təhlükəsindən gedir. Regionun bir sıra böyük dövlətləri məhz bundan ehtiyat edirlər. Bununla da Mosul əməliyyatının geosiyasi və dini aspektlərinin də aktuallıq kəsb etdiyini etiraf etməliyik. Bu halda Yaxın Şərqdə və ona yaxın məkanlarda hansı proseslər başlaya bilər?

 

Təhlükəli proseslər ehtimalı artır

 

Mosulun İŞİD-dən təmizlənməsi məsələsi ətrafında gərgin geosiyasi vəziyyət yaranıb. Əsas mübahisələr hərbi əməliyyatda kimlərin iştirak etməsi ilə bağlıdır. Problem güc tətbiqində iştirakla əlaqəli deyil. Regionun bir çox dövləti növbəti dəfə məzhəb savaşının vüsət ala bilməsindən ehtiyatlanırlar. Konkret deyilsə, Mosulun ikinci Hələbə çevrilməsi təhlükəsi mövcuddur.

Bu barədə daha çox rəsmi Ankara fikir bildirir. Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Mosulun sünni əhalisinə qarşı diskriminasiya siyasəti yeridilə bilər. Çünki Mosulun azad edilməsində İraq ordusunun şiələrin çoxluq təşkil etdiyi hissələri iştirak edirlər, bundan əlavə, Haşdi Şafi qruplaşmasının da iştirakı gözlənilir.

Türkiyə ilə yanaşı, İraqın kürd regionunun rəhbərləri də məzhəb ixtilaflarından ehtiyat etdiklərini bildiriblər. Bu barədə Məsud Bərzani deyib ki, Mosulun Hələbə dönməməsi üçün hər şeyi edəcəklərini vurğulayıb. Kürd lider peşmərgənin İŞİD-ə ağır zərbə endirdiyini deyib. Ancaq hərbi əməliyyatların uzun sürəcəyinə də işarə edib. ABŞ komandanlığı isə daha ehtiyatlı mövqe tutur. Anlaşılan odur ki, burada söhbət yalnız hərbi uğurlardan getmir. Geosiyasi aspekti də əhatə edən və region üçün bir çox problemlər yarada bilən proseslərə rəvac verilə bilər.

M.Bərzaninin Bağdadla bütün məsələləri razılaşdırdıqlarını deməsinə baxmayaraq, artıq ilk qarşıdurmanın yarandığı barədə məlumatlar vardır. Belə ki, Başika istiqamətində İraq ordusunun hərbi hissələri məzhəbçiliyi ifadə edən bayraqlarla hərəkət ediblər. Onları peşmərgə gücləri Mahmur rayonunda saxlayıblar. İraq ordusu əsgərlərindən bayrağı endirməyi tələb ediblər. Mübahisə 24 saata yaxın davam edib, lakin rəsmi hakimiyyəti təmsil edən hərbçilər məzhəb rəmzli bayraqları endirəndən sonra yollarına davam etməyə icazə alıblar.

Bu arada BMT-nin etdiyi bir xəbərdarlıq da çox narahatlıqlar yaradır. Belə ki, bu beynəlxalq təşkilat Mosuldan 100 minlərlə insanın qaçqın düşə biləcəyi və onların Türkiyəyə üz tutacağı haqqında xəbərdarlıq edib. Lakin bir sıra QHT-lər daha acınacaqlı vəziyyətin yarana biləcəyindən danışırlar. Onların birgə yaydıqları bəyanatda deyilir: "Biz indi Mosuldan gözlənilən kütləvi axına hazırlaşırıq. Gözləyirik ki, yaxın həftələrdə onların sayı 200 min nəfər olacaq, bir neçə həftədən sonra isə qaçqınların sayı 700 min ola bilər. Humanitar təşkilatlar var gücü ilə hazırlaşmağa çalışırlar, ancaq bu qədər insanı birdən qəbul etmək fövqəlmürəkkəb məsələdir".

 

Məzhəb qarşıdurması təhlükəsi: geosiyasi güclərin mübarizəsi fonunda

 

Rəsmi Ankara isə bu məlumatlara belə reaksiya verib: "Əgər Mosuldan 100 minlərlə insan qaçqın düşsə, biz onları qəbul etməyə hazırıq. Lakin hərbi əməliyyatlar düzgün aparılsa, heç bir qaçqınlıq olmayacaq”. Burada Türkiyənin "düzgün hərbi əməliyyatlar" ifadəsində Mosula əhalinin sünni kəsimini incitməyəcək güclərin daxil olması nəzərdə tutulur. Rəsmi Bağdadın şəhərə İraq ordusuna aid birliklərin daxil olacağı haqqında informasiya yayması isə orada məzhəb qarşıdurması ehtimalının qaldığını göstərir. Deməli, hər bir halda Mosuldan qaçqınların olmasını gözləmək lazım gələcək.

Məsələnin başqa tərəfi İŞİD üçün Suriyanın Rakka şəhərinə dəhlizin saxlanması ilə bağlıdır. ABŞ bu dəhlizi bağlamaq fikrində deyil. Türkiyə təklif edib ki, həmin istiqamətdə də hərbi əməliyyatlar başlasın ki, İŞİD Rakkaya axın etməsin. Türkiyə rəsmi səviyyədə təklif edib ki, "eyni zamanda, Mosul, Rakka və Əl-Babda hərbi əməliyyat keçirilsin".

Vaşinqton isə buna razı deyil – burada həmin yolun bombalanacağından danışırlar. Bu da təhlükəlidir, çünki təcrübə göstərir ki, bombardman bu cür hallarda ya dinc insanların kütləvi qırğını ilə nəticələnir, ya da əsl günahkarlar müxtəlif yollarla aradan çıxırlar. Bu səbəbdən rəsmi Ankara Qərbin bu davranışını da məzhəb savaşı planı ilə əlaqələndirir.

Bütün bunlar onu təsdiq edir ki, Mosulun İŞİD-dən xilas edilməsi yalnız hərbi planlar çərçivəsinə daxil olan məsələ deyil. Ortada ciddi geosiyasi məsələlər vardır. Qərb Türkiyə və başqa region dövlətlərinin işə qarışmamasına çalışır. Amerika burada da vəziyyəti nəzarətdə saxlamağa, əsas söz sahibi olmağa cəhd edir. Ona ABŞ-ın himayə etdiyi İraq hökuməti dəstək verir. İranın isə prosesdə konkret tərəfdarları ilə iştirak etdiyi aydın görünür. Deməli, bəri başdan Mosulun azad edilməsinə bir geosiyasi faktor kimi yanaşırlar. Mosulda əsasən sünni ərəblər və türkmənlər yaşadıqlarından ABŞ-ın bu xəttinin başlıca məqsədi aydın olur. Vaşinqton burada regionun coğrafiyasına deyil, özünə uyğun siyasi mənzərə yaratmağa qərarlıdır.

Məsələnin çox təhlükəli bir aspekti isə regionda müsəlmanlar arasında məzhəb ixtilaflarının coğrafiyasının genişlənməsi riski ilə əlaqəlidir. Rəsmi Bağdad və peşmərgənin hansısa vəd verməsinə baxmayaraq, proseslər məhz həmin istiqamətdə inkişaf edə bilər. Mosulun demoqrafik tərkibinin dəyişdirilməsində maraqlı olan qüvvələrin mövcudluğu sirr deyil. Onların fəaliyyətdə olacağı gözlənilir. Bunların fonunda region üçün başqa təhlükə də meydana gələ bilər.

Söhbət Yaxın Şərqin böyük dövlətləri arasında ixtilafların yaranması ehtimalından gedir. Region üzrə məzhəb ayrı-seçkiliyi gücləndikcə, dövlətlərin bir-birinə münasibəti də dəyişir. Bunu göstərən bir neçə fakt artıq mövcuddur. ABŞ-ın başçılıq etdiyi Qərb ölkələri bloku isə həmin tendensiyanı daha da gücləndirməyə çalışır. Həmin proses bütövlükdə İslam dünyasını əhatə edə bilər. Belə gedişat isə həm müsəlman coğrafiyasında ciddi sosial, iqtisadi, siyasi, hərbi və humanitar problemlər yarada, həm də Avropada islamofobiyanı şiddətləndirər. Miqrantlara qarşı Qərbin antihumanist münasibətləri meydana çoxlu sayda problemlər çıxarır.

Onu da vurğulayaq ki, Rusiya bununla bağlı narahatlığını bir neçə dəfə ifadə edib. Moskva Yaxın Şərqdən başlayan xaosun onun ərazisinə də sıçraya biləcəyindən ehtiyatlanır. Bu, bir risk qaynağıdır. Təsəvvür edək ki, məzhəb qarşıdurması Suriyadan İraqa sıçrayıb. Ondan sonra yaxın regionlarda analoji proseslərə süni olaraq start verilməyəcəyinə kim təminat verə bilər? Cənubi Qafqaz, Şimali Qafqaz, Mərkəzi Asiya, Əfqanıstan və digər məkanlarda gərginlik yeni səviyyəyə yüksələ bilər. Bununla da bütövlükdə Yaxın Şərq və Avrasiya məkanında nəzarətsiz proseslər meydana çıxar.

Mosul əməliyyatına bu müddəalar prizmasından baxdıqda, kifayət qədər təhlükəli və həssas məqamları görürük. Deməli, burada söhbət geniş təsirli hadisələrdən gedir. Bunun məsuliyyətini hər bir müsəlman dövlətinin dərindən hiss etməsinə ehtiyac vardır. Çünki "suda batanı yalnız özü xilas edə bilər".

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında